Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə95/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   91   92   93   94   95   96   97   98   ...   145

 
219
– Hə, yaxşı yanır, – dedi. – Sonra qarşısındakı uzun mizin arxasında cinayət 
axtarışı üzrə baş inspektor Cabbarovla üzbəüz oturmuş cavan oğlana işarə etdi. – 
Ekspert sizi gözləyir. 
Gündüz Kərimbəyli kürkünü çıxara-çıxara cavan oğlanla əl tutuşdu. 
– Məhkəmə-tibb eksperti Kazımov. 
Mühüm işlər müstəntiqi birbaşa mətləbə keçdi: 
– Yoldaş prokuror, zəhmət olmasa, Qəmərlinskinin ölüm işi ilə  əlaqədar 
qaldırılmış cinayət işini göstərin. 
Prokuror Dadaşlı qarşısındakı qovluğu Gündüz Kərimbəyliyə tərəf uzatdı: 
– Budur, buyurun. – Yəni ki, biz də burda oturub gözümüzü göyə zilləməmişik, 
iş görürük. 
Gündüz Kərimbəyli bir balaca gülümsədi, sonra qovluğu götürüb, Kazımovun 
yanında əyləşdi və qovluqdan məhkəmə-tibb ekspertizasının rəyini çıxartdı: 
– Sizin rəyinizə görə Qəmərlinski bir tərəfi iti, o biri tərəfi küt bıçaqla vurulub? 
– Bəli, elədir. 
– Bıçağın iti tərəfi üzüyuxarıdı? 
– Elədir. 
Gündüz Kərimbəyli bu dəfə prokuror Dadaşlıya müraciət etdi:  
– Bıçaq çox dərinə yeriyib. Buna görə  də siz bu fikirdəsiniz ki, onu 
hündürboylu bir adam vurub? 
Prokuror Dadaşlı: 
–  Əlbəttə, – dedi. – Qəmərlinski yağışın altında küçədə oturmayıb ki, gəlin 
məni yuxarıdan aşağı bıçaqla vurun. 
– Məsələ  də burasındadır ki, bıçağı  əllə vurmayıblar, atıblar! – Gündüz 
Kərimbəyli ayağa qalxıb divanın üstünə atdığı kürkün cibindən iri bir ovçu bıçağı 
çıxartdı. – Bunu bu gün sizin univermaqdan almışam. Doludur orda. – Sonra o, 
əlindəki bıçaqla məhkəmə-tibb ekspertinə yaxınlaşdı. – Təxminən belə bir bıçaqla 
vurulub, eləmi? Görürsünüz, bir tərəfi iti, o biri tərəfi kütdür. 
Ekspert Kazımov ovçu bıçağına baxa-baxa hələ də bir şey başa düşə bilmədi: 
– Hə, – dedi. – Belə bir bıçaqla vurublar. 
Mühüm işlər müstəntiqi Dadaşlıya baxdı və prokuroru tamam çaş-baş salmış bu 
mülahizəsini izah etdi: 
– Heç bir adamöldürən cani, yuxarıdan aşağı  bıçağın küt tərəfi ilə  zərbə 
vurmaz. – O, bıçağın dəstəyindən yapışıb yuxarı qaldırdı. – Bax, belə tutasan 
gərək... Tərsinə tutmaq heç cürə mümkün deyil. 
Prokuror Dadaşlı bir söz demədi,  əvvəlcə  əlini uzadıb qovluğun içindəki 
fotoları götürdü və elə bil birinci dəfə görürmüş kimi, bir-bir onlara baxdı, sonra 
ayağa qalxdı, mühüm işlər müstəntiqinin ona tərəf uzatdığı  bıçağı alıb  ətli 
barmaqlarıyla dəstəyindən yapışdı və Gündüz Kərimbəylinin göstərdiyi kimi, yuxarı 
qaldırdı; bu bircə anın içində həmişə onun sifətindən əskik olmayan mehriban ifadə 
itdi, elə bil ki, o, doğrudan da kimi isə vurmaq istəyirdi, sonra dedi: 
– Burada mübahisəlik bir şey yoxdu. Düz deyirsiz... Atıb zalım oğlu, işini 
bitirəndən sonra da dartıb çıxarıb. 
Prokuror Dadaşlı bu sözləri elə dedi, elə bil ki, şahmat oynadığı vaxt vəziri 
gətirib qoyub piyadanın qabağına ki, vur və bunu sonradan görüb, duyuq düşüb. 


 
220
O, mizin arxasından çıxıb sobaya tərəf getdi; elə yüngül və ahəstə addımlayırdı 
ki, elə bil yüz otuz kiloluq bədənin yiyəsi o deyildi. 
Gündüz Kərimbəyli gülümsəyib: 
– Hə, kimdi sizin rayonda belə bıçaq atan? – soruşdu. 
Prokuror Dadaşlı sobanın yanındakı maşanı götürüb dedi: 
– Bıçaq atanı bilmirəm, amma Fazil Qəmərlinski məktəbdə ox atmaq dərnəyi 
düzəldib. 
Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli də sobaya yaxınlaşdı və prokuror 
Dadaşlının əyilib maşa ilə ocağı qarışdırmağına baxa-baxa: 
– Sizin xəbəriniz var? – dedi. – Qəmərlinski əvvəllər milisdə işləyib. 
Prokuror Dadaşlı gözlərini ocaqdan çəkib altdan-yuxarı mühüm işlər 
müstəntiqinə baxdı, yəni ki, görəsən, bu yeni xəbərin arxasında nə dayanıb? 
Gündüz Kərimbəyli Cabbarova müraciət etdi: 
– Siz elə bu gün Bakıya getməlisiniz. Daxili Işlər Nazirliyinin arxivində 
Qəmərlinskinin sənədləri ilə tanış olmalısınız. Bu barədə sizinlə  ətraflı söhbət 
edəcəyəm. 
XII 
Fatma arvadgilin küçə qapısının ağzında iki gödək  şalban parçasının üstünə 
vurulmuş uzun bir taxta vardı və bu əldədüzəltmə skamya rayon arvadlarının gimgə 
yeri idi. Üç-dörd gün yağan sulu qar hələlik dayandığı üçün, fürsəti fövtə verməyib 
bura yığılmışdılar. 
Fatma arvad deyirdi: 
– Müəllimin ki, babasını öldürüblər burda, tapacaqlar bu gün-sabah öldürəni! 
Bakıdan böyük naçalnik gəlib. Deyir adamın ki, gözünün içinə baxdı, bilir ki, düz 
adamdı, ya yox! Bilir ki, hansı yuvanın quşudu! Eh! Gidi dünya!.. Kişini öldürüblər, 
amma nəvə eşqbazlıqdadı oğru Imaşın bacısıyla! Səhərdən-axşamacan çay qırağıyla 
o baş sənin, bu baş mənim... 
Qarılardan biri söyləndi: 
– Nə bilirsən axı, a Fatma, heylə danışırsan? 
O biri qarı dedi: 
– Fatma bilməyən şeyə qurd düşər. 
Fatma arvad: 
– Gözümlə görmüşəm, – dedi. – Gözümlə görmüşəm həyasızların çay qırağında 
qol-boyun olduğunu! 
Ayna xala soruşdu: 
– Bu havada? 
– Qızışanda nə havabazlıqdı, Fatma, – dedi. – Oğru Imaşın bacısına hava nə 
təsir edəcək? 
– Yəni deyirsən o Səadət müəllimə Zibadan da pisdi? – Bu sözləri də Ayna xala 
dedi. 
Fatma arvad yaman acıqlandı və belə məlum oldu ki, bu sözlər onun yarasının 
üstünə köz basdı. 


 
221
– Bura bax, ay arvad! – dedi. – Allaha and olsun, sənə bir düdəmeyi-hindi 
gələrəm ki, yüz il bundan əvvəl anadan əmdiyin süd indi burnundan tökülər! Zibadı, 
nə zibildi, o mənim nəciyəzimdi ki, başıma vurursan, hə?!. 
Cəbinin yük maşını  gəlib qapının ağzında dayanmasaydı, yəqin ki, arvadlar 
küçə  söyüşünə çıxacaqdılar. 
Cəbi maşından atılıb salamsız-kalamsız həyətə girdi və Fatma arvad da tələsik 
oğlunun ardınca içəri keçib taxta pilləkənlə ikinci mərtəbəyə qalxdı. 
Cəbi  əynindən çıxartdığı meşin kürkü şüşəbənddəki taxta atıb köynəyinin 
yaxasını açdı. Əlüzyuyanın qabağına əyilib üz-gözünü yudu. 
Fatma arvad dördkünc mizin üstünə göy-göyərti, çörək, duz, istiot düzdü və: 
– Yaxşıca piti asmışam, – dedi. – Qəssab Abış bu gün yaxşı bir erkək kəsmişdi, 
döş əti götürmüşəm. Bu saat gətirirəm. 
Cəbi bir söz deməyib mizin arxasında əyləşdi: bir dəstə göyü birdəfəyə götürüb 
ortadan bükdü və duza batırıb yeməyə başladı. 
Fatma arvad bir kasa pitini buğlana-buğlana gətirib oğlunun qabağına qoydu və 
üstünə üzü qurama döşəkcə saldığı taxta kətildə oturdu. 
Cəbi  pitidən bir qaşıq götürüb çörəkdən dişlədi və çeynəyə-çeynəyə: 
– Sözlü adama oxşayırsan, – dedi. 
Fatma arvad həm yaşdan, həm də  işdən-gücdən quruyub qaxaca dönmüş 
barmaqlarını bir-bir mizin üstündəki güllü klyonkaya sürtə-sürtə soruşdu: 
– Sənin niyə qanın qaradı? 
– Sözünü de görüm!.. 
– Heç... – Fatma arvad dedi. – Nə sözüm olacaq? Bayaq yenə Şəmistanın anası 
Tutu havayı-havayı danışırdı... O küpəgirən Ayna da bir tərəfdən... 
– Nə deyirdi? 
– Heç... Nə deyəcək? Zibanı çaxırdı başıma yenə. 
Cəbi ağzına aparmaq istədiyi qaşığı yenə kasanın içinə saldı və təkcə bunu dedi: 
– Başqa söz danış. 
Cəbi təkcə bunu dedi, amma Fatma arvad yəqin başa düşdü ki, bir də Zibanın 
adını çəksə, qalmaqal qopacaq. 
Cəbi pitini təzədən qaşıqladı. 
Fatma arvad dedi: 
– Niyə çörək doğramırsan? 
Cəbi cavab vermədi. 
Fatma arvad bir az yerində vurnuxub yenə dedi: 
– Səlbinazın qızını Abbasəlinin oğluna nişanlayıblar. Vecələnin biridi deyirlər, 
hayıf o qızdan!.. Yaxşı qızdı, hamamda görmüşəm... 
Cəbi bir söz demədi. Araya sükut çökdü və bu sükutu yenə də Fatma arvad özü 
pozdu: 
– Bizim tində öldürülən kişinin işi üstə Bakıdan böyük adam gəlib. Deyirlər bu 
günə, sabaha tapacaq ki, kimdi öldürən. 
Bu dəfə Cəbi qaşığı kasanın içinə atdı və pitinin suyu da bütün ətrafa sıçradı. 
Cəbi bir söz demədi, ayağa qalxıb taxtın üstündən meşin kürkünü götürdü və iti 
addımlarla şüşəbənddən çıxıb həyətə düşdü. 
Fatma arvad bu işə lap məəttəl qaldı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə