27
onun ağzına baxan..." Cümşüd:
—Dadaş müəllim, — dedi, — siz futbolun cikini də
bilirsiniz, bikini də. Sizcə, biri gün hesab necə olar?
Bir həftə idi ki, bütün şöbə birigünkü oyunun intizarıyla
yaşayırdı. Bu oyunun şöləsi bütün idarə və ev söhbətlərinin,
işin və məişətin üstünə çökmüşdü. Bir sözlə, bu həftəni
İrlandiyayla oyun doldurmuşdu. Gələn həftə də vacib oyun
vardır: Tiflislə Moskva "Torpedo"su. Gələn həftəni bu oyun
dolduracaqdı. Ancaq birigünkü oyun keçməyincə, o biri oyun
haqqında danışan yox idi. Həmin günü, ümumiyyətlə, böyük
futbol günlərini bir təntənə, bayram, yeni il kimi, toybüsat kimi
gözləyirdilər.
Dadaş qəti bir səslə:
—3:0, — dedi.
Cümşüd:
—Gör e! 3:0 — deyə təəccübləndi. O bunu elə dedi ki, guya
artıq bu fərziyyə doğrulmuşdu. İrlandiya 3:0 hesabıyla
uduzmuşdu. — Amma İrlandiya da güclü komanda idi ha! —
Dadaşın fərziyyəsindən sonra Cümşüd birigünkü oyun
haqqında keçmiş zamanda danışırdı.
Yəhya:
—Heç vaxt, — dedi. — Ni za çto! Hesab iki-iki olacaq.
Gəlin mərc çəkək.
Dadaş:
—Sən yenə mənimlə mərc çəkirsən? — dedi. — Bayaqkı
dərs olmadı?
Yəhya tərs idi:
—Yox, görərsiniz! İki-iki.
Yenidən mübahisə qopdu. Ağız deyəni qulaq eşitmirdi.
Bayaqkı kimi "Futbol" qəzetini masanın üstünə qoyub məsələni
ayırd etmək də mümkün deyildi.
—Keçən səfər mən deyən oldu, yox?
—Yox, sən demişdin birinci taymda iki top vuracaqlar,
amma...
28
Nemət başa düşdü ki, bu fısqırıqda məsələni qaldırmağın
yeri deyil. Kirimişcə otaqdan çıxdı.
Dəhlizin başında, açıq pəncərənin qabağında Təhminə və
Zaur söhbət edirdilər. Zaur pıçıltıyla nə isə deyirdi. Təhminə
şaqqanaq çəkib gülürdü. Onun qəribə gülüşü vardı. Ha, ha, ha...
Elə bil pianoda qamma çalınır. Yaxud motosikl uzaqlaşıb
gedir...
Zaur özü gülmürdü. Yəqin Təhminə gülən müddətdə
düşünüb, yada salıb başqa bir zarafat, ya məzəli söz
hazırlayırdı. Gözləriylə də Təhminəni yeyirdi.
Zaur başqa şöbədə işləyirdi. Hər dəfə onu görəndə Nemətin
ağlına nədənsə "qoltuğuna qarpız veriblər" ifadəsi gəlirdi.
Ancaq məcazi yox, hərfi mənasında. Elə bil Zaurun hər iki
qoltuğunda görünməz iri qarpızlar vardı, ona görə əzələli
qolları gövdəsindən belə dairəvi şəkildə aralı qalmışdı.
Axır vaxtlar Zaurla Təhminəni tez-tez söhbət edən görəndə
Nemətin başına başqa qəribə bir fikir də gəlirdi. Ona elə gəlirdi
ki, Zaurun ən böyük istəyi Təhminəylə plyaja getməkdir. Axı
niyə məhz plyaja? Bəlkə də bu fikir ondan doğmuşdu ki,
Zaurun şəxsi maşını vardı, tez-tez plyaja gedirdi. Bəlkə də
onun Təhminəyə "kor-kor, gör-gör" belə iştahla baxması
Neməti bu qənaətə gətirmişdi. Hər halda plyaj Zaurun
əzələlərini nümayiş etdirməsi üçün münasib yer idi.
Nemət onlara yanaşdı:
—Zaur, belə olmaz ha, — dedi. — Bax Manafa deyəcəyəm.
— Manaf Təhminənin əri idi. Bir ay idi Moskvadaydı,
ezamiyyətdə. — Sən ştangistsən, amma o da köhnə
pəhləvandır.
—Çəkimiz düz gəlməz. Mən ağır çəkiliyəm, o yüngül.
—Ay qız, doğrudan ərin yüngüldür?
Təhminə güldü. Əlbəttə, bayaqkı kimi gülmədi. Xəfifcə
gülümsündü. Nemətin zarafatı ortalıqda qalmasın deyə güldü.
Nemət özü də bilirdi ki, zarafatı bəzi qəzetlərdə dərc olunan
bayram şarjları, dostluq şarjları kimi duzsuzdur. Amma "ər-
29
arvad" mövzusunda sataşmalar şöbələrinin klassik yumoru idi.
Birdən Nemətin gözü Təhminənin paltarına sataşdı. İki
düyməsi açıq idi və oradan mavi alt paltarı görünürdü.
Nemət fikirləşdi ki, bu mavi ərazi tamam başqa bir dünyadır
— paltarın altındakı Təhminə, paltarsız Təhminə. Bir də onu
fikirləşdi ki, bu ərazi onunçün əbədiyyən yasaq ərazidir. Bəlkə
Dadaşın ora vizası var. Zauru da bilmirəm, deyə bilmərəm,
amma mən heç vaxt, ömrümdə heç vaxt bu əraziyə keçə
bilməyəcəyəm. Yalnız onun bir qarışını — iki açıq düyməlik
maviliyini görə bilərəm.
Gözünü çəkdi.
Təhminə:
—Zaura yuxumu danışırdım, — dedi. — Yuxuda Riqanı
görmüşəm. Ən qəribəsi odur ki, ömrümdə Riqada olmamışam.
Mavi ərazi yenə Nemətin gözünə doldu və o dedi:
—Bir vaxtlar mən də yuxumda heç bir zaman olmadığım
şəhərləri görərdim... nə bilim, London, Paris... — o, pəncərəyə
baxdı. Pəncərəyə səmanın mavisi dolmuşdu. — Umumiyyətlə
pis vərdiş deyil. Otağından çıxmırsan, yatağından durmursan,
pulsuz-pənəsiz bütün dünyanı gəzirsən. Bilet də lazım deyil,
viza da.
"Viza" sözünü qəsdən işlətdi. Bayaqkı fikrini yada salıb
özüyçün işlətdi.
—Bəs indi nə görürsən?
—Eh, ay Təhminə, indi yuxularımın bütün fantaziyası qaçıb.
İndi yuxu görmürəm, həyatdan parçalar, fraqmentlər görürəm.
Gündüzkü həyatımın davamını görürəm. Məsələn, gündüz
yarım list tərcümə eləmişəmsə, yuxuda dalını tərcümə edirəm,
qonorarını da alıram, ya, da mağazada növbədə dayanıram,
kimsə növbəsiz almaq istəyir, onu məzəmmət eləyirəm, ya da
bazarda çənə-boğaz oluram. Ən böyük fantaziyam o olur ki,
Kislovodsk — Bakı qatarına bilet alıram. Ya da idarəmizi
görürəm. İşçiləri — Səfdər dayını, Məmməd Nəsiri, Dadaş
müəllimi, Qurbanı — əlavə etmək istədi "səni" ancaq Zaura
30
baxıb demədi.
Zaur açıq-aşkar əsəbiləşirdi. Nemətin gəlib söhbətlərinə
qarışması, Təhminənin diqqətini yayındırması onu heç açmırdı.
Zaur:
—Mən heç vaxt yuxu görmürəm, — dedi, — hələ ömrümdə
bir dəfə də görməmişəm.
Təhminə:
—Sən nə danışırsan? Ola bilməz! Heç vaxt inanmaram,—
dedi.
—Canımçün düz deyirəm. Heç bilmirəm yuxu görmək nəyə
deyirlər, nə deyən şeydir.
Zaur çox cavan idi, lap uşaq idi və Nemət başa düşürdü ki,
bu qəribə, lakin yüz faiz uydurma iddiayla o, yalnız yenidən
Təhminənin diqqətini, marağını özünə qaytarmaq istəyir.
Nemət:
—Mənim bir dostum vardı, — dedi, — deyərdi ki, yuxu
görməyən adamlar Avstriyaya, İsveçrəyə bənzəyirlər.
Təhminə suallı baxışlarla Nemətə baxdı. Yenə də onu
təəccübləndirən, marağını cəlb edən Nemət olmuşdu. Zaur bir
qədər kəskin tonla:
—Niyə məhz Avstriya, İsveçrə, məsələn Kamboca yox? —
dedi.
—Kamboca? — deyə Nemət təkrar etdi və xəyalında
xəritəni canlandırmağa çalışdı. — Yadımda deyil Kamboca
dənizin sahilindədir, ya yox. O, Avstriya və İsveçrə deyirdi,
çünki bu ölkələrin dənizə çıxışı yoxdur. O deyirdi ki, yuxu
görməkdən məhrum adamlar dənizdən məhrum ölkələr kimidir.
Avstriya, İsveçrə, daha hansı ölkələr dənizsizdir?
Təhminənin təəccübü açıldı:
—Aaa, o mənada...
Sükut çökdü, Zaur cibindən daraq çıxarıb, bir qədər əsəbi
hərəkətlə saçlarını daramağa başladı. Nemət:
—Yaxşı, — dedi, — bağışlayın, söhbətinizə mane oldum.
—"Görəsən bütün günü belə gəzəcək, düymələrini
Dostları ilə paylaş: |