23
imiş, allaha qurban olum, — dedi, — olacağa nə çarə! Yazılana
pozu yoxdur"
Sonra Nemətlə evə gəldi, biş-düş elədi. Karmenlə Cildanın
pal-paltarını yudu. "Bizim soyumuz belədir, — dedi, — oğlan
doğmuruq. İki bacı biz idik. Mənim üç qızım var. İndi
Sürəyyanın da üçüncü qızı oldu".
(İki aydan sonra Bikə xalanı birtəhər dilə gətirdilər. Evini
satıb tamam Sürəyyagilə köçdü. Sürəyyaya kömək oldu. Yoxsa
yazığın lap kələyi kəsilmişdi.)
Ata—ananın birgə istəyiylə qızın adını Nərgiz qoydular.
Yalnız metrikada adı yazdırıb evə qayıdarkən yolda Nemətin
ağlına gəldi ki, yaxşı, axı "Nərgiz" də opera var. Deməli, qeyri-
ixtiyari yazıq Əsəd kişinin ənənəsini davam etdiriblər. Amma
Sürəyyaya bu barədə heç nə demədi.
Yenə də dayanaq tərəfdən ləhləyib yoxuşu çıxan avtobusun
səsi eşidildi. Nemət nömrəsinə baxdı, durub dayanağa tərəf
addımladı.
Adam seyrək idi. Pəncərənin yanında oturdu. Nemətin
ardınca avtobusa qalxan çadralı qarı keçib onun qabağında
əyləşdi.
Qarşıdan gələn trolleybusun "buynuzları" havada telindən
çıxdı, yana əyildi. Sürücü yerə düşüb kəndiri çəkməyə başladı.
Nemətin başına qəribə bir fikir gəldi: "Trolleybus müəyyən
marşrutla gedir. Yolundan çıxa bilməz. Bir balaca yolundan
sapsa, "buynuzları" hava telindən çıxar. Trolleybus
hərəkətsizləşib qalar. Tramvay da sabit, dəyişməz yol üzrə
hərəkət edir. Relsindən çıxsa qəzadır. Yaxşı, bəs bu minik, bax
bu marşrut avtobusu adlanan salxaq araba niyə hər gün, hər
saat eyni yolla gedir, hər gün bazarın, poçtun, bankın, kinonun,
hamamın, dəlləkxananın qabağından keçir? Axı o, hansı yolla
istəsə gedə bilər, hansı küçəyə kefi gəlsə burula bilər?!
Ağzında "marşrutlu avtobus" deyirsən. Onun taleyi daha
mürəkkəbdir. Trolleybus və tramvayın yolunu dəyişməsinə
texniki əngəllər mane olur. Avtobus isə mənəvi qadağaların
24
əsiridir. Onun qadağası daxildəndir, qəbul olunmuş qayda-
qanunlardan, razılaşdırılmış, təsdiqlənmiş hərəkət cədvəlindən
asılıdır. O, bu cədvəli, bu bir dəfə qəbul olunmuş qayda-
qanunları poza bilməz, yolunu aza bilməz. Pozsa, azsa... Bəh,
bəh, lap şer çıxdı ki..."
Nemət düşündü ki, doğrudan da bu barədə fəlsəfi şer
yazmaq olardı. Adı da "Qiyam etmiş avtobus" və yaxud
"Qiyamçı avtobus!"
On bir yaşında olanda Nemət şer yazmışdı. Bircə son
misraları yadındaydı:
Stalin rəhbərimizdir,
Qələbə də bizimdir.
Dayısına oxudu. Dayısı dedi ki, bala, sən niyə şer yazırsan?
Məşhur adam olmaq istəyirsən? Hə, onda bil ki, Əhməd
Namazovun oğlu istəyir lap İlyas Nizami olsun, onu üzə
çıxmağa qoymazlar. Şair olub daldeydə daldalanmaq nəyinə
gərəkdir? Ondansa sal başını aşağı, dərsini oxu, bəlkə axırın bir
yana çıxdı.
Amma Nemət bir müddət yenə yazdı. On üç-on dörd
yaşınacan. Xəlvət yazdı, heç kəsə göstərmədi.
Dadaş:
—Yerin məlum, — dedi, — bu saat sporumuz düşmüşdü.
Nemət:
—Hər vaxtınız xeyir, — dedi, — nədən spor eləyirdiniz ki?
Qapının yanında oturmuş cürübbəz Yəhya cır səslə çığırdı:
—Dadaş müəllimlə mərc çəkmişəm ki, sabah Xusainov
oynamayacaq.
Nemət dinib-danışmadan "Futbol" qəzetinin bir nüsxəsini
Dadaşın masasının üstünə qoydu.
—Burda komandaların tərkibini veriblər, — dedi.
Dərhal bütün otaqdakılar fırtınanın əydiyi gəminin
göyərtəsindəymişlər kimi bir tərəfə — Dadaşın masası tərəfə
axışdılar.
Dadaş bir qədər suçlu hərəkətlə qəzeti açdı.
25
—Hanı?
Nemət yerini tapdı:
—Budey.
—Aha, Kavazaşvili, Voronin...
İri gövdəli kişi quş kimi yerində atıldı:
—Budur bax, Xusainov, hə, gördün, yaxşı bax, hə nədən
mərc çəkmişdik? — Kişinin sevinci yerə-göyə sığmırdı. Onun
fərəhi, səs—küyü otağı qüdrətli radiostansiya efiri dolduran
kimi doldurmuşdu. — Əşi, sən yəni belə ağız bəhəm eləmisən
ki, mənimlə futboldan mərc çəkirsən?
Otaqda bir mərəkə, bir səs-küy qopdu, gəl görəsən? Dadaşın
qələbəsi bütün şöbənin təntənəsinə çevrildi. Yəhya elə bil bir
az da cürübbəzləşdi, büzüşdü. Burnunun altında mızıldanmağa
başladı. Dadaşın səsi gur-gur guruldayırdı.
—Əşi, deyirəm iki oyundu onu buraxmırlar, sabahkı görüşə
saxlayırlar, deyir yox, xəstədir, ayağı zədələnib. Əşi, mən
bilirəm axı...
Qurban:
—Gərək interesə mərc çəkəydiniz, — dedi.
Cümşüd:
—Hə, düz deyir, interessiz ləzzəti yoxdur, — dedi.
Şöbələrində altı iş stolu qoyulmuşdu. Stollardan birinin açıq
tərəfi qəzetlərlə örtülmüşdü. Bu, Təhminənin stolu idi. Şöbənin
qalan işçiləri kişilərdi. Qurbandan başqa hamısı futbol cəfakeşi
idi. Təhminənin də əri Manaf cəfakeş idi. Manaf futbola da
Dadaşgillə gedərdi, stadionda abonement yerləri yan-yana idi.
16-cı sektor, 31-ci sıra. Dalbadal: Dadaş, Nemət, Manaf,
Yəhya, Cümşüd.
İndi Nemətə qəribə gəlirdi ki, nəşriyyata işə girməzdən
əvvəl, o, futbol azarkeşi deyildi. Uşaqlıqda özü dalanlarında
çox oynamışdı, amma böyüyəndən sonra biganələşmişdi, ildə,
ayda bir dəfə futbola ya gedəydi, ya getməyəydi. Dadaş başda
olmaqla şöbələrinin futbol azarı ona da yoluxdu. İndi o da ən
aktiv cəfakeşlərdən olmuşdu. İndi özü də başa düşə bilmirdi ki,
26
bir vaxtlar futbol kimi bir gözəlliyə necə biganə qala bilirmiş?
İndi oyunun öz ləzzətindən başqa, onun bütün dəm-dəsgahı da
Nemətə xüsusi zövq verirdi: hələ çox erkən, yaz aylarından
abonement tədarükü, sonra futbol mövsümünün təntənəli
açılışı, futbol günləri boşalmış küçələrdən stadiona axışan
adamların nəqliyyat rəqabəti və nəqliyyat həmrəyliyi, stadion
radiosuyla verilən pozuq melodiyalar (bunun da öz ləzzəti
var)... Minlərlə adamın saat kimi dəqiq bir ritmlə tum
çırtlaması, avarçı qolları kimi qalxıb—düşən əllər, xeyrimizə
vurulan topların müştərək sevinci, məğlubiyyətlərin müştərək
kədəri.
Hələ oyundan qabaq stadionda dost-aşnayla birlikdə, sırf
kişi "kampaniyasında" subayvarı pivələmə... (istər
meydançada, istər tribunalarda, istərsə də ümumiyyətlə futbol
aləmində zənən tayfasının olmaması da az məziyyət deyil. Heç
olmasa stadionda saat yarım adamın qulağı dinc olur.)
"Bu zəhər tuluğu Qurban pul qırpmaqdan başqa dünyada
heç nəylə maraqlanmır. Hələ bizə də rişxənd eləyib deyir ki, siz
ürəkdə heç biriniz futbol cəfakeşi-zad deyilsiz. Elə-belə
boynunuza düşüb. Bütün bu marağınız, ehtiraslarınız da
saxtadır, deyir. Axmaq adam, bəs nə bizi məcbur edir ki, bu
futbol zəhrimarın yolunda bu qədər can qoyaq?
Maraqlanmasaq, yanmasaq, nə düşüb axı bizə, işimizi
gücümüzü atıb cumaq stadiona, radioya qulaq asaq, yüz
minnətlə qəzet tapaq? Deyirəm, görürsən başını bulayır, cavab
verməyə söz tapmır, axı nə cavab verəcək? Gah da görürsən
deyir ki, bircə Dadaş əsl "bolelşikdir", siz hamınız ona
yarınmaq üçün futbolbaz olmusuz. Axmaq adam. Belə səfeh
fikir elə onun başına gələr. Gah da deyir ki, vaxtınızı
bilmirsiniz nəynən doldurasınız, onunçun, deyir, cəfakeş
olmusuz. Həyatınızda, deyir, vakuum var, futbolla
doldurursunuz bu vakuumu. Futbol, deyir, tiryək kimi, nəşə
kimi şeydir. Başı qatıb, gündəlik həyatı unutmaq üçündür. Əşi,
qoy danışsın da, əbləh adamdır, zoğallayır özüyçün, kimdir
Dostları ilə paylaş: |