55
Nə isə, əziz professor. Sizə xeyli başağrısı verdim. Ancaq
Sizə bir işim də düşüb. Bilirəm, indi Sizin yerinizə başqa adam
olsaydı, düşünə bilərdi ki, hə, işin düşüb, elə məktubu da
onunçün yazmısan. Ancaq mən sizin qəlbinizin genişliyinə
bələdəm, bilirəm ki, belə dar fikirlərə düşməzsiniz. Hər halda
mənim haqqımda belə düşünməzsiniz. Məsələ ondadır ki, biz
burda "Tarixi şəxsiyyətlər" seriyası buraxmaq haqqında
təşəbbüs irəli sürmüşük və prinsipial razılıq almışıq. İndi bu
məsələnin təsdiqini Moskvada bir az tələsdirmək lazımdır. Mən
özüm bu iş üçün Moskvaya gəlmək istəyirdim. Ancaq sonra
fikirləşdim ki, heç kəs bu işə Sizin kimi kömək edə bilməz. Sizin
orada necə böyük nüfuza malik olduğunuzu yaxşı bilirəm və
odur ki, Sizdən artıq dərəcədə xahiş edirəm, bu işə
himayədarlıq edin. Əgər prinsip etibarilə razısınızsa, konkret
məsələlər barəsində Sizə yeni bir məktub yazaram:
Ayrı elə bir yenilik yoxdur. Bizim Aqil bu il orta məktəbi
qızıl medalla bitirib. Meyli də Moskvayadır. Ali məktəbi orda
oxumaq istəyir. Deyirəm, elə bilirsən asandır Moskvada
imtahan verib ali məktəbə qəbul olunmaq? Amma heç bir şey
eşitmək istəmir. Hələ özü də bilmir hansı sahəyə gedəcək.
Bəlkə Siz bir məsləhət verəsiniz. Nə isə... bu da bir problemdir.
Hörmətli professor. Cavabınızı səbirsizliklə gözləyirəm.
Daha böyük bir intizarla Sizin özünüzü burada gözləyirik.
Dərin hörmət hissiylə Dadaş
5 iyun 1965
ÜÇÜNCÜ
Siqareti siqaretə calayırdı: "Əgər dolamaq istəyirmişsə, çox
mənasız zarafatdır".
"Bəlkə bağın o biri tərəfini deyib? Yox, orda maşın
saxlamaq qadağandır. Sol tərəfi dedi. Sol tərəf buradır da".
Zaur maşının saatına bir də baxdı, sonra qol saatına baxdı.
56
Sözləşdikləri vaxtdan düz 45 dəqiqə keçirdi.
"On beş dəqiqə də gözləyim. Olsun bir saat. Əgər gecikirsə,
bir saat bəsidir. Ondan artıq mən heç Bricit Bardonu da
gözləmərəm. Yox, əgər mənimlə zarafat eləmək fikrinə
düşübsə, nə olar, heç eyib etməz, mən də papaq altında qalan
oğlanlardan deyiləm".
Yeddi dəqiqə də keçdi.
Son siqareti damağına qoydu. Boşalmış qutunu xışmalayıb
ovcunda əzdi, tuşlayıb səkidəki zibil qutusuna atdı.
Maşının gözünü açıb təzə qutu götürdü, cibinə qoydu, rulu
tumarlamağa başladı.
Lap qulağının dibində səs eşitdi:
—Bağışla, deyəsən bir az gecikmişəm.
Bayaqdan bəri bu səsi gözləyirdisə də diksindi, qanrılıb
baxdı. Təhminənin qırmızı paltarının ağ düymə cərgəsini
gördü.
—Zərər yoxdur, — dedi, — keç bu tərəfə.
Qapını açdı. Təhminə içəri keçdi, əlindəki iri ala-bula
sumkanı Zaura uzatdı.
Zaur:
—Ver sumkanı bura, — dedi, — arxaya qoyum. Nə
yığmısan bura bir belə?..
—Heç, bir az yemək götürmüşəm.
Zaur maşını işə saldı, hərəkətə gətirdi…
—Yemək? Yemək neyləyirsən, evdə yeyəydin də, — üzünü
Təhminəyə tərəf çevirib bığaltı gülümsündü, — iki saata
qayıdarıq da...
Təhminə maşının güzgüsünü üzünə tuşlayıb, saçlarını
düzəldirdi.
—Yeməyinə yemişəm. Dedim birdən yubandıq. Acsaq...
—Aa... belə de, — mənalı-mənalı Təhminəni süzdü. "Pah
atonnan! — deyə düşündü, — gör dünyanın nə günüdür?! Yad
kişiylə plyaja gedir. Özü də bilir niyə gedir, amma tədarükünü
də yaddan çıxarmır. Qarnının da qeydinə qalır. Bəli, XX əsrdir,