Quranda “İmaməT” ayəLƏRİ Kİtab haqqinda


ÜÇÜNCÜ FƏSİL.HƏZRƏT ƏLİYƏ MƏXSUS FƏZİLƏTLƏRLƏ BAĞLI OLAN AYƏLƏR



Yüklə 0,83 Mb.
səhifə13/26
tarix22.10.2018
ölçüsü0,83 Mb.
#75304
1   ...   9   10   11   12   13   14   15   16   ...   26

ÜÇÜNCÜ FƏSİL.HƏZRƏT ƏLİYƏ MƏXSUS FƏZİLƏTLƏRLƏ BAĞLI OLAN AYƏLƏR

1. “LƏYLƏTÜL-MƏBİT” AYƏSİ

İşarə


{وَمِنَ النَّاسِ مَنْ یشْرِی نَفْسَهُ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ وَاللَّهُ رَءُوفٌ بِالْعِبَادِ}

“İnsanlardan eləsi də var ki, Allahın razılığı üçün öz canını satır (hicrət gecəsi Peyğəmbərin - səlləllahu əleyhi və alihi və səlləm - yatağında yatmış Əli əleyhissalam kimi Allah yolunda canından keçir). Allah bəndələrə qarşı çox şəfqətli və mehribandır”.(1)


Bəhsə qısa bir nəzər


“Ləylətül-Məbit” adı ilə tanınana bu ayə həzrət Əmirəl-Mömininin (ə) fəzilətləri barəsində olan ən mühüm ayələrdən biridir. Elə bir fəzilət ki, onun oxşarı İslamda heç kəs barəsində təsbit edilməmişdir. Yuxarıda qeyd edilən ayə şiələrin birinci imamının Peyğəmbərin (s) Mədinəyə hicrəti və o şəhərə doğru hərəkət etdiyi tarixi bir gecədə o həzrətin yerində yatmasına işarə edir və gələn bəhslərdə verəcəyimiz izahda biz ayənin həzrət Əlinin (ə) imamətinə də dəlalət etdiyini bildirəcəyik.

səh:241
1- [1] . “Bəqərə” surəsi, ayə 207.


Ayənin nazilolma səbəbi (şəni-nuzul)


Əhli-sünnə və şiə alimlərinin əksəriyyəti nəzərdə tutulan ayənin həzrət Əli (ə) barəsində nazilolması fikrindədirlər. Eyni zamanda, bu məsələni öz kitablarında təvatür hesab olunacaq şəkildə və geniş formada nəql etmişlər. Yəni, bu barədə o qədər çox nəql edilmişdir ki, onu inkar etmək mükün deyil.

“Ləylətül-Məbit” hadisəsi belədir:

Məkkə müşrikləri və İslam düşmənləri İslam Peyğəmbəri (s) tərəfindən bir təhlükə hiss etdikləri və onların cızdıqları planlar baş tutmadığı zaman son bir qərara gələrək üç xətərli əməliyyatı hıyata heçirməyi düşündülər. Həmin əməliyyat belə idi:

İslam Peyğəmbərini öldürmək, ya onunla heç kimin əlaqəsi olmasın deyə əbədi olaraq zindana salmaq və yaxud da o həzrəti.

Hicazdan kənar olan yerlərə sürgün etmək.(1) Qərinə və şahidlər sonunda onların bu üç məsələdən birinci və ən təhlükəlisini seçdiklərini və onu həyata keçirmək üçün qırx ərəb qəbiləsindən yardım aldıqlarını nişan verir. Hər qəbilədən bir nəfər mahir döyüşçü istədilər. Onlar gecə vaxtı Peyğəmbərin (s) evinin ətrafını mühasirəyə aldılar və o həzrət yatan yeri nəzarətdə saxladılar ki, münasib bir fürsətdə hücum edərək Peyğəmbəri (s) qətlə yetirsinlər.

Allah-taala vəhy mələyini göndərərək o həzrəti müşriklərin planlarından xəbərdar edir. Peyğəmbər (s) Məkkəni tərk etmək qərarına gəlir və o, bu xətərli və

səh:242
1- [1] . Allah-taala “Ənfal” surəsinin 30-cu ayəsində bu məsələyə işarə etmişdir. Həmin ayədə buyururlur: { وَإِذْ یمْکُرُ بِکَ الَّذِینَ کَفَرُوا لِیثْبِتُوکَ أَوْ یقْتُلُوکَ أَوْ یخْرِجُوکَ وَیمْکُرُونَ وَیمْکُرُ اللَّهُ وَاللَّهُ خَیرُ الْمَاکِرِینَ } (Ey Peyğəmbər! (Yada sal) o zaman(ı) ki, kafirlər sənin barəndə - səni həbs etmək, ya öldürmək və ya (şəhərdən) çıxarmaq üçün hiylə və biclik işlədirdilər. Onlar daim hiylə işlədirdilər və Allah da onların hiylələrinin qarşısını alırdı. Allah hiylənin qarşısını alanların ən yaxşısıdır).

şeytani plandan canını salamat qurtara bilmək üçün iki işi yerinə yetirməli idi:

Birincisi, Mədinə istiqamətinin əksinə hərəkət etməli idi, yəni Məkkənin şimalına deyil, cənubuna doğru yola düşməli idi ki, düşmənlər o həzrətin şəhəri tərk etdiyini anlamış olsalar, onu tapa bilməsinlər. İkincisi, öz yerində bir nəfəri yatırtmalı idi ki, kimsə onun olmadığından və Məkkəni tərk etməsindən xəbər tutmasın. Bu səbəbdən, o, həzrət Əliyə (ə) buyurdu ki, sən bu gecə mənim yerimdə yat. Həzrət Əli (ə) soruşdu ki, siz bu vasitə ilə siz sağ-salamat Mədinəyə gedəcəksinizmi?(1) Peyğəmbər (s) “bəli” – deyə cavab verdiyində, həzrət Əli (ə) Allah xəlifəsinin yer üzündə salamat qalacağı üçün şükür səcdəsi etdi. Bu səcdənin müqəddəs İslam şəriətində ilkin şükür səcdəsi olduğunu söyləmişlər. Peyğəmbər (s) həzrət Əlini (ə) öz yerində yatırtdıqdan sonra Məkkəni tərk edərək Mədinə istiqamətinin əksinə, yəni cənuba doğru hərəkət etdi və Sur mağarasında daldalandı. Düşmənlərin onu tapmaqdan ümidləri üzüldükdən sonra Mədinəyə yola düşərək oraya sağ-salamat yetişdi.(2)

Şübhəsiz ki, “Ləylətül-Məbit” hadisəsi həssas, təhlükəli və İslamın taleyində həlledici rola malik idi və həmin təhlükəli gecənin qəhrəmanı həzrət Əmirəl-Möminindən (ə) başqa, heç bir kəs deyildi. Peyğəmbərin (s) Mədinəyə hərəkəti zamanı Məkkə və Mədinə arasında bəhs etdiyimiz ayə həzrət Əlinin (ə) İslam Peyğəmbərinə etdiyi fədakarlıq barəsində ona nazil edilir.

səh:243
1- [1] . Diqqət edin ki, həzrət Əli (ə) öz canı üçün baş verə biləcək təhlükədən soruşmur, əksinə onu narahat edən məsələ Peyğəmbərin (s) canının qorunmasıdır. O həzrətin salamat qalacağına əmin olduqdan sonra, təhlükəyə göz yumaraq Peyğəmbərin (s) yerində yatır.

