Martin boğanaq köşkdən çıxıb Klifin yanına qayıdanda Madelinanın məlahətli "mən sizə inanıram" və
həvəssiz "çalışaram" sözləri qulaqlarında bir-biri ilə höcətləşirdi.
– Hə, fəlakət baş verib? – Klif təxmin etməyə çalışdı – Arvadın dünyasını dəyişib? Yoxsa "giqantlar"
doqquzuncu turda qələbə qazanıblar? Bizim gənc qəhrəmanımız prozektor otağında uzanmış meyit kimi
görünür. Barni! Ona çiyələk suyundan yenə gətirin, özü də cəld! Qulaq asın, doktor, həkim çağırmaq
lazım deyil ki?
– Oh, səsini kəs! – bax, Martinin deməyə tapdığı söz elə bu idi, amma onu da bir o qədər əminliklə
söyləmədi. Telefonla danışana qədər o ətrafına sevinc saçırdı; Klifin bilyard oyunundakı məharətini
tərifləyir və Barnini "qoca cimex lectularius" adlandırırdı. Amma indi, vəfalı Klif əlləşsə də, o, fikirli
oturmuşdu və yalnız bircə dəfə özündən razı-razı donquldandı:
– Bilsəydin ki, mənə necə hücumlar başlayıb, hansı əngəlli vəziyyətə düşmüşəm, o zaman özün də
kədərlənərdin.
Klif əl-ayağa düşdü:
– Qulaq as, qoca kaftar! Sən borca düşmüsənsə, pul yığa bilərəm. Yoxsa sən… Madelina ilə həddindən
artıq uzağa gedib çıxmısan?
– Əl çək! Həmişə ağlına qara-qura şeylər gəlir! Madelinanın əlinə toxunmağa belə layiq deyiləm. Mən
ona ancaq hörmətlə baxıram.
– Qətiyyən! Hörmət! Yaxşı, belə deyirsənsə, deməli, belədir! Uf! Sənin üçün, heç olmasa, nəsə etmək
istərdim. Hə, bir stəkan da iç! Barni! Cəld ol!
Bir neçə stəkan Martini dumanlı laqeydlik vəziyyətinə çatdırdı və ikinci kurs tələbəsi olan üç enlikürək
filoloqla döyüşə girmək istədiyini bildirdikdən sonra Klif qayğıkeşliklə onu sürüyüb evə apardı. Amma
səhəri gün Martinin başı dəhşətli dərəcədə ağrıyırdı və yalnız bir şeyi xatırlayırdı – səhər yeməyi zamanı
Leora və Madelina ilə görüşməlidir.
5
Madelina ilə birlikdə Zenitə getdiyi yarım saatlıq yol Martinə, az qala, qara buludlar kimi cansıxıcı
göründü. O, hər dəqiqəni onların hücumu ilə üz-üzəymiş kimi yaşamağa məcbur idi: yolda keçirdiyi otuz
dəqiqə başının üstünü qəddar bir düşmən kimi almışdı. İki dəqiqə sonra ehtiyatla məzəmmət eşitməyə
hazırlaşdığı vaxt iki dəqiqə əvvəl söylədiyi mənasız sözlər hələ də qulaqlarında cingildəyirdi. O, yol
yoldaşının diqqətinin görüşməli olduqları "böyük dostundan" yayındırmaq üçün əlindən gələni edirdi.
Axmaq kimi gülümsəyərək Barninin yanında keçirdikləri gecə haqqında danışır, çox uğursuz şəkildə
məzəli görünməyə çalışırdı. Madelina spirtli içkilərin və əxlaqsız insanlarla ünsiyyətin ziyanı haqqında ona
öyüd-nəsihət oxumağa başlayanda, Martin hətta sakitləşdi də. Amma yenə də Madelinanın fikrini
yayındıra bilmədi.
– Kimdir o – görüşməli olduğumuz bu adam? Belə müəmma nə üçündür? Oh, Martikins, siz məni ələ
salmaq istəyirsiniz? Bəlkə, biz, ümumiyyətlə, heç kimlə görüşməyəcəyik? Siz, sadəcə, bir müddətlik
anamdan qurtulmaq və mənimlə "Qrand-Otel"də əylənmək istəyirsiniz? Ah, bu necə də xoş olardı!
Çoxdan idi ki, günlərin birində "Qrand"da səhər yeməyi yemək arzusundaydım. Əlbəttə, məncə, orada
səliqəsizlik hökm sürür, amma hər halda, əzəmətlidir… Düz tapdım, əzizim?
– Yox, orada bizi kimsə… bir sözlə, biz həqiqətən də bir nəfərlə görüşəcəyik…
– Onda nə üçün siz mənə onun kim olduğunu söyləmirsiniz? Mart, baxın ha… səbrim tükənir.
– Yaxşı, deyəcəyəm. Bu kişi yox, qadındır.
– Oooo…
– Bu… Siz bilirsiniz ki, işimlə əlaqədar xəstəxanalara gedirəm və Zenit klinikasında bir neçə xəstə baxıcısı
mənə böyük köməklik göstərib (Onun nəfəsi kəsilir, gözləri qaralırdı. Səhər yeməyinin işgəncəsi onsuz da
qaçılmaz idi. O zaman cəzadan boyun qaçırmağın nə mənası vardı?), xüsusilə biri, xəstə baxıcısı deyil, əsl
möcüzədir. Onun xəstə baxıcılığı sahəsində o qədər məlumatı var ki. Mənə çoxlu yararlı məsləhətlər verir
və görünür, yaxşı qızdır. O, miss Tozerdir, adı isə, deyəsən, Lidir, ya da nəsə belə bir şey. Və o elə… Atası
Şimali Dakotada tanınmış adamdır, dəhşətli dərəcədə varlıdır… Böyük bankirdir… Düşünürəm ki,
insanlığın rifahı yolunda öz borcundan çıxmaq üçün xəstə baxıcılğı ilə məşğul olur…
Martin bu arada Madelinaya məxsus təmtəraqlı poetik tonla danışmağa müvəffəq oldu:
– Düşündüm ki, bir-birinizin xoşuna gələcəksiniz. Xatırlayırsınızmı, siz Moqalisdə idealları həqiqətən
dəyərləndirən… dəyərləndirən qızların necə az olmasından şikayətlənirdiniz.
– Hə-ə-ə, – Madelina hərəkətsiz baxışlarını uzaqlara zillədi və orada gördüyü şeylər onun xoşuna
gəlmədi, – Mən, əlbəttə ki, onunla tanışlığa çox şad olacağam. Sizin istənilən bir dostunuzla olduğu kimi…
Oh, Mart! Ümid edirəm ki, siz ona ilişmirsiniz? Sizin bütün bu xəstə baxıcıları və tibb bacıları ilə
dostluğunuzun o qədər də həddini aşmadığına inanmaq istərdim. Əlbəttə ki, bu məsələdə heç nə başa
düşmürəm, amma adətən onlardan bəzilərinin kişi dalınca qaçdığını eşitmişəm.
– Deməli, belə, icazə verin sizə deyim ki, Leora belələrindən deyil.
– Əlbəttə, şübhə etmirəm, amma… Ah, Martikins, siz, yəqin ki, səfeh olmayacaq və bu xəstə baxıcılarının
utanmadan sizinlə əylənməyinə imkan verməyəcəksiniz?! Bunu sizin xeyirnizə söyləyirəm. Onlar elə
səriştəlidirlər ki... Zavallı Madelina, o, kişi palatalarını boş-boş gəzə və bilik toplaya bilməz, siz isə, Mart,
özünüzü psixoloq hesab edirsiniz, amma vicdanla desək, istənilən bir zirək qız sizi barmağına dolaya bilər.
– Bilirsiniz nə var, özüm öz qayğıma qala bilərəm.
– Ah, sadəcə düşündüm ki… Düşünməzdim ki, siz… Ümid edirəm ki, sizin Tozer… Əminəm ki, o, mənim
xoşuma gələcək, sizin xoşunuza gəlibsə, amma… Axı sizin əsl məhəbbətiniz mənəm, doğru deyil?
Ömürlük!
Madelina – həmişə nəzakətli olan Madelina sərnişinləri nəzərə almır, onun əlini sıxırdı. O, elə açıqdan-
açığa qorxmuşdu ki, Leora haqqında söylədiyi sözlərdən Martinin ürəyində yaranmış hirs tədricən ağrı ilə
əvəz olundu. Təsadüfən Madelina baş barmağı ilə onun ovucunun içini bərk sıxdı. Martin sifətinə
mülayim ifadə verməyə çalışaraq yerindəcə qurcuxdu:
– Əlbəttə. Əlbəttə… Təbii ki. Madli, ehtiyatlı olun. Pəncərənin qarşısında oturmuş o qoca zırrama bizdən
gözünü çəkmir.
Martin Madelina ilə "Qrand-Otel"ə girənə qədər çəkdikləri ilə gələcəkdə edə biləcəyi bütün xəyanətlərə
görə artıqlaması ilə cəzalandırılmışdı.
"Qrand-Otel" 1907-ci ildə Zenitin ən yaxşı mehmanxanası sayılırdı. Kommivoyajerlar onu "Parker-
Hausz"la, "Palmer-hauz"la, "Vest-Otel"lə müqayisə edirdilər. Amma bir qədər sonra "Tornli"
mehmanxanası öz iddialı ciddiyyəti ilə onu kölgədə qoydu. İndi onun dama-dama mərmər döşəməsi çirkli
idi, dəbdəbəli qızılı rəngi solmuş, ağır dəri kresloları cırılana qədər sürtülmüş, siqar külü ilə örtülmüşdü;
bir sözlə, onu alverçilər zəbt etmişdi. Amma öz zamanında bu, Çikaqodan Pitsburqa qədər ən bahalı
mehmanxana, şərq sarayı hesab olunurdu. Giriş qapısı kərpic hörməli mavritan arkaları ilə
kölgələnmişdi. Vestibüldə ağ-qara mərmər döşəmə üzərində çəhrayı-mirvari-kəhrəba rəngli şüşə dam
örtüyünə doğru qalxan qızıla çəkilmiş yeddimərtəbəli eyvanlar görünürdü.
Martin və Madelina Leoranı vestibüldə tapdılar. O, bapbalaca qzcığaz, sütunun qarşısını tutmuş çox
böyük bir divanda əyləşmişdi. Leora sakit bir intizarla Madelinaya baxırdı. Martin fikir verdi ki, Leora,
doğrudan da, səliqəsiz geyinib. Onun bal iyi verən saçlarının qara şlyapanın altında yöndəmsiz yığılması
(şlayapa yox, əsl formasız göbələk idi) Martinin vecinə də deyildi, amma o Leoranın geyimi ilə (onun
üçüncü düyməsi qopmuş bluzu, dama-dama ətəyi, uğursuz açıq-qəhvəyi bolerosu vardı) Madelinanın
ciddi göy kostyumu arasındakı ziddiyyəti hiss etdi. Məyus idi, amma nədənsə bu hiss Leoranın əleyhinə
işləmirdi. Martin onları müqayisə etdiyi vaxt (o bunu tələbkar təkəbbürlü kişi kimi dikbaşlıqla deyil,
həyəcanla edirdi) Madelina onu daha çox qıcıqlandırırdı. Onun daha yaxşı libasda gəlməsi Martin üçün
təhqiramiz idi. Martin öz mehribanlığı ilə Leoranın müdafiəsinə qalxmışdı, onu qucaqlamağa və
düşməndən qorumağa can atırdı.
Martin dodaqaltı mızıldandı:
– …Mən düşündüm ki, siz. Qızlar, tanış olsanız yaxşıdır… Miss Foks, icazə verin miss Tozeri sizə təqdim
edim… Mənim kimi gicbəsərin birinə savaş şahzadəsinin iki qızını tapmaq xoşbəxtliyi nəsib olub…
Özü-özündə isə "Tfu, lənətə gələsən!"-dedi.
Qızlar bir-birinə bir neçə əhəmiyyətsiz söz deyənə kimi, o, onları "Qrand-Otel"in məşhur restoranına
tərəf sürüklədi. Burada yetərincə qızıl suyuna salınmış qəndillər, qırmızı məxmərli stullar, ağır gümüşlər
Dostları ilə paylaş: |