sutkada cəmi yeddi saat işləməli olurdular. Qalan vaxtlarda balıq tutur, çimir və meşə cığırları ilə
gəzişirdilər. Martin Moqalisə qayıdanda tam bir rahatlıq içərisində idi və hiss edirdi ki, Madelinaya daha
çox vurulub.
Onlar həftədə iki dəfə bir-birlərinə nəzakətli və üzrxahlıqla dolu məktub yazırdılar, sonra bu məktublar
daha ehtiraslı oldu və hər gün yazılmağa başladı. Madelinanı yayda onun doğma şəhərinə – Uinnemakın
Oqayo ilə sərhədinə apardılar. Şəhər Elk-Milzdən, Martinin vətənindən böyük idi, orada bir neçə kiçik
fabrik var idi, amma günəşin altında od tutub yanır və bəlkə də, elə buna görə başqa şəhərlərdən daha
çox darıxdırıcı görünürdü. Madelina böyük və yayğın xəttlə kağız üzərində qaçışaraq təəssüflənirdi:
"Ola bilər biz artıq heç vaxt görüşməyək, amma istəyirəm biləsiniz ki, sizinlə elm, ideallar və təhsil
haqqında apardığımız söhbətləri çox qiymətləndirirəm. Xüsusilə indi, burada, bataqlıqda batıb qalan
provansialların – oooo, bu, dəhşətlidir! – öz avtomobilləri və qulluqçu qadına nə qədər ödəmək
məcburiyyətində qaldıqları və bu kimi şeylər haqqında danışdıqları bir yerdə … siz mənə o qədər çox şey
vermisiniz ki… Amma mən də sizə xeyirli olmuşam, elə deyilmi? Mən heç də həmişə haqsız olmuram,
düzdür?"
"Mənim əzizim, mənim sevimli qızcığazım! – o kədərləndi, – "mən həmişə haqsız olmuram" yazır. Mənim
zavallım, mənim zavallı əzizim".
Yayın ortalarında yenə də nişanlı idilər; düzdür, bu aralar Viskonsindən olan gənc kassir qadın, incə ayaqlı
güləyən məktəb müəlliməsi Martini yüngülvari həyəcanlandırmışdı. Amma Madelina üçün o dərəcədə
darıxırdı ki, gecələr işdən imtina etmək haqqında düşünür, onun nəvazişli ağuşuna doğru uçmaq istəyir
və yuxusuz qalırdı.
Geri qayıdan qatar həm üzücü, həm də ağır-ağır hərəkət edirdi, Martin isə hirslənir, Madelina haqqında
şirin xəyallara dalırdı. İyirmi dəqiqə sonra onlar Madelinanın qonaq otağında səssizcə qucaqlaşırdılar.
Düzdür, daha iyirmi dəqiqə sonra qız artıq Klif Kloson, balıq ovu və dünyada olan bütün müəllimələr
haqqında nifrətlə danışırdı; amma çox keçməmiş onun ehtiraslı istəyi qarşısında göz yaşları içərisində
təslim oldu.
2
Üçüncü kurs Martinin başını lap gicəlləndirdi. Səhər tezdən fiziologiya, hazırlıq kursu, cərrahlıq,
nevrologiya, ginekologiya və mamalıq üzrə mühazirələri dinlə; nahardan sonra klinikaya get, mühitin
hazırlanmasını, Qotlib üçün şüşə qabların sterilləşdirilməsini izlə; təzə tələbələrə mikroskop, filtr və
avtoklavla necə rəftar etməyi öyrət; üstəlik elmi jurnallardan alman, ya da fransız dilində nəsə oxu;
həmişə də Madelina ilə görüş. Hər yerə yetişmək üçün Martin, sanki, özünü tarixi yarışmaya tələsdirirdi
və bu yarışmanın ən qızğın vaxtında ilk müstəqil işinə başlamışdı – ilk poemasına, araşdırılmamış
yüksəkliklərə doğru atılan ilk addıma.
O, dovşanları qarın yatalağına qarşı immunizasiya edirdi və güman edirdi ki, bu immunitetli heyvanlardan
götürülmüş qan zərdabını qarından götürülmüş basillə qarışdırdıqda basillər öləcək. Amma basillər
gözlədiyinin əksinə olaraq, acığa düşübmüş kimi, sürətlə artırdılar. Martin heyrət içində idi. Əvvəl elə
fikirləşdi ki, texnikada yanılıb, təcrübəni təkrar-təkrar apardı, gecəyarısına qədər işlədi, öz qeydləri
haqqında ətraflı fikirləşmək üçün səhər lap erkəndən oyandı. (Madelinaya yazdığı məktublar qara-qura
alınırdı, amma laboratoriya yazılarında nədənsə çox səliqəli idi). Təbiətin lazım olduğundan fərqli
hərəkət etdiyinə tamamilə əmin olduqdan sonra günahkar görünüşlə Qotlibin yanına yollandı:
– Lənətə gəlmiş basillər bu immunitetli zərdabda ölməli idilər, amma budur, ölmürlər. Yəqin,
nəzəriyyədə nəsə düzgün deyil.
– Cavan oğlan, siz elmin üstünə hücuma keçmisiniz? – Qotlib əlindəki dəftərləri stolun üstünə çırpa-çırpa
bağırdı, – elə bilirsiniz ki, immunologiyadakı ehkamlarının üstünə cummaq üçün kifayət qədər səriştəniz
var? Hm…
– Bağışlayın, cənab. Amma mən bu ehkamlarla heç nə edə bilmirəm. Budur. qeydlərim. Özüm də bu işi
dəfələrlə təkrar etmişəm. Amma özünüz də əmin ola bilərsiniz ki, aldığım nəticələr eynidir. Mən
müşahidələrdə nə əldə etdiyimi yaxşı bilirəm.
Qotlibin üzü gülürdü.
– Sizə öz yepiskop xeyir-duamı verirəm, mənim balam! Düz hərəkət edirsiniz! Müşahidə edin və
müşahidələriniz elmin sonadək qəbul etdiyi fikirləri təkzib edirsə, o zaman onları rədd edin! Çox şadam,
Martin. Amma indi "niyə"sini axtarın. Görün, işin içində hansı qanun gizlənib.
Adətən Qotlib onu "Erousmit" adlandırırdı, ya da sadəcə "siz" deyirdi; Hətta sadəcə, "hm" dediyi vaxtlar
da olurdu. Hirsləndikdə isə digər tələbələrə müraciət etdiyi kimi, "doktor" – deyə çağırırdı. Ancaq ən
əhəmiyyətli dəqiqələrdə onu "Martin" adlandırmağa layiq görürdü. Hər dəfəsində də bu gənc hər
hadisənin arxasında gizlənən sirli "niyə"ləri axtarmağa və heç zaman tapmamağa ruhlanmış bir ovqatla
onun yanından çıxıb gedərdi.
3
Bir gün Qotlib onu böyük Zenit Şəhər xəstəxanasına – maraqlı bir xəstədən meninqok ştammı almağa
göndərdi. Hövsələsi daralmış qeydiyyatçı (ona pasientin familiyasını, dini mənsubiyyətini, işlədiyi
müəssisənin ünvanını yazmaq daha vacıb idi; kiminsə haradasa ölməsi, yoxsa ağlı-göylü gözəl lineliuma
tüpürməsi, ya da şəhərdə veyllənərək meninqokları toplamaqla məşğul olması qətiyyən maraqlı deyildi.
Təki kitaba ünvanlar səliqə ilə qeyd edilsin) təkəbbürlə ona "D" palatasına qalxacağını söylədi. Martin
uzun dəhliz boyunca, çarpayılarda əyləşmiş sarı sifətli, bez köynəkli qoca qadınların boylandığı saysız-
hesabsız qapıların yanından keçərək gedir və çalışırdı ki, özünə ciddi görkəm versin. İstəyirdi onu həkim
hesab etsinlər, amma nədənsə içində yalnız çaşqınlıq vardı.
O, bir neçə baxıcı qadının yanından tələsik ötdü, əməliyyata yubanan yaxşı cərraha layiq şəkildə hamı ilə
başıyla salamlaşdı (bəlkə də, fikirləşirdi ki, belə lazımdır). Martin gələcəyi parlaq olan gənc cərraha
bənzəmək istəyinə o qədər qapılmışdı ki, bir də ayıldı ki, xəstəxanada azıb, özü də pullu palatalar üçün
ayrılmış hissəyə gəlib çıxıb. O gecikmişdi. Bundan sonra üzündəki ciddiliyi qoruyub saxlamağa artıq
zamanı yox idi. Martin də bütün kişilər kimi, yolu soruşaraq öz məlumatsızlığını etiraf etmək istəmirdi;
amma istəməsə də palatalardan birinin qapısının ağzında dayandı; baxıcı-təcrübəçi qız döşəmə yuyurdu.
O, alçaqboylu və incəbədənli idi, əynində göy rəngli cod sarjadan paltar, çox böyük ağ döşlük vardı,
alnına dəyirmi rezinlə bərkidilmiş ləçək keçirmişdi; mundir ən azından sabunlu su ilə doldurulmuş vedrəsi
qədər görkəmsiz idi. Təcrübəçi canlı, açıq-saçıqlıq dolu gözlərini Martinə zillədi.
– Xanım qız, – Martin dedi, – mənə "D" palatası lazımdır.
Qız tənbəl-tənbəl sözü uzatdı:
– La-zım-dır?
– Bəli, işinizə mane olmuramsa, deyərdiniz…
– Eyibi yoxdur, mane olun. Lənətə gəlmiş baş tibb bacısı tapşırıb ki, döşəməni təmizləyim, halbuki bizdən
belə bir şey tələb etməyə ixtiyarı yoxdur. Səbəbi də budur ki, məni siqaret çəkən yerdə tutub. O,
küpəgirən qarıdır. Sizin kimi ağzından süd iyi gələn uşağı görsə, qulağınızdan tutub bayıra tullayacaq.
– Lütfkar xanım, bilmək istəsəniz…
– Aha! "Lütfkar xanım, bilmək istəsəniz…" Lap bizim şəhərimizdəki qoca müəllim kimi danışırsınız…
Qızın etinasız, laqeyd nəşəsi, Martinlə, sanki, vağzalda bir-birinə dil göstərən iki oğlanmışlar kimi
danışması professor Qotlibin gənc və ciddi assistentinin xoşuna gəlmədi.
– Mən doktor Erousmitəm, – o nərildədi, – və mənim əldə etdiyim məlumata görə, hətta təcrübə
keçənlərə belə öyrədirlər ki, baxıcı qadınların ilk vəzifəsi həkimlə danışanda ayağa qalxmaqdır.
Məlumunuz olsun ki, "D" palatasına getmək və çox təhlükəli bir mikrobun ştammını almaq istəyirəm, lütf
edib mənə yolu göstərsəniz…
– Ay-ay-ay, yenə də cəzalandırılacağam! Görünür, hərbi nizam-intizama alışmaq mənlik deyil. Yaxşı. Qoy
belə olsun, qalxaram, – o ayağa qalxdı. Qızın hər hərəkəti pişik qaçışı kimi sürətli və rəvan idi, – geri
qayıdın, sağa dönün, sonra da sola. Sizə qarşı ədəbsizlik etdimsə, bağışlayın. Xəstə baxıcılarının
yaltaqlanmalı olduğu qoca kaftar həkimləri görsəydiniz… Vicdanla deyin, doktor – siz, doğrudan da,
həkimsinizsə…
Dostları ilə paylaş: |