Uinnemak professorlarının təəccübünə rəğmən, doktor Kar laqeydliklə, yoğun səslə özünün Almaniyada
Şmideberqlə "diqidroksipentametilendiamin"in çökdürülməsi işindən, kimyəvi üsulla müalicənin
perspektivindən və yuxu xəstəliyinin sürətli müalicəsindən, elmi müalicəetmə erasından danışmağa
başladı:
– Düzdür, Amerikada yaşayıram, amma müstəsna hüquqa malikəm. Yəni uşaqlıqdan alman dilində
danışıram və buna görə də bəlkə də, mənim əziz dostum Erlixin işindən daha yaxşı baş çıxarıram. Mən
onun əlahəzrət imperator kayzerin əlindən ordeni necə qəbul etdiyini görmüşəm. Qoca, mehriban Erlix!
O lap uşaq kimi idi!
Baxmayaraq ki, 1914 və 1915-ci illər bir çox mənada qəribə dəyişikliklər gətirmişdi, amma o zamanlar bir
çox professorlar qatı almanpərəst idilər və bu erudisiya tufanı qarşısında baş əyirdilər. Anqus Dyuer
özünün Anqus Dyuer olduğunu unutmuşdu; Martin gərgin həyəcanla qulaq asırdı. Benoni Karda
Qotlibdəngəlmə çox şey var idi – onun "Maşın istehsalı" müəllimlərinə olan nifrəti, Moqalisi əyalətə
çevirən böyük dünyanın havası… Amma Qotlibin gərgin əsəbiliyi yox idi. Martin təəssüf edirdi ki, Qotlib
burada deyil. Çünki iki nəhəngin üz-üzə gəlməsini görmək çox maraqlı olardı.
Doktor Karı natiqlərin stolu arxasında, dekanla yanaşı əyləşdirdilər. Martin təəccüblə fikir verdi ki,
görkəmli farmakoloq naharın əsas yeməyi olan cücənin və bu dəfə zay çıxmış vineqredin dadına məyus-
məyus baxır. Amma əvəzində böyük gümüş qabdan tökdüyü ilə öz stəkanını dolduraraq təkrar-təkrar
içir. Bir qədər sonra o, gurultu salmağa başladı. Yanındakı iki professorun üstündən əyildi, hiddətlənən
dekanın çiynini şappıldadatdı; öz qonşularına söz qaytardı, "Məni uzaq Missuri boranı özünə cəlb edir"
mahnısından bir kuplet oxudu.
Nahar vaxtı tələbələrin diqqətini heç nə doktor Benoni Karın rəftarı qədər özünə cəlb edə bilmədi.
Gərgin şadyanalıq içərisində artıq bir saatdan çox vaxt keçmişdi və dekan Silva natiqlərin siyahısını
oxumağa başladıqda Kar bütün qamətilə boy verərək ayağa qalxdı və qışqırdı:
– Gəlin danışıqsız ötüşək! Ancaq axmaqlar nitq söyləyirlər! Ağıllı adamlar mahnı oxuyurlar. Xu-lili-xoxo!
Tirli-li, o tirli-li! Ey, ledi! Ey siz, professorlar! Ey əcaib adamlar!
Hamı dekan Silvanın ona öyüd-nəsihət verdiyini, sonra iki professorun və bir futbolçunun köməkliyi ilə
otaqdan necə çıxartdığını gördü. O zaman Klif qorxu içində Martinə tərəf əyilərək pıçıldadı:
– Gör bir, deyəsən, əməlli-başlı ilişdim! Bu lənətə gəlmiş təlxək mənə söz vermişdi ki, sərxoş olmayacaq.
– Nə-ə?
– Mən gərək onun içib keflənəcəyini əvvəlcədən başa düşəydim. O bizim sirrimizi faş edəcək. Of, indi
dekan aşımın suyunu verəcək.
Sonra Klif hər şeyi izah etdi. Doktor Benoni Kar adı, əslində, Benno Karkovski idi. O, ikiillik tibb məktəbini
bitirmişdi. Hər şeydən məlumatlı idi, amma həyatı boyu bir dəfə də olsun Avropada olmamışdı. O, tibb
sərgilərində izahatlar verir, mazollu cərrah, spiritlər yanında medium rolunu oynayır, məxfi
nəzəriyyələrin təbliğatçısı kimi çıxış edir, əsəbi xanımlar üçün isə əyləndirici sanatoriya direktoru rolunda
çıxış edirdi. Klif onunla Zenitdə tanış olmuşdu. O vaxt onların hər ikisi sərxoş idi. Başqa biri deyil, məhz
Klif dekan Silvaya Avropaya səfərdən qayıtmış məşhur farmakoloqun bir neçə günlüyə Zenitdə qaldığını
və ola bilsin ki, dəvətdən imtina etməyəcəyini və s. və i. söyləmişdi.
Cavabında isə dekan hərarətlə Klifə minnətdarlıq etmişdi.
Banket tez yekunlaşdı, hamı doktor Raunsfildin ketqutun sterelizasiya metodları haqqında dəyərli
məlumatını lazımi diqqət vermədən dinlədi.
Klif həyəcana qapılaraq və Martinin ibrətamiz məzəmmətlərinə haqq qazandıraraq bütün gecəni
yatmadı. Səhəri gün (Klif özü belə bir zəhməti boynuna götürməyi arzulayırdısa, qadınlarla rəftar etməyi
bacarırdı) dekanın katibəsinə yaxınlaşdı və öz aqibətini soruşdu. Fakültə komitəsinin iclası artıq baş
tutmuşdu: Benoni Karla bağlı qalmaqala görə günah Klifin üzərinə qoyulmuşdu və bundan əlavə, bir çox
başqa şeylər də həmçinin… Halbuki, onları qabaqcadan düşünüb planlaşdırmaq üçün Klifin istedadı
yetməzdi. Amma dekan onu belə tezliklə yanına çağırmağa hazırlaşmırdı. O, Klifin əzab çəkməsi üçün
vaxtı uzadırdı. Həm də onu xalq qarşısında cəzalandırmaq qərarına gəlmişdi.
– Əlvida, mənim köhnə və sevimli diplomum! Tüpürüm sənə! Həkimlik məni heç vaxt xüsusi cəlb
etməyib, – Klif Martinə dedi, – məncə, məndən yaxşı dəllal alınar.
O, səlis addımlarla otaqdan çıxdı, təntənə ilə dekanın yanına keçdi və elan etdi:
– Bilirsiniz nə var, dekan Silva, ayaqüstü sizin yanınıza gəlib xəbər vermək istədim ki, tibb fakültəsini
atmaq qərarına gəlmişəm. Mənə yaxşı iş təklif edirlər. Hm… Çikaqoda… və ümumiyyətlə, burada
dərslərin təşkili heç xoşuma gəlmir. Həddindən artıq çox əzbərçilik var. Əsl elmi ruh isə azdır. Salamat
qalın, dok. Hələlik!
– Vvvvvv… – dekan Silva nəsə deməyə çalışdı.
…Klif Zenitə yola düşdü və Martin tək qaldı. Pəncərələri küçəyə baxan böyük otağını eyni pansionda olan
başqa bir balaca hücrəyə dəyişdi. O, bu darısqal mağarada – ümidsizlik və tənhalıq içində oturur, öz
həyatına lənət yağdırırdı. Hər an xəyalən Leoranın gözlərini görür, Klifin insana ruh verən cəfəngiyatını
eşidirdi… Beləliklə də, səssizlik onun üçün daha dözülməz olurdu.
IX FƏSİL
1
Bir dəfə, fevralın erkən alaqaranlığında inadlı siqnal səsi Martini laboratoriyanın pəncərəsinə tərəf
çağırdı... Martin aşağı boylandı və uzun, çox böyük faraları olan və sarı rəngə boyanmış qəribə bir maşın
gördü. Maşından səkiyə tullanan qəhvəyi idman paltarlı, dama-dama kepkalı və od rəngli şərf taxmış
sürücünün kim olduğunu Martin o dəqiqə başa düşə bilmədi. Həmin an anlamadı ki, onu çağıran başqa
biri yox, məhz Klif Klosondur...
Martin aşağı düşməyə tələsdi, Klif isə qışqırırdı:
– Hə, oğlan! Maşınım xoşuna gəlir? Sən bu kostyuma diaqnoz qoya bilərsən? Şotland şeviotu –
bənövşəyi rəngli qığılcım, hə? Klif əmi həftədə iyirmi beş dollarlıq iş ələ keçirib, üstəgəl də komisyon
haqqı… Avtomobil satır. Eh, oğlan, mən burada, sizin tibb bataqlığınızda əməlli-başlı itib batırdım. İndi isə
kimə nə istəsən sata bilərəm. Bir ildən sonra həftədə yetmiş dollar qazanacağam. Otur görək, səni
"Qrand"a aparıram… Bahalı yemək yedizdirəcəyəm, heç anadan olandan öz arıq bədəninə belə yemək
təpişdirməmisən.
Klifin Zenitə maşın sürdüyü sürət – saatda otuz səkkiz mil – 1908-ci ildə çox bərk sürət hesab edilirdi.
Martin özü üçün yeni Klifi kəşf etmişdi. Hər zaman olduğu kimi, səsli-küylü, amma indi daha çox
özünəgüvənən… O, pul qazanmaq üçün yeni-yeni layihələrlə aşıb-daşırdı. Hələ bu yaxınlarda onun saçları
qabaq tərəfdən kəkilli və yağlı idi, arxa tərəfdən isə bir-birinə dolaşır və biz-biz dururdu. Amma indi
onlar kosmetik yağla yağlanmışdı, özü də par-par parlayırdı; sifəti isə massajdan sonrakı kimi çəhrayı
rəngə çalırdı.
Klif maşını məşhur "Qrand-Otel"in yanında saxladı; səkiyə atılmamışdan qabaq özünün parlaq sarı rəngli
avtomobil əlcəklərini soyundu, onları qara tikişli boz əlcəklərlə əvəzlədi, amma vestibüldən keçərkən
onları da təkəbbürlə əlindən çıxardı... O, paltar asan qızı "əzizim" deyə səslədi və restoranın girişində
oranın baş ofisiantına bu sözlərlə müraciət etdi:
– Hə, oğlan, işlər necə gedir, bu gün bizim əhvalımız necədir, bizim muço famoso majordomosomuz necə
yaşayır? İcazə verin sizə doktor Erousmiti təqdim edim. Dok hər dəfə bura gələndə zəhmət çəkin ona
dərhal qulluq edin. İstəyəndə siz bunu bacarırsınız. Aarzuladığı hər şeyi ona gətirin. Nağd pulu çatmasa,
borcu mənim hesabıma yazın. İndi isə, Qes, mənə iki nəfərlik xudmani bir stol lazım olacaq, isti və soyuq
su ilə birlikdə… Bir də sən, Qustas… Lütf edib bizə ilbizlərlə və Lukullov ziyafətinin başqa atributlarıyla
bağlı məsləhət verməzsənmi?
– Buyurun, cənab, bura keçin, cənab Kloson! – restoranın baş ofisiantı yaltaqlıq etdi.
– İki həftə ərzində onu əməlli-başlı yontalamışam, – Klif Martinə tərəf əyilərək pıçıldadı...
Klifin sifariş verdiyi müddət ərzində onların stollarının yanında hansısa bir subyekt dayanmışdı. Klifin
şənbə günləri öz şəhərətrafı evinə qayıtmağa adət etmiş sanballı kommivoyajerlərə məxsus görünüşü var
idi. O, azacıq dazlaşmağa və qismən kökəlməyə başlamışdı. Girdə hamar sifətinin ortasında durmuş
çərçivəsiz eynək ona məsum adam görünüşü verirdi. O, ətrafa boylanır, sanki, birlikdə nahar etmək üçün
yenə kimisə axtarırdı… Birdən Klif yerindən sıçradı, kiminsə dirsəyindən tutdu və qışqırdı:
Dostları ilə paylaş: |