5
REDAKTORDAN
Bəşəriyyət yarandığı gündən dəyişikliklər və yeniləşmə kimi fundamental
inkişaf meylləri onu müşayiət etmişdir. XX əsrin son on illikləri dünyanın,
bəşəriyyətin iqtisadi, siyasi, mədəni inkişafına prinsipcə yeni xüsusiyyətlər
gətirmişdir. Müasir bəşəriyyəti səciyyələndirən əsas xüsusiyyət onun köklü
transformasiyalar mərhələsini yaşaması, bütün sahələrdə fasiləsiz
dəyişikliklərin təsirinə məruz qalmasıdır. Cəmiyyət və insan demək olar ki,
hər gün «yenilik – qeyri-müəyyənlik - seçim» şəraitində mövcuddur, fasiləsiz
transformasiyalar prosesi hər birimizi müşayiət edir. Səbəb isə mövcud inkişaf
modellərinin labüd dəyişikliyə uğramasıdır. Bu inkişafın müxtəlif
məqamlarının tədqiqi, real proseslərin dinamikasının, sosial potensialın
müəyyən edilməsi tələbatı və s. proqnozlaşdırmanın bir elm kimi inkişafını
zəruri edir. Müasir bəşəriyyətin təzadlı inkişafı, gələcək qarşısında təhlükə
hissi proqnozlaşdırma fenomenini aktuallaşdırır, bütün sahələrdə inkişafın
elmi əsaslandırılmış proqnozlar əsasında məqsədəuyğun yönəldilməsini,
gələcəyin istiqamətləndirilməsi sahəsində proqnoz və layihəli tədqiqatların
genişləndirilməsini və uyğun ixtisaslı kadrların hazırlanmasını zərurətə çevirir.
Bu baxımdan, «Sosial proqnozlaşdırma və layihələşdirmə» kursunun
tədrisi və
bu sahədə kadrların hazırlanması günün vacib tələbi kimi xüsusi aktuallıq kəsb
edir.
S.D.Məmmədovanın
«Sosial
proqnozlaşdırma»
və
«Sosial
layihələşdirmə» başlıqlı iki hissədən ibarət olan və proqnozlaşdırmanın
əmələgəlmə və inkişaf şəraiti, proqnozlaşdırma ilə bağlı müasir tədqiqatlar,
texnoloji proqnozlaşdırmanın metodologiyası, proqnozların forma və tipləri,
sosial proqnozlaşdırmanın obyekti, prinsipləri və s., o cümlədən sosial
layihələşdirmənin metodoloji əsasları, sosial layihələşdirmənin təbiəti,
mahiyyəti, sosial layihələşdirmənin strategiyası və alətlər kompleksi,
formaları, texnoloji metodları, avtomatlaşdırılması və riyazi modelləşdirilməsi
xüsusiyyətləri və s. özündə əks etdirən «Sosial proqnozlaşdırma və
layihələşdirmə» mövzusunda təqdim etdiyi dərs vəsaiti bu baxımdan aktuallıq
kəsb edir. Dərs vəsaitində diqqətəlayiq tərəflərdən biri də Azərbaycanda
gələcək haqqında fikirlərin formalaşması tarixinin, müasir qloballaşma
şəraitində Azərbaycanda sosial, siyasi, iqtisadi inkişaf istiqamətlərinin təhlili
ilə bağlıdır.
fəlsəfə
elmləri doktoru,
professor İzzət Rüstəmov
6
SOSİAL PROQNOZLAŞDIRMA
Mövzu 1. SOSİAL PROQNOZLAŞDIRMANIN TARİXİ ƏSASLARI
1.1 SOSİAL PROQNOZLAŞDIRMANIN ƏMƏLƏGƏLMƏ VƏ
İNKİŞAF ŞƏRAİTİ
İnsanlar fərqli zaman və fərqli məkan haqqında düşünməyə başladıqdan
sonra gələcək haqqında dini, utopik və fəlsəfi-tarixi istiqamətlər inkişaf etdi.
Arxeoloji və etnoqrafik mənbələr göstərir ki, ibtidai şüur uzun müddətli
inkişaf mərhələsindən sonra keçmiş və gələcək haqqına düşünməyə
başlamışdı. İbtidai dövrdə yalnız indiki zaman mövcud idi, keçmiş və gələcək
indiki zamana çox yaxın vaxt müddəti kimi qəbul edilirdi, yəni uzaq gələcək
haqqında düşünmək bacarığı inkişaf etməmişdi. Gələcək haqqında məlumat
vermək və gələcəyə təsir etmək üçün cadugərlərə müraciət olunurdu.
İnsanlar uzun müddət indiki və gələcək zamanı eyniləşdirirdilər, yəni hər
hansı gələcək heç bir dəyişikliklər gözlənilməyən sonsuz davamlı indiki
zaman idi. Gələcək haqqında ilkin mifoloji təsəvvürlərdə sadə təbiət
hadisələrilə bağlı fantastik məlumatlar verilirdi. Dünya haqqında mifik
modellərdə tarixi prosesin dövrü inkişaf xətti izlənilir: doğuluş (törəmə) –
inkişaf (artım) – tənəzzül (azalma) – ölüm (yox olma).
Misir miflərində «ilkin zaman» dünyanın yaradılışı ilə başlayır. Əvvəlcə
allah Xepri dünyaya gəldi, «ilkin materiyadan özünü yaratdı», sonra isə
dünyada olanları yaratdı. Misir miflərində inkişaf və tənəzzül allahların
fəaliyyətinin nəticəsi kimi izah olunurdu. «Ölkə tənəzzül dövründə idi.
Allahlar bu ölkədən üz döndərmişdilər».
Şumerlər isə tarixi – firavanlıq və sülh mərhələsi olan ibtidai icma
dövrünə
və tənəzzül və aşınma mərhələsi olan mövcud inkişaf mərhələlərinə
bölürdülər. Şumerlər bütün təbiət və sosial dəyişiklikləri ayrı-ayrı allahların
fəaliyyətlərilə əlaqələndirirdilər.
Hind miflərində bəşəriyyətin yaradılışının dörd mərhələsi fərqləndirilirdi:
Qızıl dövrü (Kritayuqa), Gümüş dövrü (Tretayuqa), Miss dövrü
(Dvaparayuqa), Dəmir dövrü (Kaliyuqa). Hər bir dövr inkişaf və tənəzzül
mərhələlərinə bölünür.
Çin miflərində də tarixi inkişaf prosesinin dövrü (tsiklik) inkişaf xətti
izlənilir. Varlıq
yaranma – inkişaf – tərəqqi – tənəzzül – böhran – məhv
olma mərhələlərini yaşayır. Bu miflərədə göstərilir ki, inkişaf və xaos
müvəqqəti vəziyyət kimi daimi mövcud ola bilməz, onlar daim bir-birinə