114
qəzetinin eşqi ilə yaşayan Arzu da maraq və diqqətlə Xosrov
müəllimə və Xosrov
müəllimin təzə həyat yoldaşına baxırdı. Xosrov müəllimin təzə arvadı otuz beş
yaşlarında, yaraşıqlı, dolu bədənli, ağ bənizli bir qadın idi, qıpqırmızı yanaqları bu
bədənin sağlamlığından, bu bədəndəki ehtirasdan xəbər verirdi, amma ən maraqlısı
bu idi ki, Xosrov müəllimin özü tamam dəyişmişdi, o ağ saçlara, gözlərinin
ətrafındakı o dərin qırışlara, nazik boğazının qalxıb-enən o iti hülqumuna
baxmayaraq, elə bil, Xosrov müəllim tamam cavanlaşmışdı, gözlərində bir eşqlə,
istəklə işıldayan elə ifadə vardı ki, heç inanmaq olmurdu ki, bu adam həmin məlul,
dinməz-söyləməz
Xosrov müəllimdi; səsi də dəyişmişdi və bu səsdə də bir
gümrahlıq, bir şövq var idi, elə bil ki, o şövqü də, o gümrahlığı, həyat eşqini də
əvvəlki Xosrov müəllimin simasında paslı bir qabın içinə yığmışdın və indi o
əvvəlki Xosrov müəllim yox idi, o paslı qab birdən-birə itib yox olmuşdu, amma o
gümrahlıq da,
o şövq də, o həyat eşqi də açılmışdı, azadlığa çıxmışdı, necə vardısa,
eləcə də göz qabağında idi.
Ələsgər müəllimlə Firuzə xanım qonaqların hamısını girdə mizin arxasında
yerbəyer elədi, ən yaxşı yerlərdə Xosrov müəllimlə arvadını oturtdu və
ümumiyyətlə, bu evdə və bu qonaqların arasında Xosrov müəllimgilə elə bir
münasibət vardı ki, elə bil, qonaqlıq Arzunun yox, onların şərəfinədi. Xıdır müəllim
bir balaca həsəd aparmağa başlasa da, belə işlərdə mükəmməl səriştəsi olduğu üçün,
Xosrov müəllimin gözlərindəki o sevinci, o xoşbəxtliyi bir kişi kimi hiss edirdi.
Həmişə idmançı qadınlarla görüşən, xüsusən, gimnastikanı çox sevdiyi üçün,
gimnast qadınlarla yaxınlıq edən Xıdır müəllimin ürəyində birdən-birə idman
növləriylə (hətta gimnastika ilə!) məşğul olmayan,
bədənində əzələ olmayan, bax,
Xosrov müəllimin bu arvadı kimi, qeyri-idmançı bir qadına güclü meyl yarandı.
Xosrov müəllim hamıya gülümsəyirdi, hamıya yaxşı bir söz demək istəyirdi və
hərdən də arvadına elə baxırdı ki, bu baxışlardakı o açıq-aşkar məhəbbəti, sevinci
görmək, başa düşmək üçün, Xıdır müəllim kimi belə işlərdə səriştəli olmaq, heç
vacib də deyildi; bu baxışlar,
elə bil ki, bu təzə ər-arvadın keçirdikləri gözəl
gecələrin bütün gün ərzindəki davamı idi və irəlidə onları yeni bir gecə gözləyirdi...
Firuzə xanım da təcrübəli arvad idi, uşaqları olmayan
vaxtlar o qədər türkəçarə
etmişdi, o qədər həkimə getmişdi ki, bilmədiyi şey yox idi və Firuzə xanım Xosrov
müəllimin təzə arvadının da gözlərində açıq-saçıq bir məhəbbət görürdü, amma o
açıq-saçıqlıq arsızlıqdan yox, xoşbəxtlikdən xəbər verirdi və bu, Firuzə xanımın
xoşuna gəldi. Xosrov müəllimin arvadı da həyəcanlı idi (çünki xoşbəxt idi!), elə hey
gülümsəyirdi.
Xosrov müəllimin də, təzə arvadının da hərəkətlərində, təbəssümlərində elə bir
uşaq sadəliyi, elə bir açıq-aşkar vəfadarlıq vardı ki
və illərlə qaraqabaq, dinməz-
danışmaz gəzib-dolanan Xosrov müəllimlə bugünkü Xosrov müəllim arasında elə
bir fərq vardı ki, məclisdəkilərin hamısının birinci dəfə bir yerdə gördükləri bu ər-
arvada qanı qaynamışdı, təkcə Arzu mizin arxasında oturub diqqətlə Xosrov
müəllimlə arvadına baxırdı və Ələsgər müəllimə elə gəlirdi ki, Arzu Xosrov
müəllimlə arvadını, evdə çıxaracağı o divar qəzetində tənqid etmək üçün material
toplayır...
Bayırdakı o gözəl qar isə təzədən yağmağa başlamışdı və elə bil ki, Ələsgər
müəllimgilin o balaca otağında, o süfrəsi dolu mizin arxasında əyləşmiş o adamlar
da – Arzu ilə birlikdə düz on bir nəfər idi – o qar təmizliyi ilə nəfəs alırdılar; Xosrov
115
müəllimlə arvadı həmişəki eyniliyə öyrəşmiş bu balaca otağa bir yenilik gətirmişdi
və bu yenilik, elə bil ki, bayırdakı o qar kimi, bu dəm bu balaca otaqdakı adamların
bütün qayğılarının, bütün dərd-sərlərinin üstünü örtmüşdü.
Xıdır müəllim yalnız idman yarışlarına baxanda həyəcanlanan, qəmgin olan,
yaxud ruh yüksəkliyi keçirən bir adam idi, amma o qış gecəsi, Ələsgər müəllimgilin
o otağında, elə bil ki, Xosrov müəllimlə arvadının həyəcanı, xoşbəxtliyi ona da
sirayət etmişdi və Xıdır müəllim də nəsə gözəl bir iş görmək, nəsə fərəhli bir söz
demək istəyirdi.
Hamı bir ağızdan Kələntər müəllimi masabəyi seçdi və Kələntər müəllim:
–
Qədəhləri doldurun, – deyib xüsusi bir şövqlə ayağa qalxdı, konyakla dolu
qədəhini əlinə alıb (Kələntər müəllim məclislərdə həmişə konyak içirdi, çünki maaşı
az və ailəsi böyük olduğu üçün, özü konyak ala bilmirdi), Arzuya baxa-baxa ilk söz
demək istədi, amma bu zaman birdən-birə Xıdır müəllim də ayağa qalxdı, qollarının,
pencəyinin üstündən də hiss olunan əzəmətli əzələlərini oynatdı:
– Bir dəqiqə! Bir dəqiqə, əziz dostlar!– Xıdır müəllim içinə araq süzdüyü iri
qədəhi yuxarı qaldırdı. – Icazə verin bu gözəl gündə ilk sözü mən deyim. Mən bir
söz deyim, ondan sonra Kələntər müəllim nə qədər istəyir söz desin! Ürəyimdə
sözüm var mənim, əziz dostlar! Gəlin bu gözəl axşamda bu ilk qədəhləri atamız və
rəhbərimiz, əziz Stalin yoldaşın sağlığına içək! Yaşasın, min il yaşasın Iosif
Vissarionoviç Stalin! Tarixin ən müdrik adamıdır yoldaş Stalin! Təsadüfi deyil ki,
yoldaş Stalin 72 dil bilir!– Xıdır müəllim bu sözləri deyən kimi, arağın insan
orqanizminə pis təsir etdiyini yaxşı bilsə də, qədəhi başına çəkdi və arağın hamısını
içdi, sonra qədəhi ağzı üstə çevirib mizə qoydu, yəni ki, baxın,
dibində bircə qram
da qalmayıb.
Məclisə bir anlıq sükut çökdü, sonra Ələsgər müəllim cəld ayağa qalxdı:
– Gözəl sağlıqdır!– dedi. – Qalxın ayağa, dostlar! Xıdır müəllim ürəyimizdən
xəbər verdi! Əziz Stalin yoldaşın sağlığına!
Hamı, hətta Arzu da, arvadlar da ayağa qalxdı və başqa vaxt bütün məclis
boyu heç yarım qədəh araq içməyən Ələsgər müəllim bu sağlığa əlindəki dolu
qədəhi axıracan içdi. Kələntər müəllim də, Əlibaba müəllim də, Firidun müəllim də
qədəhləri dibinəcən içdilər. Xosrov müəllim arvadının qulağına pıçıldadı:
– Sənin sağlığına!.. – və o da qədəhi axıracan içdi.
Hamı yerində əyləşdi.
Xıdır müəllimin dediyi sağlıqdan sonra, məclisin əvvəlki ovqatı, elə bil ki,
itmişdi və heç kim danışmırdı, çəngəl-bıçaqların səsində bir nigarançılıq var idi;
təkcə Xıdır müəllimin kefi kök idi, dediyi sağlıq
özünün xoşuna gəlmişdi, özünə
ləzzət vermişdi və bayaq Ələsgər müəllimin mətbəxdə doğradığı soyutma toyuğun
budunu iştahla yeyə-yeyə bütün içində bir fəxarət hiss edirdi.
Xosrov müəllimin arvadının adı Gülzar idi, uşaq bağçasında tərbiyəçi işləyirdi
və Xosrov müəllim dünyanın ən qəribə bir təsadüfü nəticəsində Gülzar xanımla
tapışandan sonra elə bil ki, illərdən bəri dəmir çərçivəyə salınmış bütün hissləri,
bütün düşüncələri azadlığa çıxmışdı. Hadrutdan sonra Xosrov müəllim nəinki hansı
bir xoşbəxtliyisə arzulayırdı, hətta belə bir arzuya iddiası da yox idi, amma elə ki,
Gülzar xanım birdən-birə, tamamilə, gözlənilmədən onun həyatının bir parçasına
çevrildi, məlum oldu ki, əslində, Xosrov müəllimin bütün hiss-həyəcanı, bütün
bədəni belə bir xoşbəxtliyin, belə bir məhəbbətin həsrətində imiş. Hadrut və