Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə91/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   87   88   89   90   91   92   93   94   ...   145

 
207
Fazil müəllim başı ilə təsdiq edə-edə: 
– Bilirdi! – dedi. 
– Bura gəlməyini də bilirdi? 
– Yox, ona deməmişdim. 
– Bəs kimə demişdiniz? 
Fazil müəllim bir az susduqdan sonra cavab verdi: 
– Imaşa. Səadətin qardaşı... Böyük qardaşı... 
Gündüz Kərimbəyli qapıya yaxınlaşıb kürkü mismardan aldı və geyinə-geyinə 
soruşdu: 
– Babanızı qarşılamağa tək getmişdiniz? 
– Bəli. 
– Yolda heç kimə rast gəlmədiniz? 
– Yox. 
– Birbaşa bura gəldiniz? 
– Hə. 
– Gələn kimi də evdən çıxdı? 
– Hə. 
– Niyə? 
– Bilmirəm, ürəyi qısıldı, ya nə oldu... Birdən-birə tutulmuşdu yaman. 
Paltosunu da çıxarmayıb beş-altı  dəqiqə oturdu, bəlkə on dəqiqə... Sonra dedi ki, 
çıxıram küçəyə. Nə qədər elədim, olmadı. Məni də qoymadı ki, yanınca gedim. Dedi 
ki, bir az hava alıb qayıdacağam... 
– Yolda, ya da evdə olduğu vaxt sizdən bir şey soruşmadı? 
– Yox, soruşmadı. 
– Lap dəqiq? 
Fazil müəllim bir az fikrə getdi, sonra dedi: 
– Soruşdu ki, ev yiyəsindən razıyam, ya yox? Dedim ki, yaxşı adamdı Ayna 
xala. 
– Vəssalam? 
– Hə. 
– Yolda da? 
– Yolda heç nə soruşmurdu.  Əvvəlcə kefi pis deyildi. Deyirdi ki, şəhərdən 
sonra buralar adama ləzzət eləyir, maşınların tüstüsü, hər tərəfin asfaltı bezikdirib 
məni... Sonra daha bir söz demədi... 
Gündüz Kərimbəyli portfeli götürüb qapını açmaq istəyəndə,  əl saxladı  və 
axırıncı sualını verdi: 
– Buradakı kişi Imaş idi? 
Fazil müəllim təəccüblə Gündüz Kərimbəyliyə baxdı: 
– Hə, o idi. Nə bildiniz? 
Mühüm işlər müstəntiqi gülümsəyib çiyinlərini çəkdi. 
Fazil müəllim də çarpayının başına saldığı paltosunu götürüb geyinə-geyinə 
dedi: 
– Sizi ötürüm...      



 
208
Rayon evlərinin yaş taxtapuşları qaranlıqda işıldayırdı; sulu qar elə hey yağır, 
yağırdı. Dəmir kirəmitli taxtapuşlardan süzülüb tökülən, novçalardan gələn su sel 
kimi küçələrdən axırdı. Rayonun işıqları yavaş-yavaş sönürdü və bu qaranlıq içində, 
bu kimsəsizlikdə küçələrdəki tut, qoz, söyüd ağaclarının çılpaq görkəmi adamı daha 
da üşüdürdü. 
Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli balaca elektrik plitəsinin yanındakı 
taxta kətildə oturub cərəyandan qıpqırmızı  qızarmış  məftillərə baxırdı; bu balaca 
elektrik plitəsindən güclə seziləcək bir ilğım qalxırdı. Və elə bil ki, bu ilğım bayırın 
soyuğundan və ümumiyyətlə, dünyanın bütün əbləh işlərindən şikayət edirdi. 
Mühüm işlər müstəntiqi kürkünü çiyninə salmışdı  və çölün zəhlətökən 
havasından sonra yəqin ki, bu saat bu plitə istisinin, bu balaca otaqdakı xudmaniliyin 
ayrı ləzzəti vardı; amma burası da hiss olunurdu ki, onun gözləri plitənin qızarmış 
məftillərinə baxırdısa da, fikri başqa yerlərdə dolaşırdı. 
Pəncərənin qabağındakı girdə mizin üstündə qənd, mürəbbə, balaca çaynik və 
bir armudu stəkan vardı. Pəncərənin pərdələri aralanmışdı və şüşənin bayır tərəfinə 
çırpılan sulu qardan bilinirdi ki, bu hava hələ düzələn şey deyil. 
Fəttah dayı əlində balaca bir torba içəri girdi: 
– Yatmamışdan əvvəl bir bankalıyam səni gərək, bacıoğlu... 
Gündüz Kərimbəyli banka dəsgahının ləzzətini  əvvəlcədən hiss edə-edə 
gülümsədi və: 
– Fəttah  dayı, – dedi, – pis öyrədirsən ha, qonağı... 
Fəttah dayı  əlindəki torbanı  dəmir çarpayının yanındakı alabəzək sandığın 
üstünə qoyub: 
– Qonaq istəyənin süfrəsi boş olmaz, – dedi. – Düzdü, bu zəmanədə heç kim ac 
qalmır, hərənin süfrəsində bir şey olur, ağ çörəyin kilosu otuz qəpiyədi, qonaq da ki, 
umduğunu yeməz, olduğunu yeyər... Amma, bacıoğlu, bu öskürəklə ki, o cür yağışın 
altında başladın işini görməyə, tanıdım səni yaxşıca! Bildim ki, sabah da belə 
edəssən, biri gün də, o birisi gün də. Lap ömrünün axırınacan... Deyiblər ki, yaxşılıq 
elə, at dəryaya, balıq bilməsə də, Xaliq bilər. Sənin də evdə gözləyənin var!.. 
Gündüz Kərimbəyli ayağa qalxıb kürkü çarpayının başına atdı  və  gəlib 
çarpayıda otura-otura dedi: 
– Bir anam var Bakıda, Fəttah dayı, elə bil sənin dediklərini yığıb bir-bir. 
Fəttah dayı bankaları torbadan çıxarıb, sandığın üstünə düzdü. 
– Sənin kimiləri az görməmişəm, bacıoğlu. Sizin xəmiriniz işlə yoğrulub. 
Astanın işi qalmaz, xəstənin işi qalar, deyiblər. Asta olmağına asta adama 
oxşamırsan sən, amma xəstə olmağına xəstəsən. Mənim də borcum budu ki, anan 
səni necə göndərib bura, elə  də  mən qaytarım səni onun üstünə. Niyə ki, mənim 
qonağımsan, başqasının yox. – Sonra Fəttah dayı qapıya tərəf dönüb bərkdən 
çağırdı: – Mürşüd! 
Mürşüd qapıdan içəri boylandı: 
– Nədi, dədə? 
– Gəl kömək elə mənə. 
Mürşüd içəri girib təbii ki, çarpayıda oturan qonağı tanıdı. Gündüz Kərimbəyli 
əlini uzadıb onunla görüşdü.  
– Ba!.. – dedi, – Mürşüd kişi, sənin qonağınammış ki... 


