Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə102/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   98   99   100   101   102   103   104   105   ...   145

 
238
Gündüz Kərimbəyli qarşısına çıxan ağac budaqlarına, kol-kosa ilişə-ilişə onun 
ardınca qaça-qaça: 
– Dayan! – dedi. – Hara qaçacaqsan?! 
Və elə bil ki, bu sözlərdəki həqiqəti Fəttah birdən-birə  dərk etdi, yerində 
dayanıb geri döndü və nifrət dolu nəzərlərlə Gündüz Kərimbəyliyə baxdı; bu 
baxışlarda nifrətlə bərabər, bir ümidsizlik vardı və bu ümidsizliyin doğurduğu qorxu 
dəhşəti, daxili bir fəryad Fəttahın gözlərini böyütmüşdü. 
O, axırıncı gücünü toplayıb sonuncu dəfə Gündüz Kərimbəylinin üstünə atıldı; 
bu həmlənin sonuncu olması, ölüm-dirim işi olması Fəttahın sinəsindən qopub gələn 
iniltinin yanğısından bilinirdi; elə bil ki, bu saat bütün dünya və o cümlədən, 
Fəttahın özünün də aqibəti bir tərəfə idi, Gündüz Kərimbəylini didib-parçalamaq, 
anasını ağlar qoymaq bir tərəfə. 
Fəttah qabırğasının arasına dəyən zərbədən sarsılmadı, iki əlilə  də Gündüz 
Kərimbəylini qamarlayıb altına basdı  və ikisi də yerə – palçığın üstünə  yıxıldı; 
Fəttah Gündüz Kərimbəylinin saçlarından yapışıb onun başını palçığa basmaq, 
nəfəsini kəsmək istəyirdi, mühüm işlər müstəntiqi isə iki əli ilə onun çənəsini yuxarı 
sıxır, bu fısıldayan qəzəbli sifəti üstündən rədd etmək istəyirdi. 
Bu zaman bir əl Fəttahın kürkünün boynundan yapışıb onu qaldırdı və elə bil ki, 
Fəttah da birdən-birə süst düşüb asıla qaldı. 
Prokuror Dadaşlı bir əli ilə onu qaldırıb, az qala, ayaqlarını yerdən üzəcəkdi və 
adamın heç ağlına gəlməzdi ki, bu həddən artıq kök və astagəl kişinin qolunda bu 
qədər güc var.  
Gündüz Kərimbəyli hələ  də  nəfəsi tıncıxan prokuror Dadaşlının, müstəntiq 
Cabbarovun, kiçik leytenant Həsənzadənin bura nə vaxt gəlib çıxdıqlarını hiss 
etməmişdi və indi onlara elə baxırdı ki, elə bil başqa dünyadan gəlmiş adamlara 
baxır. 
Sonra prokuror Dadaşlı Fəttahın kürkünün boynunu buraxdı və Fəttah yumşaq 
yeri üstə palçığa düşdü, eləcə də oturub qaldı. 
Gündüz Kərimbəyli üz-gözünün palçığını silə-silə dikəlib Fəttahla üzbəüz 
oturdu və bir-bir prokuror Dadaşlıya, Cabbarova, Həsənzadəyə baxıb: 
– Vaterlooda Blyuxerin köməyə  gəlməsinə döndü bu!.. – dedi, sonra Fəttaha 
baxdı, sağ əlinin kösöv dəymiş barmaqlarını ovxaladı. – Güc varmış bunda!.. 
Fəttah da iki əli ilə, salavat çevirirmiş kimi, üzünü sildi və: 
– Gərək gecəylə başını kəsəydim sənin! – dedi. – Qoyun başı kimi! – Həm də 
bu sözləri elə sakit dedi ki, bu adam qəssabının həvəsinin doğruluğuna heç kimin 
şübhəsi qalmadı. 
Indi kənardakı şam ağacının yanında dayanıb onlara baxan Ziba da bu sözlərin 
həqiqət ola biləcəyinə qətiyyən şübhə etmədi. 
Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli gülümsədi və onun sifətinin 
ifadəsində neçə günlərin, bəlkə  də neçə ayların, neçə illərin yorğunluğu,  əziyyəti 
indi açıq-aşkar görünürdü; beləcə gülümsəyə-gülümsəyə də dedi: 
– Səndən nə desən çıxar!... – Və necə deyərlər, acıdillik eləmək dilxoşluğundan 
özünü saxlamaq istəmədi. – Amma yaxşıca bankalayıb sağaltdın məni! 
Fəttah: 
– O da mənim səfehliyim! – dedi. – Hər adamın bir səhvi olur!... Səhv 
eləmişəm... 


 
239
– Deyirdin ki, milyon-milyon fəttahlar gəlib-gedib bu dünyadan. Amma səndən 
tək-tək olub, Qurd Cəbrayıl! 
Fəttah gözlərini qıyıb diqqətlə mühüm işlər müstəntiqinə baxdı və dedi: 
– Əvvəldən gözüm su içmirdi səndən!.. Yaşından ki, cavan göründü adam, heç 
xoşlamıram onları...  Amma Qurd Cəbrayıllığı sübut eləyəsən gərək! 
– Eləyərik, eləyərik!... Barmaqlarının izindən tutmuş, nə istəsən, qoyacayıq 
qabağına. Başını kəsdiyin adamların arvad-uşağıyla da üzləşdirəcəyik səni... 
Araya sükut çökdü və onsuz da, bütün işlərdən bir şey başa düşməyən prokuror 
Dadaşlı matdım-matdım gah mühüm işlər müstəntiqinə, gah da Fəttaha baxırdı. 
Gündüz Kərimbəyli isə  səhərdən bəri cınqırını  çəkməyən Həsənzadəyə baxıb 
gülümsədi: 
– Siz gətirdiz bu camaatı, hə? Küçədə  mən gördüm sizi bayaq. Belədir bizim 
işimiz, yoldaş leytenant, mənim, sizin, hamımızın. Görürsüz də, kimlərə rast gəlirik 
hərdən?... Müharibə vaxtının quldurudu bu, Cəbrayıldı adı, Qurd Cəbrayıl 
deyirmişlər. Bütün Qarabağ dad deyərmiş  əlindən. Sonra da qaçıb gəlib burada 
məskən salıb, bıçaq atmağıyla məşhuruymuş. Çox qan axıdıb. Atdığı  bıçaqla 
Mahmud Qəmərlinskini də bir dəfə arxadan vurub beləcə. Budəfəki ikinci sınaq idi. 
Belədi işlər, leytenant!.. Mahmud Qəmərlinski pensiyaya çıxandan sonra iş başında 
həlak olub. 
Gündüz Kərimbəyli bir müddət susdu və yenə  də sağ  əlinin barmaqlarını 
ovxaladı, görünür, Fəttahın atdığı kösöv əlini  əməlli-başlı  əzmişdi. Sonra Fəttaha 
baxa-baxa dedi: 
– Cabbarovun nazirliyin arxivindən gətirdiyi sənədlərdən hiss etdim ki, Qurd 
Cəbrayılın işidi bu. Beləcə  bıçaq atmaq onun işidi. Vaxtıyla Mahmud 
Qəmərlinskinin yaralanıb sağaldıqdan sonra öz əli ilə yazdığı izahatı da oxudum. 
Amma bilmirdim ki, Qurd Cəbrayıl kimdi, hansıdı... Budu, yoxsa... – Gündüz 
Kərimbəyli sözünün ardını deməyib prokuror Dadaşlıya müraciət etdi. – Imaşa niyə 
bir iş düzəltmirsiz, yoldaş Dadaşlı? 
Prokuror Dadaşlı səhərdən bəri birinci dəfə ağzını açdı və: 
–  Ərizə verib pensiyaya çıxacağam mən... – dedi. – Mənimki bundan sonra 
kitab oxumaqdı, prokurorluq deyil! Konstitusiya müddətim gəlib çatır onsuz da... 
Mühüm işlər müstəntiqi, elə bil, onun sözlərini eşitmədi: 
– Sizin «nə üçün?» – sualınızın cavabı isə çox sadədir, prokuror. Imaş da, Fazil 
müəllim kimi, istəmirdi bacısının adı dilə düşsün. Ona görə danırdı vağzalda 
olmağını. Həm də... Həm də «Ilanvuran ala çatıdan qorxar» – deyiblər. Belə 
deyiblər, Qurd Cəbrayıl? 
Fəttah baxdı, baxdı və: 
– Elə deyiblər, – dedi. 
Gündüz Kərimbəyli sözünə davam etdi: 
– Imaş bilirdi ki, Fazil müəllimin Bakıda nişanlısı var, qorxurdu ki, Fazil onun 
bacısını aldada. Bilirdi ki, onun babası bu məsələdən ötrü buraya gələcək. Vağzalda 
gəlib öz gözləriylə görmək istəyirdi, Fazilin sözlərinin doğruluğunu bilmək 
istəyirdi... 
Sonra Gündüz Kərimbəyli yenə də kiçik leytenant Həsənzadəyə baxdı: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə