Həzrət Zeynəbin (ə) Kərbəla dərsləri



Yüklə 27,99 Kb.
tarix04.02.2018
ölçüsü27,99 Kb.
növüDərs

Həzrət Zeynəbin (ə) Kərbəla dərsləri

Kərbəla deyəndə, İmam Hüseyn (ə) aşiqi olan hər bir insanın qəlbi çox ağrıyır, çox yanır. Əslində bizi ağladan, qəlbimizi sızladan Kərbəla deyil, çünki Kərbəla adi bir şəhərdir. Bizi ağladan Kərbəla vaqiəsidir. Mən də, bu acizanə sözlərimlə, o hadisələrdən, xüsusən də əziz xanım, Kərbəla qəhrəmanı olan Zeynəbi-Kubra (ə)-dan danışmaq istəyirəm. Əziz Peyğəmbərimizin (s) əziz nəvəsi, Həzrət Əli (ə) və Zəhrayi-Mərziyyə (ə.s)-ın ətirli bağlarının nübarı, İmam Həsən və İmam Hüseyn (ə)-ın bütün bacılardan seçilən bacısı və nəhayət əziz Ruqəyyanın sevimli bibisi, əmməsi olan xanım Zeynəb (ə), bütün məhəbbətlərin ən üstününə layiq olan bir xanımdır. Elə bir xanım ki, 3 yaşlı o balaca Ruqəyyanın, yaralı qəlbində böyük yer tutmuşdu. Az yaşlı uşaqlar kimin ona məhəbbət, sevgi bəslədiyini çox yaxşı bilirlər. Həzrət Ruqəyya da, az yaşlı idi, adi xanım deyildi, imam qızı idi. Onun o kiçik qəlbində böyük bir həyat, nitqində gözəl sözlər vardı. Həzrət Zeynəb (ə), belə bir xanımın bibisi, Ruqəyyanın dilindən desək, əmməsi idi. Həzrət Zeynəbin (ə) göstərdiyi cəsarəti, dözümlülüyü, Allaha məhəbbəti hər xanım göstərə bilməz. Yezid kimi bir məlunun, nitqinə heyran qaldığı Zeynəb, sizcə necə ola bilər? O Həzrət (ə)-dan danışmağa ləyaqətimiz olmasa da, məlumatımız olan qədər söz söyləməyi özümüzə borc bildik.
Xanım Zeynəb (ə) beş ilə yaxın Peyğəmbərlə (s) bir zamanda yaşadı. Peyğəmbərin (s) yanında beş il qalıb gözəl əxlaq, tərbiyə, səbr qazanmamaq qeyri-mümkündür. Çünki beş il az müddət deyil. İlahi məhəbbətlə yaşayan Zeynəb, elə uşaq vaxtından onu gözləyən dəhşətli hadisələri yuxuda görüb, babası Həzrət Muhəmməd (s)-a söyləmişdi. Balaca Zeynəb bu yuxunu Peyğəmbərin vəfatı yaxınlaşarkən görmüşdü. Xanım Zeynəb babasının yanına gəlib şirin dillə dedi: «Ya Peyğəmbər, bu gecə yuxuda gördüm ki, şiddətli bir külək əsib bütün dünyanı zülmətə qərq etdi. Mən küləyin şiddətindən o tərəf, bu tərəfə düşürdüm. Axırda məcbur qalıb böyük bir ağacdan yapışdım. Amma külək onu da, yerindən qopardı. Mən ikinci dəfə onun bir budağından tutdum, amma o da, davam gətirmədi. Üçüncü dəfə onun başqa bir budağından yapışdım, lakin külək onu da, sındırdı. Sonra bir-birinə yapışmış iki budağa üz tutdum, birdən onlar da, sındı və mən yuxudan ayıldım». Peyğəmbər (s) Zeynəbi dinləyəndən sonra ağlayaraq buyurdu: «Əziz nəvəm, sənin ilk yapışdığın ağac babandır ki, tezliklə dünyadan gedəcək. Sonrakı iki budaq ata və anandır ki, onlar da dünyadan gedəcəklər. Bir-birinə yapışmış iki budaq qardaşların Həsən və Huseyndir ki, onların müsibətində dünya zülmətə qərq olacaq».
Çox çəkmədi ki, Zeynəbin yuxusu bir-bir çin çıxdı. Bunların ən dəhşətlisi isə Kərbəla faciəsi idi. Xanım Zeynəbin Kərbəla hadisələrindəki qəhrəmanlığına, göstərdiyi cəsarətinə, iffətinə nəzər salsaq, onun həqiqətən Kərbəla qəhrəmanları içərisində ön sırada olduğunu görərik. Onun dağlı sinəsinə yeni dərd çökməsinə baxmayaraq, o xanım nəinki ruhdan düşdü, əksinə daha çox dözümlülük, səbr nümayiş etdirdi. Siz, ey bacılarım, Fatimeyi-Zəhradan (ə.s) sonra Zeynəbi-Kubra (ə)-dan başqasını özünüzə örnək saya bilərsinizmi? Heç vaxt! Çünki xanım Zeynəb (ə) qədər iffətli, xanım Zeynəb qədər qeyrətli, xanım Zeynəb qədər Allahına, öz əhli-əyalına məhəbbət bəsləyən bir xanım tapa bilməzsiniz. Elə bu səbəbdən o əzizə xanımın tövsiyələrini, dərslərini vaxt itirmədən öyrənmək lazımdır.
