Tezliklə ikincisini də alacayıq. Varlanacağıq! Mən bu saat yola düşməliyəm,
gərək saat yeddidə rayonda olam. Sədr indi ordadır. Yəqin ki, saat
yeddiyəcən yorğa at məni ora çatdırar, maşından pis getmir.
Tanabay təəccübləndi:
– Necə? – dedi. – Məgər Gülsarını sən saxlayırsan? Sədr, deyəsən,
hörmət eləyib sənə...
– Orasını deyə bilmərəm. Hörmət, ya qeyri-hörmət, ancaq atı mənə verib. Bir
də, bilirsənmi məsələ nə yerdədir, – deyə Çoro
əllərini yelləyib gülümsədi. – Necə olubsa, birdən-birə at büsbütün sədrə
düşmən kəsilib. Ağla sığışan şey deyil. Görəndə itə dönür, sədri yaxına
buraxmır. İş qalmayıb ki, başına açmasınlar. Qoymur ki, qoymur! İstəyirsən,
vur öldür. Ancaq mən minirəm – əməlli-başlı yol gedir, sən onu qiyamət
öyrətmisən. Hərdən lap ürəyimin ağrısını da yadımdan çıxarır, inanırsanmı?
Bircə bu ata görə ömrüm boyu partorq işləməyə razıyam, bu at sağaldır
məni!
Çoro güldü. Ancaq Tanabay gülə bilmədi.
– Heç onu mən də sevmirəm, – dedi.
– Kimi? – deyə Çoro gülməkdən yaşarmış gözlərini silə-silə xəbər aldı.
–
Sədri.
Çoro ciddiləşdi:
– Sən onu nəyə görə sevmirsən?
– Bilmirəm. Mənə elə gəlir ki, vecsiz adamdır, həm vecsiz, həm də kinli.
– Yaxşı, yaxşı, adam olub
sənin xoşuna gəlmək çətin məsələdir. Məni ömrüm boyu yumşaqlığımın üstündə
danlamısan, indi bunu da bəyənmirsən... Mən bir şey bilmirəm. İşə çıxdığım
çox deyil. Hələ sədri yaxşı tanıya bilməmişəm.
Onlar susdular. Tanabayın qandal barədə, atın axtalanmağı barədə Çoroya demək
istədikləri birdən-birə
onun özünə də yersiz göründü, mənasız göründü. Pərtliyini gizlətmək üçün
Tanabay söhbəti bayaq Çorodan eşitdiyi xoş xəbərin üstünə gətirdi:
– Yaxşı
olub, – dedi, – yaxşı olub ki, maşın veriblər. Deməli, bundan sonra kolxozda
da maşınlar gəzəcək. Çox gözəl! Çox gözəl! Vaxtında veriblər.
Müharibədən qabaq aldığımız polutorka yadındadırmı? Sevindik. Böyük mitinq
oldu. Niyə də sevinməyəydik – kolxozda öz maşınımız olacaqdı. Hələ sən
maşının üstündə nitq də irad elədin: “Baxın, yoldaşlar, sosializmin bəhrəsinə
baxın!” Sonra maşını cəbhəyə göndərdilər...
Bəli, olmuşdu, elə bir vaxt
olmuşdu...
Qəribə zaman idi o zaman, günəş dolu bir səhər idi o zaman. Avtomobil bir
yana dursun, Çuysk kanalını çəkib evə qayıdanda gətirdikləri
adicə patefonlarla onlar kənddə neçə gün toy-bayram eləmişdilər! Onda yayın
axırları idi. Axşam çağları camaat patefon olan evlərə toplaşırdı,
patefonları küçələrə çıxarırdılar, qırmızı ləçəkli zərbəçi qızın mahnısına
hamılıqla qulaq asırdılar. “Ey, zərbəçi qız, başında qırmızı ləçək, sən
bizə bir çay ver içək!..” Onlar üçün bu da sosializmin bəhrəsi idi...
– Yadındadırmı, Çoro, biz özümüz necə maşına doluşduq – maşında iynə salmağa
yer
yox idi. Mən kabinin qabağında dayanmışdım, bayraq tutmuşdum, elə bil bayram
idi. Maşını vağzala sürdük, dəmir yolundan keçib Qazaxıstana getdik.
Parkda pivə içdik. Gedəndə də, gələndə də yolboyu mahnı oxuduq. O vaxt
bizimlə gedənlərin çoxusu indi yoxdur – davada həlak oldular. Hə... sən işə
bax ki, gecə də yol gələndə mən o qırmızı bayrağı əlimdə tutmuşdum. Qaranlıq
idi, kim görəcəkdi? Ancaq mən bayrağı bərk-bərk tutmuşdum, əlimdən yerə
qoymaq istəmirdim... O mənim bayrağım idi. Yadımdadır: o qədər oxumuşdum ki,
boğazım tutulmuşdu... Daha biz niyə oxumuruq, Çoro?
– Qocalırıq, Tanabay,
belə şey, bir növ, yaraşmır bizə...
– Mən onu demirəm – biz payımızı oxumuşuq. Bəs cavanlar? Hərdən internatda
oğlumun yanında oluram. Bilmirsən
öyrəndiyi nədir, axırı nə olacaq. İndidən böyüklərə quyruq bulayır. Sən,
deyir, ata, məktəbimizin direktoruna tez-tez kumıs gətir. Niyə axı?
Dərslərində də pis deyil... Sən hələ onların oxumağını görəsən. Uşaq vaxtı
mən Aleksandrovkada Yefremova muzdurluq eləyirdim, bir dəfə pasxa
bayramında o məni kilsəyə aparmışdı. Bu saat bizim uşaqlar da eynən oradakı
kimi oxuyurlar. Əlləri qoyunlarında, sifətləri daş kimi quru, elə bil rus
kilsəsində oxuyurlar. Oxuduqlarının da hamısı bir-birinə oxşayır... Düzü,
mənim belə şeylərdən heç xoşum gəlmir. Bu saat mənim çox şeydən başım
çıxmır, vaxt tapsaydıq, bir oturub dərdləşərdik... Həyatdan geri qalmışam, bu
saat çox şey qaranlıqdır mənim üçün.
– Yaxşı, Tanabay. Vaxt tapıb bu
barədə söhbət edərik, – deyə Çoro kağız-kuğuzu yığışdırıb çantasına
doldurmağa başladı – Ancaq sən bu şeyləri çox da ürəyinə salma. Məsələn, mən
inanıram, möhkəm inanıram: nə qədər çətinlik olsa da, gec-tez dirçələcəyik,
varlanacağıq, necə ki, bir vaxt arzu eləmişdik...
Danışa-danışa Çoro
çantasını götürüb yola düzəldi. Sonra nəsə yadına düşdü, astanada ayaq
saxladı:
– Bura bax, Tanabay, – dedi, – o gün küçədən həyətinizə boylandım –
yaman gündədir. Ev-eşiyə baxmırsan. Həmişə dağda-daşdasan, evin qalıb başına.
Müharibə vaxtı, Caydar tək olanda ev-eşik bundan abad idi. Bir get bax.
Nə lazım olsa deyərsən, yazda birtəhər kömək edərik, təmir işinə baxarsan.
Yoxsa ev-eşik lap əldən gedir. Yayda bizim Samansur tətilə gəlmişdi, görüb
lap dilxor olmuşdu. Kərəntini götürdü heç olmasa, dedi, gedim həyətin
qanqalını biçim. Deyir: divarların suvağı tökülüb, şüşələr sınıb-dağılıb,
evin
içində, deyir, sərçələr uçuşur.
– Ev barəsində düz deyirsən. Sağ olsun Samansuru! Özü necədir, yaxşımı
oxuyur?
– İkinci kursdadır. Oxumağı da, mən
bilən, pis deyil. Bax, cavanlar deyirsən, mən öz oğlumdan qiyas götürürəm –
görürəm ki, pis deyil indinin cavanları. Söhbətindən bilinir ki, orda,
institutda yaxşı uşaqlar oxuyur. Ölmərik, görərik... İndinin cavanları
savadlıdırlar, fikirləşib bir yol tapacaqlar...
Oradan Çoro birbaş tövləyə
yollandı, Tanabay evinə baxmağa getdi. O, həyəti dörd dolandı. Yayda
Samansurun biçdiyi quru qanqal ayağının altında xırçıldadı. Evin sahibsiz
qalmağı Tanabayın ürəyini ağrıdırdı. Başqa maldarların evində qohumları
otururdu, yaxud o evlərə, heç olmasa, qıraqdan nəzarət eləyirdilər. Tanabayın
iki doğma bacısı başqa-başqa kəndlərdə olurdu, qardaşı Qulubayla əlaqəsi
kəsilmişdi, Caydarın yaxın qohumu heç yerli-dibli yox idi. Nəticədə, ev-eşik
başına buraxılmışdı. Deməli, bundan sonra da ev başına qalacaqdı, çünki yenə
də Tanabay köçəri maldarlıqla məşğul olmalı idi, çobanlığı boynuna
götürüb, qoyuna getməli idi.
Qoyuna getmək məsələsində Tanabay hələlik tərəddüd keçirirdi, ancaq ürəyində
bilirdi ki, Çoro onu yola gətirəcəkdir. O,
Çoronun sözündən heç vaxt çıxmamışdı.
Ertəsi gün maşına minib rayon mərkəzinə yollandılar. Nəhəng üçtonluq “QAZ”
hamının xoşuna gəldi. Maldarlar
zarafatlaşdılar. “Lap padşahlar kimi gedirik!” – dedilər. Tanabay da sevindi
– lap çoxdan idi ki, o, maşına minməmişdi – müharibə qurtarandan.
Müharibə vaxtı Tanabay Amerika “studebekker”lərində Slovakiyanın, Avstriyanın
yollarını gəzmişdi. Üçoxlu, nəhəng maşınlar idi. Tanabay fikirləşmişdi:
“Bu cür maşınlar bax, bizə lazımdır. Xüsusən, dağlıq yerlərdə, taxıl daşımaq
üçün. Belə maşın heç yerdə batıb qalmaz”. O inanmışdı ki, müharibə
qurtarandan sonra kolxozda da belə maşınlar olacaqdır. Qələbədən sonra hər
şey olmalı idi!..
Küləkdə, üstüaçıq maşında gedə-gedə söhbət eləmək
olmurdu. Getdikcə ara daha da sakitləşirdi. Tanabay cavanlara üz tutdu:
– Oxuyun, – dedi, – uşaqlar! Biz qocalara baxmayın. Siz oxuyun, biz də qulaq
asaq.
Dostları ilə paylaş: |