65
bütün əsas postları özlərində saxlayan ermənilərin əlində idi. Apreldə bolşevik və
erməni partiyalarının mətbu orqanlarından başqa, bütün qəzet və jurnalların nəşri
qadağan edildi. "Erməni milli şurası"ndan başqa, bütün digər milli şuraların
fəaliyyəti qadağan edildi, Bakı şəhər Duması da buraxıldı. 1918-ci il aprelin 20-də
Bakı Fəhlə Deputatları Soveti Bakı Xalq Komissarları Sovetinə çevrildi. Rusiyanı
fasiləsiz olaraq neftlə təchiz etmək məqsədi ilə Baksovet Bakı neft sənayesini və
Xəzər ticarət donanmasını milliləşdirdi. Azərbaycanın digər təbii sərvətləri -
pambıq, düyü, çay, duz, qurudulmuş balıq, quru meyvələr və s. də Rusiyaya
göndərilirdi. Baksovetin xüsusi qərarı ilə erməni hərbi hissələri qırmızı qvardiyanın
tərkibinə daxil edildi, bunlara ümumi rəhbərlik isə dinc azərbaycanlı əhaliyə qarşı
vəhşilikləri ilə "fərqlənən" Z.Avetisyan, N.Qazaryan və Hamazaspa tapşırıldı.
Ermənistanla da əlaqə yaradan Şaumyan onu Azərbaycanın tabe etdirilməsi işində
qüvvələri birləşdirməyə çağırırdı. Andranikə göndərdiyi radioqramda Şaumyan bu
cəlladı və qaniçən soyğunçunu atəşin salamlarla alqışlayırdı. ADR-in elan
edilməsindən və onun hökumətinin Gəncəyə köçməsindən sonra Şaumyan
Baksovet qoşunlarının Gəncəyə genişmiqyaslı hücumunu hazırlamağa başladı.
1918-ci il iyunun 12-də Baksovet qoşunları Kürdəmiri tutdular, iyunun 27-də isə
Göyçaya yaxınlaşdılar. 1918-ci il iyunun 27-dən iyulun 1-dək Göyçay
yaxınlığında baş vermiş döyüşlər nəticəsində Baksovetin qoşunları darmadağın
edildi. Bundan sonra "İslam ordusu" bütün cəbhə boyu hücuma keçdi və tezliklə
Kürdəmirlə Şamaxını Baksovet qoşunlarından azad etdi. Baksovetin qoşunları
Biləcəriyə tərəf çəkildi. Almaniyanın vasitəçiliyi ilə Sovet Rusiyasının müdaxiləsi
nəticəsində "İslam ordusu"nun Bakıya daxil olması ləngidi. Baksovet keçmiş çar
polkovniki L.Biçeraxovun başçılığı ilə İrandan gələn dəstənin də yardımına ümid
edirdi. Lakin cəbhədə vəziyyətin mürəkkəbliyini görən Biçeraxov öz dəstəsini
döyüşə girmədən Dağıstana apardı. Belə bir şəraitdə Baksovetdə çoxluq təşkil edən
eser, menşevik və daşnaklar təklif etdilər ki, Türkiyə - Azərbaycan qoşunlarının
Bakıya girməsinin qarşısını almaq üçün ingilis qoşunları şəhərə dəvət olunsun.
Bakı Sovetinin 1918-ci il iyulun 25-də keçirilmiş fövqəladə iclasında səs çoxluğu
ilə ingilislərin Bakıya dəvət olunması və koalision hökumətin təşkil edilməsi
haqqında qətnamə qəbul olundu. 1918-ci il iyulun 31-də Bakı Soveti öz
səlahiyyətlərindən əl çəkdiyini bəyan etdi və onun üzvləri "Ərdəhan" gəmisində
Həştərxana yola düşdü. Elə həmin gün Bakıda hakimiyyət koalision "Sentrokaspi
Diktaturası" hökumətinə keçdi.
Bakı xanlığı
- 1748-ci ildə Şimali Azərbaycanda I Mirzə Məhəmməd xan
(1748 -68) tərəfindən yaradılmış xanlıq. Xanlığın mərkəzi Bakı şəhəri idi. I Mirzə
Məhəmmədin oğlu Məlik Məhəmməd xanın hakimiyyəti illərində (1768 - 84)
Fətəli xanın bacısı Xədicə Bikə ilə bağlanmış nikah nəticəsində Bakı xanlığı Quba
xanlığından vassal asılılığına düşdü. Məlik Məhəmməd xanın vəfatından sonra
oğlu II Mirzə Məhəmməd (1784 - 91) Bakı xanı oldu. Fətəli xanın ölümündən
sonra (1789) xanlıqda hakimiyyət uğrunda II Mirzə Məhəmməd xanla əmisi
66
Məhəmmədqulu xan arasında mübarizə başlandı. Quba xanlığından kömək alan
Məhəmmədqulu xan qalib gəldi və özünü xan elan etdi. Onun ölümündən sonra
(1792) Bakı xanlığında hakimiyyət uğrunda yenidən
mübarizə başlandı və Hüseynqulu xan (1792 - 1806)
qələbə çaldı. 1796-cı il iyunun 13-də general Zubovun
başçılığı ilə rus qoşunları Bakıya soxuldular, lakin elə
həmin ilin noyabrında imperatriçə // Yekaterinanın
ölümündən sonra imperator I Pavelin fərmanı ilə rus
qoşunları Azərbaycandan çıxarıldı. Hüseynqulu xan
1797-ci ildə Ağa Məhəmməd şah Qacara itaətini
bildirdi. 1805-ci il avqustun 12-də Zavalişinin
komandanlığı ilə Rusiya donanması Bakıya yaxınlaşdı,
1806-cı ilin əvvəllərində isə general Sisianov Bakı xanlığının Rusiya imperiyası
tabeliyinə keçməsi haqqında layihəni Hüseynqulu xana göndərdi. 1806-ci il
fevralın 8-də Bakı xanı ilə danışıqlar zamanı Sisianov Hüseynqulu xanın əmisi
oğlu İbrahim bəy tərəfindən öldürüldü. Bundan sonra rus qoşunları Bakı xanlığını
tərk etdilər. 1806-cı il sentyabrın 5-də rus qoşunları general Bulqakovun başçılığı
ilə yenidən Bakıya yaxınlaşdılar, Hüseynqulu xan İrana qaçdı. 1806-cı il oktyabrın
3-də ruslar Bakını tutdular. Bakı xanlığı ləğv edildi, onun ərazisi isə Rusiya
imperiyasına birləşdirildi.
Bakıda fəhlələrin ilk nümayişi (1902)
- 1902-ci ilin aprelində zavod
rayonlarından gəlmiş minlərlə fəhlə Bakının mərkəzində toplaşdı və ilk dəfə olaraq
nümayiş keçirdi. Onların qışqırdıqları şüarları bunlar idi: "Rədd olsun
mütləqiyyət!", "Yaşasın azadlıq!". Çar hakim dairələri nümayişi çox çətinliklə
qova bildilər, amma fəallar həbs olundu.
Bakıda ilk ümumi tətil (1903)
- 1903-cü il iyulun 1-də Bibiheybətdə
Xatisovun mexaniki zavodunda başlayan fəhlə tətili Bakıda birinci ümumi tətilin
başlanğıcı oldu. İyulun 4-dən bu tətil Bibiheybət, Qara şəhər, Balaxanı və Ağ
şəhərin fəhlələrini əhatə etdi. Neft sənayeçilərinin "fəhlə hökuməti" adlandırdıqları
tətil komitəsi fəhlələrin neft sənayeçilərinə tələblərini hazırladı. Azərbaycanlı
fəhlələr bu tətildə fəal iştirak etdilər. 45 - 50 minlik adamın tətili 22 gün davam
etdi. Az sonra çar hökuməti əlavə hərbi hissələr gətirərək Bakını hərbi düşərgəyə
çevirdi, tətilçilərə divan tutmağa başladılar. Belə bir şəraitdə 1903-cü il iyulun 22-
də tətili dayandırmaq haqqında qərar qəbul olundu. Fəhlələr kapitalistlərdən ancaq
cüzi güzəştlər qopara bildilər.
Bakıda 1904-cü il dekabr tətili
- 1900 - 1903-cü illərdə Rusiya
imperiyasında, xüsusilə də Azərbaycan neft sənayesində daha ciddi hiss olunan
iqtisadi böhran və rus - yapon müharibəsi nəticəsində Bakı fəhlələrinin vəziyyəti
xeyli pisləşmişdi. 1904-cü il dekabrın 13-də Bakı fəhlələrinin ümumi böyük tətili
başlandı. Neft mədənlərində, zavod və fabriklərdə iş dayandı. Tətilə rəhbərlik
etmək məqsədi ilə tərkibinə bolşeviklərin də daxil olduğu tətil komitəsi yaradıldı.