 
209
Fəttah dayı  təəccüblə onlara baxdı  və o saat da məsələni başa düşüb, oğluna 
acıqlandı: 
– Yenə vağzala getmişdin? 
Gündüz Kərimbəyli əynindəki cempiri çıxara-çıxara: 
– Kişi kolleksiyaçıdır də! – dedi və  əli ilə Mürşüdün qıvrım, qara saçlarını 
qarışdırdı. – Kolleksiyaçı bilirsən nədir? Biri marka yığır, o biri qəlyan yığır, bir 
başqası tramvay yığır. Sən də kibrit kağızı  yığırsan. Kolleksiyaçı sizsiniz, sizə 
deyirlər... 
Fəttah dayı balaca dəmir çubuğun ucuna pambıq dolaya-dolaya lap 
təəccübləndi: 
– Tramvay ha! 
– Hə, Fəttah dayı, hardasa bir milyoner var, tramvay yığır. 
Fəttah dayı dedi: 
– Harınlıqdandı. Tramvay yığmaq da elə bir qızıl saatdan ötrü adam öldürmək 
kimi bir şeydi  əslində... Bir şahının iki üzüdü... – Sonra spirt şüşəsini də torbadan 
çıxarıb ağzını açdı. – Tamam soyun, gir yerinə. Bankalayandan sonra üstünü 
basdıracam. Əslinə baxsan heç gərək sabah da çıxmayasan eşiyə... 
– Elə  şey yoxdu, Fəttah dayı, sənin bankandan sonra sabah gərək qiyamət 
eləyək! 
Fəttah dayı başını bulaya-bulaya gülümsədi. 
Gündüz Kərimbəyli üzüqoylu çarpayıda uzandı. Fəttah dayı yorğanı belinəcən 
onun üstünə  çəkib yekə, döyənəkli  əlləri ilə Gündüz Kərimbəylinin kürəklərini 
ovxaladı, sonra kibriti Mürşüdə verib dedi: 
– Yandır görüm. 
Mürşüd kibrit çöpünü çəkib yandırdı, Fəttah dayı da yaşına uyuşmayan bir 
cəldliklə əlindəki dəmir çubuğun pambıqlı ucunu spirtə batırıb yandırdı və bankaları 
bir-bir salmağa başladı. 
– Hə, gör necə tutur!... Bacıoğlu, lap kefin istəyən soyuqlamısan ha... 
Gündüz Kərimbəyli qollarını  hər iki tərəfdən yanlarına uzadıb, üzünü onlara 
tərəf tutmuşdu. O, Mürşüdə göz vurdu, Mürşüd gülümsədi. 
Fəttah dayı bankaları salıb yorğanı lap yuxarıyacan çəkdi, sonra kətildə oturub 
pencəyinin cibindən tənbəki kisəsini, qəlyanını çıxartdı. 
Mürşüd sandığın üstündə oturdu. 
Gündüz Kərimbəyli Mürşüddən soruşdu: 
– Neçə nəfərsiz? 
Mürşüd dedi: 
– Dörd bacım var, iki qardaşım. 
Gündüz Kərimbəyli  gülümsədi: 
– Ordudu ki, bu, a Fəttah dayı!.. 
Fəttah dayı  qəlyanını yandırıb, gülümsəyə-gülümsəyə başını buladı, yəni ki, 
görürsən də... 
Gündüz Kərimbəyli Mürşüddən soruşdu: 
– Sən kiçiyisən? 
– Yox, bir bacım məndən böyükdü, qalanları hamısı kiçikdi... 
Fəttah dayı  qəlyanını tüstülədə-tüstülədə bir ayağını qaldırıb altına qoydu və 
dedi: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə