Quranın təhrİfİnə daİr İttİhamlara cavab


ÜÇÜNCÜ FƏSİL: fərqli Quran ittihamı



Yüklə 482,06 Kb.
səhifə5/7
tarix29.09.2017
ölçüsü482,06 Kb.
#2362
1   2   3   4   5   6   7

ÜÇÜNCÜ FƏSİL: fərqli Quran ittihamı


Sələfizmin banisi İbn Teymiyyə (1263-1328) əsrlər öncə yazırdı ki, yəhudilər Tövratı təhrif etdikləri kimi, şiələr də Quranı təhrif etmişlər. (İbn Teymiyyə. “Minhac əs-sünnə”, 1/25.) Vəhhabi sələfiliyinin banisi Məhəmməd ibn Əbdülvəhhab (1703-1792) isə yazırdı ki, deyilənə görə, bugünkü şiələr Quranın sonuna Nureyn və Vilayət adlı iki surə əlavə ediblər. (Məhəmməd ibn Əbdülvəhhab, 1/14) Bu iddiaların həqiqətdən uzaq olması bu gün heç kimə sirr deyil. Nə indi, nə də tarixin hər hansı dönəmində şiələrin fərqli Quranı olmayıb və bunu təsdiq edəcək heç bir fakt yoxdur. Sayı 400 milyonu ötmüş şiənin birində də fərqli Quran yoxdur. Belə mühüm məsələlərdə qeyri-dəqiq məlumatlara, hansısa deyilənlərə güvənib nə qədər müsəlmanın günahına girmək, digər tərəfdən də, Quranı təhrif edənə təkfir hökmü çıxarmaq İslama, insafa, həqiqətə, ədalətə nə qədər uyğundur? Bunu oxucunun öhdəsinə buraxırıq.

Ən acınacaqlısı budur ki, rabitə və informasiya mübadiləsinin bu qədər inkişaf etdiyi, sürətləndiyi bugünkü dövrdə də eyni ittihamı səsləndirənlər var. Bunu xəstə xislətli insanların İslama və ümmətə xəyanəti adlandıran müasir əhli-sünnə alimi Şeyx Məhəmməd Qəzzali yazır: “Belələrinin biri bir elmi toplantıda dedi ki, şiələrdə məşhur Quranımıza nisbətən bəzi artıq-əskikliyi olan başqa bir Quran vardır. Mən ondan soruşdum ki, bu Quran haradadır? Üç qitəyə uzanmış İslam dünyasında 14 əsrdir əvvəli, sonu, surə, ayə və sözləri bəlli olan bir Qurandan başqası görünməyib. Bəs bu fərqli Quran haradadır? Bu qədər uzun müddət ərzində nə üçün bir cinni-ins onun bir nüsxəsindən də xəbər tutmayıb?” (Qəzzali M. “Difa ən əl-əqidə və əş-şəriə”, 216)


Dördüncü fəsil: şiə alimlərinin Quranın təhrifi barədə fikirləri

Bəzi iddia və iftiralara görə, əksər Şiə alimləri Quranın təhrif olunduğunu söyləmişlər. Hətta bir qədər də irəli gedərək Şiə alimlərinin bu haqda icma etdiklərini, yekdil rəyə malik olduqlarını iddia edənlər də tapılır.

Təbii ki, bütün, yaxud əksər Şiə alimlərinin uyğun fikirdə olması iddiası ağ yalandan və ya çox kobud səhvdən başqa bir şey deyil. Lakin həm şiə, həm qeyri-şiələrdən bu düşüncədə olub Quranın təhrif edildiyinə – bəzi ayələrin çıxarıldığına inananlar olub.

İslam tarixi boyu yüzlərlə böyük Şiə alimi gəlib-getmiş, ümumilikdə təfsirə və Quran elmlərinə dair şiələr tərəfindən beş mindən çox kitab və risalə yazılmışdır. Təbii ki, burada onların hamısının Quran barədə fikirlərini araşdırmağa lüzum və imkan yoxdur. Biz Şiə tarixini 3 hissəyə bölərək əvvəlcə Əxbariliyə qədərki, sonra Əxbari dövründəki, daha sonra isə Əxbarilikdən sonrakı ən əsas Şiə alimlərinin fikirlərinə nəzər salacağıq:


4. 1. Əxbariliyə qədərki əsas Şiə alimləri

4. 1. 1. Əli ibn İbrahim Qumi (vəfatı: 919)

Əli ibn İbrahim Qumi həqiqətən mötəbər Şiə alimi olub. Lakin məsələ burasındadır ki, bu gün ona aid edilən təfsirin hamısını o yazmayıb, hansı hissələrini yazması da bəlli deyil. Təfsiri ikinci bir adamın qələmə aldığı bəzən aydın gözə çarpır. Bəzi yerlərdə atası İbrahimdən vasitə ilə hədis nəql olunur ki, bu da kitabın onun özü tərəfindən imla üsulu ilə yazıldığını inkar edir. Üstəlik, bəzi rəvayətlər açıq-aşkar Qurana, ağla və Şiə etiqadlarına ziddir ki, bu da Əli ibn İbrahimin şəxsiyyəti ilə heç cür uyğun gəlmir. Eyni zamanda bir çox yerlərdə sapqın Əbülcarudun təfsirində mövcud olan zəif və saxta rəvayətlər qeyd olunmuşdur. Bu gün alim və tədqiqatçılar bu kitabın ona aid edilməsini məqbul saymırlar. Bu baxımdan, bu növ kitablardan sitat gətirib Şiəni ittiham etmək absurddur.

Müəllifə nisbəti şübhə doğuran belə kitablar qeyri-şiələrdə də var. İmam İbn Qüteybəyə (828-889) aid edilən “İmamət və siyasət” kitabı belə nümunələrdəndir. İki ayağını bir başmağa dirəyib “Qumi təfsiri”ndə yazılanların hamısını Əli ibn İbrahim Qumiyə aid edənlər “İmamət və siyasət” kitabında yazılanları da İbn Qüteybəyə aid etməlidirlər. Lakin bu zaman sələfi etiqadından nəsə qalacaqmı? Bax bu, sual altındadır.

Sual oluna bilər ki, müəllifin nə fərqi var; hər halda, bu təfsir bir Şiə aliminə məxsusdur. Cavab olaraq deyirik ki, bu da bəlli deyil. Bu kitabda ğülüvv edən – Peyğəmər və ya imamları ilahiləşdirən çoxlu rəvayətçilərdən uydurma hədislər nəql olunmuşdur. Bu baxımdan, gerçək müəllifin də ğali olması ehtimalı var və ğalilik nəinki Şiəliyə, heç İslama dəxli olmayan azğın bir cərəyandır.


4. 1. 2. Məhəmməd ibn Məsud Əyyaşi (vəfatı: 932)

Əyyaşi təfsirində araşdırma əsasında bəlli olub ki, Nurinin və onun ardınca Ehsan İlahi Zəhirin təhrifə aid etdiyi 90 rəvayətdən yalnız 2-i buna aid ola bilər. (Həddadian Ə. "Əl-Kafi və Əyyaşi təfsiri kitablarında təhrif rəvayətlərinin araşdırılması". Magistr dissertasiyası. Qum universiteti, 2008) 1700-dən artıq rəvayəti olan bir kitabın yalnız 2 zəif rəvayətinə görə isə müəllifi ittiham etmək olmaz; üstəlik, bu 2 rəvayət Qurani-kərimə və digər çoxlu rəvayətlərə ziddirsə. Çünki müəllif kitabının müqəddiməsində rəvayətlərin dəyərləndirilməsində oların Qurana uyğunluğunu meyar saymışdır.

Sözügedən iddiaçılar iddialarına uyğun hədislərin sayını artırmaq üçün bəzən elə rəvayətləri təhriflə bağlamışlar ki, adam təəccübdən donub qalır. Misal üçün, bu təfsirdə deyilir ki, İmam Sadiq Həmd surəsinin üçüncü ayəsini "Məliki yəumid-din" şəklində qiraət edirmiş. (Əyyaşi, 1/22; Nuri, 201; Ehsan İlahi Zəhir, 168) Yaxud başqa bir yerdə deyilir ki, İmam Sadiq Yusif surəsinin 110-cu ayəsinin (کذبوا) sözünü təşdidsiz olaraq "kuzibu" kimi oxuyurmuş. (Əyyaşi, 2/201; Nuri, 244; Ehsan İlahi Zəhir, 242-243) Halbuki əlimizdəki Quranın yazılışı da məhz belədir: “məliki” əlifsiz, "kuzibu" təşdidsiz. Bunların və bunlar kimi digər 8 hədisin təhriflə əlaqəsizliyi gün kimi aydın olduğu üçün Mühəddis Nurinin və sözügedən sələfilərin təfəkkür tərzinə nə ad vermək olar, bilmirik.
4. 1. 3. Şeyx Kuleyni (864-940)

Yuxarıda əl-Kafi kitabının hədislərini araşdırarkən gördük ki, Məhəmməd ibn Yəqub Kuleyninin ittiham olunduğu hədislərin heç biri Quranın təhrifinə dəlalət etmir. Təbii ki, həm Şiə, həm Əhli-sünnə kitablarında açıq-aşkar təhrifə dəlalət edən rəvayətlər vardır, heç şübhəsiz, Kuleyni də onları görmüş, lakin nəinki kitabında yazmamış, hətta təhrifi – Quran ayələrinin artırılıb-azaldılmasını inkar edən çoxlu hədisləri yazmışdır. Bir qədər yuxarıda İmam Sadiqin, uyğun fikri kökündən rədd edən hədisini qeyd etdik. Kuleyninin yazdığına əsasən, İmam Sadiq “Əlinin və Əhli-beytin adları nə üçün Quranda yoxdur?” – deyə soruşana cavab verir ki, Allah namaz haqda ayə göndərib, amma onun üç, yoxsa dörd rəkət olduğunu deməyib, bunu Allahın rəsulu təfsir edib. “Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin!” ayəsində Əlinin və Əhli-beytin nəzərdə tutulduğunu da Peyğəmbər söyləyib. (Kuleyni, 1/286-287.)

Ayətullah Xoi bu hədis barədə deyir: “Bu səhih hədis bütün belə hədislərə hakimdir və onların məqsədini açıqlayır”. (Xoi Ə. “Əl-Bəyan fi təfsir əl-Quran”, 232) Yəni imamlar Quranda adla deyil, işarə və xüsusiyyətlərlə tanıtdırılmışlar.

Lakin əl-Kafidə təhrif hədisləri olsaydı belə, bunu Kuleyninin fikri kimi qələmə vermək düzgün olmazdı. Çünki bu kitabda təhrifi inkar edən hədislər də var. Bunu bir qədər açıqlayaq.

Vəhhabilər deyirlər ki, Kuleyni əl-Kafinin müqəddiməsində yalnız səhih hədisləri topladığını yazmışdır; deməli, hər bir hədisdə mövcud fikir həm də Kuleyninin fikri hesab olunmalıdır. Bu da növbəti savadsızlıqdan, ya da bəhanədən başqa bir çey deyil. Əl-Kafidə kifayət qədər ziddiyyətli hədislər var. Bu zaman onların hansını müəllifin fikri hesab etməliyik?! Təsadüfən, yuxarıda qeyd etdiyimiz hədislər arasında da beləsini gördük. Bir hədisdə deyilir ki, Fatimə müshəfində bir Quran ayəsi belə yoxdur, digər hədisdə isə bir ayənin Fatimə müshəfində filan formada qeyd olunduğu göstərilir. İndi Kuleyninin fikrini necə təyin edə bilərik: Kuleyniyə görə, Fatimə müshəfində Quran ayəsi varmı, yoxmu? Müəllif öz meyarlarına əsasən, səhih bildiyi hədisləri qeyd etməklə kifayətlənib, aralarındakı ziddiyyəti həll etməyibsə və öz fikrini açıq şəkildə ortaya qoymayıbsa, onun hansı mövqedə olduğunu təyin etmək mümkün deyil. Təbii ki, onun meyarları kökündən yanlış ola, səhih yerinə zəif hədisləri yaza da bilər, amma indi söhbətin mövzusu bu deyil. Yuxarıda isə Kuleyninin Əhli-beyt imamlarının Quranın təhrif edilməməsinə dair hədislərindən bəzi nümunələri gördük. Həm də o, əl-Kafinin müqəddiməsində yazdığı “Hədisləri Allahın kitabı ilə tutuşdurun; düz gələni götürün, zidd olanı rədd edin” (Kuleyni, 1/8) hədisi ilə özünün əsas meyarını bəyan etmişdir.

Bütün deyilənlərdən əlavə, yenə də təkrar edirik ki, “rəcm ayəsi” hədisi kimi qeyri-şiə mənbələrindən daxil olanları çıxmaq şərtilə, Kuleyninin əl-Kafidə topladığı hədislərin heç biri Quranın təhrif olunduğuna əsas vermir. Hələ üstəlik, müəllifin də belə bir fikirdə olduğunu söyləmək isə, yumşaq desək, xüsusi insafsızlıq tələb edir.


4. 1. 4. Şeyx Səduq (923-991)

Biz ikinci ittihama cavab verərkən Məhəmməd ibn Əli Səduqun Quranın təhrifinə dair fikrinə toxunduq. O yazır: “Etiqadımız budur ki, Allah-Taalanın Öz peyğəmbəri Məhəmmədə göndərdiyi Quran iki cild arasında və xalqın əlində olandır, ondan artıq deyil... Kim ondan artıq olması fikrini bizə aid etsə, yalançıdır”. (Səduq. Əl-Etiqadat, 84)


4. 1. 5. Şeyx Müfid (948-1022)

Vəhhabi sələfilərinin iftiralarına məruz qalan Şiə alimlərindən biri Məhəmməd ibn Məhəmməd Müfiddir. Onlar şeyxin sözlərinin bir hissəsini kontekstdən çıxararaq Quranın təhrif olunduğunu, bəzi hissələrinin azaldığını təsdiqlədiyini iddia etmişlər. (Bax: Malullah M. “Əş-Şiə və təhrif əl-Quran”, 63, 72; Əs-Seyf M. “Əş-Şiə əl-İsna əşəriyyə və təhrif əl-Quran”, 18) Əslində isə Şeyx Müfid yazır:

“Əhli-beyt imamlarından Quranın fərqləndiyinə, müəyyən hissələrinin çıxarıldığına dair müstəfiz (vahid həddini aşan və mütəvatir həddinə çatmayan) hədislər söylənmişdir. İmamiyyə şiələrinin bir hissəsi deyir ki, Quranın nə bir surəsi, nə bir ayəsi və nə bir sözü dəyişilib. İmam Əlinin müshəfində olub, mövcud Qurandan çıxarılan hissələr isə Qurana açıqlama kimi nazil olan və möcüzəvi Quran vəhyindən sayılmayan təfsir və təvillərdir... Mənim üçün bu söz məhz Quran sözlərinin azaldığını iddia edənlərin fikrindən daha doğrudur və mən bunu məqbul sayıram”. (Müfid M. “Əvail əl-məqalat”, 80-81)

Göründüyü kimi, burada Müfidin fərqli fikri təhrif hədislərinin müstəfiz həddində olduğunu söyləməsi, eləcə də Şeyx Səduqdan fərqli olaraq, Quranın dəyişmədiyi barədə fikri şiələrin hamısına aid etməməsidir. Bununla yanaşı, o öz mövqeyini ortaya qoyaraq bu növ hədisləri qəbul etmədiyini və Quranın təhrif olunmadığını açıqca bildirmişdir. Vəhhabi alimləri isə onun şəxsi mövqeyinin ifadəsi olan son hissəni görməzdən gəlir və müsəlmana yaraşmayan tərzdə fikrini təhrif etmiş olurlar.

Şeyx Müfidi təhrif düşüncəsində ittiham edən Vəhhabi alimi Ehsan İlahi Zəhir isə onun başqa bir cümləsinə istinad edir: “Əlimizdəki Quranın hamısı Allah kəlamıdır... Allahın (Quran olaraq) nazil etdiyinin qalanı isə şəriət keşikçisində (İmam Mehdidədir)”. (Ehsan İlahi Zəhir, 45; Müfid M. “Əl-Məsail əs-sərəviyyə”, 78) İlk baxışdan Quranın azaldığını bildirən bu sözlər əslində iddiaya yetərli deyil. Əvvəla, kitabın əsas nüsxələrində “قرآنا” – yəni “Quran olaraq” sözü yoxdur və min il yaşı olan bir kitab haqda mühakimə yürüdərkən belə fərqləri nəzərə almaq vacibdir. İkincisi, hətta bu söz olsa belə, Müfidin yuxarıdakı fikrindən də bilirik ki, sonuncu imamda olan Quran İmam Əlinin topladığı, həm də təfsir və təvili, nasix və mənsuxu qeyd olunmuş Qurandır. Onun Quran haqqındakı sözlərinə kompleks baxış sübut edir ki, “Quran olaraq nazil etdiyi” dedikdə məqsədi həm də Quranın təfsiri və təvili olaraq vəhy olunanlardır. Üçüncüsü, uyğun cümlənin yer aldığı doqquzuncu məsələ “Quranın təhrifdən qorunması” adlanır və Müfid elə oradaca yazır: “Əgər kimsə “hazırkı Quranın artırılıb-azaldılmadığını necə söyləmək olar, halbuki siz imamların “ümmə” sözünü “əimmə” kimi... oxuduğunu rəvayət edirsiniz?!” desə, cavab verilər ki, vahid rəvayətlər olduğu üçün bunları qəbul edə bilmərik. Bundan əlavə, ayənin hər iki qiraətlə nazil olması da mümkündür. (Müfid. “Əl-Məsail əs-sərəviyyə”, 82-84)

Sonda bir məqamı da xatırlatmaq olar. Şeyx Müfid Şeyx Səduqun əl-Etiqadat kitabına şərh yazaraq razılaşmadığı məqamlara dair fərqli fikrini ortaya qoymuş, lakin onun Quranın təhrif olunmadığı ilə bağlı çox qəti və şəffaf mövqeyinə heç bir etiraz etməmişdir. Bütün bu faktlar isə göstərir ki, Şeyx Müfid Quranın təhrif olunduğunu düşünməmişdir, milli və əcnəbi vəhhabilərin uyğun iddiaları isə iftiradan başqa bir şey deyil.


4. 1. 6. Seyid Mürtəza (965-1044)

Öz dövründə Şiə dünyasının rəhbəri olmuş Əli ibn Hüseyn Mürtəza Quran haqda deyir: “Quran nə azalıb, nə də dəyişdirilib... Müsəlmanlar arasında Quranı oxumağa və qorumağa böyük diqqət və maraq olmuşdur... İslam alimləri onu qorumağa son dərəcə səy göstərmiş, hərəkələrinə və müxtəlif qiraətinə dair hər bir fikir ayrılığını bilmişlər. Belə olan halda Quran necə dəyişdirilə və ya azaldıla bilərdi?!.. Quran Peyğəmbərin dövründə indiki formada toplanmışdı və tədris olunurdu”. (Mürtəza Ə. “Əz-Zəxirə fi elm əl-kəlam”, 361-363)


4. 1. 7. Şeyx Tusi (996-1067)

Məzhəbin şeyxi ləqəbi ilə məşhur olan Məhəmməd ibn Həsən Tusi Qurani-kərimə yazdığı təfsirində bildirir: “Qurana heç bir şeyin artırılmadığına dair icma – yekdil rəy vardır. Görünən budur ki, müsəlman məzhəbləri Quranın azalmadığını da düşünürlər. Bizim məzhəbimizin (Şiəliyin) düzgün rəyinə uyğun olan da budur. Mürtəza bunu təsdiqləmişdir və rəvayətlərdən də belə başa düşülür. Düzdür, Şiə və Əhli-sünnə rəvayətçiləri tərəfindən Quranın çoxlu ayələrinin çıxarıldığını və ya yerlərinin dəyişdirildiyini göstərən çoxlu rəvayətlər nəql olunmuşdur. Lakin onlar vahid rəvayətlər olduğundan elm və əməl üçün mötəbər sayılmırlar və daha yaxşısı onları tərk etməkdir”. (Tusi. Ət-Tibyan, 1/3)


4. 1. 8. Əbu Əli Fəzl Təbrisi (1076-1154)

Əbu Əli Fəzl Təbrisi yazır: “Qurana heç bir şeyin artırılmadığına dair icma – yekdil rəy vardır... Bizim alimlərimizin düzgün mövqeyi budur ki, Quranda dəyişiklik və azalma da baş verməyib”. (Təbrisi F. “Məcmə əl-bəyan”, 1/43)


4. 1. 9. Əhməd Təbrisi

Əl-İhticac kitabının Şiə dünyasında geniş yayıldığını nəzərə alaraq, onun müəllifini də əsas alimlər sırasında qeyd edirik. Əslində isə, Əhməd Təbrisi kimi təqdim olunan müəllif hələ də tanınmaz olaraq qalır, onun kimliyinə dair çoxlu versiyalar irəli sürülmüşdür. Üstəlik, bu kitab rəvayətçiləri qeyd olunmayan və özündən qabaqkı mötəbər kitablarda yazılmayan sənədsiz rəvayətlərdən ibarətdir, istinadı bəlli olmayan daha zəif bir kitabdan – Süleym ibn Qeys Hilalinin kitabından iqtibaslarla doludur. Əl-İhticac elmi baxımdan o qədər zəifdir ki, hətta bəzi Əxbari alimləri də ona istinad etməyiblər. Belə olan halda, hansı Şiə kitabından danışmaq və hansı üzlə onda yazılanları Şiə etiqadı kimi qələmə vermək olar?!


4. 1. 10. Əbülfutuh Razi (1078-1157)

Əbülfutuh Razi təfsir kitabında Hicr surəsinin 9-cu ayəsini belə şərh edir: “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu artma, azalma, itmə və məhvolmadan qoruyub saxlayacağıq! Necə ki, buyurub: ”Nə öncə, nə də sonra batil ona yol tapa bilməz”. (Əbülfutuh Razi H. “Rövz əl-cinan”, 11/311)


4. 1. 11. İbn Şəhr Aşub (1096-1192)

Mühəddis Nuri Quranın təhrifinə dair kitabında yazır ki, deyilənə görə, İbn Şəhr Aşub əl-Məsalib kitabında Vilayət adlı bir surənin bütünlüklə Qurandan çıxarıldığını bildirmişdir. Nurinin sözlərindən də aydın olur ki, o, sözügedən kitabı görməmişdir. Böyük ehtimalla, İbn Şəhr Aşubu ilk dəfə belə bir düşüncədə ittiham edən isə sələfi təfsirçi Alusidir. (Alusi, 1/25) Quranşünas alim Ayətullah Mərifət Quranın təhrifdən qorunduğuna dair yazdığı əsərində deyir ki, mən əl-Məsalib kitabının bu yaxınlarda tapılan iki əlyazmasını diqqətlə oxudum, amma belə bir fikirdən əsər-əlamət görmədim. Əksinə, müəllif nəinki tam bir surənin, hətta bir sözün də təhrif edildiyini qətiyyətlə inkar etmişdir. (Mərifət M. “Siyanə əl-Quran min ət-təhrif”, 163-164)

İbn Şəhr Aşub başqa bir kitabında da təhrif iddialarını açıq-aşkar rədd etmiş, heç bir dəyişiklik və təhrifə məruz qalmadığını bildirmişdir: “Doğrusu budur ki, Qurana əlavələrdən söhbət açan rəvayətlər təvil (və təfsir) barədədir. Nazil olmuş (Quran vəhyi) isə nə azalıb, nə də çoxalıb”. (İbn Şəhr Aşub. M. “Mütəşabih əl-Quran və müxtəlifuh”, 2/77)
4. 1. 12. Seyid ibn Tavus (1193-1266)

Seyid Əli ibn Tavus məşhur Mötəzilə mütəkəllimi Əbu Əli Cübbainin Quranın təhrifi ilə bağlı ittihamlarına cavab olaraq yazır: “Quranın dəyişdirilməsini siz və sələfləriniz iddia edirsiniz, rafizilər deyil”. (Seyid ibn Tavus Ə. “Səd əs-süud”, 145) Başqa bir yerdə isə yazır: “Ağıl və şəriətə görə, Quranın artma və azalmadan qorunmuş olması labüddür”. (Yenə orada, 193)


4. 1. 13. Əllamə Hilli (1250-1325)

Əllamə Hilli ləqəbli böyük Şiə alimi Həsən ibn Mütəhhər yazır: “Quranda dəyişiklik baş verməmiş, o çoxalmamış və azalmamışdır. Belə bir etiqada malik insandan Allaha sığınırıq! Belə etiqadlar Peyğəmbərin mütəvatir şəkildə nəql olunan möcüzəsini etibardan sala bilər”. (Hilli H. “Əcvibə əl-məsail əl-məhnaiyyə”, 121)


4. 1. 14. Mühəqqiq Kərəki (1464-1533)

Səfəvi dövlətinin əvvəlində Baş qazi vəzifəsində çalışmış Mühəqqiq Kərəki – Əli ibn Əbdülali yazır: “Hədis Qurandan, mütəvatir sünnədən və ya icmadan olan qəti dəlilə zidd olarsa, təvili və başqa açıqlaması mümkün olmadığı təqdirdə tərk edilməsi vacibdir... Hədislər bu Quranla ölçülməlidir. Lakin azalma hədisləri ona ziddir, çünki onun əsl Quran olmadığını göstərir. Bundan böyük təkzib ola bilərmi?!.. İmamların Quranın dəyişdirilməsi haqda fikirləri isə onun təfsir və təvilinin təhrifi ilə bağlıdır”. (Əl-Ərəci M. “Şərh əl-Vafiyə”. Quranın höccət olması fəsli. Sitatın götürüldüyü ədəbiyyat: Mərifət, 66-67.)


4. 2. Əxbari dövrünün əsas alimləri

Əxbariliyin – hədisçi və hədispərəstliyin kökünü İslamın ilk əsrlərində mövcud olmuş Əhli-hədis məktəbinə aid etmək olar. Əhli-sünnədə Peyğəmbər və səhabələrin, Şiəlikdə də Peyğəmbər və imamların yaşadığı dövrdə, təbii olaraq, hər bir dini görüş və hökm nəql üzərində dayanır, rəvayətçilərin vasitəsilə Allah rəsuluna istinad edilirdi. O zaman Əhli-beyt imamlarının səhabələri arasında əqli metodlardan istifadə edən, daha doğrusu etiqada dair ayə və hədislərdə göstərilən əqli dəlillər üzərində işləyib onları genişləndirən, həmçinin fiqh və hüquqda ictihad edən, ayə və hədislərdən ümumi qaydalar çıxarıb ayrı-ayrı yerlərdə tətbiq edənlər vardı. Lakin şiələr əsasən, Əhli-beyt imamlarına müraciət edir və bununla işlərini asanlaşdırırdılar. Onların yaşadığı dövrdən uzaqlaşdıqca isə həm saxta hədislərin çoxalması, həm də hökmü Quran və sünnədə açıq göstərilməyən məsələlərin qarşıya çıxması etiqadda kəlam elminin, hüquq və şəriətdə isə fiqh və üsul elmlərinin, həmçinin ictihad amilinin formalaşmasına səbəb oldu. Qədim kəlamda ağıldan müstəqil bilik mənbəyi kimi istifadə etməsələr də, Quran və sünnə dəlillərinin əqli şərt və nəticələri qəbul olunurdu. İctihad zamanı da Quran və sünnədən əlavə, get-gedə ağıl və icma dəlillərinə müraciət etməyə başladılar. Bu əsnada kəlam və ictihadı rədd edən, bəzən isə hətta bidət sayan Əhli-hədis məktəbi formalaşdı. Qumi, Kuleyni və Səduq Şiə Əhli-hədisinin görkəmli nümayəndələri sayılırlar.

Qeyd etdiyimiz kimi, hələ imamların dövründə bəlli şərtlər daxilində əqli dəlillərə müraciət edən və imamların göstərişi ilə şəriət hökmlərində ictihad edib fətva verən səhabələr vardı. Qeyb dövründə, xüsusən Şeyx Müfiddən sonra məhz bu xətt Şiəlikdə ana xətt kimi davam etdi, Müfid və şagirdləri həm mütəkəllim (kəlam alimi), həm də müctəhid olaraq, Əhli-hədis tərəfdarlarını bir növ təcrid etmiş oldular. Lakin buna baxmayaraq, etiqadda kəlam elmini, şəriətdə də ictihad və təqlidi qəbul etməyən alimlər hər zaman olmuşdur.

Səfəvilər dövləti (1501-1722) qurulduqdan sonra Şiə elm hövzələrində kəlam, fiqh, üsul və ictihad, eləcə də fəlsəfə çox güclü inkişaf etməyə başladı, Mir Damad (1543-1631), Mir Fendereski (1562-1640), Molla Sədra (1571-1640) kimi filosoflar meydana çıxdı. Sonralar isə əsasən müsəlman müctəhid və filosoflara, ilk baxışdan dini mətnlərə zidd olan bəzi fiqhi və fəlsəfi fikirlərə qarşı reaksiya Əxbarilik cərəyanının yaranmasına səbəb oldu. Bu cərəyanın banisi olan Məhəmməd Əmin Əstərabadi (vəfatı: 1627) özünü Kuleyni və Səduq kimi qədim Əhli-hədisin davamçısı saysa da, bir çox məsələlərdə onlardan fərqlənib daha ifratçı yol tutdu. Əslində, həmin dövrdə Hürr Amili, Feyz Kaşani kimi Əhli-hədis nümayəndələri vardı və onlar Əstərabadinin fikirləri ilə razılaşmırdılar. Əbəs deyil ki, onun yaratdığı cərəyan da Əhli-hədis kimi deyil, Əxbarilik adlı yeni bir kimliklə tanınmışdır.

Əxbariliyi müəyyən mənada Şiə sələfiliyi də adlandırmaq olar. Onlar da sələfilər kimi ağlın rolunu inkar edir, nəqli dəlilləri əqli dəlillərdən üstün tutur, hədisləri dəqiq araşdırmadan müqəddəsləşdirir, qədimkilərin dini mətnlərə dair dərkini əsas götürürdülər. Odur ki, metod baxımından əxbarilər vəhhabilərə daha yaxın sayılır.

Əxbarilər arasında fərqli görüşlər, ifratçı və mötədil alimlər olsa da, aşağıdakı fikirləri onların əsas səciyyələri hesab etmək olar: ictihad, təqlid və fəlsəfənin haram sayılması, din və şəriətin qaynağı kimi yalnız məsumların sünnəsinin qəbul olunması, dörd hədis kitabının başdan-ayağa səhih bilinməsi və sair. Yeri gəlmişkən deyək ki, Əstərabadi dinin zəruri məsələləri xaricində hər hansı hökm və məsələdə yalnız hədislərə müraciət etməyi lazım bilir və bunu doqquz dəlillə əsaslandırmağa çalışırdı. (Əstərabadi M. “Əl-Fəvaid əl-mədəniyyə”, 254-256)

Əksər əxbarilərə görə, hədislərin səhih sayılmasında müxtəlif meyarlar vardır ki, onlardan biri də Şiənin dörd hədis kitabında qeyd olunmasıdır. Tarix boyu əksər Əhli-sünnə alimləri də Buxari və Müslimin hədis kitablarının bütün hədislərini səhih saymışlar və sayırlar. Lakin heç bir hədis mənbəyinin sığortalanmadığı saxta və uydurma rəvayətləri nəzərə alsaq, bu düşüncənin nə qədər təhlükəli olduğu kimsədə şübhə doğurmaz.

17-19-cu əsrlərdə Şiə dünyasında əsas tribunaları, elm hövzələrini ələ keçirmiş əxbarilər təkcə dörd hədis kitabında olanlarla da kifayətlənməyib, az qala bütün hədislərə müqəddəs gözlə baxır, onları Qurandan önə keçirirdilər. Onlar Quran ayələrindən dərk olunan mənaları etibarsız sayır, yalnız məsumların dərk etdiklərini mötəbər bildikləri üçün həmişə hədislərə müraciət edirdilər.

Uyğun dövrdə əxbarilərlə digər şiələr – üsuli, mütəkəllim və filosoflar arasında çəkişmələr, dartışmalar olmuşdur. Tanınmış Şiə filosofu Molla Sədra əxbariləri ağıldan kəm (Sədra M. “Əl-Hikmə əl-mütəaliyə”, 9/202), fəqih Kaşif əl-ğita isə İmamiyyə və Cəfəri firqəsindən xaric hesab edirdi. (Kaşif əl-ğita C. “Əl-Həqq əl-mubin”. www.ekhbarion.com) Əxbarilər ağlı bir kənara qoyub nəqlə o qədər sadəlövhcəsinə bağlanmışdılar ki, Nemətullah Cəzairi kimi bir Əxbari alimi bəzi hədislərin rəvayət sənədini iki ustadından və min ildən artıq ömür sürmüş bir məxluqdan - güman ki, cindən ibarət qısa yolla imamlara çatdırırmış. (Cəzairi N. “Əl-Ənvar ən-nömaniyyə”, 2/6-7) Əxbari və üsulilər arasında bəzən elə gərginlik yaranırdı ki, bir-birinə qarşı xoşagəlməz ifadələr işlədir, bəzən hətta təkfir də edirdilər. Nəcəf və Kərbəlanın əxbari alimləri üsul elminin tədris və təhsilini haram əməl sayır, əlləri nəcis olmasın deyə uyğun kitabları dəsmalla götürürdülər. Əsas Şiə alimlərindən olmuş və Əxbariliyin süqutunu başlatmış Vəhid Bəhbəhani isə Əxbari alimi Şeyx Yusif Bəhraninin namaz və dərslərində iştirakı qadağan etmişdi.

Ustad Şəhid Mütəhhəri bu cərəyan haqda yazır:

“Əxbarilik davam etdiyi iki-üç əsr ərzində müsəlmanların böyük bir hissəsini öz təsiri altına salmış və minlərlə günahsız insanın qanının tökülməsinə, saysız-hesabsız müharibələrin baş verməsinə səbəb olmuşdur.

...Bəs Quran? Hədislərin mötəbərliyini sübuta yetirmək üçün onu necə ortadan götürməli idilər? Axı onun Allah kəlamı olmadığını deyə bilmirdilər. Əxbarilər belə bir məntiqə əl atdılar: «Quran hər şeydən uca olduğu üçün adi insanlar onu başa düşməyə qadir deyillər. Onu dərk edə biləcək şəxs varsa, o da məsum imamlardır».

Ümumiyyətlə, onlar belə bir fikirdədirlər ki, Quranın müraciət etdiyi şəxslər əsla bizlər (müsəlmanlar) deyilik. Beləliklə, Quranı da etibardan salaraq, yalnız hədis və rəvayətlərə müraciət etməyi zəruri hesab etmişlər... (Fatihə surəsinin sonuncu) ayəsini onlardan bəziləri öz saxta hədislərinə istinad edərək belə oxumuşlar: «Siratə mən ənəmtə ələyhim ğayril məğzubi ələyhim və ğayriz-zallin». Beləliklə, saxta və qeyri-mötəbər hədislərə istinad edərək, Quranın bir çox ayə və kəlmələrini dəyişib bir qədər fərqli oxumuşlar.

Əxbarilikdən ibarət belə bir qorxulu tərz-təfəkkür İslam dünyasına ağır zərbə vurmuşdur. Təəssüflər olsun ki, onun ağrı-acısı hələ də qalmaqdadır”. (Mütəhhəri M. İslam və zamanın tələbləri, c. 1, fəsil: 9. www.kitab.nur-az.com)

Bütün bunlara əsasən, deyirik ki, Əxbarilik əsas Şiəlikdən fərqli, bəzi məsələlərdə ona zidd bir cərəyandır, xüsusi firqə və məzhəb olmasa da, təkcə metodlarda deyil, həm etiqadda, həm də şəriətdə ciddi fərqlərə malikdir. Xüsusən ifratçı əxbarilər əsas Şiəliyi təmsil edə bilməzlər, onların hansısa hədisi səhih saymaları, Qurana dair hansı görüşlərə malik olmaları Şiəliyə deyil, onun Əxbari qoluna aid edilməlidir. Əslində, əxbari olan birisinin Quranın təhrif edilmədiyini söyləməsi təəccüb doğurandır. Eyni zamanda, Quranın bəzi sözlərinin müəyyən ayələrdən çıxarılmasını da bütün Əxbari alimləri deyil, onların bir qismi söyləyib.

Vəhhabi sələfilərinin təhrif düşüncəsində ittiham etdiyi alimlər – Məhəmməd Saleh Mazandarani (vəfatı: 1675), Əllamə Məclisi (1616-1698), Nemətullah Cəzairi (1640-1701), Əbülhəsən Amili (vəfatı: 1726), Yusif Bəhrani (1695-1772), Hüseyn Nuri Təbrisi (1838-1902) və Sultan Adnan Bəhrani Şiəliyin Əxbari qoluna, Əhməd Əhsai (1753-1826) və Kərimxan Kermani (1809-1870) Şeyxiyyə firqəsinə, Məhəmməd Günabadi (1835-1909) isə hətta Nemətullahi sufiliyinə mənsub olmuşlar. Şiə alimləri bütün bu firqələrə qarşı mübarizə aparmış, kitablar yazmışlar. Bu gün isə vəhhabilər çox absurd olaraq, belə firqələrin fikirlərinə görə Əhli-beyt məzhəbini ittiham edirlər.

Göründüyü kimi, Quranın təhrif olunduğunu, vəhhabilərin iddia etdiyi kimi, heç də ən böyük Şiə alimləri deyil, Şiəliyin əsasən Əxbari qolunun bir qisim alimləri söyləmişlər. Bu düşüncəni əxbarilərlə eyni dövrdə yaşamış və onlardan təsirlənmiş bir neçə qeyri-əxbarinin bölüşməsi də - əgər həqiqətdirsə - Şiə icmasına ciddi xələl gətirmir.

Sonda xatırlatmaq istəyirik ki, Əxbariliyin banisi Əstərabadi və onun bəzi əlaqələri barədə şübhələr mövcud olsa da, heç də bütün Əxbari alimlərini xəyanətdə günahlandırmaq olmaz. Onların arasında ixlasla xidmət etməyə çalışmış, lakin yanlış dini əsaslara və səhv elmi önfərziyyələrə uyaraq bəzi əsaslı məsələlərdə əsl Əhli-beyt yolundan yayınmış alimlər az olmamışdır. Xüsusən qədim İslam irsinin və tarixi əhəmiyyətli kitabların günümüzədək gəlib çatmasında bir çox əxbari alimlərinin rolu danılmazdır.

İndi isə sözügedən dövrdə yaşamış bir qisim Şiə aliminin fikirləri ilə tanış olaq:
4. 2. 1. Nurullah Şüştəri (1542-1610)

Üçüncü Şəhid ləqəbli Qazi Nurullah Şüştəri yazır:

“İmamiyyə şiələrinin böyük əksəriyyətinin Quranın dəyişildiyini düşündüyünü söyləyirlər. Halbuki bunu çox kiçik bir qrup deyib və şiələr arasında onlara etina olunmur. (Şüştəri N. “Məsaib ən-nəvasib”, 121)
4. 2. 2. Şeyx Bəhai (1547-1621)

Bir çox dini və dünyəvi elmlərə mükəmməl yiyələnmiş böyük alim Bəhaəddin Amili deyir: “Doğrusu budur ki, Qurani-kərim artırma və azaltmadan qorunmuşdur. Allah-Taalanın “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!” (Hicr/9) sözü bunu sübut edir”. (Bəlaği, 1/26)


4. 2. 3. Feyz Kaşani (1599-1680)

Bəzi sələfilər tərəfindən sözləri təhrif olunan, iftiraya məruz qalan daha bir Şiə alimi Molla Möhsün Feyz Kaşanidir. Onlar ya qərəzli olduqlarından, ya da bir çox alimlərin elmi yazı üslubunu bilmədiklərindən bu alimə böhtan atır, sözlərini kontekstdən çıxararaq təhrif düşüncəsində günahlandırırlar. (Bax: Əs-Seyf, 14-15) Əslində isə bu üslubda hər bir iddia və arqumentə qarşı müxtəlif iradlar tutulur, sonra onlara cavab verilir, daha sonra həmin cavablara irad bildirilir və sair. Odur ki, hər hansı iradı və ya cavabı görən kimi müəllifin mövqeyi kimi qəbul etmək olmaz. Bu üslubda həm tələsməmək, mövzunu ən sonuna qədər izləmək, həm də müəllifin istifadə etdiyi sözlərə, bütün dəlilə, yoxsa onun bir hissəsinə irad bildirməsinə dəqiq fikir vermək lazımdır.

Təəssüf ki, həm Sələfi, həm də Şiə alimləri Feyzin sözləri üzərində “qayçı əməliyyatı” apararaq yalnız müəyyən hissələrini qeyd etmişlər. Bizsə kiçik ixtisarla, lakin ardıcıllığı və mühüm məqamları qorumaq şərtilə onun fikrini tam şəkildə təqdim edirik:

Müəllif Quranın “təhrifinə“, daha doğrusu, qiraət fərqlərinə, bəzi təfsirlərin çıxarılmasına və düzülüş fərqlərinə dair hədislərə işarə vuraraq yazır: “Bütün bu hədİslərə görə, qarşımızdakı Quran onun hamısı deyil; dəyişdirilmiş, bəzi hissələri çıxarılmış və tərtibatı pozulmuşdur”.

Bunun ardınca Əli ibn İbrahim Quminin təfsirindən uyğun sitatlar gətirir və deyir: “Bunların hamısının nöqsanı var. O da budur ki, belə olduqda Quranın heç bir sözünə inam qalmaz, hər bir ayədə dəyişilmə və təhrif ehtimalı olar, Quran əsla höccət (əsas, meyar) ola bilməz, həm özü, həm də ona tabe olmaq, sarılmaq əmri faydasız, əbəs olar. Halbuki Allah-Taala buyurub: “O, şübhəsiz ki, yenilməz (qiymətli) bir kitabdır. Nə öncə, nə də sonra batil ona yol tapa bilməz”. (Fussilət/41-42) Həmçinin buyurub: “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!” (Hicr/9) Belə olduqda o necə təhrif edilə, dəyişdirilə bilər?! Həmçinin Peyğəmbərdən və imamlardan nəql olunan müstəfiz hədislərə görə, rəvayətləri Allahın kitabı ilə ölçmək, uyğun olduqda doğru bilmək, zidd olduqda isə yalanlamaq lazımdır. Amma əlimizdəki Quran təhrif olunmuşdursa, bunun xeyri nədir?! Bundan əlavə, təhrif hədisləri Allahın kitabına zidd olduğu və onu təkzib etdiyi üçün ya mütləq rədd edilməli, ya da münasib şəkildə açıqlanmalıdır”.

Sonra müəllif öz cavabını mikroskop altında incələməyə başlayır və iki versiya irəli sürür: “Bu irada cavab kimi zehnə belə bir fikir gəlir ki, deyilsin: ƏGƏR BU HƏDİSLƏR DOĞRU OLSA, onda məqsədə çox da xələl gətirməyən dəyişikliyin baş verdiyini, məsələn, “Əli”, “ali-Məhəmməd” sözlərinin və münafiqlərin adlarının çıxarıldığını söyləmək olar”. İkinci versiyada isə özünün Quranın təhrif olunmadığına dair yuxarıdakı dəlillərini bir daha təsdiqləyir və sözügedən rəvayətlərə - səhih olsalar belə - çözüm tapır: “Həmçinin belə demək mümkündür ki, Qurandan çıxarılanlar onun tərkib hissəsi deyil, əlavə təfsir və izahlar olmuşdur. Quranın dəyişdirilməsi də mənəvi baxımdandır: yəni təfsir və təvilini təhrif etmişlər. İmamların “belə nazil olub” sözü də ayənin məqsədi barədədir, uyğun əlavələrlə nazil olub həmin əlavələrin sonradan çıxarılması demək deyil. İmam Baqirin Səd əl-Xeyrə yazdığı məktub, həmçinin Əhli-sünnənin İmam Əlinin müshəfi haqda yazdıqları da bu versiyanı sübut edir”. Feyz Kaşani bu fikirlərin özünün son rəyi olduğunu bildirmək üçün dərhal yazır: “Bu, mənim iradlara bildiyim cavabdır, əsl həqiqəti isə Allah bilir”. (Feyz Kaşani. “Təfsir əs-safi”, 1/49-52)

Bütün bu yazılanlardan sonra kimsə Feyzi Quran təhrifi düşüncəsində ittiham edə bilərmi?! Göründüyü kimi, o, bunun imkansız olduğuna şübhə etmir, sadəcə, bəlli hədislərin düzgün olduğu təqdirdə məsələni həll etməyə, heç bir iradla nəticələnməyəcək qüsursuz cavab axtarmağa çalışır. O, yuxarıdakı qeydlərindən sonra Şiə alimlərinin mövzuya dair fikir və dəlillərini araşdırmağa başlayır, bu zaman da hansı dəlilə iradı olsa, dərhal bildirir. Lakin onların arasında ən azı, Quranın təhrif olunmayacağını qətiyyətlə bildirən ayələr, bunun baş vermədiyini göstərən hədislər və təhrifi imkansız edən möcüzəvi imicdən ibarət dəlillərə nəinki irad bildirmir, hətta özü onlara istinad edib, müxalif fikirləri cavablayır.

Bütün bunlardan sonra bir insanın günahına girmək, ona şər atmaq və bunun ardınca küfrünə fərman verib lənətləmək müsəlmanlıqdandırmı?! Elə isə Məhəmməd Malullahın qeydlərinə nəzər salın (Malullah, 84-85) və Feyzin fikirləri üzərində apardığı kobud “qayçı” əməliyyatına, hətta “belə olduqda”, “bu, mənim iradlara bildiyim cavabdır” hissələrini də hansı şəkildə kontekstdən çıxarıb, hansı yerlərə caladığına özünüz ad verin.

Feyz Kaşani həmçinin “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!” (Hicr/9) ayəsinin təfsirində açıq şəkildə bildirir: “Təhrif, dəyişiklik, artma və azalmadan (qoruyub saxlayacağıq)”. (Feyz Kaşani M. “Əl-Əsfa fi təfsir əl-Quran”, 1/626)
4. 2. 4. Hürr Amili (1624-1693)

Əsas hədis kitablarını toplayaraq “Vəsail əş-Şiə” ensiklopediyasını ərsəyə gətirmiş Şeyx Hürr Amili dövrünün bəzi əxbarilərinin Qurana şübhə ilə yanaşmasına qarşı çıxaraq, onun əsrlərlə mütəvatir şəkildə nəql olunduğuna dair “Təvatür əl-Quran” kitabını yazmışdır. Ad və yazılma məqsədindən göründüyü kimi, bu kitab mövcud Quranın əxbarilər arasında etibarını bərpa etməkdən ötrü qələmə alınmışdır. Buna uyğun olaraq, müəllif onun azalmadan qorunduğunu isbatlamağa cəhd etməsə də, sözlərindən onun bu fikirdə olduğunu başa düşmək olur. O, Quranın Peyğəmbərin öz dövründə kitab halına salındığını və tarix boyu həmişə mütəvatir şəkildə nəql olunduğunu qeyd etməklə yanaşı, əl-İhticac kitabının Quranın azalmasına dəlalət edən bəzi hədisləri barədə yazır: “Bu və digər oxşar hədislərdən görünür ki, imamlar Quranın hamısının haqq və doğru olduğuna, əlavə və dəyişikliklərdən qorunduğuna hökm etmişlər. Onlardan başa düşülən azalmaya gəldikdə isə, azalanların ayələrlə birgə nazil olmuş təvil və açıqlamalar, Qurandan xaric vəhy, mənsux ayələr və s. olduğu ehtimal olunur”. (Hürr Amili M. “Təvatür əl-Quran”, 68-69)


4. 2. 6. Nurəddin Kaşani (vəfatı: 1703)

Nurəddin Kaşani ləqəbli əxbari alim Məhəmməd ibn Mürtəza təfsir kitabında “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!” (Hicr/9) ayəsinin təfsirində yazır ki, məqsəd təhrif, dəyişiklik, artma və azalmadan qorunmasıdır. (Kaşani M. “Təfsir əl-muin”, 2/650)


4. 2. 7. Məhəmməd Qumi Məşhədi (vəfatı: 1713-dən sonra)

Əxbari dövrünün başqa bir alimi Məhəmməd ibn Məhəmmədrza Qumi Məşhədi deyir: “Sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!” (Hicr/9) ayəsində məqsəd təhrif, artma və azalmadan qorumaqdır və bu zəmanət ona hər hansı xələlin yol tapmasını inkar edir”. (Qumi Məşhədi M. “Kənz əd-dəqaiq”, 7/104)


4. 2. 8. Kaşif əl-ğita (1743-1812)

Təhrif düşüncəsinə qarşı çıxan daha bir Şiə alimi Şeyx Cəfər Kaşif əl-ğitadır. Əxbariləri qəribə hökmlərdə və xoşagəlməz fikirlərdə ittiham edən bu alim deyir: “(Bu fikirlərdən biri) izahının olduğu və ya tərkinin vacibliyi şübhə doğurmayan bəzi rəvayətlərə istinad edib Quranın azaldığını söyləmələridir... Çox təəccüblüdür ki, onlar bu 1200 ildə hədislərin şifahi və yazılı şəkildə qorunduğunu düşünür, amma Quranın azaldığını bildirirlər”. (Kaşif əl-ğita. “Əl-Həqq əl-mubin”. www.ekhbarion.com)

O özünün məşhur kitabında müsəmanların Qurana bir hərfin belə artırılmadığına, həmçinin Peyğəmbərdən sonra heç bir hissəsinin çıxarılmadığına dair yekdil rəydə olduğunu qeyd edir, kitab, sünnə, icma dəlilləri ilə və tarixi faktlarla fikrini əsaslandıraraq yazır: “Quran Allah tərəfindən, azalmadan da qorunmuşdur. Quranın açıq-aşkar ayələri və bütün zamanlarda bütün din alimlərinin icması bunu sübut edir. Bəzi tək-tük istisnalar isə mötəbər deyil”. (Kaşif əl-ğita C. “Kəşf əl-ğita”, 2/299)
4. 3. Əxbarilikdən sonrakı əsas Şiə alimləri
4. 3. 1. Seyid Möhsün Əmin (1867-1952)

Livanlı Şiə alimi Möhsün Əmin, Şərif Mürtəzadan başqa bütün şiələri Quranın təhrif olunması, həm artırılması, həm də azaldılması düşüncəsində ittiham edən İbn Həzmə (994-1064) cavab olaraq yazır: “Qədim və müasir İmamiyyə alimlərinin nəinki hamısı, ümumiyyətlə, heç biri Qurana hər hansı əlavələrin edildiyini söyləməyib və buna icma etmişlər. Sözü sayılan bütün tədqiqatçı alimlər Quranın azalmadığına da dair yekdil rəyə sahibdirlər. Onlara bunun əksini aid edən isə Allaha və rəsuluna hörmətsizlik edən yalançı və iftiraçıdır”. (Möhsün Əmin. “Əyan əş-Şiə”, 1/41) Başqa bir yerdə isə əlavə edir: “Quranın azaldığını təkcə şiələrdən deyil, həm də sünnilərdən olan çox kiçik bir qrup söyləmişdir, ondan öncə isə hər iki firqə onun azalmadığına icma etmişlər”. (Yenə orada, 44)


4. 3. 2. Məhəmmədhüseyn Kaşif əl-ğita (1876-1954)

Kaşif əl-ğita ailəsinin nümayəndələrindən olmuş bu alim yazır: “İmamiyyə şiə etiqadına görə, müsəlmanların əlində olan kitab Allahın nazil etdiyinin özüdür; nə azaldılıb, nə artırılıb, nə də təhrif olunub. Şiənin icma etdiyi budur. Onlardan və ya başqa firqələrdən kimsə onun azaldığını və ya təhrif edildiyini düşünsə, səhv etmişdir. Təhrifə dəlalət edən Şiə və ya qeyri-şiə hədisləri isə zəifdir. Üstəlik, (səhih olsa belə) vahid hədislər elm və əməl üçün əsas sayılmır”. (Kaşif əl-ğita M. “Əsl əş-Şiə və üsuluha”, 220)


4. 3. 3. Əllamə Əmini (1902-1970)

Təbrizli alim Əllamə Əmini də Şərif Mürtəzadan başqa bütün şiələri Quranın təhrif olunması, həm artırılması, həm də azaldılması düşüncəsində ittiham edən İbn Həzmə cavab olaraq yazırdı: “Kaş hörmətsizlik edən bu adam iftirasına dair etimadlı Şiə kitablarından birinə, şiələr arasında çəkisi olan bir alimə, əksəriyyət tərəfindən tanınmasa da, qabaqcıl olan tələbələrindən, yaxud cahillərindən, sadə kəndlilərindən və ya ağzına gələni danışan boşboğazlarından birinin sözünə işarə vuraydı. Əgər oxucu araşdırsa, İmamiyyənin erkən çağında bu iftiranın inkarından başqa bir şey tapmaz... İmamiyyə başda olmaqla bütün Şiə firqələri mövcud Quranın Allahın hər bir şəkk-şübhədən uzaq kitabının özü olduğuna dair yekdil fikirdədirlər. Hansısa şiədən “təhrif” sözü eşidilsə də, onun məqsədi yanlış təvil və açıqlamadır, artırılması, azaldılması və ya hərflərinin dəyişdirilməsi deyil”. (Əmini Ə. Əl-Qədir, 3/101)

Əmininin bu iddiası bir qədər böyük görünə bilər. Osman əl-Xəmis onun fikirlərini qeyd etdikdən sonra yazır: “Şübhə yoxdur ki, yuxarıdakılara (Şiə alimlərinin sözlərinə) əsasən, İbn Həzm doğru, Əmini isə yalan deyir”. (Əl-Xəmis O. “Şiə və Quran”. www.almanhaj.net)

Cənab Xəmisə xatırlatmaq istəyirik ki, Əmini bu sözləri İbn Həzmə cavab kimi söylədiyi üçün onun məqsədi İbn Həzmdən qabaqkı şiələr ola bilər. Və siz həmin dövrün bir alimindən – təbii ki, dəyişdirilmiş kitablardan deyil, müəllifə istinadı şübhə doğurmayan əsl Şiə kitablarından Quranın təhrif olunduğuna dair bir cümlə göstərməmisiniz. İbn Həzmin Şiə alimlərindən Şeyx Tusi ilə təxminən həmyaşıd olduğunu nəzərə alsaq, ondan qabaq yalnız Mürtəza deyil, Səduq, Müfid və Tusinin özü də bunu açıq-aşkar rədd etmişlər və siz bunu yaxşı bilirsiniz. Belə olan halda, İbn Həzm necə doğru söyləyə bilər?!


4. 3. 4. Əllamə Təbatəbai (1903-1981)

Əllamə Təbatəbai özünün 20 cildli əl-Mizan təfsirində “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!” (Hicr/9) ayəsini təfsir edərkən Quranın təhrif edilmədiyini, artırılıb-azaldılmadığını Quran ayələri və hədislərdən əlavə, əqli dəlil və tarixi faktlarla isbat etmiş və uyğun şübhələri cavablandırmışdır. (Təbatəbai M. “Təfsir əl-mizan”, 12/104-132)


4. 3. 5. İmam Xomeyni (1902-1989)

İmam Ruhullah Xomeyni Nuri Təbrisiyə ciddi etirazını bildirərək yazırdı: “Quran əsla təhrif olunmamışdır. Əhli-sünnə və Şiə firqələrinin tədqiqatçı alimlərinin fikri də belədir... Fəsl əl-xitab” kitabının müəllifinin xəyalları isə nə elm və nə əməl baxımından yararlıdır. Bu kitab Şiə alimlərinin üz çevirdiyi və qədim alimlərimizin qəbul etmədiyi zəif rəvayətlərə istinaddan başqa bir şey deyil. Onun Müstədrək kimi hədis kitablarının vəziyyəti bəllidir, əksəri yumora bənzəyən qəribə nağıl və hekayələrlə dolmuş digər kitabları haqda isə danışmağa dəyməz. O mərhum saleh və zəhmətkeş insan olmuş, lakin faydalı sözlərdən daha çox, sağlam ağıl və düşüncənin qəbul etmədiyi zəif və qəribə hədisləri toplamağa həvəs göstərmişdir. Onunla eyni dövrdə yaşamış ayıq insanlara təəccüb edirəm ki, necə diqqətsizlik etdilər və nəticədə göyləri ağladan, az qala yeri parça-parça edən hadisə baş verdi (və o, Quranın təhrif edildiyinə dair kitab yazdı)”. İmam Xomeyni sonra bu iddianın əleyhinə bəzi dəlillərini qeyd etmişdir. (Xomeyni R. “Ənvar əl-hidayə”, 1/243-245)


4. 3. 6. Ayətullah Xoi (1899-1992)

Təkcə öz dövrünün deyil, həm də bütün Şiə tarixinin ən böyük din alimlərindən olmuş azərbaycanlı müctəhid Ayətullah Xoi deyir: “Quranın təhrif olunması fikri xurafat və xəyaldır... Ağlı, insafı və dərin düşüncəsi olan heç kəs təhrif fikrinin əsassız və cəfəngiyat olmasına şübhə etməz”. (Xoi, 259)




Yüklə 482,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə