61
adı çəkilən Sakasena vilayəti adını Şimali Azərbaycanda qalmış skiflərin bir
hissəsindən götürmüşdür. Sakasenlər kadusilər, albanlar və midiyalılarla birlikdə
Atropatın başçılığı altında Qavqamela yaxınlığındakı döyüş zamanı Makedoniyalı
İsgəndərə qarşı vuruşmuşdular. Müstəqil Atropatena dövləti yaradıldıqdan sonra
Sakasena, güman ki, onun tərkibinə daxil oldu. Orta əsrlərdə Sakasena vilayəti
Qafqaz Albaniyasına daxil idi.
azərbaycanlılar
- tarixi Azərbaycan ərazisində yaşayan əsas millət.
Azərbaycan milləti müxtəlif dilli qədim yerli əhalinin, eləcə də hələ qədimlərdən
tarixi Azərbaycan ərazisində yaşayan və sonradan buraya köçən türk tayfalarının
qaynayıb-qarışması nəticəsində meydana gəlmişdir. Hazırda tarixi Azərbaycan
ərazisində yaşayan azərbaycanlıların sayı 30 milyon nəfərdən çoxdur ki, bunların
da 8,5 milyona yaxını Şimali Azərbaycanda, 20 milyondan çoxu isə Cənubi
Azərbaycanda yaşayır. Müasir azərbaycanlılar Azərbaycan dilində danışırlar.
Azıx mağarası
- Azərbaycan Respublikasında - Qarabağda, Füzuli
şəhərinin yaxınlığında yerləşir. Azıx mağarası uzaq qədimdən insanlar tərəfindən
məskunlaşması ilə məlumdur. 1960-cı ildə Məmmədəli
Hü-seynovun başçılığı ilə Azıx mağarasında arxeoloji
ekspedisiya tərəfindən aparılmış qazıntılar nəticəsində
müəyyən edilmişdir ki, ən qədim insanlar bu mağarada
hələ 1,5 mln. il bundan əvvəl məskunlaşmışlar. Bu, bütün
Avrasiyada ibtidai insanların məskunlaşdığı ən qədim
yaşayış məskənlərindən biridir. Mağarada bu dövrə aid əmək alətlərinin tapılması
sübut edir ki, Azərbaycan ən qədim insanın formalaşdığı məskənlərdən biri
olmuşdur. Azıx mağarasında yaşı 700 min il olan ocaq yeri aşkar edilmişdir. Azıx
mağarasında qədim insanın - azıxantropun çənə sümüyünün bir parçası aşkar
edilmişdir.
azıxantrop
- Azərbaycan arxeoloqu Məmmədəli Hüseynov 1968-ci ildə
Azıx mağarasında qədim insanın alt çənəsinin bir parçasını aşkar etmişdir. Alimlər
bu insanı “azıxantrop” (tapıldığı yerə görə - Azıx və qədim yunanca “antropos”
sözünə görə “insan”), yəni “Azıx adamı” adlandırmışlar. Alimlərin araşdırmaları
nəticəsində müəyyən edilmişdir ki, azıxantrop 350 - 400 min il bundan əvvəl
yaşamışdır. Bu, qədim insanın qalıqlarının yaşına görə dünyada dördüncü
tapıntıdır. Azıxantropun çənəsi xeyli böyük idi. Azərbaycan alimi D.Hacıyev
tapılmış çənənin tədqiqi zamanı müəyyən etmişdir ki, o, 18-22 yaşlarında qadına
mənsub olub. Azıxantrop artıq oddan istifadə edir və onu uzun müddət saxlamağı
bacarırdı. Azıx mağarasında içərisində dörd mağara ayısının kəllə sümüyü olan
azıxantrop gizləncləri tapılmışdır. Bu kəllələrdən birinin üzərində yeddi paralel
çərtik var idi. Azərbaycan alimi İqrar Əliyev hesab edir ki, bu çərtmələr
azıxantroplarda say olmasına işarədir.
62
-B-
"Bab əl-Əbvab"
(ər. "qapılar qapısı") - Dərbəndin ərəb mənbələrindəki
adı.
Babək
(798 - 838) - əsl adı Həsəndir. Həsən Ərdəbil yaxınlığındakı
Bilalabad kəndində kasıb ailəsində anadan olmuşdur. Həsən hələ uşaq ikən
quldurlar onun atasını öldürmüşdülər. Anası onu çox böyük əzab-
əziyyətlə böyütmüşdür. Yeniyetmə Həsən ilk vaxtlar çoban,
sonralar isə dəvəçi olmuşdur. Həsən Təbrizdə usta şagirdi kimi
çalışır, öz cüzi qazancı ilə anasına kömək edirdi. Həsən hər yerdə
Azərbaycan xalqının ərəb zülmü altında qüssəli həyatını görürdü.
Özünün gələcək şagirdi və həmkarı Həsən ilə ilk görüşündə
Cavidan onun dərrakəliliyini, qoçaqlığını, vətənpərvərliyini
duymuş və onu özü ilə Bəzz qalasına gətirmişdir. Az sonra Həsən "Babək" ləqəbi
ilə xürrəmilərin təlimini qəbul etmiş və Cavidanın sədaqətli köməkçisi olmuşdur.
816-cı ildə Cavidan ərəblərlə döyüşlərdən birində öldürüləndən sonra xürrəmilərə
başçılıq etmək 18 yaşlı Babəkə qismət olmuşdur. Babək xalqın əksər hissəsini
azadlıq uğrunda mübarizəyə qaldıra bilmiş və xürramilərin qoşunlarında ciddi
nizam-intizam yaratmışdır. Babəkin başçılığı ilə xürrəmilər 21 il ərzində ərəblərə
qarşı mübarizə aparmış, ərəb ordularını bir neçə dəfə ağır məğlubiyyətə
uğratmışlar. Bəzz qalasının ərəblər tərəfindən mühasirəsi zamanı onlar Babəkin
oğlunu əsir götürmüş və məcbur etmişdilər ki, atasına mübarizəni dayandırarsa,
xəlifənin onu bağışlayacağı haqqında məktub yazsın. Babək oğluna belə cavab
vermişdir: "Əgər sən mənim oğlum olsaydın, mənim kimi olardın, amma sən
mənim oğlum deyilsən. Sənin bir gün azad yaşamağın qırx il miskin qul kimi
yaşamağından yaxşı olardı". Bəzz qalası ərəblər tərəfindən tutulduqdan sonra
Babək Arrana getdi ki, yeni qüvvələr toplayıb müharibəni davam etdirsin, lakin
keçmiş müttəfiqi Səhl ibn Sunbat tərəfindən xəyanətlə tutulub ərəblərə verildi.
Babək 838-ci il martın 14-də Samirədə edam edildi.
Babil
(şumer. Kandiqirru, akkad. Babilu; hərfi mənası - "allahın qapısı") -
Fərat çayının orta axarında qədim şəhər, müasir Bağdadın 90 km-liyindədir. Ön
Asiyanın su və karvan yollarının qovşağında yerləşən Babil Hammurapinin
hökmdarlığı dövründə iri ticarət şəhəri və müstəqil çarlığın paytaxtı idi. Təxminən
e.ə. 1595-ci ildə hettlər tərəfindən tutulmuş və təqribən e.ə. 1518-ci ildə isə
kassitlərin hakimiyyəti altına düşmüşdür. E.ə. 732-ci ildən Assuriya dövlətinin
tərkibində olmuşdur. E.ə. 689-cu ildə qiyam edən Babil Assuriya çarı Sinaxeribin
əmri ilə dağıdıldı. E.ə. VI əsrdə Babilistan hökmdarı Navuxodonosorun
hakimiyyəti illərində Babil şəhəri çiçəklənmə dövrünü yaşayırdı, burada böyük
tikinti işlərinə başlanıldı - şəhərin ətrafına məşhur İştar darvazası olan möhkəm
divarlar çəkildi; Marduk allahının şərəfinə zikkurat tikildi. Babilistanda hökmdar
Navuxodonosorun sarayında "Semiramidanın asma bağları" salınmışdı. Bu dövrdə