O əzizə xanım Kərbəlada dərd, qəm-qüssə içində idi. İmam Səccad (ə) buyurur: «Atam İmam Hüseyn(ə)-ın şəhid olan gününün gecəsi, mən xəstə olduğum üçün bibim Zeynəb mənimlə mə
şğul idi. Atamın öz xeyməsində oturub şer oxuduğunu eşidərkən, məni ağlamaq tutdu, amma sükut etdim. Bildim ki, bəla və müsibət gəlmişdir, amma bibim Zeynəb şeri eşidərkən, özünü saxlaya bilmədi, pərişan halda atamın yanına gəlib dedi: «Kaş ölüm gəlib mənim həyatımı alaydı». Atam ona buyurdu: «Əziz bacım! Səy et ki, şeytan səbrini əlindən almasın». Sonra isə gözləri dolmuş halda, bu məsəli dedi: «Əgər ovçu Qəta quşunu rahat qoysaydı, yuvasında yatardı. İndi düşmən bizdən əl çəkməyəcək». Sonra bibim dilləndi: «Bizi daha çox ağrıdan sənin üçün bir çıxış yolunun olmaması və çarəsiz ölüm şərbətini içməyindir» – deyib huşunu itirib, yerə yıxıldı. Atam bibimin üzünə su səpib, ona ayıldır və buyurur: «Ey bacım, təqvanı uca tut, səbrli ol! Bil ki, bütün yer-göy sakinləri öləcəklər və Allah-Taalanın müqəddəs Zatından başqa hər şey fani olacaqdır. Babam, atam, anam və qardaşım məndən üstün idilər, lakin onlar da, vəfat etdilər. Bacı səni and verirəm və səndən bu andıma əməl etməni istəyirəm, məbada, mənim müsibətimdə üz və yaxanı cırasan və ya mənim şəhadətimdə ucadan nalə və fəğan edəsən». İmam Səccad (ə) buyurur: «Atamın bu tövsiyələrindən sonra bibim mənim yanımda oturdu. Bu tövsiyələr bibimdə dərin təsir qoydu. Bibimin qamətini daha mətin, səbrini daha üstün, mərdliyini daha da qüvvətli etdi». Bu səhnələrdən Xanım Zeynəbin qardaşına olan dərin məhəbbətini dərk etməmək mümkün deyil.
Xanım Zeynəb (ə) Kərbəlaya daxil olanda bilirdi ki, bura onun qardaşı ilə birgə olacağı son mənzildir. Elə ona görə də, qardaşından bir an belə ayrılmırdı. Kərbəla, adından göründüyü kimi, Zeynəbi-Kubraya «kərbu-bəla» (yəni qəm və bəla) oldu.
Aşura gecəsi, İmamın mübarək vücudu Əhli-beyt xeymələrinə nur saçdığı son gecə idi. İmam Hüseyn (ə)-dan sonra böyük, ağır yük xanım Zeynəbin öhdəsinə düşürdü. O, qardaşının tövsiyələrinə əməl edirdi. O Xanım hələ yolun əvvəlində idi. Qarşıda isə onu daha dəhşətli bəlalar gözləyirdi. Döyüş başlananda Əhli-beytdən döyüş meydanına gedən ilk döyüşçü, İmam Hüseyn (ə)-ın böyük oğlu Əli Əkbər oldu. O şəhid olarkən, döyüş meydanından səsi eşidilir. O, atası ilə vidalaşırdı. Xanım Zeynəb qardaşının ağlamaq səsini eşidir, qəzəb və nifrət qəhəri boğazını sıxır, İmam Hüseyn (ə)-ın ağlar səsi canına od salırdı.
Bax, belə bacı idi Zeynəb. O Xanımın Kərbəlada öz övladlarını da şəhid verməsinə baxmayaraq, yenə də dözür, səbr edirdi. Kərbəlada olan hər bir müsibətli səhnəyə tamaşa etmək Zeynəbin ürəyinə bir dağ qoyurdu. Bəlkə də övlad şəhadəti onun üçün Seyyidiş-şühəda və onun övladlarının şəhadəti qarşısında çox asan idi. Çünki Zeynəb özünü qardaşının yolunun fədaisi bilirdi. Sonra o xanım Əhli-beytin məzlumiyyəti və Yezidin alçaqlığı nəticəsində ən acı səhnənin şahidi oldu. Belə ki, İmam Hüseyn (ə) son anlarda Zeynəbi-Kubranın xeyməsinin yanına gəlir və deyir: «Bacı, Əli Əsğəri mənə ver vidalaşım». Zeynəb qardaşının altı aylıq südəmər oğlunu ona verir. Susuzluqdan halı pərişan olmuş o balaca körpənin halını təssəvür edirsinizmi? Hansı ata belə bir faciəyə dözər? Ata susuz körpə ilə vidalaşmamış, məlunların oxu Əli Əsğərin boğazına saplanır. İmam Hüseyn (ə) uşağı Zeynəbə verir. İndi Zeynəb bu səhnəyə necə dözsün?! Bəli, Zeynəb dözdü. Allaha görə, Əhli-beytə, namaza görə, bizə görə. Kərbəlada o xanımın bir qulağı hərəm əhlinin «əl-atə
ş» (su, su) nalələrində, bir qulağı isə döyüş meydanında idi.
Şəhriyar öz şerində belə deyir:
Kərbəla faciəsi bəzrin əkib başlandı
Ta Qiyamət nə qopa, Zeynəbi Kubra başına
Qardaşının acı səhnəsinə tamaşa edən Zeynəb, ürək yanğısı ilə fəryad edirdi: «Kaş yer-göy dağılaydı, kaş dağlar əzilib çölləri dolduraydı» – deyir və qardaşının yanına gəlir.Qanına qəltan və bədəni tikə-tikə olmuş qardaşının başı üstündən üzünü Mədinəyə çevirib ata-anasını, baba və əcdadını səsləyir, ah və nalələr çəkir. Camaat şivən qoparıb ağlayırdı. Xanım Zeynəb (ə) onları sakitlə
şdirib elə bir xütbə oxudu ki, kufəlilərin yatmış vicdanı oyandı. Əzizə xanım elə bəlağətlə danışırdı ki, elə bil Əli (ə) nitq söyləyirdi. Ravi belə deyir: «Mən heç vaxt belə şücaət və əzəmətlə danışan iffətli və həyalı qadın görməmişdim. Xanım Zeynəb, ibn Ziyadın sarayında öz gözəl nitqi ilə məclisdəki camaatın gözləri qarşısında, ibn Ziyadı rüsvay etdi. Zeynəbin kəsərli sözlərindən sınan məlun ibn Ziyad elə atıldı ki, sanki Zeynəbi öldürəcəkdi. İbn Ziyadın ətrafındakılarından biri dilləndi: «Ey əmir, bu qadındır!» Zeynəbin dağlı qəlbindən gələn sözlər Kufə camaatına od vurdu. Ravi deyir: «And olsun Allaha, o gün camaatı çox heyran və pərişan gördüm. Narahatlıqdan əllərini ağızlarına qoyub, təəssüflə ağlayırdılar. Yanımda ağlamaqdan üzünün tükləri göz yaşları ilə islanmış bir kişi, Əhli-beytə xitab edərək belə deyirdi: «Atam-anam sizə qurban olsun!Sizin yaşlılarınız yaşlıların ən yaxşısı, cavanlarınız cavanların ən üstünü, qadınlarınız qadınların ən yaxşısıdır və nəsliniz nəsillərin ən yaxşısıdır. Onlar hamıdan üstündürlər». Xanım Zeynəbin (ə) sözü qurtarmağa az qalmış İmam Səccad (ə) buyurdu: «Bibican sakit ol, gərək qalanlar keçmişlərindən ibrət alsınlar. Həmd olsun Allaha ki, sən təlim görməmiş alim, öyrədilməmiş müdriksən! Ağlamaq və nalə şəkmək gedənləri qaytarmaz».
Gəlin, xanım Zeynəbin qəhrəmanlıqlarından, xanım Zeynəbin şücaətindən örnək alaq! Gəlin, bunu bir dərs kimi, xanım Zeynəbin «Kərbəla dərsləri» kimi oxuyub, öyrənib layiqincə əməl edib, xanımı özümüzdən razı salaq! Həzrət Zəhra (ə.s) və Həzrət Zeynəb (ə) hicabını, onlara layiq qoruyub saxlayaq. Saxlayaq ki, Qiyamətdə o əzizə xanımların mübarək vücudlarının qarşısında üzü qara qalmayaq və mövlamız İmam Zaman (ə.c) ağanın zühurunu səbirsizliklə gözləyənlərdən, zühur gününü görənlərdən və ağanın köməkçilərindən olaq, inşaallah!
Kərbəla dərsinin müəlliməsı, yəni xanım Zeynəbə (ə) heç bir söz ola bilməz. Biz – xanım Zeynəb (ə) məktəbinin tələbələri isə gərək xanımın həqiqi ardıcıllarından olaq, o əzizə xanımın dərslərini heç usanmadan öyrənək, bizə olan tövsiyələrini yerinə yetirək. Bu işin öhdəsindən necə gəldiyimizi, o xanımın bizə verdiyi qiymətdən anlayacağıq. İnşaallah, bu qiymət müsbət olar!

Гур`ани-мeҹид бујурур «Еј Пејгембəр! Де: Меним (оз рисалетим мугабилинде) сизден истедијим шеј – Еһли-бејтиме меһеббет еле сизин оз хејринизедир. » Је`ни бу ишлерин саваб ве фајдасы сизин озүнүзе гајыдыр.







Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə