Quranın təhrİfİnə daİr İttİhamlara cavab



Yüklə 482,06 Kb.
səhifə2/7
tarix29.09.2017
ölçüsü482,06 Kb.
#2362
1   2   3   4   5   6   7

Təhrif nədir?


Mövzuya keçməzdən qabaq mübahisə predmetini dəqiq təyin etmək lazımdır. Ərəb-əcəmliyindən asılı olmayaraq, hər hansı insan “təhrif” deyəndə müxtəlif məsələləri nəzərdə tuta bilər. Konkret olaraq, Quran təhrifinin də müxtəlif növləri vardır ki, əsasən aşağıdakılardan ibarətdir:

1. Mənəvi təhrif

Bu təhrifdə söhbət Quranın söz və ya ayələrinin dəyişdirilməsindən, azaldılıb-artırılmasından deyil, yanlış izah edilməsindən, açıqlanmasından gedir. Mənəvi təhrif Quran təhrifinin ən geniş yayılmış növü olsa da, quranşünaslıqda danışılan təhrif bu deyil. Müsəlmanlar arasında çoxlu firqə və məzhəblərin mövcudluğu mənəvi təhrifə ən tutarlı dəlildir. Çünki Quranı hamı eyni cür başa düşüb təfsir və izah etsəydi, onu anlamada təhrifə yol verilməsəydi, asanlıqla ortaq məxrəcə gəlib birləşmək və parçalanmalara son qoymaq olardı. Bu gün isə hətta İslamdan çox uzaqlaşmış ən azğın və əsassız firqələr də etiqadlarını Quranla isbat etməyə çalışırlar.

Müsəlmanların yekdil rəyinə görə, Quranda bu təhrif baş vermişdir. Bəlkə də elə bir saat yoxdur ki, dünyanın harasındasa hansısa Quran ayəsi yanlış açıqlanıb mənən təhrif edilməsin.

2. Tərtibatda təhrif

Məşhur rəyə əsasən, Quran surələrində yer alan ayələrin düzülüşü Peyğəmbər tərəfindən həyata keçirilmiş, surələrin düzülüşü isə onun vəfatından sonra tərtib olunmuşdur.

Tərtibata aid olan başqa bir məsələ ayələrin sayı ilə bağlıdır. Bu haqda çoxlu fikir ayrılıqları vardır. Bu da Quranın azaldılıb-artırılması ilə deyil, vahid mətnin Cəbrayıl tərəfindən hansı hissələrlə gətirilməsi və ya oxunması ilə bağlıdır. Hər halda, Quranın təhrifi deyəndə onun kitab kimi tərtibatında, ayələin sayında və ya surələrin düzülüşündə baş verən dəyişikliklər nəzərdə tutulmur.

3. Qiraətdə təhrif

Quranın müxtəlif qiraətləri – oxunuşları vardır və heç bir alim məşhur qiraətlər arasındakı fərqlərdən dolayı kimisə təhrifdə günahlandırmır. İslamın ilk əsrlərində çoxlu qiraətlər mövcud olmuş, sonradan isə onların arasından yeddisi məşhur qiraət kimi qəbul olunmuşdur. Məşhur qarilər avazla Quran oxuyanda bəzən müxtəlif qiraətlərə müraciət edib eyni ayəni fərqli formalarda oxuyurlar. Yeri gəlmişkən, deyək ki, hazırda oxunan və əlimizdəki Quranın tətbiq edildiyi ən düzgün və ən məşhur qiraət əsl Şiə qiraəti, bütün rəvayətçiləri şiələrdir. Onu Həfs öz atalığı Asimdən, Asim Əbu Əbdürrəhman Süləmidən, o da İmam Əlidən rəvayət etmişdir.



4. Artırma təhrifi

Müsəlmanların yekdil rəyinə görə, Allahın kitabına hər hansı əlavələrin edilməsi yolverilməzdir. Lakin Quranın bu növ təhrifə məruz qalmadığı heç kimdə şübhə doğurmadığı üçün mübahisə mövzusu da deyil.



5. Azaltma təhrifi

Bu növ təhrifdə söhbət Quranın bəzi hissələrinin Peyğəmbərin vəfatından sonra Qurandan çıxarılmasından gedir. Əhli-sünnənin Həşviyyə qolu və Şiəlikdə bəzi əxbari alimləri bu növ təhrifin baş verdiyini düşünürlər. Əhli-sünnənin ən məşhur səhih və sünən kitablarında, Şiənin də əsasən ikinci dərəcəli hədis kitablarında buna dair rəvayətlər mövcuddur. Lakin bu rəvayətlər ya zəif, ya da kiminsə səhvi və yanlış ictihadıdır.

İndi isə bir qədər yuxarıda sadaladığımız şübhələri araşdırmağa başlayırıq.


Birinci fəsil: şiə kitablarında təhrif hədisləri

İlk dəfə Şiənin Əxbari qolunun nümayəndələrindən olmuş Nemətullah Cəzairi Quranın təhrifinə dair 2000 hədisin olduğunu bildirmiş, (Nuri H. “Fəsl əl-xitab”, 198) daha ifratçı əxbari olan Nuri Təbrisi bədnam kitabında guya bu barədə olan 1000-dən artıq hədis toplamış, vəhhabilər də fürsəti fövtə verməyib onları araşdırmadan həvəslə təkrarlamağa başlamışlar. (Bax: Ehsan İlahi Zəhir. “Əş-Şiə və əl-Quran”, 141-344) Müasir Vəhhabi alimlərindən olan Osman əl-Xəmis bu barədə 2000-ə yaxın hədisin olduğunu bildirərək bunu mütəvatir və ya mütəvatirə yaxın hesab edir. (Əl-Xəmis O. “Şiə və Quran”. www.almanhaj.net) Çox böyük əksəriyyətinin təhriflə əlaqəsi olmayan bu 2000 hədisin hamısının səhih olduğuna dair gülünc iddia isə bizim bəzi yerli vəhhabilərimizə aiddir.

Əvvəla qeyd edək ki, hədis çox dəqiqlik tələb edən elmdir. Bu elmə dair güclü elmi əsasları, eləcə də tarix, rical və İslam hermenevtikası kimi elmlərdən məlumatı olmayanlar hədislərin nə səhihliyini təyin edə, nə mənasını tam açıqlaya, nə də onlar arasında ziddiyyəti çözə bilərlər. Firqə və məzhəblərin tarixini və Əhli-beyt imamlarına dair ğülüvv – ilahiləşdirmə, şişirtmə amilini nəzərə alsaq, etiqada dair hədislərin daha mürəkkəb və daha əhəmiyyətli olduğunu söyləyə bilərik. Bəzən imamların, yaxud onların yaxın səhabələrinin yanında görünməyə çalışan ğalilər – Allaha xas atributları imamlara aid edənlər ya xəstə təfəkkürlərindən, nadanlıqlarından dolayı, ya da özlərini böyütməkdən ötrü Əhli-beyti ilahiləşdirən rəvayətlər uydurur, hətta bəzən belə rəvayətlərə səhih rəvayət sənədi düzəldib səhabələrin hədis toplularına yerləşdirirdilər. İmamı ilahiləşdirəndən, rəbb kimi göstərəndən sonra, təbii ki, bundan onlara da müəyyən pay düşür, özlərini Əhli-beytin xüsusi nümayəndəsi və sözçüsü kimi təqdim edirdilər. İmamların adlarının Qurandan çıxarıldığını göstərən hədislər də məhz bu cərəyanın uydurmasıdır. Bu haqda danışacağıq.

Təbii ki, ğülüvv amili təkcə Şiəyə xas deyil. Peyğəmbərin vəfatından sonra xəncərini çəkərək “Allahın rəsulu ölməz!” deyən və onun öldüyünü söyləyənləri münafiq adlandıran (Təbəri M. Tarix, 3/200-201) təfəkkür tərzini Peyğəmbəri fövqəlbəşəri varlıq kimi göstərməyə ilk cəhd hesab etmək olar.

Şiə məktəbinin özəlliyi budur ki, onda Səhih adlı kitab yoxdur, doqmatizm, ehkamçılıq məqbul sayılmır. Sələfilikdən fərqli olaraq, bu firqədə qədim alimlərin sonrakılardan daha ağıllı olduğu, daha düzgün düşündüyü söylənmir. Əksinə, bütün elmlər, o cümlədən hədis elmi get-gedə inkişaf edir və bu inkişafın əsas amillərindən biri də tənqiddir.

Dörd əsas hədis kitabı – Kafi, Fəqih, Təhzib, İstibsar və hətta Nəhcül-bəlağə Şiənin mötəbər mənbələri sayılır, lakin bir kitabın mötəbər sayılması onun bütün hədislərinin səhih olması demək deyil. Biz heç bir hədisşünasa, heç bir alimə gözüyumlu etimad etmir, heç bir alimin hədislərə dair mövqeyini son söz saymır, elmi əsas və dəlilləri araşdırmağı vacib bilirik. Zatən, səhih hədis kriteriyaları da eyni deyil və alimlər arasında buna dair fərqli meyarlar vardır. Bu baxımdan, əl-Kafi ilə Səhih Buxari arasında heç bir fərq yoxdur. Biz hər iki kitabda səhih, zəif və hətta qondarma (uydurulduğu sübut olunmuş) hədislərin olduğunu düşünür, hər hansı hədisin sənəd (rəvayətçilər silsiləsi) və mətnini, eləcə də onunla bağlı tarixi və digər məlumatları araşdırıb yekun nəticə çıxarır, elmi nəticə kimi arxasında dayanır, fikrimizi müdafiə edir, tənqidlərə cavab verir və “bu hədis Buxaridəndir (və ya Kuleynidəndir)” deyib yaxamızı kənara çəkmirik. Bu baxımdan, hər hansı hədis həqiqətən Quranın təhrif olunduğuna dəlalət etsə, onun sənədini araşdırmağa ehtiyac görmədən Quranın dəyişməzliyinə dair ayələri önə keçirir və çəkinmədən hədisi rədd edirik.

Konkret olaraq, “təhrif” hədislərinə gəldikdə isə, təəccüb və təəssüf dolu iki məqama toxunmaq istəyirik. Biri əxbari şiələrdən olan Nuri Təbrisinin nəyin bahasına olursa-olsun, hətta kitabını təhriflə əlaqəsi olmayan hədislərlə doldurmaqla olsa belə, hamını Quranın təhrif olunduğuna və tarix boyu əksər Şiə alimlərinin bu fikirdə olduğuna inandırmaq cəhdi, ikinci məqam isə vəhhabi alimlərinin Nuriyə güclü dəstək verməsi, onun fikir, dəlil və hətta metodlarını təsdiqləməsidir. Nurinin topladığı 1062 “təhrif” hədisini üzündən köçürərək kitabının üçdə ikisini – 205 səhifəsini doldurmuş Ehsan İlahi Zəhir də bütün bu rəvayətləri Quran təhrifinə dəlil hesab etmişdir. Halbuki Quran tarixi və qiraət elmi ilə az-çox tanış olan heç kəs onların çox böyük əksəriyyətinin qiraət fərqlərinə, əlavə təfsir və izahların çıxarılmasına, mənəvi və ya tərtibatda təhrifə aid olduğuna şübhə etməz. Daha maraqlısı isə odur ki, bu rəvayətlərin bəzisi Əhli-sünnə mənbələrindən Şiə kitablarına yol tapan rəvayətlərdir və cənab İlahi Zəhir onların hamısından şiələrə tənə üçün istifadə etmişdir.
1. 1. Əl-Kafi və təhrif hədisləri

Hər bir hədis toplusu kimi əl-Kafi də tənqidə açıqdır. Biz əxbarilərdən fərqli olaraq, bu kitabın hamısını səhih saymır, onda zəif və hətta qondarma hədislərin olduğunu qəbul edirik. Necə ki, əhli-sünnə qardaşlarımızın, həmçinin sələfilərin ən mötəbər səhih kitablarında da vəziyyət belədir. Bu baxımdan, hansısa bir kitabda bir neçə hədis görən kimi onu uyğun firqənin etiqadı saymaq olmaz. Şiəliyə qarşı belə bir iddia isə əsla mümkün deyil. Ona görə ki, bu firqədə Qurandan başqa heç bir kitaba səhih statusu verilməyib.

Guya İmam Mehdinin kiməsə “Kafi şiələrimizə kifayətdir” deməsinə gəlincə isə, bu tamamilə əsassız iddiadır. Bunu hətta əsrlər öncə Əllamə Məclisi də təsdiqləmişdir. O yazır: “Əsassız danışmağı sevən bəzi adamlar şübhə etmirlər ki, bütün Kafi kitabı İmam Mehdi tərəfindən təsdiqlənmişdir”. (Məclisi M. “Mirat əl-üqul”, 1/22)

Mühəddis Nuri kimi əxbarilər, həmçinin Ehsan İlahi Zəhir, Malullah, Qəfari və əl-Xəmis kimi vəhhabilər Quranın təhrif olunmasına dair əl-Kafi kitabının 80-dən bir qədər artıq hədisinə istinad etmişlər. Halbuki onların bəzisi Quranın mənaca təhrif olunmasına, bəzisi ayələrdən əlavə təfsirlərin çıxarılmasına, bəzisi qiraət fərqlərinə aiddir, bəzisinin təhriflə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur, bəzisi isə kitabın nüsxələrində getmiş səhvlə bağlıdır. Biz bu hədisləri aşağıdakı qruplara bölüb hər biri haqda ayrıca danışmaq istəyirik:


1. 1. 1. Bütün Quranı mənimsəmək hədisləri

Əl-Kafinin Höccət kitabının “İmamlardan başqa heç kəs Quranın hamısını mənimsəməmişdir” babında 6 hədis yer almışdır ki, bəzən onları Quranın təhrifinə aid edirlər. Halbuki “Əli ibn Əbu Talibdən və digər imamlardan başqa heç kəs Quranı Allahın nazil etdiyi kimi cəm etməmiş (mənimsəməmiş) və qorumamışdır” (Kuleyni M. Əl-Kafi, 1/228) kimi hədislərin təhrifə - Quranın azalmasına aidiyyəti yoxdur. Əslində, məqsəd Quranın əsl mahiyyətini, həqiqətini, eləcə də ən düzgün qiraətini mənimsəmək, əsl məna və məzmununun itib-batmasına qoymamaqdır. Bu fikir Şiə etiqadlarına da uyğundur. Əhli-beyt məzhəbinə görə, Quranın bütün sirlərini, sətiraltı mənalarını, gizli və açıq mesajlarını tam şəkildə yalnız Peyğəmbər və Əhli-beyt imamları mənimsəyə bilərlər. Ən qədimdən Şiə etiqadı belə olmuş və imamlar uyğun məzmunda sözlər deyəndə də məhz bu şəkildə başa düşülmüşdür. Təbii ki, kimsə bu düşüncəni qəbul etməyə bilər, lakin indi mövzu bu deyil. Mövzu bu kimi hədislərin Quranın təhrifinə dəlalət edib-etməməsidir və göründüyü kimi, burada təhriflə - Quranın söz və ya ayələrinin azaldılması ilə bağlı heç nə yoxdur.


1. 1. 2. Səhifə, Cifr, Camiə və Fatimə müshəfi hədisləri

Bəzi hədislərə görə, Əhli-beyt imamlarında Səhifə, Cifr, Camiə və Fatimə müshəfi adlı kitablar vardır. Bəzi sələfilər bunları Quranın təhrifi kimi göstərməyə çalışırlar. Halbuki bu kitabların Quranla heç bir əlaqəsi yoxdur. Höccət kitabının uyğun babında qeyd olunmuş 8 hədisdə (Kuleyni, 1/238-242) də göstərilir ki, bu kitablar keçmiş peyğəmbərlərə göndərilən kitab və səhifələrdən, Fatimeyi-Zəhranın vəsiyyətindən və ya Peyğəmbərin vəfatından sonra bir mələyin (yaxud Cəbrayılın) təsəlli olaraq ona dediyi sözlərdən, gələcəkdə qarşıya çıxacaq dini məsələlərə cavabları, gələcək hadisələri və digər elmləri ehtiva edən kitablardan ibarətdir. Biz indi bu hədislərin doğru və ya yanlış olduğunu, yaxud hansısa rəmzi məna daşıdığını araşdırmırıq. Əslində, bunları Quranın təhrifinə dəlil kimi bayraq edən milli və əcnəbi vəhhabilərə demək istəyirik ki, bu hədislər Quranın təhrifi ilə bağlı hər hansı mövqe ortaya qoymur. Bundan əlavə, hansısa mələyin və hətta Cəbrayılın Fatimə ilə danışmasının da vəhy və Quranla əlaqəsi yoxdur və hədislərdə belə bir iddia mövcud deyil.

Burada insanları çaşdıracaq məsələ Fatimə müshəfi ilə bağlı ola bilər. Qeyd etməliyik ki, “müshəf” sözü ərəbcə səhifələnmiş toplu, kitab deməkdir. O zaman səhabələrin topladığı Quran kitablarına da müshəf deyilirdi: məsələn, İmam Əlinin müshəfi, Abdullah ibn Məsudun müshəfi və sair. Bu baxımdan, Fatimə müshəfi deyəndə kimsə Fatimeyi-Zəhranın topladığı Quran kimi başa düşə bilər. Digər tərəfdən, “Fatimə müshəfi Qurandan üç dəfə artıqdır və onda bir Quran sözü də yoxdur” (Kuleyni, 1/239) hədisini görəndə də fərqli bir Quran olduğunu anlayar. Halbuki tarix və hədis mənbələrində Fatimeyi-Zəhranın Quran topladığı və özünün müshəfi olduğu haqda məlumat verilmir. Bu kimi hədislərdə sözü keçmiş Fatimə müshəfinin isə Quranla əsla əlaqəsi yoxdur. Bu elə hədislərin özündən, “onda bir Quran sözü də yoxdur” və digər bu kimi ifadələrdən açıq görünür. Qurandan, bəzən də konkret adları olan İncil və Tövratdan başqa bir kitab görməyənləri başa düşmək olar, bugünkü gündə bunu anlamayıb haray-həşir salanlara isə savadsızlıqlarından dolayı ancaq təəssüf etmək olar.

Osman əl-Xəmis əl-Kafinin sonuncu cildini ehtiva edən Rövzə əl-Kafi hissəsində - xatırladaq ki, bu hissə digər hissələr qədər mötəbər deyil – mövcud olan bir hədisə əsasən, Fatimə müshəfinin Quran olduğunu iddia edir. (Əl-Xəmis O. “Əş-Şiə və əl-Quran”. www.almanhaj.net) Bu hədisə əsasən, İmam Sadiq Məaric surəsinin 2-ci ayəsini “bi vilayəti Əliyyin” əlavəsi ilə oxuyaraq buyurub ki, Allaha and olsun, Fatimənin müshəfində də belə qeyd olunub. (Kuleyni, 8/57-58) Göründüyü kimi, bu hədis Fatimə müshəfinin Quran olduğuna dəlalət etmir. Dünyada hansısa normal hüquqşünasın, hermenevtikin və ya linqvistik ekspertin də belə düşünəcəyini zənn etmirik. Bu hədis sözügedən ayənin “Fatimə müshəfi” adlı bir kitabda bu təfsirlə qeyd olunduğunu bildirir, kitabın isə təfsir, fiqh, kəlam və ya başqa bir mövzuda olduğuna dair hər hansı bilgi ortaya qoymur. “Bi vilayəti Əliyyin” hissəsi isə heç şübhəsiz, əlavə təfsirdir və biz aşağıda bu haqda danışacağıq.


1. 1. 3. Əlavə təfsirlərin çıxarılması

Mübahisəli hədislərin bir qismi bəzi ayələrin içində qeyd olunan əlavə təfsirlərlə bağlıdır. Əhməd ibn Məhəmməd deyir: “Əbülhəsən (İmam Kazim) mənə bir müshəf (kitab və ya Quran) verib dedi ki, buna baxma. Mənsə açıb bunları oxudum: Kitab əhlindən kafir olanlar və müşriklər... (Bəyyinə/1) Mən orada Qüreyşdən 70 nəfərin adını gördüm”. (Kuleyni, 2/631) Göründüyü kimi, bu hədisdə Quranın təhrifinə işarə belə yoxdur. Harada deyilir ki, bu adlar Quranın tərkib hissəsi imiş?! Biz bilirik ki, İmam Əlinin topladığı Quranda qısa təfsirlər də olmuşdur. Bəlkə həmin kitab İmam Əlinin Quranı və bu adlar da təfsir olub. Yəni hədisin düz-səhvliyindən asılı olmayaraq, burada 70 adın Quranın tərkib hissəsi olduğu söylənmir.

Yeri gəlmişkən, deyək ki, bu növ təfsirlərə işarə vuran hədislər çoxdur. Oxşar rəvayətlər qeyri-şiə mənbələrində də var. Məsələn, çoxlu səhabə və katiblərin dediyinə görə, Xanım Aişənin müshəfində Bəqərə surəsinin 238-ci ayəsinə “və əsr namazı” əlavə olunmuşdu, onun üçün Quran köçürənlərə tapşırırmış ki, bu hissəni də ayəyə yerləşdirin, çünki Peyğəmbərdən belə eşitmişəm. (İbn Əbu Davud A. Əl-Məsahif, 208-211) Böyük ehtimalla Peyğəmbər sözügedən hissəni təfsir məqsədilə söyləyib və Aişə ya onun ayənin tərkib hissəsi olduğunu zənn edib, ya da elə təfsir kimi Qurana salınmasını söyləyib. Xatırladaq ki, Peyğəmbərin digər xanımları Həfsə və Ümm Sələmənin də bu ayəni eyni əlavə ilə yazdırmaları nəql olunmuşdur. (Yenə orada, 211-218)

Yaxud İbn Məsud deyir ki, biz Peyğəmbərin dövründə Maidə surəsinin 67-ci ayəsini belə öyrədirdik: “Ey Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et - ki, Əli möminlərin mövlasıdır. - Əgər (bunu) etməsən, (Allahın) risalətini yerinə yetirmiş olmazsan”. (Süyuti C. “Əd-Durr əl-mənsur”, 3/117) Göründüyü kimi, “ki, Əli möminlərin mövlasıdır” hissəsi ayədən deyil, onun təfsiridir. Bir ayənin tilavəti və ya təlimi əsnasında da hər hansı açıqlama verməyin heç bir eybi yoxdur. Üstəlik, erkən İslam çağında Quran öyrətmək, Quran dərsi keçmək onu yalnız üzündən oxumaq və ya oxutdurmaqdan deyil, həm də açıqlamalarını, təfsirini bəyan etməkdən ibarət idi.

Bundan əlavə, bəzi Əhli-sünnə təfsirlərinin yazdığına görə, Abdullah ibn Məsud Ali-İmran surəsinin 33-cü ayəsini “və alə Muhəmməd” əlavəsi ilə oxuyurmuş. (Əbu Həyyan Andalusi M. “Əl-Bəhr əl-muhit”, 3/111) İbn Abbasın və Qətadənin rəvayətinə əsasən, Übəy ibn Kəbin qiraətində Nisa surəsinin 24-cü ayəsində mütə nikahına dəlil olan “ila əcəlin musəmma” hissəsi vardır ki, bu gün əlimizdə olan Quranda mövcud deyil. (Təbəri M. Təfsir, 8/177-178, h: 9036-9041; İbn Əbu Davud, 164) Hətta ən güclü quranşünas səhabələrdən olan İbn Abbas 3 dəfə Allaha and içərək bu hissənin Qurandan olduğunu bildirmişdir. (Təbəri. Təfsir, 8/177-178, h: 9038-9041)

Mühəddis Nuri öz kitabında bu kimi rəvayətləri də Quranın təhrifinə dəlil kimi qeyd etmiş, sələfilər də bundan Şiə əleyhinə sui-istifadə etmişlər. Halbuki bu növ rəvayətlərdə mövcud olan və bugünkü Quranda yer almayan hissələrin Quran sözü deyil, Cəbrayıl tərəfindən çatdırılmış əlavə izah olmasını Əhli-sünnə alimləri də qəbul edirlər. Süyuti (1445-1505) İbn Abbasın Bəqərə surəsinin 198-ci ayəsinə “həcc mövsümlərində” ifadəsini artırmasını (Buxari M. Əs-Səhih, 2/181-182, 3/53, 3/62, 6/27) da məhz əlavə təfsir kimi izah etmişdir. (Süyuti C. “Əl-İtqan fi ülum əl-Quran”, 1/265) Qurtubi deyir ki, səhabə və tabeilərin bəzi ayələri müəyyən əlavələrlə oxumaları açıqlama və təfsirlə bağlıdır, həmin əlavələrin Quranın tərkib hissəsi olması demək deyil. (Qurtubi M. Təfsir, 1/86) Əsasən izah məqsədilə səhabələr tərəfindən əlavə təfsir və ya duaların qiraətə daxil edilməsini digər Əhli-sünnə alimləri də qəbul edirlər. (İbn əl-Cəzri M. “Ən-Nəşr fi əl-qiraat əl-əşr”, 1/32; Zərkəşi M. “Əl-Burhan fi ülum əl-Quran”, 2/127-128) Və burada ortaya belə bir sual çıxır: səhabələr barədə bu qədər müsbət və nikbin yanaşmaların olduğu halda, nə üçün növbə Əhli-beyt imamlarına – Peyğəmbər övladlarına çatanda oxşar təfsirləri Quranın tərkib hissəsi kimi qəbul edib böhtan və iftiralar yağdırır, Şiə məzhəbini təhrif düşüncəsində ittiham edirlər?! Bəzi sələfilərin belə ikili yanaşmasına, bu gün də utanmadan “Şiə kitablarında Quranın təhrifinə dair 2000 hədis var” söyləməsinə nə ad vermək olar?!

Şiə və Sünni rəvayətlərində mövcud olan bu növ əlavələr ya Cəbrayıl tərəfindən Quran deyil, qüdsi hədis kimi və təfsir məqsədilə nazil olub, ya da səhabələr izah kimi Peyğəmbərdən belə eşitmişlər. Bəzi hədislərdə deyilmiş “belə nazil olub” ifadəsi birinci versiyanı gücləndirir.

Yeri gəlmişkən, deyək ki, tənzil və nazilolmada məqsəd ayənin zahiridir: sözlərindən başa düşülən leksik mənası və ona uyğun təfsiri. Təvil isə zahiri və sözləri ilə çox da uyğunluğu olmayan batini mənasıdır. Hədisdə göstərilir ki, hər bir ayənin zahiri və batini vardır. (Zərkəşi, 2/154) Zahiri sözlərlə və nazilolma səbəbi ilə birbaşa əlaqəsi olmayan batini məna təvillə əldə olunur, təfsir isə Quranın zahiri və tənzili ilə bağlıdır. İmam Baqir buyurub: “(Quranın) zahiri tənzili, batini isə təvilidir”. (Hürr Amili M. “Vəsail əş-Şiə”, 27/196) Bu baxımdan, bəzi hədislərdə işlənmiş “belə nazil olub”, yaxud “tənzili belədir” ifadəsi təvil qarşısında işlənib ayənin sözlərinə, nazilolma səbəbinə və ya sözlərindən başa düşülən təfsirinə aid edilə bilər. Bu növ hədislərdə Qurandan olmayan əlavələr üçün qeyd olunmuş bu ifadə məhz onun təfsirinə və ya nazilolma səbəbinə aiddir. Bunu əl-Kafinin şərhçiləri də təsdiqləyirlər. Misal üçün, Feyz Kaşani bir hədisdə İmam Sadiqin Əhzab surəsinin 71-ci ayəsini oxuyarkən “Əlinin və sonrakı imamların vilayəti haqda” hissəni artırıb “belə nazil olub” deməsi barədə yazır: “Yəni bu mənada nazil olub. Buna bənzər ifadələrdə məqsəd budur”. (Feyz Kaşani M. Əl-Vafi, 3/885) Yaxud Molla Saleh Mazandarani bir yerdə “belə nazil edilib” sözünü şərh edərkən yazır ki, bu, qeyd olunan əlavənin Quran olması demək deyil. Çünki vəhy zamanı Peyğəmbərə nazil olan sözlər Quran da ola bilər, əlavə izah və təfsir də. (Mazandarani M. “Şərh əl-Kafi”, 7/74) "Onu (Quranı sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir. Biz onu (Cəbrayılın dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə. Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir!" (Qiyamət, 17-19) ayələrinə əsasən, bunu Bəyan və açıqlama vəhyi də adlandırmaq olar. Ayədən göründüyü kimi, Qurana aid olmayan bəzi əlavə izahlar da Cəbrayıl vasitəsilə Peyğəmbərə nazil olmuşdur və bu növ hədislərdə məhz həmin əlavələr nəzərdə tutulur. İddianın isbatı üçün “O, kefi istəyəni danışmır. O (onun sözləri), ancaq nazil olan bir vəhydir” (Nəcm/3-4) ayələrinə də istinad etmək olar.

Bəzi hədislərdə ayəyə edilən əlavə isə təfsir deyil, təvil xarakteri daşıyır. Nümunə üçün, İmam Sadiq Zümər surəsinin 8-ci ayəsini batini məna və təvil olaraq İmam Əli ilə əlaqələndirdikdən sonra deyir: “Ey Əmmar! Bu, ayənin təvilidir”. (Kuleyni, 8/204-205)
1. 1. 4. İmamlarda olan fərqli Quran

Bir çox hədislərdə İmam Əlinin topladığı Quranın indiki Qurandan fərqli olduğu və İmam Mehdi gələndə həmin Quranı aşkara çıxaracağı deyilir. (Kuleyni, 2/633) Əslində burada da anlaşılmaz bir şey yoxdur. Tarix və hədis qaynaqlarından bəllidir ki, Peyğəmbərin vəfatından sonra toplanmış ilk Quran kitabında (İbn Nədim M. Əl-Fihrist, 1/45-46) – yəni İmam Əlinin müshəfində surələr tarixi ardıcıllıqla düzülüb: Ələq, Müddəssir, Qələm, Müzzəmmil, Təbbət, Təkvir və s. (Süyuti. Əl-İtqan, 1/216) Müxtəlif səhabələrin topladığı Quran kitablarında surələrin fərqli düzülüşü də göstərir ki, ayələrdən fərqli olaraq, surələrin düzülüşü Peyğəmbər tərəfindən təyin olunmayıb. Bu baxımdan, İmam Əlinin müshəfindəki əsas fərq onun ayələrinin az-çoxluğunda deyil, yalnız surələrinin düzülüşündədir və yuxarıda dedik ki, bu, Quranı təhrif etmək sayılmır. Bundan əlavə, imamın topladığı Quranda möhkəm və mütəşabih, nasix və mənsux ayələr, habelə bəzi əlavə təfsir və təvillər yer almışdır.


1. 1. 5. Mənəvi təhrif

Quranın təhrifinə dəlalət etdiyi iddia olunan digər hədislər yalnız mənəvi təhrifi nəzərdə tutan rəvayətlərdir. İmam Kazimin Əli ibn Süveydə yazdığı məktubunda keçmiş təhrif və dəyişdirmə ifadələri də məhz məna və təfsirdə təhrifə aiddir. Bu hədisə görə, İmam Kazim belə yazmışdı: “Allahın kitabı bu insanlara əmanət verildi, onlarsa onu təhrif edib dəyişdirdilər”. (Kuleyni, 8/125) Hər bir imam kimi, İmam Kazim də mövcud Quranda İmam Əlinin və Əhli-beytin vilayətinə - rəhbərliyinə işarə vuran ayələrin olduğunu bilirdi. Onun məqsədi bu ayələrin fərqli şəkildə təfsir olunmasıdır ki, bunun başqa bir adı mənəvi təhrifdir.

İmam Baqirin “bütün ayələrimizi yalanladılar” (Yenə orada, 1/207) hədisi də Əhli-beytə aid ayələrin ya bilərəkdən, ya da bilmədən yanlış izah edilməsinə, mənaca təhrif olunmasına etirazdır. “Peyğəmbər (qiyamət günü) “Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etmişdi!” – deyəcək” (Furqan/30) ayəsi də oxşar məzmunu ifadə edir. Burada Peyğəmbərin məqsədi Quranı qəbul etməmək, onun yazı və vərəqlərindən uzaqlaşmaq deyil, buyruqlarına əməl etməmək, onunla yaşamamaq olduğu kimi, sözügedən hədislərdə də məqsəd Quranın ayə və surələrini dəyişdirmək deyil, mənasını təhrif etmək və nəticədə, ondan uzaqlaşmaqdır. İmam Baqirin “(Allahın) kitabından üz çevirməyin bir növü belədir ki, hərflərini qoruyub, hədlərini (mənalarını) təhrif edirlər” (Kuleyni, 8/53) hədisi bunu daha aydın göstərir.
1. 1. 6. Quranın üç və ya dörd hissədən ibarət olması

Təhriflə bağlı olduğu iddia edilən bəzi rəvayətlər Quran ayələrini üç və ya dörd hissəyə bölən rəvayətlərdir. Nümunə üçün, əl-Kafidə mövcud olan 3 belə hədisin birini qeyd edirik: Əsbəğ ibn Nübatə deyir ki, Əmirəlmöminindən belə eşitdim: "Quran üç hissədən ibarətdir: biri biz və düşmənlərimiz barədə, biri sünnə və məsəllər, biri isə vacib və digər hökmlərdir". (Kuleyni, 3/627)

Təhrif iddiaçılarına görə, əlimizdəki Quranın üçdə biri Əhli-beyt və onların düşmənləri barədə olmadığı üçün, bu hədisə əsasən, təhrif olunmuş sayılır. Halbuki hər hansı bir şeyi müxtəlif hissələrə bölmək həmin hissələrin bərabər paya malik olması demək deyil. Məsələn, biz bir kitabı müqəddimə, əsas mətn və nəticə hissələrinə bölürüksə, bu o demək deyil ki, müqəddimə də əsas mətn qədər olmalıdır. Hədisdə işlənmiş "süls" (üçdə bir) sözünü məhz hərfi mənada qəbul etsək belə, bu, təxmini və nisbi bir bölgü kimi başa düşülməlidir. Yəni Qurani-kərim ümumi olaraq bu mövzuları ehtiva edir. "Bir hissəsi (yaxud üçdə biri) biz və düşmənlərimiz barədədir" sözünün də təhrifə əsla dəxli yoxdur. Burada "biz" deyəndə həm də bütün peyğəmbərlərin nəzərdə tutulması mümkündür. Və bilirik ki, bu haqda ayələr yetərincədir.

Xatırladaq ki, qeyri-şiə mənbələrində Peyğəmbərdən də bu növ hədislər nəql olunmuşdur. Belə ki, o həzrət buyurub: “Quranın dörddə biri yalnız biz Əhli-beyt haqda, dörddə biri düşmənlərimiz, dörddə biri halal və haram, dörddə biri də fərz və hökmlər barədədir”. (İbn əl-Məğazili Ə. “Mənaqib Əli”, 394, h: 375)


Yüklə 482,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə