225
– Istəmirəm Səadəti bu məsələyə qarışdırsınlar. Istəmirəm onun adı rayonda
dildən-dilə gəzsin.
– Imaş vağzalda nə edirdi?
– Kassanın yanında dayanıb bizə baxırdı.
– Sizinlə üzbəüz idi?
– Hə.
– Sonra?
– Sonra çıxıb getdi.
– Daha onu görmədiniz?
– Yox. – Fazil müəllim bir az çətinliklə də olsa əlavə etdi. –
Amma onun bu işə
dəxli yoxdu... Səadəti çox istəyir o. Belə iş tutmaz... Soyublar babamı...
– Siz oxatma dərnəyi düzəltmisiniz məktəbdə?
Fazil müəllim təəccüblə mühüm işlər müstəntiqinə baxdı:
– Bəli. Nədir ki?
Gündüz Kərimbəyli yenə nə isə soruşmaq istədi, amma bu vaxt arxadan Mürşüd
onu hayladı:
– Gündüz əmi! Gündüz əmi!
Mürşüd qaça-qaça gəlib onlara çatdı və tövşüyə-tövşüyə:
– Bizim prokuror sizi axtarır, – dedi. – Evə adam göndərmişdi. Maşını da
küçələri dolaşır sizinçün...
XV
Gündüz Kərimbəyli kabinetə girəndə prokuror Dadaşlı oturduğu yerdə altdan-
yuxarı ona baxıb bic-bic gülümsədi və təbii ki, bizimlə birlikdə mühüm işlər
müstəntiqi bu baxışlarda nəsə təzə bir xəbər oxudu; həm də xeyir xəbər, çünki
prokuror Dadaşlının ətli sifəti bu saat açıq-aşkar xeyir xəbərdən dəm vururdu.
Dadaşlı qarşısında oturmuş kiçik leytenant Həsənzadəyə işarə edib:
– Milissiz bir günümüz olmasın! – dedi və qarnını məhdud imkanları daxilində
geri çəkib mizin yeşiyini özünə tərəf siyirdi.
– Sizi sürpriz gözləyir.
Kiçik leytenant qalxıb ayaq üstə dayandı.
Gündüz Kərimbəyli isə mizə
yaxınlaşıb:
– Saat? – soruşdu.
Dadaşlı gözlərini yeşikdən çəkib yaşından çox cavan görünən bu şəhərli oğlana
baxdı və öz növbəsində soruşdu:
– Buna nə deyirlər? Telepatiya?
Gündüz Kərimbəyli öz məxsusi təbəssümüylə gülümsəyib:
– Instinkt, – dedi.
Prokuror Dadaşlı kiçik leytenanta baxıb başını buladı, yəni ki, görürsən də,
yoldaş kiçik leytenant, belə işlər var dünyada, sonra yeşikdən çıxartdığı qızıl qol
saatını mizin üstünə qoydu.
Gündüz Kərimbəyli saatı götürüb ona elə maraqla baxdı ki, elə bil bu qızıl saat
indicə dil açıb başına gələn qəza-qədərin hamısını bircə-bircə danışacaqdı.
226
Dadaşlı ayağa qalxıb əllərini şalvarının ciblərinə saldı və mizin arxasından
keçib Gündüz Kərimbəylinin yanına gəldi, birinci dəfə görürmüş kimi, mühüm işlər
müstəntiqinin başı üstündən saata baxdı, sonra sağ əlini cibindən çıxarıb kiçik
leytenantın çiyninə qoydu.
–
Sən otur, – dedi. – «Şahzadə və dilənçi»ni oxumusan?
Həsənzadə:
– Oxumuşam, yoldaş prokuror, – dedi.
– Mayls yadına gəlir orda?
Həsənzadə bir balaca tutulub:
– Çoxdan oxumuşam, yoldaş prokuror, – dedi.
– Həmin Maylsa ixtiyar verilmişdi ki, Ingiltərə krallarının qarşısında istədiyi
vaxt otura bilər. – Prokuror Dadaşlı öz sözlərindən ləzzət çəkib bərkdən güldü, – bu
qızıl saatın tapılması kişini əməlli-başlı sevincək etmişdi –
o yenə də əlini cibinə
qoyub saata baxdı. – Bizim bu kiçik leytenantın adama elə yaxınlaşması var ki, heç
xəbərin olmur, bir də görürsən ki, çıxdı böyürdən. Zibanın başının üstünü eləcə alıb.
Gündüz Kərimbəyli saatı mizin üstünə qoyub kiçik leytenanta sarı çöndü:
– Eşidirəm sizi.
Onun ciddiliyi Dadaşlıya zərrə qədər də sirayət etmədi və prokuror kiçik
leytenantın əvəzinə dedi:
– Bizim bu rayonda bir Zibamız var, vağzalda peraşki satır. Elə vağzalda da bu
saatı qatardan düşmüş bir nəfərə sırımaq istəyirmiş. – Dadaşlı yenə kiçik leytenanta
baxdı. – Sırımaq istəyirmiş, – amma bizim bu qoçaq Mayls qartal kimi alıb başının
üstünü!
Gündüz Kərimbəyli eyni ciddiyyətlə soruşdu:
– Izahat verib?
Bu dəfə onun ahəngindəki ciddilik prokuror Dadaşlıya da sirayət etdi və o,
mizin arxasına keçib yerində əyləşərək:
– Guya tapıb, – dedi.
Kiçik leytenant əyilib ayaqlarının yanına qoyduğu portfeldən bir vərəq çıxartdı
və mühüm işlər müstəntiqinə tərəf uzatdı.
– Buyurun, – dedi. – Budu izahatı.
Gündüz Kərimbəyli:
– Lazım deyil, – dedi. – Ziba harada yaşayır?
Həsənzadə portfeli yerdən götürüb:
– Icazə versəniz mən sizi ötürərəm, – dedi.
XVI
Hava yavaş-yavaş çiskinləməyə başlamışdı və bu çiskin rayonun işıqlı
pəncərələri qarşısında lap aydın görünürdü;
bu çiskin deyirdi ki, bir azdan sulu qar
yenə vay verəcək.
Kiçik leytenant Həsənzadə, Gündüz Kərimbəyliylə yanaşı addımlaya-
addımlaya soruşdu:
– Şəhərdə də maşına minmirsiniz, yoldaş Kərimbəyli?
– Lazım olanda minirəm, əlbəttə. Bakıda maşınsız keçinmək çətin işdi. Amma
maşınla da, trolleybusla da, avtobusla da aram yoxdu.
227
Kiçik leytenant Bakıdan gəlmiş bu məşhur işçinin hər sözünə xüsusi diqqət
verirdi və yəqin ki, hər sözdən də özü üçün bir nəticə çıxarırdı. O, bir az çəkinə-
çəkinə:
– Bilirsiz, – dedi, – rayonumuz yaxşı rayondu. Gəzməli rayondu. Adamları da
yaxşı adamlardı...
Gündüz Kərimbəyli kiçik leytenanta baxıb gülümsədi, yəni ki, qara qızın dərdi
varmış, sonra dedi:
– Mən başqa fikirdə deyiləm.
Həsənzadə yenə də çəkinə-çəkinə:
– Bilirsiz, – dedi, – adam özünü bir az belə... birtəhər hiss eləyir...
Birinci
dəfədi gəlirsiz bura... Birinci dəfədi görürsüz bu yerləri, bu adamları... Amma cani
axtarırsız...
– Bizim işimiz belə işdi, leytenant. – Gündüz Kərimbəyli yəqin bilə-bilə
«kiçik» sözünü ixtisara saldı. – Sizin də, mənim də, hamımızın... Neçə yaşınız var?
– Iyirmi dörd.
– Hələ hər şey irəlidədi, leytenant.
Hələ çox üzlər görəcəksiz, çox işlərlə
rastlaşacaqsız, ürəyiniz də çox qısılacaq, amma bir şey olmasın gərək: peşmançılıq.
Gərək peşman olmayasan ki, bu nə işdi ömrümü həsr etmişəm, camaat gül becərir,
kitab yazır, konsert verir, amma mən də gecəmi gündüzümə qatıb oğru axtarıram,
cani gözləyirəm, fikrimdə hərəyə bir qara yaxıram, sonra da məlum olur ki,
pis adam
bu yox, bir başqasıdı. Gərək haçansa bütün bunlar barədə fikirləşib peşman
olmayasan. Bununçün bilirsiz nə lazımdır?
Kiçik leytenant bir söz deməyib mühüm işlər müstəntiqinə baxdı.
Gündüz Kərimbəyli yenə öz məxsusi təbəssümüylə gülümsəyib dedi:
– Bununçün gərək, adamları da çox istəyəsən, bax, bu çiskini də, o dağları da...
Bu sözlərim bir az müəllim nəsihətinə oxşadı, hə? Mən, axı, hüquq fakültəsində
xeyli vaxt dərs demişəm.
Kiçik leytenant:
– Bilirəm, – dedi, – bir dəfə bizim məktəbə də gəlmişdiniz. Mən Mərdəkandakı
milis məktəbində oxumuşam. Bizim rəis sizi dəvət etmişdi bizə mühazirə oxumağa.
Valyutaçıların işini açmışdınız onda...
Gündüz Kərimbəyli söhbəti davam etdirmədi və taxtapuşların üstündən qaralan
dağlara tərəf baxdı; elə bil bayaq kiçik leytenanta dediyi sözlərdən sonra bu dağlar
da, bu taxtapuşlar da, işıqlı pəncərələr və həmin işıqda tor tutmuş çiskin də onunçün
daha da doğmalaşmışdı; görünür, mühüm işlər müstəntiqinin
təbiətində müəllimliklə
bərabər, bir tələbəlik də hələ qalmaqda idi.
Kiçik leytenant qarşı səkidəki ikimərtəbəli binanın darvaza qapısını göstərib:
– Budu, çatdıq, – dedi. – Zibanın evi budu.
Bu ikimərtəbəli binanın birinci mərtəbəsi qaraj idi, ikinci mərtəbəsinin isə
pəncərəsindən işıq gəlirdi.
– Maşını da var deyəsən?
– Yox, əşşi, onunku deyil, Cəbinin «Moskviç»idi, köhnə...
– Cəbi kimdi?
Kiçik leytenant bir balaca tutuldu:
– Heç, şoferdi, – dedi, – kolxozun yük maşınını sürür.
– Fatma arvadın oğlu Cəbi?