istəyirsən? Balda səni gözəl bir qızla gördüm. Bəlkə, o da bizimlə gəlmək istəyər, özü ilə də hansısa
rəfiqəsini gətirər?
– Yaxşı… ona zəng edərəm. Çox lütfkarsan…
Leora razılaşdı və özü ilə Nelli Bayers adında təcrübəçi tibb bacısını gətirəcəyinə söz verdi. Amma elə
buna görə də Martin dalğın bir düşkünlüyə qapılaraq şübhələnməyə başladı:
"Görəsən, doğrudanmı, dünən onun başı ağrıyırdı?"
"Görəsən, o biletləri necə əldə edib? Kimsə bağışlayıbmı?"
"Görəsən, o, niyə ağsaqqal Silvanın dördüncü qızını dəvət etmir? Birdən o, Leoranı küçə qızı hesab
edər?"
"Şübhəsiz ki, o, heç vaxt heç kimlə sözün əsl mənasında dalaşmır. Bizim hamımızla da dostluq
münasibətində olmaq istəyir ki, zamanı gələndə əməliyyat olunmaq üçün yanına xəstə göndərək. Axı o
vaxtlar biz əyalətlərin hansındasa mənasız həyat keçirəcəyik, o isə dahi və yeganə olacaq".
"Nə üçün belə asanlıqla təslim oldum?"
"Cəhənnəmə ki! Təki Leora sevinsin… Şəxsən mənim belə bir əyləncəyə ehtiyacım yoxdur… Bununla belə,
əlbəttə ki, gözəl geyimli gözəl qadınlara baxmaq və başqalarından heç də pis geyinməmək yaxşı olardı".
6
Səssiz qərbi Zenit üçün "orijinal Nyu-York tamaşası" hadisə demək idi (pyesin özü necə olursa-olsun).
Dodstvort Teatrı ağzınacan Royal-Ricdəki möhtəşəm evlərdən gəlmiş aristokratlarla dolu idi. Leora və
Nelli Bayers zadəganlara heyranlıqla baxırdılar – İelsk Universitetinin, Harvard və Prinstonun yetirmələri,
vəkillər və bankirlər, avtomobil zavodlarının sahibləri və daşınmaz əmlak varisləri, qolf virtuozları, Nyu-
Yorku yaxşı tanıyanlar… Onların hamısı diqqət çəkən xanımları ilə birlikdə ilk sıralarda əyləşmişdilər. Miss
Bayers "Şəhər xəbərləri"ndə tez-tez adları hallanan Dodsvordları tanıdı.
Leora və miss Bayers əsərin qəhrəmanı qubernatorluqdan imtina etdikdə ona valeh oldular. Martin
tamaşadakı qadının Leoradan gözəl olduğuna görə təşvişə düşdü. Anqus Dyuer (o, bütün tamaşalar
haqqında hər şeyi bildiyini göstərməyə çalışırdı, halbuki, həyatı boyu cəmi beş-altı tamaşa görmüşdü)
etiraf etdi ki, "Adirondaks dağlarında Cek Vanduzenin düşərgəsi. Növbəti gün. Qürub" səhnəsini təsvir
edən dekorasiyalar çox gözəldir.
Martin qonaqpərvər əhval-ruhiyyədə idi. O, hamını şam yeməyinə qonaq edəcəkdi. Özü də kimsədən
etiraz eşitmək istəmirdi. Miss Bayers xatırlatdı ki, on ikiyə on beş dəqiqə qalmışa qədər xəstəxanaya
qayıtmalıdırlar, amma Leora laqeyd halda dedi:
– Eeee, vacib deyil. Pəncərədən girərəm. Səhər-səhər yerimizdə olarıqsa, qoca pişik bizim gec
qayıtdığımızı heç cür sübut edə bilməz.
Miss Bayers başını bulayaraq təklifi qəbul etmədi və tramvaya doğru yüyürdü. Leora, Anqus və Martin
isə Epşteynin "Köhnə Yurinberq" kafesinə papye-maşedən hazırlanan yaraqlara baxa-baxa və tünd
içkilər haqqında alman kəlamlarını eşidə-eşidə birlikdə xüsusi dad verən isveç pendiri ilə pivə içməyə
yollandılar.
Anqus Leora ilə Martinə məhəbbət dolu baxışmasını müşahidə edir, Leoranı təpədən-dırnağa süzürdü.
Hə, ağıllı bir cavan oğlan qızla dostlaşıb, amma bu qız onun cəmiyyətdə böyük müvəffəqiyyət
qazanmasına səbəb ola bilməyəcək. Gəncliyə xas olan qarşılıqlı ehtiras, yəqin ki, Martinlə Leora arasında
da var idi. Amma görünür, Anqus üçün bu, anlaşılmazı idı. O qərara gəldi ki, Leora asanlıqla əldə oluna
bilər. Nəzakətlə Martinə göz vuraraq, qızı bişirməyə başladı.
– Ümid edirəm ki, tamaşa xoşunuza gəlib? – o iltifat göstərdi.
– Ah…Hə…
– Eh, sizin ikinizə də qibtə edirəm. Əlbəttə, qızların romantik gözlü Martinə nə üçün vurulduqlarını başa
düşürəm. Mənim kimi quru adam isə elə hey işləməli, işləməlidir… Heç kimin mənə yazığı gəlmir.
Təəssüf! Amma öz qismətimə layiqəm, çünki qadınlardan çəkinirəm.
Leora gözlənilmədən meydan oxuyurcasına danışdı:
– Kimsə belə danışırsa, bu o deməkdir ki, o qadınlardan qətiyyən çəkinmir, sadəcə, onlara nifrət edir.
– Nifrət edir? Nə danışırsınız, əzizim, vicdanla desək, mən don Juan olmaq arzusundayam. İş orasındadır
ki, bacarmıram. Bəlkə, siz mənə öyrədəsiniz? – Anqus tərbiyə yağan səsi ilə yaltaq-yaltaq soruşdu. O,
hind donuzunun əməliyyatında olduğu kimi, fikrini bütünlüklə bir istiqamətə – Leoraya yönəltmişdi.
Leora aradabir Martinə baxıb gülümsəyirdi. Sanki, baxışları ilə ona "Qısqanma, ay dəli. Məni yoldan
çıxarmağa çalışan bu adama qarşı tamamilə laqeydəm", – deyirdi. Amma Anqusun riyakar arxayınlığı,
onun gözlərinə, hazırcavablığına, təvazökarlığına söylədiyi təriflər qızı yüngülcə məst etmişdi.
Martinin qısqanclıqdan ürəyi bulanırdı. O, getmək lazım gəldiyini bildirdi. Leora həqiqətən də işə çox gec
qayıda bilməzdi.
On ikidən sonra tramvay nadir hallarda işləyirdi və ona görə də onlar xəstəxanaya piyada yollandılar.
Küçələrin səssizliyində ayaq səsləri aydın eşidilirdi. Leora ilə Anqus hələ də gərgin və mənasız söhbəti
davam etdirirdilər, Martin isə onların yanı ilə sakitcə, qaraqabaq və öz qaşqabaqlılığı ilə məğrur-məğrur
addımlayırdı. Qarajlar arasındakı keçidlərdən adlayaraq Zenit xəstəxanasına – bütün kvartal boyu
uzanan iri binaya çatdılar; işıqsız pəncərələr beş cərgə boyunca sıralanmışdı, təkcə bir neçə yerdə zəif
ləkə kimi işıq görünürdü. Ətrafda bir dənə də olsun ins-cins gözə dəymirdi. Birinci mərtəbənin
pəncərələri yerdən cəmi beş fut hündürdə yerləşirdi. Martin Anqusla birlikdə köməkləşərək Leoranı
dəhlizdəki yarıaçıq pəncərənin daş çıxıntısı üstünə qaldırdı. Qız aşağı sürüşərək pıçıldadı:
– Təşəkkür edirəm! Gecəniz xeyirə qalsın!
Martin ürəyinə boşluq və narahatlıq hakim kəsilmişdi. Gecə soyuq və qəmli idi. Gözlənilmədən onların
başı üstündəki pəncərədə işıq yandı və iniltiyə çevrilən qadın çığırtısı eşidildi. Martin ayrılığın faciəsini
yaşayırdı: onsuz da həyat qısadır, o, isə hər dəfə Leora ilə birlikdə olmaq imkanını əldən verir.
– Onun dalınca keçəcəyəm, baxım görüm sağ-salamat çatdımı? – dedi.
Pəncərənin buz bağlamış altlığı öz soyuqluğu ilə onun əllərini yandırdı. Buna baxmayaraq, o tullandı, dizi
üstə qalxdı, pəncərədən tələsik içəri girdi. Balaca elektrik lampası ilə işıqlanan dəhlizdə – ondan irəlidə
Leora çömələrək pilləkənə doğru gedirdi. Martin – o da çöməlmişdi – qızın dalınca qaçdı. O, yaxınlaşıb
Leoranın əlindən tutanda qız qışqırdı.
– Necə lazımdır sağollaşa bilmədik, – Martin mızıldandı, – bu lənətə gəlmiş Dyuerə görə…
– S-s-s-s! Səni burada tutsalar, məni öldürəcəklər! İstəyirsən ki, məni qovsunlar?
– Bəs səni mənə görə qovsalar, heyifslənərsən?
– Hə… daha doğrusu, yox… amma o zaman sən də universitetdən atıla bilərsən, mənim əzizim. Əgər…
Martinin nəvaziş dolu əlləri hiss etdi ki, qız həyəcandan titrəyir. Martin dörd gözlə dəhlizin dərinliyinə
baxır və onun qızışmış fantaziyası gizlənən siluetlər, qapıdan boylanan gözlər yaradırdı. Leora, nəhayət,
cəsarətə gələrək köksünü ötürdü:
– Burada danışmaq olmayacaq. Gedək mənim otağıma. Mənimlə qalan qız bir həftəlik gedib. Bax,
burada, kölgədə dayan. Yuxarıda heç kim olmasa, dalınca gələcəyəm.
O, dəhlizlə qızın ardınca yavaş-yavaş addımlayırdı. Nəhayət, ağ qapıya çatdı, nəfəsini saxlamağa çalışaraq
kandardan içəri girdi. Qapı bağlanan kimi, bu yoxsul otaq onu bərk həyəcanlandırdı. Açılıb-yığılan
çarpayı, ailə üzvlərinin şəkilləri və döşəkağının əzilmiş görünüşü… Martin Leoranı qucaqladı, amma
əllərini onun sinəsinə dayayan qız müqavimət göstərərək gileylənirdi:
– Sən yenə də qısqandın! Sən necə mənə etibar etməyə bilərsən? Özü də belə bir axmağa görə! De, rica
edirəm… Qadınlar onu sevmirlər! Onu sevməyə çalış görüm! O, özü-özünü həddindən artıq çox sevir!
Sən isə məni ona qısqandın!
– Qısqanmırdım… Ancaq… hə, başqa cür ola da bilməz! Oturub, özü də səninlə arama girib kaftar kimi
gülümsəyirdi… Mən isə səninlə danışmaq, səni öpmək istəyirdim! Yaxşı! Boynuma alıram ki, səni həmişə
qısqanacağam. Sən özün mənə etibar etməlisən. Heç nəyə yüngül baxmıram, həmişə də belə olacaq…
Ohh, inan mənə…
Onların dərin, ehtiraslı öpüşü Anqusla hədər yerə itirilmiş gecədən sonra ikiqat məstedici idi. Hər ikisi
unutmuşdu ki, baş tibb bacısı qəzəblə içəri soxula bilər. Yaddan çıxarmışdılar ki, Anqus aşağıda gözləyir.
"Cəhənnəm olsun Anqus, qoy evə getsin!" Martin yalnız göz qapaqları yumulanda və uzun sürən
tənhalığı qeyb olanda düşünməyə macal tapa bildi.
Dostları ilə paylaş: |