108
deyil, Əflatun müəllim, sən özün insan psixologiyasının
gözəl bilicisisən, hərənin bir
xasiyyəti olur, bu da belə adamdı də...» Əflatun müəllim geri çəkilmək istəmirdi: «–
Inanın mənə, Ələsgər müəllim, – deyirdi, – bu, gizlin, o adı nədi, şey, trotskiçidir, ya
da o, adı nədi, şey, zinovyevçidi! Gözlərindən görürəm!» Ələsgər müəllim asta-asta,
təmkinlə, Əflatun müəllimin humanistliyini, incə qəlbli insan olmasını boynuna
qoya-qoya o qara dumanları Xosrov müəllimin də başının üstündən dağıdırdı.
Bir dəfə Əflatun müəllim özünü tələm-tələsik Ələsgər müəllimin müdir
otağına dürtdü: «– Xəbərün var, Ələsgər müəllim, nolub?!» Ələsgər müəllim bu
adamdan heç bir xeyir xəbər gözləmirdi və həmin dəfə də nigarançılıqla: «– Nə
olub, Əflatun müəllim?»– soruşdu. Əflatun müəllim tələsdiyi üçün daha tez-tez
çaşa-çaşa: «–
O qəzet var e, – dedi, – adı nədi, şey, hə, «Azərbaycan piyaneri»,
onun, orda işləyənə nə deyirlər, şey, o adı nədi, şey, hə, müxbir gəlib, Xosrov
müəllim də, o adı nədi, şey, bizim məktəbi tərifləyib!..» Ələsgər müəllim təəccüblə:
«– Tərifləyib deyirsən?» – soruşdu. «– Hə, tərifləyib də, o adı nədi, şey, çox
tərifləyib». Ələsgər müəllim: «–Yaxşı də, – dedi. – Tərifləyib, çox sağ olsun də».
Həmişə belə vaxtlarda olduğu kimi Əflatun müəllim fikirləşirdi ki, bəli, bəli, elədir
ki, var, əsl xalq düşməni Ələsgər müəllimin özüdür, amma deyirlər... Kişiylə uşaqlıq
dostu
olublar də, yerlisidir. Elə bil ki, Əflatun müəllim həvəskar bir balıqçı idi,
Ələsgər müəllim də gözəl, iri, kök bir balıq idi və o balıqçı, gözünün qabağındakı bu
iri balığı – Ələsgər müəllimi qarmağa keçirib sudan çıxartmaq xoşbəxtliyindən
məhrum idi, gecə-gündüz xırda-xuruş balıq axtarırdı, onlar da ələ keçmirdi. «– O adı
nədi, şey, yaxçı eləyib deyirsüz ki, ya, Xosrov müəllim tərifləyib bizim məktəbi?
Bəlkə bizim o adı nədi, şey, siyasi sayıqlığımızı yatırmaq istəyib, hə? Mən bilirəm
ki, bu, o adı nədi, şey düşmən hiyləsidir!..» Onda Ələsgər müəllim kimi zəmanədən
hər şey gözləyən bir adam da, Əflatun müəllimin bu sözlərinə, Əflatun
müəllimin
mühakiməsinə, məntiqinə mat qaldı...
Xosrov müəllim tək yaşayırdı, dəqiq adam idi, vaxtlı-vaxtında məktəbə
gəlirdi, vaxtlı-vaxtında da məktəbdən gedirdi, bir dostu, yaxın tanışı yox idi,
məktəbdə də heç kimlə yaxınlıq etmirdi, köynəyi, corabı həmişə təmiz olurdu, yəqin
ki, özü yuyurdu, kostyumu da çox geyilməyinə baxmayaraq, səliqə-səhmanlı idi,
düymələri tikili, şalvarı ütülü olurdu, yay-qış geydiyi qara ayaqqabısını da həmişə
tərtəmiz silirdi, dabanı gedəndə təzə daban vurdururdu, qarlı-yağışlı günlərdə o
ayaqqabının üstündən qaloş geyirdi. Xosrov
müəllim Ələsgər müəllimin
təsəvvüründə susuzluqdan saralıb-solub qurumaqda olan bir dənə uzun saplaqlı
yarpaq idi ki, o yarpaqda həyat aləməti deyilən bir şey yox idi və o yarpağın didilib
torpağa qarışmağına lap az qalmışdı, amma iki ay bundan əvvəl birdən-birə o yarpaq
göyərməyə başladı. Xosrov müəllim göz-görəti dəyişdi, elə bil, qurumuş o saplaq
torpaqdan su aldı, elə bil, gözünün kənarlarındakı o qırışlar da bir balaca açılmağa
başlamışdı və o vaxt dünyanın ən gözlənilməz bir xəbəri Ələsgər müəllimə ləzzət
verdi: Xosrov müəllim evlənmişdi.
Firuzə xanım işləməsə də, ömrünü Ələsgər müəllimin rahatlığına və Arzunun
böyüməsinə həsr etsə də, həmişə məktəbdəki hadisələrdən xəbərdar olurdu, əri ilə
bir çarpayıda
yuxuya getməzdən əvvəl, Ələsgər müəllim yavaş-yavaş danışırdı,
ürəyini boşaldırdı və Firuzə xanım da həmin gün məktəbdə nə baş verdiyini bilirdi.
Arzunun qonaqlıqlarında cəmi ikicə dəfə üzünü gördüyü Əflatun müəllimin qarasına
qarğış edirdi: «– O tramvay sürəni görüm elə tarmvay altında qalsın!..» Ələsgər
109
müəllim: «–Əşşi, adamdı də, insandı, uşaqları var, niyə elə deyirsən?..» – deyirdi.
Firuzə xanımın hirsi soyumurdu: «– O cürə adamı görüm qara torpağın içinə girsin!..
Başqaları bəs adam deyil?! Başqalarının uşağı yoxdur?!..» Ələsgər müəllim daha da
yavaşdan pıçıldayırdı: «– Onda təqsir yoxdu, zəmanə çətin zəmanədi». Firuzə xanım
doluxsunurdu: «– Yazıq Əvəz bəy... Özü də boynuna alıb ki, ingilis şpiyonudu....
Gör o ağsaqqal kişinin başına nə oyun açıblar də... Fransada olub, heç olmasa,
fransız şpiyonu eləyəydilər onu. O bədbəxt oğlu, bədbəxtin arvadını, qızını da
sürgün eləyiblər Qazaxıstana....» Ələsgər müəllim dərindən nəfəs alıb: «– Yat... –
deyirdi. – Yat...».
Elə ki, keçən ilin axırlarında Əflatun müəllim məktəbdən getdi, Firuzə
xanımın da qarğış eləməyə adamı qalmadı. Düzdü, Ələsgər müəllimin yeni idman
müəllimi Xıdır
müəllimdən gözü su içmirdi, amma, o, hələ Firuzə xanımın qarğışına
layiq bir iş görməmişdi. Xıdır müəllimi Əflatun müəllimin zəmanəti və təkidi ilə işə
götürmüşdülər və Ələsgər müəllim buna bir də ona görə razı olmuşdu ki, belə bir
hörmət, belə bir xidmət müqabilində Əflatun müəllim də məktəbdə xalq düşmənləri
axtarıb, tapmaq, onları ifşa etmək yolunda çox cənfəşanlıq göstərməsin, o da
Ələsgər müəllimin sözünü eşitsin. Əflatun müəllim Xıdırı tərifləyə-tərifləyə deyirdi:
«Bir fizkultirnikdi ki, Ələsgər məllim, o adı nədi, şey, əsl biz deyən! Sportu onun
kimi bilən yoxdu. Yoldaş Stalinin o adı nədi, şey, istəyinə layiq fizkultirnikdi.
Gələcəyi, o adı nədi şey, gələcəyi quranlardandır! Bulvardakı vışkadan paraşutdan
atdanıb!»
Xosrov müəllimin birdən-birə evlənməsi isə (özü də belə bir zəmanədə!)
Firuzə xanıma da əri kimi, ləzzət eləmişdi. Qəribə idi, Xosrov müəllim hər il qışda
Arzunun
ad gününə gəlirdi, bir-iki yüz qram araq içirdi, üç-dörd loxma çörək
yeyirdi, dinib-danışmırdı, amma Firuzə xanımın ondan xoşu gəlirdi, gecələr Ələsgər
müəllimə: «–Vallah, yaxşı adamdı bu Xostov müəllim, deyirdi. – priliçnidi e,
priliçni. Abırlı-həyalı adamdı. Allah bilir, başı nələr çəkib... Bütün ailəsi qırılıb bu
bədbəxtin, ay Ələsgər?» «– Helə danışırlar, vallah, nə bilim. Dəhşətdi e, dəhşət
olmayanda nədi?..»
Arzunun on yaşı tamam olan həmin qış günü Firuzə xanım qoz ləpəsini, ərik
qurusunu nəlbəkilərə yığıb qurtardı və hələ də səliqə ilə soyutma toyuqları doğrayan
Ələsgər müəllimə dedi:
– Təki Xosrov müəllimin arvadı özünə layiq olaydı.
–
Layiq olar də, niyə olmasın? Bəyənib ərə gedibsə, yaxşı olar, uşaq deyillər
ki?
– O yazıq, paltosunun düymələrini özü tikirdi, bizdə paltosunu çıxarıb asanda
görmüşəm. Indi, heç olmasa, fağır, bir gün görər.
Hava tez qaraldı və o qaranlıqda da bayırın qarı elə-eləcə tərtəmiz bir ağlıq
içində idi. Ələsgər müəllimin yaxşı yadındaydı, 37-ci ilin yanvarında Bakıda
dəhşətli qar qasırğası oldu və Ələsgər müəllim ömründə helə bir qasırğa
görməmişdi. Sən demə, 37-nin yanvarındakı o qasırğa adicə təbiət hadisəsi deyilmiş,
sonrakı dəhşətləri əvvəlcədən xəbər verirmiş. Iki il bundan əvvəlki o qasırğa zamanı
yaxşı yadındadı, Ələsgər müəllim, bax, bu pəncərənin qabağında dayanıb özünə izah
edə bilmədiyi bir narahatlıq keçirirdi, amma indi qaranlıq içində parıldayan o qar,
elə bil ki, gözəl bir sakitlikdən xəbər verirdi...
Hər halda, o gözəl qış axşamı Ələsgər
müəllimin ürəyi belə deyirdi...