2- [2] . “Ləylətül-Məbit” hadisəsinin geniş şərhini “Furuğe əbədiyyət” kitabı, c.1, səh.417-dən sonrakı hissədən mütaliə edə bilərsiniz.


Əhli-sünnə alimlərinin etirafı


Qeyd edilən nazilolma səbəbi təkcə şiələrə məxsus deyil, əksinə əhli-sünnə alimlərinin çoxu da onu nəql etmişdir. O cümlədən, Təbəri,(1) İbn Hişam,(2) Hələbi,(3) Yəqubi(4) (onların hamısı əhli-sünnənin məşhur tarixçiləridir), əhli-sünnə fəqihlərindən Əhməd,(5) İbn Covzi(6) və İbn Səbbağ Malikinin(7) adlarını çəkə bilərik. Bunlardan da daha maraqlısı “Nəhcül-bəlağə”nin məşhur şərhçilərindən biri olan İbn Əbil Hədid mötəzilənin ustadı Əbu Cəfər İskafinin bu zəminədə söylədikləri sözlərdir. O, belə soyləyir:

قد ثبت بالتّواتر حدیث الفراش،... ولا یجحده الاّ مجنون او غیر مخالط لاهل الملّه،... و قد روی المفسّرون کلّهم: انّ قول الله تعالی: و من النّاس من یشری نفسه ابتغاء مرضات الله انزلت فی علیّ× لیله المبیت علی الفراش.(8)

“Həzrət Əlinin (ə) Peyğəmbərin (s) yerində yatması təvatür həddə sübuta yetirilmiş və inkar olunması mümkün deyil. Divanə və məcnun, yaxud da müsəlmanlarla heç bir əlaqəsi olmayanlardan başqa, heç kəs belə bir rəvayəti inkar edə bilməz, çünki Quranın bütün təfsirçiləri “Ləylətül-Məbit” günü nazil olan {وَمِنَ النَّاسِ مَنْ یشْرِی نَفْسَهُ...} ayəsinin həzrət Əli (ə) barəsində olması ilə əlaqədar fikir birliyinə malikdirlər”.

Nəticədə, istər şiə olsun, istərsə də sünni, bütün İslam

səh:244
1- [1] . “Təbəri tarixi”, c.2, səh.99-101 (“Əl-Qədir”, c.2, səh.48-də nəql edilənlərə əsasən).

2- [2] . “Sireye İbn Hişam”, c.2, səh.291 (“Əl-Qədir”, c.2, səh.48-də nəql edilənlərə əsasən).

3- [3] . “Əs-Sirətul-hələbiyyə”, c.2, səh.29 (“Əl-Qədir”, c.2, səh.49-da nəql edilənlərə əsasən).

4- [4] . “Tarixe Yəqubi”, c.2, səh.29 (“Əl-Qədir”, c.2, səh.48-də nəql edilənlərə əsasən).

5- [5] . “Müsnəde Əhməd”, c.1, səh.348 (“Əl-Qədir”, c.2, səh.48-də nəql edilənlərə əsasən).

6- [6] . “Təzkirətu İbni Covzi”, səh.21 (“Əl-Qədir”, c.2, səh.48-də nəql edilənlərə əsasən).

7- [7] . “Fusul İbn Səbbağ Maliki”, səh.33 (“Əl-Qədir”, c.2, səh.48-də nəql edilənlərə əsasən).

8- [8] . İbn Əbil Hədid, “Nəhcül-bəlağənin şərhi”, c.13, səh.261.

alimlərinin “Ləylətül-Məbit” ayəsinin həzrət Əlinin (ə) bənzərsiz fədakarlığı barədə nazil olmasında eyni fikirə gəldiklərini söyləmək olar.

Şərh və təfsir


Bənzərsiz müamilə (ticarət)

{وَمِنَ النَّاسِ مَنْ یشْرِی نَفْسَهُ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ وَاللَّهُ...}

İnsanların bəzisi Allahın razılığını qazanmaqdan ötrü (çox mühüm və üstün bir məqamdır) öz canından keçərək onu müamilə edirlər.

Həmin şəxs əvvəldə qeyd etdiyimiz kimi, Əli ibn Əbutalib (ə) idi. Bu bənzərsiz müamilədə ticarət edilən mal həzrət Əlinin (ə) canı, onun alıcısı bütün məxluqatın yaradanı və malın dəyər və qiyməti isə Allahın razılığının əldə edilməsi olmuşdur.

{...وَاللَّهُ رَءُوفٌ بِالْعِبَادِ}

Allah-taala öz bəndələrinə qarşı rauf və mehribandır. Görəsən, Allahın insanın canını ən baha qiymətə almasından da üstün bir lütf və mehribanlığı təsəvvür etmək mümkündürmü?!


Allahla ticarət


Allahla müamilə və ticarət barəsində Quranda üç ayə mövcuddur və onları birlikdə müqayisə etdiyimiz zaman lütfdən başqa, bir şey olmadığı anlaşılır.

Birinci ayə: “Tövbə” surəsinin 111-ci ayəsində buyurulur:

{إِنَّ اللَّهَ اشْتَرَی مِنَ الْمُؤْمِنِینَ أَنْفُسَهُمْ وَأَمْوَالَهُمْ بِأَنَّ لَهُمُ الْجَنَّهَ یقَاتِلُونَ فِی سَبِیلِ اللَّهِ فَیقْتُلُونَ وَیقْتَلُونَ وَعْدًا عَلَیهِ حَقًّا فِی التَّوْرَاهِ وَالْإِنْجِیلِ وَالْقُرْآنِ وَمَنْ أَوْفَی بِعَهْدِهِ مِنَ اللَّهِ فَاسْتَبْشِرُوا بِبَیعِکُمُ الَّذِی بَایعْتُمْ بِهِ وَذَلِکَ هُوَ الْفَوْزُ الْعَظِیمُ}

“Həqiqətən, Allah möminlərin canlarını və mallarını onlardan cənnətin onların olması bahasına almışdır. (Bu malın verilmək tərzi belədir ki, onlar) Allah yolunda vuruşurlar, beləliklə, öldürür və öldürülürlər (və öz mallarından Allah yolunda xərcləyirlər). (Bu ticarət) onun öhdəsində olan – (onun əzəli elmindən başqa, həm də Lövhi-

səh:245

Məhfuzda qeyd olunmuş və ticarət sənədi kimi) Tövrat, İncil və Qur’anda (yazılmış) və haqq olan bir vəddir. Allahdan başqa, kim öz əhdinə daha vəfalıdır?! Buna görə də, etdiyiniz bu ticarətə şad olun. Budur böyük uğur və qurtuluş!”



Bu böyük ticarətdə alıcı Allah-taala, satıcı mücahid və mömin bəndələr, satılan mal möminlərin canı və onun dəyəri bərin cənnətləridir, eyni zamanda, həmin ticarətin dəyərli sənədi üç asimani kitabda (Quran, İncil və Tövrat) qeyd edilmişdir. Bu ticarət o qədər dəyərlidir ki, Allah onu “böyük qələbə” deyə xatırladır və ticarətdə iştirak edənlərə təbrik deyilir. Həqiqətən də, bu ticarət çox böyük bir ticarətdir, çünki alıcı özünə aid olan malı satıcıdan ən baha qiymətə alır. Görəsən, belə bir ticarət “böyük qələbə” olunmamalı və bunun üçün təbrik deyilməməlidirmi?!

İkinci ayə: Allah-taala “Səff” surəsinin 10-13-cü ayələrində də digər bir ticarətə işarə edir. Həmin ayələrdə buyurulur:

{یا أَیهَا الَّذِینَ آمَنُوا هَلْ أَدُلُّکُمْ عَلَی تِجَارَهٍ تُنْجِیکُمْ مِنْ عَذَابٍ أَلِیمٍ * تُؤْمِنُونَ بِاللَّهِ وَرَسُولِهِ وَتُجَاهِدُونَ فِی سَبِیلِ اللَّهِ بِأَمْوَالِکُمْ وَأَنْفُسِکُمْ ذَلِکُمْ خَیرٌ لَکُمْ إِنْ کُنْتُمْ تَعْلَمُونَ * یغْفِرْ لَکُمْ ذُنُوبَکُمْ وَیدْخِلْکُمْ جَنَّاتٍ تَجْرِی مِنْ تَحْتِهَا الْأَنْهَارُ وَمَسَاکِنَ طَیبَهً فِی جَنَّاتِ عَدْنٍ ذَلِکَ الْفَوْزُ الْعَظِیمُ * وَأُخْرَی تُحِبُّونَهَا نَصْرٌ مِنَ اللَّهِ وَفَتْحٌ قَرِیبٌ وَبَشِّرِ الْمُؤْمِنِینَ}

“Ey iman gətirənlər, sizə elə bir ticarət (yolu) göstərimmi ki, sizi ağrılı əzabdan qurtarsın? Allah və onun rəsuluna iman gətirin və Allah yolunda mallarınızla və canlarınızla cihad edin. Əgər bilsəniz, (iman və cihad) sizin üçün daha xeyirlidir. (Əgər belə etsəniz,) Allah günahlarınızı bağışlar, sizi (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə, bağlara və əbədi (Ədn) cənnətlərindəki pak və xoşagələn məskənlərə daxil edər. Budur böyük səadət. Və sevdiyiniz başqa bir nemət(i də sizə verər və bu nemət) Allah tərəfindən (məntiq əsasında və dəlil-sübutla tarix boyunca bütün millətlərə) bir kömək və (Məkkənin fəthində və başqa işlərdə) yaxın bir qələbədir. (Ey Peyğəmbər,) möminlərə müjdə ver”.

Bu gəlirli ticarətdə də satıcılar möminlər, alıcı Allah-

səh:246


taala və satılan mal imanlı insanların canıdır. Onun dəyər və qiyməti günahların bağışlanması, cənnətə getmək, behiştin pak məskənləri, yaxın qələbə və Allahın yardımıdır (Məkkənin fəthi). Allah bu ticarəti də “böyük qələbə” adı ilə xatırlatmış və buna müvəffəq olanlara təbrik denişdir.

Üçüncü ayə: “Bəqərə” surəsinin 107-ci ayəsidir və onun şərhini əvvəldə bəyan etmişik. Bildirdiyimiz kimi, həmin müamilə və ticarətdə satıcı Əli ibn Əbutalib (ə), alıcı Allah-taala və satılan mal həzrət Əlinin (ə) canı və onun qiymət və dəyəri isə Allahın razılığı olmuşdur.


Bu üç ticarəti bir-biri ilə müqayisə


“Tövbə”, “Saff” və “Bəqərə” surələrində qeyd edilən və şərhi verilən ayələr bir cəhətdən oxşarlıq təkil edirlər. Yəni, həmin ayələrdə alıcı Allah, satıcı möminlər və satılan mal isə möminlərin canıdır. Amma satılan malların dəyər və qiyməti fərlərə malikdir. Ticarətin birində Allah möminlərin canını cənnət müqabilində alır, digər müamilədə isə qiyməti qaldıraraq bərin cənnətlərindən əlavə, orada məskənlər, günahların bağışlanması və dünyada qələbə də əta edir. Amma “Ləylətül-Məbit”lə bağlı gələn ayədəki üçüncü ticarətdə isə, ən üstün qiymət olan Allahın razılığından söhbət açılır. Aydın məsələdir ki, cənnən, cənnət nemətləri və s. bu kimi məsələlər müqabilində Allahın razılıq və rizayəti müqayisə olunası deyil. Bu baxımdan, həmin qiymət və dəyər həzrət Əlinin (ə) ruhiyyəsi ilə daha uyğundur. O həzrətin Allaha xitab olaraq söylədiyi sözlərindən bunu daha yaxşı anlamaq olar:

“İlahi! Cəhənnəm atəşi, həqiqətən də şiddətlidir, amma mən cəhənnəm qorxusuna görə sənə pərəstiş eləmirəm. Eyni zamanda, cənnət nemətləri də dəyərli və cəlbedicidir, amma mən onun iştəhasına xatir sənə ibadət etmirəm. Mən sənin ibadətə layiq olduğunu bildiyim və sənə məhəbbətim

səh:247

olduğu üçün ibadət edirəm”.(1)


Digər bir müqayisə


Həzrət Əli (ə) “Ləylətül-Məbit” günü canını böyük bir təhlükə gözləməsinə baxmayaraq, öz meyli və istəyi ilə İslam Peyğəmbərinin (s) yerində yatdı və heç bir qorxu hissi də keçirmədi. Sübh çağı Peyğəmbərin (s) evinə hücüm edən düşmənlər onun yerində həzrət Əlini (ə) görür və öz planlarının alt-üst olduğunu başa düşürlər. Onlar o həzrətə təhqiramiz sözlər deyirlər və həzrət Əli (ə) də həm özü, həm də Peyğəmbər (s) məktəbini müdafiə edərək onlara cavab verir. Həmin cümlələr onun nə qədər qeyri-adi əql, qüvvə və qüdrət, həmçinin, şücaətə malik olduğunu göstərir və biz inşallah həmin cümlələri gələn bəhslərdə bəyan edəcəyik. Amma Əbu Bəkrin də Peyğəmbərlə (s) birlikdə Məkkəni tərk edərək o həzrətlə birlikdə Sur mağarasında olduğunu və onları təqib edən düşmənlərin ayaq səslərini eşitdikləri zaman qorxunun şiddətindən rəng verib-rəng aldığını və Peyğəmbərin (s) ona təskinlik verdiyini nəql etmişlər. Bu barədə ətraflı məlumat almaq üçün həmin hədislərə müraciət edə bilərsiniz.

€

Ləylətül-Məbit” ayəsindəki ifadələrin zərifliyi


“Tövbə” və “Səff” surələrində {إِنَّ اللَّهَ اشْتَرَی...} və {...هَلْ أَدُلُّکُمْ عَلَی تِجَارَهٍ...} kimi ifadələrlə malik olan ayələrin mənası budur ki, həmin ticarətdə alıcı olan Allah-taala satıcıları öz mallarını satmağa təşviq edərək rəğbətləndirir. Amma “Ləylətül-Məbit” ayəsindəki {وَمِنَ النَّاسِ مَنْ یشْرِی نَفْسَهُ...} ifadəsi satıcının ilkin olaraq addım atdığını və öz malını qabaqcadan satışa çıxardığını göstərir. Aydın məsələdir ki, bu ayədəki lətafət və zəriflik digərlərindən daha artıqdır. Çünki öz canını öz istəyi və ixlasına xatir fəda edərək onu satışa çıxaran şəxs atdığı

səh:248
1- [1] . “Biharul-ənvar”, c.68, səh.186 (“Quranın gözəl misalları”, c.1, səh.126-da nəql edilənlərə əsasən).

addımın dəyərli olmasına baxmayaraq, alıcının təşviqi ilə bu işi yerinə yetirən kəslə müqayisə olunası deyil. Bundan əlavə, bəhs etdiyimiz ayə (fərqləndirmə və bəzi mənasında olan) “min” {وَمِنَ النَّاسِ...} kəlməsi ilə başlayır, yəni təkcə insanlardan bəzisi belə bir qeyri-adi addımı atmağa qadirdi. Halbuki, canın müqabilində verilən cənnət və ya cəhənnəm atəşindən nicatdan bəhs edən digər ayələrdə ümumilik və hamıya məxsusluq vardır {...اشْتَرَی مِنَ الْمُؤْمِنِینَ...}.

€“Ləylətül-Məbit” ayəsinin əvvəlki ayələrlə rabitəsi


Əgər bu ayədən əvvəlki üç ayəni diqqətlə oxusaq, onda, həzrət Əlinin (ə) həmin təhlükəli gecədə gördüyü işin əzəməti və o həzrətin Peyğəmbər (s) yanındakı uca məqamı aydınlaşacaq. Bu ayələrə diqqət yetirin:

{وَمِنَ النَّاسِ مَنْ یعْجِبُکَ قَوْلُهُ فِی الْحَیاهِ الدُّنْیا...}

Münafiqlərdən bəziləri zahirdə o qədər yaxşı görsənir və şirindillidirlər ki, səni gördükləri zaman həddən artıq məhəbbət göstərirlər və onların tovlayıcı sözləri səndə təəccüb doğurur. Həqiqətdə isə onlar batində başqa cürdürlər.

{...وَیشْهِدُ اللَّهَ عَلَی مَا فِی قَلْبِهِ وَهُوَ أَلَدُّ الْخِصَامِ}

Allah-taala zahirdə yaxşı görsənən və yağlı dilləri olan bu münafiqlərin batinindən xəbərdardır. Onlar öz qəlblərindəkinə Allahı şahid tutmalarına baxmayaraq, İslamın ən inadkar(1) düşmənləridirlər. Bu ayədə Əxnəs ibn Şəriqə işarə edilmişdir. O, münafiq və ikiüzlü şəxslərdən idi. Zahirdə o qədər gözəl və yaxşı rəftar edirdi ki, hamını özünə cəlb edirdi. Əxnəs özünü imanlı, təqvalı bir şəxs kimi göstərsə də ən alçaq bir insan idi və qəlbində Allah və onun Peyğəmbərinə iman gətirməmişdi.(2) Allah-taala sonrakı ayədə onun münafiqlik və düşmənçiliyinin dəlilini bu cür izah edir:

{وَإِذَا تَوَلَّی سَعَی فِی الْأَرْضِ لِیفْسِدَ فِیهَا وَیهْلِکَ الْحَرْثَ وَالنَّسْلَ وَاللَّهُ لَا یحِبُّ الْفَسَادَ}

səh:249
1- [1] . لَدُودْ –kəlməsi inadkar mənasını verir və ayədəki اَلَدُّ الْخِصَامِ cümləsi İslamın ən inadkar düşməni mənasındadır.

2- [2] . “Nümunə təfsiri”, c.2, səh.43.

Əxnəs və onun kimilərinin münafiq və ikiüzlüllüklərinə səbəb sənin yanından ayrıldıqları zaman Allahın fəsadı sevmədiyini bildikləri halda, yer üzündə fəsad törətmək,

əkin sahələri və mal-qaranı məhv etmək üçün çalışmalarıdır.(1) Əlbəttə, {...تَوَلَّی...} sözünün vilayət və hakimiyyət mənasında olma ehtimalı da mövcuddur, yəni belə insanlar qüdrət və hakimiyyət əldə etdiklərində, yer üzündə fəsad törədərək əkin sahələri və mal-qaranı aradan aparır və hər yerə fəsad toxumu səpirlər.

Münafiq olan Əxnəs də müsəlmanların məntəqəsinə daxil olaraq orada fəsad törətməyə başlayır. O, müsəlmanların əkin sahələrini viran edərək mal-qarasını da məhv edir.(2) Amma Peyğəmbərin (s) hüzuruna yetişdikdə, yağlı dilini işə salmağa başlayır.

{وَإِذَا قِیلَ لَهُ اتَّقِ اللَّهَ أَخَذَتْهُ الْعِزَّهُ بِالْإِثْمِ فَحَسْبُهُ جَهَنَّمُ وَلَبِئْسَ الْمِهَادُ}

Belə münafiq şəxslərə Allahdan qorxun və bu cür insanlığa zidd olan əməllərə mürtəkib olmayın deyilən zaman, bir sözlə, kimsə onlara nəhy əz münkər və əmr be məruf edən vaxt onlar qulaq asmamaqla yanaşı, öz pis əməllərini daha da artırır, təkəbbür, inadkarlıq və təəssübkeşlik edərək həmin günahlara yenidən mürtəkib olurlar. Aydın məsələdir ki, belə insanların yeri cəhənnəmdir və ora necə də pis bir məskəndir.

Bu üç ayədə İslamın ən pis düşməni və insanların ən mənfuruu barədə təsəvvür yaradılmışdır və biz bu ayələri “Ləylətül-Məbit” ayəsi ilə tutuşdurduqda, həmin ayədə İslama nisbətdə daha canıyanan, imanlı və Peyğəmbərin (s) yanında da daha sevimli bir şəxsin həzrət Əli (ə)

səh:250
1- [1] . Bu ayənin özü İslamın min dörd yüz il bundan əvvəl ətraf mühitin qorunub saxlanmasına xüsusi əhəmiyyət verdiyini göstərir və bu səbəblə ona vurulan zərbəni “yer üzündə fəsad törətmək” kimi qiymətləndirir. Həmçinin, bunu münafiqlik və İslamla düşmənçilik ünvanında bəyan edir. Quranın digər ayələri və islami rəvayətlərdə də yaşayış mühiti ilə bağlı məsələlərə rast gəlmək mümkündür.

2- [2] . “Nümunə təfsiri”, c.2, səh.43.

olduğunu anlayırıq. Şübhəsiz ki, Peyğəmbərin (s) imanlı şəxslərə məhəbbəti onların Allaha imanlı olmasına xatirdir və işin içində bundan başqa, digər bir məsələ yoxdur.

Ləylətül-Məbit” ayəsinin Əmirəl-Mömininin (ə) vilayəti ilə irtibatı


Sual: Bu ayənin müsəlmanların birinci imamı və xəlifəsi hesab edilən həzrət Əlinin (ə) imamət və vilayəti ilə nə rabitəsi var? Başqa sözlə, tutaq ki, əhli-sünnə bu ayənin həzrət Əli (ə) barəsində nazil olduğunu qəbul etdi, onda, həmin ayə vasitəsi ilə həzrət Əlinin (ə) İslam Peyğəmbərinin (s) canişini olmasını necə sübut etmək olar?

Cavab: Əvvəlki bəhslərimizdən həzrət Əlinin (ə) Peyğəmbərdən (s) sonra Allahın ən fədakar, şücaətli və ixlaslı bəndəsi olması aydın oldu və digər tərəfdən də, bilirik ki, Peyğəmbərin (s) canişini insanların ən şücaətli, fədakar və elmlisi olmalıdır. Deməli, imamət və xilafət məsələsi təyin edilmə ilədirsə, yəni, Peyğəmbər (s) Allah tərəfindən təyin olunduğu kimi, imam da onun tərəfindən təyin olunursa, onda, yuxarıdakı şərtlərə malik olan həzrət Əlini (ə) qoyub digər bir şəxsin ardınca getmək və seçim eləmək Allahın hikməti ilə uyğun gəlmir.

Əgər bu məsələ əhli-sünnənin etiqad bəslədiyi kimi, seçimlədirsə, əql qeyd etdiyimiz sifətlərə malik olan şəxs dura-dura başqa birisinin ardınca getməməyi tələb edir. Nəticədə, qeyd edilənləri nəzərə aldıqda, həzrət Əlidən başqa, digər birinin seçilməsi əql və şəriətin xilafı və ziddinədir.

Əsassız olan bəzi iradlara cavab

İşarə

Ayənin həzrət Əlinin (ə) imamət və xilafət məsələsi ilə irtibatının olmasını nəzərə alaraq bəzilərinin onun həqiqi mənasını dəyişməyə cəhd etdiyini və Peyğəmbərin (s) canişininə aid olması ilə bağlı dəlil gətirilə bilməməsi üçün çalışmasını söyləmək olar. Burada həmin iradlardan

səh:251


bəzilərinə toxunaraq onları cavablandırırıq.
a) “Ləylətül-Məbit” ayəsi əmr be mərufa əmr edənlər barəsindədir

Məşhur şiə təfsirçisi mərhum Əllamə Təbərsi əhli-sünnədən mürsəl bir rəvayəti nəql edir ki, həmin rəvayətə uyğun olaraq, yuxarıdakı ayə əmr be məruf və nəhy əz münkər yolunda öldürülən kəslər barəsində nazil olmuşdur.(1)

Deməli, ayənin Əli ibn Əbutalibin (ə) imamət və vilayəti ilə heç bir irtibatı yoxdur.

Cavab: Ayənin düzülüşü onun əmr be məruf və nəhy əz münkər yolunda öldürülən kəslər barəsində nazil olmadığını nişan verir. Çünki, əvvəldə verdiyimiz izaha əsasən, ayənin nəzərdə tutduğu şəxsi can təhlükəsi gözləyir, halbuki, əmr be məruf və nəhy əz münkrə əmr edənlər üçün belə bir təhdid nadir hallardadır. Nəticıdı, ayənin quruluşundan onun həmin şəxslər barəsində olmadığı məlum olur. Bundan əlavə, nəql edilən rəvayət mürsəldir və o höccət (dəlil) sayıla bilməz.

b) Bəhs edilən ayə Əbuzər barəsindədir

Bəziləri bu ayənin Peyğəmbərin (s) yüksək məqamlı səhabəsi Əbuzər Qaffari(2) barəsində nazil olması fikrindədirlər və onun həzrət Əlinin (ə) imamət və vilayəti ilə heç bir rabitəsinin olmadığını düşünürlər.(3)

Cavab: Bu cür etiqad da həqiqətə uyğun deyil. Çünki biz tarixin şəhadətinə əsasən, İslam Peyğəmbərinin (s) zamanında Əbuzər Qaffarinin həyatında təhlükə yaradacaq bir hadisə ilə rastlaşmırıq. Deməli, Əbuzərin İslam Peyğəmbərindən (s)

səh:252
1- [1] . “Məcməul-bəyan”, c.1, səh.301.

2- [2] . Bəzi şəxslər Əbuzər Qaffarinin adını Cündəb, atasının adını isə Cənadə, Əssəkin kimi qələmə almışlar. O, Peyğəmbərin əzəmətli səhabəsi və uca məqam sahibi idi. Əbuzər Qaffari Əbu Bəkrlə beyət etməyən kəslərdən idi (“Mustədrəkatu elmir-rical”, c.2, səh.240).

3- [3] . “Məcməul-bəyan”, c.1, səh.301.

sonra yaranmış çətin şəraitdə çoxlu xidmətlərinin aşkar və hamıya bəlli olmasına baxmayaraq, bu ayənin onun barəsində nazil olmasına inanmaq mümkün deyil.


c) Bu ayə bütün mühacirlər və ənsar barəsindədir

Bir sıra şəxslər “Ləylətül-Məbit” ayəsinin bütün mühacirlər və ənsarla(1) bağlı olduğunu demişlər, yəni bu ayə Peyğəmbər (s) zamanında mövcud olan bütün müsəlmanalara şamildir. Beləliklə, bəhs edilən ayə həzrət Əli ibn Əbutalibə (ə) məxsus deyil.

Cavab: Bu sözlərin batilliyi çox aydındır. Çünki ayə özü bu iftixarı müsəlmanların hamısına deyil, onlardan bəzisinə şamil olduğunu bildirir. Nəticədə, həmin ayənin bütün mühacirlər və ənsara şamil olduğunu iddia etmək olmaz.


d) Həzrət Əli (ə) sağ qalıb-qalmayacağını bilirdi, ya yox?

Sual: Görəsən, həzrət Əli (ə) işin nəticəsindən xəbərdar idimi? O, bu təhlükəli məsələdən canını salamat qurtaracağını bilirdi, yoxsa, bilmirdi? Əgər o həzrət müşriklərin onu öldürməyəcəyini və sağ qalacağını bilirdisə, onda, Peyğəmbərin (s) yerində yatmaq o həzrət üçün heç bir iftixar sayılmır, yox, əgər bilmirdisə, bu əməl böyük bir iftixardır. Amma burada həll ediləsi digər bir məsələ var və o, belədir: “İmamların qeybi elmləri olduğu halda, o həzrət məsələnin nəticəsindən xəbərdar deyildimi?”

Cavab: Böyük alimlərin tədqiqatları və bəzi rəvayətlərin də bildirdiyinə uyğun olaraq imaların elminin qeybə nisbətdə iradəyə bağlı bir elm olduğu məlum olur. Yəni, iradə etdikləri və istədikləri zamanda nəyinsə barəsində məlumata sahib olurdular, amma iradə etməsəydilər heç bir şey bilmirdilər.(2) O

səh:253
1- [1] . Həmin yerdə.

2- [2] . Bu məsələnin şərhini “Quranın mesajları”, c.7, səh.249-dan sonrakı hissədən mütaliə edə bilərsiniz.

həzrətin bu işin nəticəsi barədə iradə etməməsini ehtimal etmək olar, amma, həzrətin zehnində təhlükənin olduğu məlum idi və bununla belə, o, böyük bir fədakarlıq etməyə hazır idi. Nəticədə, həmin hadisənin həzrət Əli (ə) üçün böyük bir iftixar olduğu və bunun imamların elmi ilə heç bir ziddiyyət təşkil etmədiyi aydın olur. Bu məsələyə diqqət etmək imaların qeybi elmləri ilə bağlı qarşıya çıxan əksər şübhə, tərəddüd və problemlərin həll edilməsində əhəmiyyət kəsb edir.

Sual: Siz belə dediniz: “Həzrət Əli (ə) iradəyə bağlı olan qeybi elmindən hadisənin nə ilə nəticələnəcəyini bilmək üçün istifadə etmədi, amma o həzrət üçün təhlükənin ola biləcəyi ehtimalı var idi. Bu cəhətdən, onun Peyğəmbərin (s) yerində yatması böyük bir fəzilət hesab edilir”. Amma bəzi rəvayətlərdə nəql edilənlərə əsasən, o həzrət ona bu hadisədə heç bir zərər dəyməyəcəyindən xəbərdar idi və həmin həidisə uyğun olaraq Peyğəmbər (s) ona bu məsələdə zəmanət vermişdi.(1) Belə olduğu halda, “Ləylətül-Məbit” ayəsi o həzrət üçün necə fəzilət hesab edilə bilər?

Cavab: Bu irada iki formada cavab vermək olar:

A) Bu hədis mürsəldir və onun sənədi yoxdur. Mərhum Əllamə Əmini həmin hədisi Sələbi təfsirindən mürsəl şəkildə nəql etmişdir(2) və sənədi olmadığı üçün ona etimad edərək əsaslanmaq olmaz.(3)

B) Hər hansı bir rəvayətin qəbul edilməsi üçün üç şərtin olması lazımdır: Onun sənədi mötəbər olsun,

səh:254
1- [1] . İbn Əbil Hədid, “Nəhcül-bəlağənin şərhi”, c.13, səh.262.

2- [2] . “Əl-Qədir”, c.2, səh.48.

3- [3] . İbn Əbil Hədidin ustadı Əbu Cəfər İskafinin bu iradın rədd edilməsi ilə bağlı maraqlı sözləri vardır. O, belə deyir: “Bu sözlər açıq-aşkar yalandır və Peyğəmbərdən (s) nəql edilən sözlərdə belə bir məsələ bəyan edilməmişdir.” O, bu cür qondarma sözləri Əbu Bəkr Əl-Əsəm adlı bir şəxsə nisbət verir ki, Cahiz ondan nəql etmişdir (İbn Əbil Hədid, “Nəhcül-bəlağənin şərhi”, c.13, səh.263).

Quranın ayələri ilə zidd və müxalif olmasın, din alimlərinin nəzərində qəbul olunası olsun.

Həmin rəvayət alimlər tərəfindən qəbul olunmamaqla yanaşı, Quranın ayələri ilə də ziddir. Allah-taala yuxarıdakı ayədə həzrət Əlinin (ə) gördüyü işi əzəmətli bir iş və Allahla müamilə kimi dəyərləndirir. Əgər rəvayətin etibarlı olduğunu qəbul etsək, onda, həzrət Əlinin (ə) işində heç bir əzəmət olmaz və bu adi bir məsələ kimi təlqin edilər. Nəticədə, Quranın bir ayəsi ilə zidd olan bu rəvayətə istinad etmək və onun vasitəsi ilə məsələni dəyərdən salmaq və sual altına aparmaq olmaz (diqqət edin).


e) Peyğəmbərin (s) xitab etdiyi şəxslər (müxatəb) kimlər idi?

Sual: Bəzi şəxslər Peyğəmbərin (s) bir nəfəri öz yerində qoymaq fikrində olduğu zaman öz əshabına xitab edərək bu təhlükəli gecədə kimin onun yerində yatmağa hazır olduğunu soruşduğuna və həzrət Əlidən (ə) başqa, heç kəsin müsbət cavab vermədiyinə etiqadlıdırlar. Bu məsələ nə dərəcədə doğrudur və Peyğəmbər (s) həmin hadisədə təkcə həzrət Əli (ə) ilə söhbət etmişdirmi?

Cavab: Biz mötəbər kitablarda Peyğəmbərin (s) bütün əshabına xitab etməsi məsələsi ilə rastlaşmamışıq. Bundan əlavə, həmin məsələ əqllə də uyğun gəlmir, çünki Peyğəmbər (s) onu bütün səhabələrlə danışsaydı, onda məsələ yayılaraq düşmənlərin qulağına çatar və onlar Peyğəmbərin (s) planından xəbərdar olaraq oun icrasına mane olardılar. Bu cəhətdən, həmin məsələ tamamilə məxfiyanə idi və ondan Peyğəmbər (s) və Əlidən (ə) başqa, heç kəsin xəbəri yox idi.

səh:255

Təkmilləşdirici bəhslər
a) Həzrət Əlinin (ə) fədakarlığının vəsfində Həssan ibn Sabitin şerləri

İslam Peyğəmbərinin (s) müasiri və o həzrətin haqq canişininə həqiqi məhəbbəti olan şair Həssan ibn Sabit(1) özünün ən ali şerlərini Qədir-Xum hadisəsi ilə bağlı qələmə almışdır. Eyni zamanda, onun Əmirəl-Mömininin (ə) fəzilətləri ilə əlaqədar yazdığı şerləri də vardır ki, onun bir qismi “Ləylətül-Məbit” hadisəsinə həsr edilmişdir.

Həmin şerlər aşağıdakı kimidir:

مَنْ ذا بِخاتَمِه تَصَدَّقَ راکِعاً

 

وَ اَسَرَّها فی نَفْسِه إسْراراً



مَنْ کانَ باتَ عَلی فِراشِ مُحَمَّد

 

وَ مُحَمَّدٌ اَسْری یَؤُمُّ الْغارا



مَنْ کانَ فِی الْقُرْآنِ سُمِّیَ مُؤْمِناً

 

 فی تِسْعِ آیات تُلینَ غَزاراً



Tərcümə: “Barmağındakı üzüyü ruku halında və müsəlmanların gözlərindən uzaq və məxfi şəkildə ehtiyaclı olan şəxsə verən, lakin Allahın aşkar etdiyi şəxs kimdir? Tarixi bir gün olan “Ləylətül-Məbit” günü Peyğəmbərin (s) yerində yatan və düşmənlərin mühasirəsindən Peyğəmbərin (s) qurtarmasına və Sur mağarasında gizlənməsinə səbəb olan kim idi? Quranın doqquz ayəsində(2) “həqiqi mömin”

səh:256
1- [1] . O, İslam Peyğəmbərindən (s) səkkiz il əvvəl dünyaya gəlmiş və Peyğəmbərdən (s) sonar uzun illər həyatda olmuşdur. Həssan uzunömürlü şairlərdən olmuş və yüz iyirmi il yaşamışdır. Peyğəmbər (s) Məscidun-Nəbidə bu şair üçün bir minbər düzəldilməsinə göstəriş vermişdi. Həzrət bəzən ona minbərə çıxaraq şerlər oxumasını söyləyirdi. Bəzi pis niyyətli insanlar onun bu işinə irad tutaraq deyirdilər ki, məscid şer oxumaq yeri deyil. Peyğəmbər isə cavabında onlara sakit dayanmalarını və Həssanın şerlətinin döyüşdəki oxlardan da təsirli olduğunu bildirirdi. Peyğəmbərin (s) vəfatından sonar Həssan birinci və ikinci xəlifənin hörmətsizliyinə düçar olur və onlar Həssanın şer söyləməsinə mane olurlar. Əlbəttə, möhtərəm moxucuya bunun səbəbləri aydındır. Onun günahə Qədir-Xumun qəhrəmanı həzrət Əlini (ə) müdafiə etmək idi. Əlimizdə ondan bir şer divanı vardır və həmin divan həzrət Əlinin (ə) vəsfində yazılmışdır.

2- [2] . Əllamə Əmini Həssan ibn Sabitin işarə etdiyi doqquz ayəni xatırlatmaqdan əlavə, bu zəminədə mövcud olan digər ayələri də nəql etmişdir. Həmin ayələr belədir: “Kəhf” surəsi, ayə, 18; “Ənfal” surəsi, ayə 62, 64; “Əhzab” surəsi, ayə 33; “Maidə” surəsi, ayə 55; “Tövbə” surəsi, ayə 19; “Məryəm” surəsi, ayə 96; “Casiyə” surəsi, ayə 21; “Bəyyinə” surəsi, ayə 7; “Əsr” surəsi (“Əl-Qədir”, c.2, səh.49-57).

adı ilə xatırlanmış olan şəxs kimdir?”(1)

Bir sözlə, “Ləylətül-Məbit” hadisəsi o qədər aşkar və məşhur idi ki, o ərəb şerində də öz əksini tapmışdır.

b) Həmin təhlükəli gecədə Əlinin (ə) aqibəti

İslam düşmənləri planlarını hıyata keçirmək üçün qoşun toplayaraq gecə vaxtı Peyğəmbərin (s) evinə hücum etmək fikrində idilər. Amma müşriklərin başçılarından biri (Əbu Cəhl və ya Əbu Ləhəb) bu işə mane olaraq dedi ki, qadın və uşaqların bu məsələdə heç bir günahı yoxdur və onlar qorxuya düşəcəklər. Bu cəhətdən, onlar hücumu sübh zamanına qədər təxirə salmalı oldular.(2) Sübhdə o həzrəti öldürmək üçün evə hücum etdilər. Həzrət Əli (ə) onlar Peyğəmbərin (s) yatağına yaxınlaşmamış yerindən qalxaraq onlara dedi ki, nə istəyirsiniz? Peyğəmbərin (s) yerində Əlini (ə) görən müşriklər heyrətdən donmuş halda dedilər ki, biz Məhəmmədi (s) axtarırıq, o haradadır? Həzrət Əli (ə) cavab verdi ki, bəyəm, onu mənə tapşırmışdınız ki, indi məndən soruşursunuz?

Düşmənlər onu öldürmək, yoxsa, sağ buraxmaq barədə tərəddüd edirdilər. Əbu Cəhl dedi: “Bu cavanı buraxın, Məhəmməd (s) onu aldadaraq öz yerində yatızdırmış və canını xilas etmişdir”.

Əbu Cəhldən Peyğəmbər (s) və özünün təhqir edildiyini

səh:257
1- [1] . “Əl-Qədir”, c.2, səh.47.

2- [2] . Bu sözləri bəşər hüququnun yalançı iddiaçılarının əməllləri ilə müqayisə edin ki, onların cahiliyyət dövründəki ərəblərdən də vəhşi olduğunu anlaya biləsiniz. Amerika və İngiltərənin məzlum Əfqanıstan xalqına hücum edərərk müdafiəsiz və günahı olmayan kəslərə rəhm etmədiyi məlumdur. Onların vəhşicəsinə edilən həmlələrindən uşaq, qadın və qocalar, hətta, xəstəxanalarda olan xəstələr də amanda deyillər.

eşitdikdə, o həzrət hədsiz şücaətlə dilə gələrək buyurdu:

اَلی تَقُولُ هذا یا اَباجَهْل! قَدْ اَعْطانی مِنَ الْعَقْلِ ما لَوْ قُسِّمَ عَلی جَمیعِ حُمَقاءِ الدُّنْیا وَ مَجانینِها لَصاروُا بِه عُقَلاءَ، وَ مِنَ الْقُوَّهِ ما لَوْ قُسِّمَ عَلی جَمیعِ ضُعَفاءِ الدُّنْیا لَصاروُا بِه اَقْویاءَ، وَ مِنَ الشُّجاعَهِ ما لَوْ قُسِّمَ عَلَی جَمیعِ جُبَناءِ الدُّنْیا لَصاروُا بِه شَجْعاناً(1)

“Ey Əbu Cəhl! Sadəlövhlük və xamlığı mənə nisbət verirsən? (Sanki məni tanımırsan, onda, mən özümü tanıtdıraram, əslində sizin düşündüyünüz kimi deyil, əksinə) Allah mənə o qədər əql vermişdir ki, əgər onları dünyanın bütün axmaqları arasında bölüşdürsələr, onların hamısı ağıllanar. Mənə o qədər qüvvət və qüdrət əta olunmuşdur ki, əgər onu dünyanın bütün zəifləri arasında bölüşdürsələr, dünyada zəif bir adam tapılmaz. Həmçinin, mənə o qədər şücaət verilmişdir ki, əgər onu bütün qorxaqlara paylasalar, onların hamısı şücaətli olar”.

Mən İslam Peyğəmbərini tanıyaraq və agah şəkildə iman gətirmiş və ixlasımla öz canımı ona fəda eləmişəm. Düşmənlər İslam Peyğəmbərinin (s) evindən kor-peşman və naümid halda çıxdıqları zaman, həzrət Əli (ə) ona tapşırılan vəzifənin öhdəsindən başıuca çıxdı.

c) Allah-taala Əlinin (ə) fədakarlığı ilə fəxr edir

Məşhur əhli-sünnə təfsirçilərindən biri olan Sələbi bəhs edilən ayəyə yetişdikdə, “Ləylətül-Məbit” ayəsi barəsində çox gözəl bir rəvayət nəql edir. Həmin rəvayətə diqqət yetirin:

“Həzrət Əli (ə) Peyğəmbərin (s) yerində yatdığı zaman, Allah Cəbrayıl və Mikayıl adlı iki mələyinə xitab edərək deyir ki, siz iki qardaşsınız və mən sizin canınızı almaq istəsəm, sizdən hansısa biri digərinə öz ömrünü fəda etməyə hazırdırmı? Onlardan heç biri bir söz demədi və öz hazırlıqlarını elan etmədi. Allah onlara xitab edərək yer üzündəki Peyğəmbərin (s) evinə nəzər salmalarını və Əlinin (ə) Peyğəmbəri (s) qorumaq üçün öz canını necə təhlükəyə

səh:258
1- [1] . “Biharul-ənvar”, c.19, səh.83.

atdığını görmələrini əmr edir. Sonra onları Əlini (ə) qorumaq üçün göndərir. Cəbrayıl və Mikayıl yerə enərək Peyğəmbərin (s) evində hazır olurlar. Cəbrayıl o həzrətin başı üstə və Mikayıl isə ayaq tərəfində onu mühafizə etmək üçün dayanır. Daha sonra onların hər ikisi Əliyə (ə) xitab olaraq deyirlər:

بَخّ بَخّ لَکَ یَابْنَ اَبی طالِب، مَنْ مِثلُکَ؟ وَقَدْ باهَی اللهُ بِکَ مَلائِکَهَ السَّماواتِ و فاخَرَ بِکَ(1)

Yəni, Sənə təbrik deyirik, ey Əli! Kim sənin kimidir? Allah-taala səninlə səmadakı mələklərinə fəxr edir”.

Görəsən, bundan da üstün bir məqamı təsəvvür etmək olarmı?! Şiənin bu xanədanın qapısına üz gətirməsi yersiz, həmçinin, kor-koranə və təəssüb səbəbi ilə deyil, əksinə o həzrətin qeyri-adi və əzəmətli məqamına xatirdir.

Ayənin verdiyi mesajlar

Hər şey Allahın razılığı yolunda olmalıdır

Əvvəlki bəhslərdə də ona işarə etdiyimiz kimi, bu ayənin Peyğəmbərin (s) hicrət etməsi və həzrət Əli (ə) ilə bağlı nazil olmasına baxmayaraq, o, Quranın digər ayələrində olduğu kimi ümumi və külli bir hökmə şamildir. Həmçinin, bu ayə {وَمِنَ النَّاسِ مَنْ یعْجِبُکَ...} ayəsinin müqabilində nazil olduğu üçün məlum olur ki, camaatın bu dəstəsi onlara ayədə də işarə edildiyi kimi, əvvəlkilərdəndirlər və onların xüsusiyyətləri də digərlərindən fərqlənir. Onlar eqoist, xudxah və inadkar idilər və insanlar arasında izzət və məqamı nifaq yolu ilə əldə etmiş və zahirdə özlərini digərlərinin yaxşılıq və xeyrini istəyən kimi göstərirdilər. Amma onların rəftarları yer üzündə fəsad törətməkdən başqa, digər bir şeyi göstərmirdi. Amma digər dəstədən olanlar sadəcə Allahla müamilə edir və hətta, öz canlarından belə, keçirlər və izzətin Allah vasitəsi ilə əldə olunmasına etiqadlıdırlar. Belə şəxslərin fədakarlıqları nəticəsində din və dünya islah olunmaqda, haqq və hüquqlar

səh:259
1- [1] . “Biharul-ənvar”, c.19, səh.85.

bərpa edilməkdə və İslam ağacı bar gətirməkdədir.(1)



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə