Üç gün sonra Martin Uinnemakda tibb fakültəsinin dekanı doktor Silvanın kabinetində idi.
X FƏSİL
1
Dekan Silvanın katibəsi heyranlıq dolu baxışlarını qaldırdı və qeyri-adi bir hadisə baş verəcəkmiş kimi
diqqətlə ona baxdı. Martin qısaca dedi:
– Dekanı görə bilərəmmi? – sonra üsulluca "Doson Xinzikerin əczaçılıq təqvimi"nin altında sırayla
düzülmüş stulların birində əyləşdi. Kabinetin tutqun şüşəli qapısı onun qarşısında təmtəraqla açılanda,
doktor Silva Martini zabitəli baxışlarla qarşıladı. Balaca adam oturduğu yerdə çox yekə görünürdü: onun
çox qabarıq alnı vardı, bığları isə elə parlayırdı ki…
– Hə, cənab?
Martin sözə başladı:
– Məni qəbul etsəniz… Geri qayıtmaq istərdim… Səmimi qəlbdən sizdən üzr istəyirəm, doktor Qotlibdən
də üzr istəyəcəyəm, amma düzünü desəm, Klif Kolsonla bağlı məsələdə yenə də əvvəlki fikirdəyəm.
Doktor Silva, özündən çıxaraq yerindən sıçradı. Martin özünü güclə ələ alırdı. Onu daha əvvəlkitək
salamlamırdılar… Onun daha heç yerdə evi yox idi! Martin mübarizə apara bilmirdi. Onun bütün cəsarəti
tükənmişdi. O yorucu səfərlərdən və Tozerlərin üstünə qışqırmamaq üçün özünü sıxmaqdan o qədər
yorulmuşdu ki! Martin möhkəm yorulmuşdu! O, kədər dolu gözlərlə dekana baxırdı.
– Zərər yoxdur, mənim balam! – balaca adamcığaz dedi, – Hər şey qaydasındadır! Qayıtmanıza sevinirik!
Üzrxahlıq lazım deyil! Mən də istəyirdim ki, birtəhər özünüzə gələsiniz. Sevinirəm ki, yenə buradasınız.
Sizə inanırdım, amma düzünü desəm, bir ara narahat olmağa başlamışdım. Çünki sizi itirməkdən
qorxurdum. Ay dəlisov!
Martin hönkürürdü, o, özünü ələ ala bilmək üçün həddindən artıq zəif idi, bəli, həddindən artıq zəif və
tənha… Doktor Silva isə onu sakitləşdirməyə çalışırdı:
– Hər şeyi təkrar gözdən keçirərik, problemin səbəbini axtararıq. Sizin üçün nə edə bilərəm? Başa düşün,
Martin, mən nə qədər mümkündürsə, dünyaya yaxşı həkimlər, dahi şəfavericilər vermək istəyirəm. Sizin
əsəbləriniz niyə belə korlanıb? Siz harada idiniz?
Martin söhbət əsnasında Leora və öz evliliyi haqqında danışanda, Silva dodaqaltı mızıldandı:
– Çox şadam! O görünür, çox yaxşı qızdır! Lap əla, biz sizi bir ildən sonra Zenit xəstəxanasına işə
düzəltməyə və arvadınızı yaxşı saxlaya bilmək üçün imkan yaratmağa çalışarıq.
Martin Qotlibin "bu sevincli toy mərasimini, daha doğrusu, buxov cingiltisini" nə qədər tez-tez və acı
istehza ilə lağa qoyduğunu xatırladı. O, otaqdan Silvanın şagirdi kimi çıxdı; getdi ki, var qüvvəsi ilə
oxumağa girişsin; amma Martin, eyni zamanda, ziyalı və divanə Maks Qotlibi öz dünyasından harasa
sürgünə yolladı...
2
Leora yazırdı ki, uzun müddət dərslərdə iştirak etmədiyi və ərə getdiyi üçün onu Tibb Bacıları
Məktəbindən çıxarıblar. O, ərə getməsi ilə bağlı xəbəri xəstəxana müdriyyətinə atasının verdiyini
fikirləşirdi. Sonra yazırdı ki, stenoqrafiyanı öyrənmək üçün gizlincə kitab gətirdib və Bertə kömək etmək
bəhanəsi ilə bankda yazı makinasında məşq etməyə başlayıb. Deyirdi ki, payızda Martinin yanına gəlmək
və özünü dolandıra bilmək üçün stenoqrafiya ilə məşğul olmaq fikrindədir.
Məktubların birində Martin Leoraya tibbin daşını atıb başqa işə girişəcəyini və onu öz yanına çağıracağını
yazdı. O, isə bu təklifi rədd etdi.
Düzdür, Leoraya və yeni Allahı olan dekan Silvaya münasibətdə Martin, az qala, tərki-dünyaya
çevrilmişdi. İçki də içmirdi. Tibbin qanunlarını soyuq başla mənimsəməyə çalışırdı… Bununla belə, həmişə
Leoraya qarşı yaşadığı həsrətin havasız fəzasında uçurdu... O, hər gün pansiona qayıdanda sonuncu
kvartalı demək olar, qaça-qaça gedirdi ki, görsün, Leoradan məktub gəlib, ya yox…
Gözlənilmədən Martinin ağlına maraqlı bir fikir gəldi. O, artıq bir neçə dəfə utanmağın nə olduğunu hiss
etmişdi. Ona görə də yeni, növbəti utancaqlıq artıq onun üçün qorxulu görünmürdü. O, qərara gəlmişdi
ki, pasxa tətillərini keçirmək üçün Leoranın yanına yollanacaq; Leoranın Zenitdə stenoqrafiyanı
öyrənməklə məşğul olduğu müddətdə Tozeri ona pul göndərməyə vadar edəcək… Beləliklə də, təhsilinin
sonuncu ili Leora onun yanında olacaq. Martin Elk-Milzdən iki aylıq çekini alıb Klifə olan yüz dollarlıq
borcunu qaytardı və xərclərini son sentinə qədər hesabladı... O, bərk ehtiyacı olan kostyumu almazsa,
birtəhər dözmək olardı. Və bu aydan sonra gündə cəmi iki dəfə yemək yeməyə başladı: səhər yeməyi
ancaq yağ– çörək və kofedən ibarət olurdu. O paltarlarını özü yuyur və özündən çıxdığı vaxtlar nəzərə
alınmazsa, demək olar ki, nadir hallarda çəkirdi.
Uitsilvaniyaya qayıdış Martinin ilk qaçışına bənzəyirdi. Sadəcə, indi o, vaqonun plüş üzlü qırmızı
divanında uzanaraq aradabir bərk yuxuya gedir və bütün yol boyu yol yoldaşları ilə daha az söhbət edirdi.
Əvəzində isə ginekologiya və daxili xəstəliklərlə bağlı kitabları dərindən öyrənməyə çalışırdı. O, Leoraya
göndərdiyi məktubda qıza bəzi təlimatlar vermişdi. Təlimata uyğun olaraq Leora Martini Uitsilvaniyanın
kənarında qarşıladı və onlar bir neçə kəlmə danışıb, öpüşdülər.
Adətən Uitsilvaniyada xəbərlər gecikmədən yayılır. Başqalarının işi burada insanlarda heç də az maraq
doğurmur. Və Martinin bir dəfə belə rastlaşmadığı adamlar gəldiyi ilk dəqiqədən başlayaraq, gözlərini
çəkmədən onu izləyirdilər. Cinayətkar cütlük Tozerlərin uydurma "sümük" qəsrinə yaxınlaşanda Leoranın
atası və qardaşı artıq öz yerlərini tutmuşdular. Hər ikisi özündən çıxmışdı. Qoca Endryu Cekson qışqıraraq
onlara tərəf atıldı. O dedi ki, Martinin birinci dəfə dərslərdən qaçması, ola bilər, ağılsızlıq deyildi, amma
bu hərəkəti ikinci dəfə təkrar etməsi, əməlli-başlı dəlilikdir… Bu söhbəti dinləyən Martin və Leora əsl sui-
qəsdçilər kimi altdan-altdan gülümsəyirdilər.
Sonra Bert hay-həşir salıb dedi:
– Ser, Allah şahiddir ki, ağ eləmisiniz (Bert hər halda, roman oxuyurdu). Allahın adını hər dəqiqə yada
salmaq istəmirəm, amma siz ikinci dəfə peyda olur və bacımı başdan çıxarırsınızsa, mən ancaq bir şey
deyə bilərəm: bu artıq ağ oldu!
Martin fikirli halda pəncərəyə tərəf boylandı. O dəqiqə də yaxınlıqdakı çirkli körpüdən adlayan üç nəfəri
gözü aldı. Onların hər üçü böyük maraq və ümid hissi ilə Tozerlərin evinə tərəf boylanırdılar.
Martin yenidən Tozerlərə baxaraq qətiyyətlə danışmağa başladı:
– Cənab Tozer, mən ciddi-cəhdlə işləyirəm. Hər şey çox gözəl gedir. Amma arvadımdan ayrı yaşamaq
istəmirəm. Onun dalınca gəlmişəm. Qanuna görə, siz mənə mane ola bilməzsiniz. Mübahisəyə
başlamadan boynuma alıram ki, həqiqətən də indi onu saxlamaq imkanına malik deyiləm. Xüsusilə də,
universitetdə qalıramsa. Amma çıxış yolu var. O, stenoqrafiyanı öyrənəcək. Bir neçə aydan sonra özü-
özünü təmin edəcək, o vaxta qədər isə ümid edirəm ki, heç olmasa, nəzakət xətrinə ona pul
göndərəcəksiniz.
– Bu, doğrudan da, lap ağ oldu, – Tozer dedi, Bert isə onun sözünü göydə tutdu:
– O, təkcə qızın həyatını məhv etmir… Onun bizdən arvadını saxlamaq üçün pul tələb etməyə də cəsarəti
çatır.
– Çox yaxşı. Necə istəyirsiniz. Kursu bitirərək ixtisas ala bilsəydim, zamanı gələndə bu, həm onun üçün,
həm sizin üçün, həm də mənim üçün yaxşı olacaqdı. Amma bizə kömək etmək istəmirsinizsə, universiteti
atıram və işləməyə başlayıram. Leoranın qayğısına özüm qalaram. Onu da bilin ki, Leoranı heç vaxt
görməyəcəksiniz. Bundan sonra da eşşəklik etmək fikrindəsinizsə, biz onunla gecə qatarı ilə Kaliforniyaya
gedəcəyik, vəssalam.
Tozerlərlə bir əsrlik mübahisə dövründə Martin ilk dəfə idi ki, melodramatik hərəkət etdi: yumruğunu
Bertin burnuna tərəf qaldırdı:
Dostları ilə paylaş: |