222
Cəbinin kabinkaya atılması ilə motoru işə salmağı bir oldu; maşın yerindən
götürüldü.
XIII
Bakıda günəşli bir gün idi və indi belə məlum olurdu ki, bir belə sulu qardan,
soyuqdan, palçıqdan sonra hardasa doğrudan da gün çıxa bilərmiş.
Və işıqforun qırmızı işığı günün altında ora-bura şütüyən maşınları saxlayan
kimi, cinayət axtarışı üzrə baş inspektor Cabbarov küçəni keçib iti addımlarla Daxili
Işlər Nazirliyinin küçə pillələrini yuxarı qalxdı...
XIV
Bir azdan qaş qaralacaqdı və o zaman indi köpüklənə-köpüklənə axan bu çay
hər tərəfi bürümüş qaranlıq içində işıldayacaqdı, köpüyü ağarmağa başlayacaqdı.
Burada çayın şırıltısından və hərdən hop-hop quşunun meşədən gələn səsindən
başqa bir səs-səmir yox idi – nə maşın səsi, nə radio, nə də şəhər hay-küyü.
Hətta addımların səsi də eşidilmirdi burada – hər tərəfi bürümüş xəzəl yaş idi və
mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli çılpaq ağacların arası ilə çayın axarı
boyu addımladıqca bu yerlərin səssizliyinə, təmizliyinə, saflığına bir xələl
toxunmurdu; bu dəm burada insanla təbiət üzbəüz idi və bu dəm burada insan
təbiətin işlərinə qarışa bilmirdi.
Gündüz Kərimbəyli əllərini kürkünün cibinə salıb, asta-asta xəzəl basmış cığırla
addımlayırdı. O, çaya baxırdı, ağaclara baxırdı, böyürtkən, itburnu kollarına baxırdı
və burası da açıq-aşkar hiss olunurdu ki, bu saat o, bütün varlığı ilə bu səssiz, təmiz,
saf təbiətin qoynunda idi, fikirləri də yəqin bu yerlərdə dolanırdı; bəlkə də başqa şey
fikirləşirdi, fikirləşirdi ki, bir halda ki, dünyada belə bir səssizlik var, təmizlik, saflıq
var, niyə adam adam öldürür, niyə bir nəfər başqa birisinin qanına bais olur?
Fazil müəllimlə Səadəti birinci o gördü; onlar yavaş-yavaş addımlaya-
addımlaya Gündüz Kərimbəyliyə tərəf gəlirdilər; uzaqdan onların yerişində bir
biganəlik hiss olunurdu, elə bil ki, bütün bu yerlərlə və ümumiyyətlə, bütün dünya
ilə küsülü idilər; sonra Fazil müəllimlə Səadət onu gördü və bir-birlərinə nəsə
dedilər; nə dedikləri məlum deyildi, amma bu lap yaxşı məlum idi ki, təbiətin bu
kimsəsizliyində birdən-birə mühüm işlər müstəntiqi ilə rastlaşmalarına
sevinmədilər...
Onlar üzbəüz dayananda, təbii ki, salamlaşdılar və Gündüz Kərimbəyli
gülümsəyərək dedi:
– Mənə inanın ki, bu görüşümüz tamam təsadüfdür.
Nə Fazil müəllimin, nə də Səadətin onun gülümsəməyinə gülümsəməklə cavab
vermək halı yox idi. Fazil müəllim dedi:
– Hər şey elə təsadüfdən başlanır...
– Hə, təsadüfdən çox şey asılıdı. – Bunu da Gündüz Kərimbəyli dedi.
Səadət müəllimə isə sağollaşdı:
– Sağ olun. Mən getdim.
Mühüm işlər müstəntiqi bu dəfə özünü birtəhər hiss etdi:
– Mən öz yolumla gedirəm... Sizə maneçiliyim olmayacaq...
223
Fazil dedi:
– Onsuz da, buralarda bir-birimizdən ayrılırıq... Rayonda bizi bir yerdə görəndə
qeybət ikiqat artır...
Səadət müəllimə bir daha:
– Sağ olun, – dedi və onlardan uzaqlaşdı.
Fazil müəllim Gündüz Kərimbəylinin yanında dayandı. Bir müddət heç biri heç
nə demədi. Sonra Gündüz Kərimbəyli əyilib yerdən bir çubuq götürdü və çaya baxa-
baxa yavaş-yavaş addımlamağa başladı. Fazil müəllim də onun yanınca getdi.
Gündüz Kərimbəyli soruşdu:
– Sizin mənə bir sözünüz var?
– Yox, mənim... mənim elə bir sözüm yoxdu. Amma sizin yəqin yenə mənimlə
işiniz var... Sabah da yəqin mənim üçün məktəbə gələcəkdiniz...
Gündüz Kərimbəyli yenə də məxsusi təbəssümüylə gülümsədi və:
– Acığınız tutmasın, – dedi. – Səadət müəllimə ilə bugünkü söhbətimiz faydalı
oldu.
– Bir şey öyrənə bildiniz? – Fazil müəllimin sualında əməlli-başlı rişxənd
vardı.
– Öyrəndim, əlbəttə...
– Məsələn, nə öyrəndiniz?
– Məsələn, öyrəndim ki, – Gündüz Kərimbəyli ani olaraq Fazil müəllimə baxdı,
– o sizi çox istəyir.
Fazil müəllim əvvəlcə bir söz demədi və yəqin burasını da birdəfəlik başa
düşdü ki, bu adamla danışanda rişxəndi qatlayıb cibə qoymaq lazımdı, çünki bu
adam nə məktəb direktorudu, nə də rayon maarif şöbəsinin inspektoru. Sonra dedi:
– Məlumat üçün çox sağ olun.
Görünür ki, belə bir söhbət Gündüz Kərimbəylinin ürəyinə yatmırdı və onun
səbri tükəndi:
– Bura baxın, cavan oğlan! – Ayaq saxlayıb düz Fazil müəllimin gözlərinin
içinə baxdı. – Elə bilirsiniz ki, mənim xoşuma gəlir camaatın işinə qarışım, görüm
kim kimi istəyir, kim də kimi istəmir? Kimin qardaşı necə adamdı?
Fazil müəllim cavab vermədi.
Gündüz Kərimbəyli yenə asta addımlarla yoluna davam etdi və bu dəfə
həmişəki mülayimliyi ilə:
– Amma, – dedi, – sizə, doğrudan da, sözüm var... Bir şey soruşacağam, daha
doğrusu, təzədən soruşacağam.
O susdu və əlindəki çubuğu oynada-oynada bir müddət heç nə deməyib
irəlilədi.
Yavaş-yavaş qaş qaralırdı.
– Yaxşı yadınıza salın. Sizin deyəcəklərinizdən çox şey asılıdı. Babanız
qatardan düşəndən sonra, – Gündüz Kərimbəyli bu sözləri xüsusi bir vurğu ilə
tələffüz etdi, – otağınıza girdiyiniz vaxta qədərki müddətdə kiminlə rastlaşdınız,
kimi gördünüz? Çalışın ki, həmin gecəni bütün təfərrüatı ilə yadınıza salasınız,
bütün təfərrüatı ilə, tələsməyin.
Onlar yanaşı addımlayırdı və Fazil müəllim gözlərini ayaqlarının altına dikib
bir söz demirdi; nəhayət ki, dilləndi:
– Heç kimlə rastlaşmamışıq...
224
– Heç kimi də görməmisiniz?
Fazil müəllim yenə bir müddət susduqdan sonra:
– Yox! – dedi.
– Axı, bu ola bilməz ki, heç kimi görməyəsiniz?
– Qışda hava pisdi, gecə vaxtıydı özü də... Adam olmur rayonda bu vaxt... Yəni
küçədə, çöldə deyirəm...
– Vağzalda heç kim yox idi?
– Yox...
– Bəs vağzalın işçiləri?
– Işçiləri? Yəqin ki, orada idi...
– Bax, görürsüz...
– Tanımadığım adamlardı, bəlkə də yan-yörəmizdə olublar, fikir
verməmişəm...
– Bəs küçə boyu? Evə gələndə?
Mühüm işlər müstəntiqinin bu cür cidd-cəhdlə verdiyi suallar Fazil müəllimi
düşündürürdü və o, addımladıqca həmin gecənin təfərrüatını yadına salmağa
çalışırdı.
– Fəttah dayını – qarovulçunu kitab mağazasının yanında gördüm, salamlaşdıq
da...
– Görürsünüz, bir-bir yada düşür. Sonra kimi gördünüz? Bax, bu cür fikir
vermədiyiniz adamlardan?
Fazil yenə bir müddət susduqdan sonra:
– Ayna xalanı, – dedi. – Salamlaşıb qalxdıq yuxarı. Sonra Ayna xala çay
gətirdi, gördü ki, babam çıxıb evdən, təəccüb elədi ki, bu havada hara belə?..
– Bax, bu iki nəfər... Sonra kimi?
Fazil müəllim dayandı və gözlənilmədən:
– Bilirəm siz nə fikirləşirsiniz, – dedi.
Gündüz Kərimbəyli də ayaq saxladı və gülümsəyə-gülümsəyə dedi:
– Qəribədi. Siz bilirsiniz, amma mən özüm öz fikirlərimdən baş açmıram hələ.
Fazil müəllim yəqin ki, bu sözləri də növbəti bir fənd hesab edib dedi:
– Məni çox da sadəlövh bilməyin. Mənim işlərimin babamın ölümünə dəxli
yoxdur.
– Burası hələ məlum deyil...
Fazil müəllim, qulaqlarına inanmırmış kimi, mühüm işlər müstəntiqinə baxdı və
nə isə demək istədi, amma Gündüz Kərimbəyli onun danışmağına imkan vermədi:
– Burası da məlum deyil ki, sizin işlərinizin bizim indiki söhbətimizə nə dəxli
var?
Fazil müəllim artıq qaranlıq düşdükcə yavaş-yavaş işıldamağa başlayan çaya
tərəf baxdı və dedi:
– Imaş vağzalda idi.
– Bax, bu üç nəfər...
Fazil müəllim bu dəfə də təəccüblə mühüm işlər müstəntiqi Gündüz
Kərimbəyliyə baxdı. Əlbəttə, o, heç cür gözləmirdi ki, dediyi bu sözlər, verdiyi bu
xəbər beləcə sakit qarşılanacaq.
Gündüz Kərimbəyli soruşdu:
– Bunu nə üçün gizlədirdiniz?
Dostları ilə paylaş: |