– Bizim getməyimizə mane olsanız, halınıza yanan gərək… Bütün şəhər sizə güləcək… Hə, Leora, nə
deyirsən? Mənimlə həmişəlik getməyə hazırsan?...
– Hə, – o cavab verdi.
Bundan sonra müzakirələr başladı. Özü də qızğın müzakirələr… Tozer və Bert özünümüdafiə mövqeyinə
keçdilər. Onlar heç kimin onlara əmr etməsinə imkan verməyəcəklərini deyirdilər.
Bundan başqa,
Martinin fırıldaqçı olduğunu söyləyirdilər. Leora haradan bilir ki, Martin özü ona göndərilmiş pulun
hesabına yaşamaq fikrində deyil… Amma sonunda Tozerlər, nəhayət, geri çəkildilər. Çünki qarşılarında
dayanan adamların yeni, yetkinləşmiş Martin və tamamilə fərqli, cəsarətlə baxan
Leora olduğunu
gördülər. Onu da gördülər ki, onların hər ikisi bir-biri üçün çox şeydən keçə bilərlər.
Cənab Tozer köksünü ötürdü və kontorda işə hazırlaşdığı müddətə qızına ayda yetmiş dollar
göndərəcəyinə söz verdi.
Uitsilvaniya stansiyasında vaqonun pəncərəsindən baxa-baxa Martin başa düşdü ki, Endryu Cekson Tozer
– gözlərindəki həyəcanı gizlədən, ağlamamaq üçün dodaqlarını büzüşdürən bu adam öz qızını
çox sevir
və onun getdiyinə görə qüssələnir.
3
Martin Zenitin şimal qurtaracağında, Moqalisə və işlədiyi xəstəxanadan universitetə bir neçə mil daha
yaxın yerdə Leora üçün otaq tapdı: çirkli, amma rahat kreslosu olan, kvadrat formalı, açıq mavi rəngli
otaq. Pəncərələr cansıxıcı, alaq otu basmış boş bir çöllüyə açılırdı. Bu boşluq uzaqdan işaran dəmir
yoluna qədər uzanırdı. Evin sahibəsi yupyumru, romantikaya meylli bir alman qadını idi.
Bəlkə də, qadın
onların evli olduqlarına inanmadı. Amma o yenə də mehriban idi.
Leoranın çamadanı gəlib çıxdı. Stenoqrafiyaya aid kitablar səliqə ilə balaca stolun üstünə düzüldü,
çəhrayı rəngli keçə ayaqqabılar ağ dəmir çarpayının altına yerləşdirildi. Martin çox böyük sahibkar iftixarı
ilə pəncərənin qabağında Leorayla yanaşı dayanmışdı. Və birdən o, elə gücdən düşdü, elə yoruldu ki,
sanki, hüceyrələrini bir-birinə bağlayan müəmmalı "sement" əriyib itirdi. Martin elə bildi ki, indicə
özündən gedəcək.
Amma o, ayaqlarını düzəltdi, başını arxaya atıb, dişlərini bir-birinə sıxdı, özünü ələ aldı və ucadan dedi:
– Bizim ilk evimiz!
Leora ilə sakitcə və əngəl olmadan təklikdə qala bilməsi onu məst edirdi.
Onların adi otaqları qeyri-adi işıqla dolmuşdu… Ətrafda hər şey aprel günəşinin şəfəqi altında parlayırdı.
Çöldə isə sərçələr cikkildəyirdi.
4
Leora Zenit Universitetində maliyyə və kargüzarlıqla bağlı mühazirələrdə iştirak edirdi. Bu ad altında
stenoqrafçılar, hesabdarlar, ABŞ-ın universitetinə qəbul ola bilməmiş Zenit pivəçəkənləri və siyasətçilər
üçün böyük, həm də kifayət qədər iyrənc bir məktəb gizlənirdi. O, hər səhər
məktəbli kimi dəftər və
qədlənmiş qələmlə tramvaya tərəf gedir, tələbələrin dəstəsində itirdi. Leora stenoqrafiyanı yaxşı
mənimsəyənə və sığorta şirkətində yer alana qədər düz altı ay keçdi.
Martin kursu bitirənə kimi bu otaq – onların ilk evi – getdikcə daha sevimli olurdu. Bu köçəri quşlar
olduqca evdar idilər. Bir həftədə iki gecədən az olmayaraq Martin Moqalisdən bura öz kitablarının
ardınca gəlirdi. Leora ona mane olmur, sevilməsini tələb etmirdi. Belə ki, Martin səsli-küylü, deyingən,
hay-həşir salan Klifin yanında buna müvəffəq olmasa da, burada çox asanlıqla öz kitablarına qapıla bilirdi.
Eyni zamanda, Leoranın yanında olması onda ilıq, xoş bir duyğu oyadırdı. Tez-tez gecəyarısı aclıq hiss
etməyə başlayırdı. Elə bu vaxt möcüzə kimi buterbrodlar qoyulmuş nimçə əlinin altında peyda olurdu.
Leora onu mühafizə edirdi. O, həmişə Martinin üstünə hücum çəkməyə hazır olan Dünyanı ondan
uzaqlaşdırmağı bacarırdı.
Gəzinti zamanı, nahar süfrəsi arxasında, çiyinlərinə şərf ataraq çarpayının kənarında ləzzətlə oturduqları
və səhər yeməyindən əvvəl siqaret çəkdikləri on beş dəqiqə ərzində Martin Leoraya öz işini izah edirdi.
Leora isə dərslərini yekunlaşdıraraq onun hansısa kitabını oxumağa çalışırdı. Düzdü, Leora heç vaxt tibbi
dərindən öyrənməmişdi,
amma bununla belə, Martinin dünyagörüşünü və onun işinin əsas prinsiplərini,
deyəsən, Anqus Dyuerdən daha yaxşı başa düşürdü. Martin Qotlibə sitayişdən və laboratoriyaya
müqəddəs yer kimi meyildən imtina edib, yaxşı həkim olmaq qərarını versə də, o hələ də Qotlibin
yolunu birdəfəlik tərk etməmişdi. O, oxuduğu detallar və vahiməli səslənən terminlər siyahısının
arxasında hadisələrin
səbəbini, ümumi qanunları axtarırdı. O qanunları ki, bir-birinə bənzəməyən və bir-
birinə zidd olan simptomların xaosunu kimyanın məntiqli quruluşuna aparıb çıxara bilərdi.
Şənbə axşamı onlar adətən kinoya gedirdilər. Kovboy Billi Andersonun və sonralar Meri Pikford adı ilə
məşhurlaşan qızın iştirak etdiyi iki hissəli filmə baxırdılar. Geri qayıdanda isə yoldan keçənlərə fikir
vermədən filmin süjetini təmkinlə müzakirə edirdilər. Bazar günləri ciblərinə dörd buterbrod və zəncəfilli
el dürtərək şəhər ətrafına gəzməyə yollanırdılar. Martin ilə Leora təpələrdə və yarğanlarda bir-birini
qova-qova qaçışır, təmkini bir kənara tullayaraq, şad-xürrəm uşaqlara çevrilirdilər. Axşamlar Leoranın
yanına gələrkən o, iş yerinə yaxın bir yerdə yuxudan ayıla bilsin deyə, Moqalisə gedən gecə tramvayına
çatmağa çalışırdı.
Martin artıq hər qərarı qətiyyətlə verirdi. Leora isə onun işgüzarlığı ilə fəxr edirdi… Amma Martin heç
vaxt tramvaya çata bilmirdi. Artıq ilk səhər tramvayının konduktorları da
belini bükərək arxa skamyada
əyləşən, rəngi ağarmış inadkar gənc oğlana adət etməyə başlamışdılar. Bu oğlan qalın qırmızı kitabların
səhifələrini gözünə təpərək dalğın halda o qədər də dadlı olmayan bulka yeyirdi. Amma bu gəncdə sübh
tezdən maraqsız və səmərəsiz iş üçün yataqdan dartıb çıxarılmış fəhlənin süstlüyü yox idi. Onun
görünüşü təəccüblü dərəcədə cəsarətli və təəccüblü dərəcədə məmnun idi.