234
Bu dəfə Cəbi də gülümsədi:
– Hə... Olur də, görürsən ki, birini Allah kimi tanıyırsan, peyğəmbər bilirsən,
sonra məlum olur ki, çaqqalın biridi...
– Bir nəfər olar, amma hamı yox də. Necə bilirsiz?
– Bir nəfər də adamdı də...
Maşın rayonun küçələri ilə gedirdi və Gündüz Kərimbəyli şüşədən baxa-baxa
heç nə demirdi və belə bir sükut görünür ki, Cəbinin ürəyindən deyildi, hövsələdən
çıxarırdı onu; nəhayət o özü dilləndi:
– Bilirəm, – dedi. – Zibadakı saata görə mənimlə yolyoldaşlığı edirsiniz indi...
Gündüz Kərimbəyli gülümsəyib:
– Necə deyərlər, – dedi. – Həm ziyarət, həm ticarət...
Cəbinin isə daha gülümsəməyə halı yox idi.
– O, tapmayıb saatı, mən tapmışam, vermişəm ona. Belə olmaz?
– Niyə olmur? Əgər, doğrudan da, belədisə, olar.
– Əgər, doğrudan da, belə deyilsə, nə olar bəs? Adamsoyan olaram mən,
adamöldürən olaram?
Mühüm işlər müstəntiqi cavab vermədi; güman ki, o, Cəbini daha yaxşı
tanımışdı: Cəbi özü nəyi lazım bilirdisə, danışacaqdı, qalanlar isə sonranın işi idi.
Maşın rayondan çıxıb hələ qurumamış asfalt yolla getməyə başladı. Yolboyu
uzanan elektrik məftillərinə tək-tək, hərdən ikisi bir yerdə, qarğalar qonmuşdu və bu
saat bu qarğalar da elə bil ki, günün altında qızına-qızına dünyanın işləri barədə
fikirləşirdi.
Cəbi sükan arxasında qurcalanıb, guya ki, yerini rahatladı və dedi:
– Düzdü, əhmədi-biqəmliyim olub, dünyanı vecimə almamağım olub, yeməyi-
içməyi xoşlayıram, bəzən hətərən-pətərən danışmağım da var, at keçməz işlərim də
var, amma nə adam soya bilərəm mən, nə də ki, adam öldürə bilərəm...
Mühüm işlər müstəntiqi cavab vermədi.
– Bilirəm fikirləşirsiz ki, Cəbi bildiklərinin hamısını demir.
Maşın çayın üstündəki körpüdən keçib, çılpaq budaqları sallanmış söyüdün
yanında dayandı.
Cəbi yoldan yüz-yüz on metr aralıdakı köhnə dəyirmanı göstərib dedi:
– Bu saat gəlirəm. Beş dəqiqəlik işim var orda. – Sonra mənalı-mənalı
gülümsədi. – Cəbi təmiz oğlandı...
O, motoru söndürüb aşağı düşdü və yolun kənarındakı kolluqların arası ilə
dəyirmana tərəf getdi.
Mühüm işlər müstəntiqi də maşından düşüb körpüyə tərəf gəldi və iki əli ilə
körpünün taxta sürahisindən yapışıb çaya baxdı.
Çay köpüklənə-köpüklənə axıb meşənin içində çılpaq ağacların, kolların arasında
yox olurdu. Meşənin yuxarı tərəfindəki dağların ətəkləri bomboz idi və bu saat
həmin bozluq da elə bil ki, günün şüalarından ləzzət alırdı. Dağların başındakı qar
isə öz soyuq tənhalığının hündürlüyündən gümüş kimi parıldayırdı. Yolboyu uzanan
və çayın da üstündən keçən elektrik məftillərinə qonmuş qarğalar da tərpənmir və
elə bil ki, bu qəfil çıxmış günün şüalarından məst olub mürgü döyürdü.
Mühüm işlər müstəntiqi körpüdən aralanıb yenə maşına tərəf gəldi və gözlərini
qıyıb günə baxdı, sonra elə bil ki, yaxşıca bir rahatlığın ləzzətini qabaqcadan hiss
edirmiş kimi, qollarını geniş açıb ləzzətlə gərnəşdi və bu dəfə Cəbinin getdiyi köhnə
235
dəyirmana tərəf baxdı – köhnə dəyirman elə bil ki, həm köhnəliyindən, həm də daha
işə-gücə yaramadığından çölün düzündə tək-tənha öz axırını gözləyirdi.
Və bu zaman elə bil ki, dəyirmanın arxasından bir kölgə ötüb meşəlikdə yox
oldu.
Bu kölgə mühüm işlər müstəntiqinin nəzərindən yayınmadı və o, daha artıq bir
diqqətlə köhnə dəyirmana tərəf baxdı.
Elə bil ki, bu adi kölgənin beləcə qəflətən görünüb itməsiylə bu yerləri xoflu bir
intizar bürüdü.
Gündüz Kərimbəyli açıq-aşkar narahat idi və o, eyni diqqətlə köhnə dəyirmana
tərəf baxa-baxa əlini qaldırıb kabinkanın qapısını açdı və maşının əvvəlcə qısa, bir
müddətdən sonra uzun siqnalı çayın şırıltısını üstələyib bu meşəyə, bu dağlara səs
saldı.
Köhnə dəyirmanda nə bir adam göründü, nə də ordan bir səs-səmir gəldi.
Gündüz Kərimbəyli əvvəlcə asta addımlarla, sonra daha cəld hərəkətlə kol-
kosun arası ilə köhnə dəyirmana tərəf gəldi və dəyirmanın qapısı ağzında dayanıb
çağırdı:
– Cəbi!
Dəyirmandan səs gəlmədi. Mühüm işlər müstəntiqi ayağı ilə qapını itələyib
içəri girdi. Qapı cırıldadı və bu qapı cırıltısında bu an bir müdhişlik vardı. Gündüz
Kərimbəyli keçib dəyirmanın içinə girdi və bir göz qırpımında əlini atıb döşündən
tapança çıxartdı.
Cəbi taxta pilləkənin üstünə düşüb qalmışdı. Onun sol kürəyinə sancılmış
bıçağın dəstəsi dəyirmanın balaca pəncərəsindən düşən işıqda parıldayırdı. Cəbinin
gözləri elə bil ki, dünyanın işlərinə matı-qutu qurumuş kimi geniş açılmış və beləcə
də bərələ qalmışdı. Onun ağzı açıq idi və ağzından axan qan sırıqlısının ətəklərini,
taxta pilləkəni büsbütün qırmızıya boyamışdı.
Gündüz Kərimbəyli bircə anın içində bu bomboş dəyirmanı gözdən keçirib
pilləkənə atıldı, sonra pəncərəyə yaxınlaşdı; taxtası çürümüş bu şüşəsiz pəncərə o
qədər balaca idi ki, buradan girib-çıxmaq mümkün deyildi.
Gündüz Kərimbəyli həyətə çıxdı və dolanıb bayır tərəfdən pəncərənin yanına
gəldi, diqqətlə ətrafa baxdı: dörd tərəfdə çılpaq ağaclar idi və indi burada adam
axtarmaq yəqin ki, mənasız idi.
O, bir neçə an beləcə dayandı və hara gedəcəyini bilmədi, sonra sürətlə maşına
tərəf qaçıb kabinkaya atıldı və kabinkaya atılmağı ilə də maşını işə salmağı bir oldu.
Maşın dairə vurub rayona tərəf götürüldü.
Maşın sürətlə rayonun küçələri ilə getdikcə, orda-burda oynaşan uşaqlar,
küçədən keçib gedənlər təəccüblə onun arxasınca baxıb yəqin fikirləşdilər ki, nə
olub belə görəsən, Cəbinin maşınını başqası sürür və elə də sürür ki, elə bil, daldan
onu cin qovur.
Kiçik leytenant Həsənzadə də portfelini yellədə-yellədə gedirdi və o da
təəccüblə maşının ardınca baxıb addımlarını yeyinlətdi.
Gündüz Kərimbəyli maşını Imaşgilin həyət qapısı ağzında saxlayıb aşağı atıldı
və qapını itələyib həyətə girdi.
Imaş bellə həyətdəki nar ağacının dibini yumşaldırdı və o, əl saxlayıb birdən-
birə bu cür nagah peyda olmuş mühüm işlər müstəntiqinə baxdı, sonra çəpərdən
görünən maşına nəzər saldı və rişxənd eləməkdən özünü saxlaya bilmədi:
Dostları ilə paylaş: |