Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə90/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   86   87   88   89   90   91   92   93   ...   145

 
204
– Mən səninçün balaca bəbə-zad deyiləm ki, qorxudasan məni! 
– Bilmirəm, bəbəsən, ya nəsən, budu deyirəm sənə, islanmışın yağışdan 
qorxusu yoxdu, sırğa elə, as qulağından,  əgər naxələflik eləsən, tökəcəyəm yerə 
bağırsaqlarını! 
– A kişi, necə adamsan sən? Adam dili başa düşmürsən? Niyə durub gəlmisən 
üstümə? 
Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli iş xatirinə  də olsa, qapı dalında 
gizlənib başqalarının danışığına qulaq asmağı  yəqin ki, xoşlamırdı,  əlini kürkünün 
cibindən çıxarıb qapını tıqqıldatdı. 
Əvvəlcə bir sakitlik çökdü, sonra içəridən səs gəldi: 
– Heç nə lazım deyil, Ayna xala! 
Gündüz Kərimbəyli qapını bir də döydü. 
– Nədi axı? – sözüylə qapının açılması bir oldu və qapını açan oğlan tanımadığı 
bu qonağa baxıb soruşdu: – Kim lazımdı? 
Gündüz Kərimbəyli  əynində  sırıqlı, otağın ortasında dayanmış  qırx beş,  əlli 
yaşlarında kişiyə baxıb qarşısındakı cavan oğlandan soruşdu: 
– Fazil müəllim sizsiniz? 
– Bəli, mənəm. 
– Sizinlə bir balaca işim var. 
Fazil müəllim sırıqlılı kişiyə ötəri bir nəzər salıb, Gündüz Kərimbəyliyə yer 
göstərdi. 
– Gəlin içəri, buyurun, əyləşin. 
Gündüz Kərimbəyli içəri girdi və otaq isti olduğundan, Fazilin göstərdiyi stula 
tərəf gedə-gedə kürkünü çıxartdı, üzərindən su süzülən portfeli stulun yanında yerə 
qoyub oturdu və kürkü dizlərinin üstünə saldı. 
Sırıqlı geymiş kişi qonağa tərs bir nəzər salıb, Fazil müəllimə baxdı və xüsusi 
bir tələffüzlə: 
– Mən getdim! – dedi. – Lazım olsa, gələcəyəm yenə! 
O, qapıdan çıxanda Fazil müəllim dərindən nəfəs alıb, Gündüz Kərimbəyliyə 
tərəf çevrildi: 
– Bağışlayın, elə bildim ki, yenə Ayna xaladı, soruşur ki, nə lazımdı. Ev 
yiyəsini deyirəm... Kirayənişinəm mən burda. 
Mühüm işlər müstəntiqi dizlərinin üstündəki kürkün döş cibindən vəsiqəsini 
çıxarıb Fazil müəllimə göstərdi: 
– Mahmud Qəmərlinskinin işi ilə əlaqədar sizə əziyyət verirəm. 
Fazil müəllim qapının yanındakı köhnə meşin divanda oturdu və lap ürəkdən 
gələn bir yanğı ilə: 
– Kişi yaman getdi! – dedi. – Mənim üstümdə getdi! 
– Sizin üstünüzdə niyə? 
Fazil müəllim Gündüz Kərimbəyliyə baxdı  və ancaq Gündüz Kərimbəylinin 
sezə biləcəyi bir tərəddüddən sonra dedi: 
– Mən olmasaydım, nə işi vardı burda? 
Gündüz Kərimbəyli dizlərinin üstündəki kürkü sürüşməyə qoymayıb, soruşdu: 
– Nəyə görə gəlmişdi ki, bura? 
Fazil müəllim divandan qalxıb ona yaxınlaşdı və kürkü götürüb: 
– Qoyun asım, – dedi. – Yaşdı, qurusun bir az.  


 
205
O, kürkü qapının arxasına vurulmuş mismardan asıb, yenə də bayaqkı yerində 
oturdu. 
– Məni görməyə gəlmişdi də... 
– Bunu ifadənizdə oxumuşam. 
Fazil müəllim təəccüblə mühüm işlər müstəntiqinə baxdı, yəni ki, 
oxumusunuzsa, niyə təzədən soruşursunuz? 
– Sizin doğma babanızdı, hə? 
Fazil müəllim  əlini ağzına aparıb uşaq kimi baş barmağının dırnağını dişi ilə 
gəmirtləyə-gəmirtləyə: 
– Hamısını demişəm də. Protokola yazıblar hamısını... 
– Mənimlə danışmaq istəmirsiniz? 
Fazil əlini ağzından çəkmədən: 
– Niyə istəmirəm? Doğma babamdı, əlbəttə... Atam müharibədə ölüb, tək oğlu 
idi. Iki nəvəsi vardı, biri mən, biri də mənim bacım, daha heç kimi yox idi. Bacım 
məndən böyükdü, Bakıda ərdədi, öz ailəsi var. Babam tək qalırdı. – Fazil müəllim 
əlini ağzından çəkib qollarını döşündə çarpazladı. 
– Bacınız babanızın dəfninə gəlmişdi? 
– Gəlmişdi, əlbəttə. Çox qala bilmədi, körpə uşağı var... 
– Qabaq bir yerdə yaşayırdınız? 
– Hə. Universiteti qurtarandan sonra mənim təyinatımı verdilər bura. 
– Nə vaxt? 
– Il yarımdı burdayam. 
– Bakıya gedib-gəlirdiniz? Babanızı yoluxmağa? 
– Hə, əlbəttə. Bizsiz darıxırdı yaman... 
– Axırıncı dəfə nə vaxt getmişdiz Bakıya? 
– Ayın iyirmi ikisində, şənbə günü, dərslər qurtarandan sonra. 
– Bazar günü də orada qaldız? 
– Hə. Gecə çıxdım Bakıdan, bazar ertəsi gəlib çatdım dərsə. 
– Deməli, siz iyirmi üçündə Bakıdan çıxmısınız. Iyirmi dördü keçib, iyirmi 
beşində babanız bura gəlib. Cəmi bircə gün keçəndən sonra təzədən sizi görmək 
üçün bura gəlib? 
Fazil müəllim Gündüz Kərimbəyliyə baxdı, sonra iki əli ilə  də üzünü tutub 
başını aşağı saldı və bu dəfə özünü saxlaya bilməyib riqqətə gəldi: 
– Mənim üstümdə getdi kişi! – dedi. – Mənim üstümdə! 
Gündüz Kərimbəyli bərkdən öskürdü, öskürəyi daha boğazdan yox, xalis 
sinədən gəlirdi və belə məlum olurdu ki, özünü əməlli-başlı soyuğa verib. O, öskürə-
öskürə ayağa qalxıb qapıdan asılmış kürkünün cibindən dəsmal çıxartdı və dəsmalı 
ağzına tutub bir daha öskürdükdən sonra dedi: 
– Mənə baxın, Fazil müəllim! Əgər istəyirsinizsə ki, babanızı öldürən adam, ya 
da adamlar cəzalarına yetsinlər və bu məsələ tez həll olunsun, nə bilirsiniz, hamısını 
deyin, heç nə gizlətməyin. Bizim gizlənpaç oynamaq vaxtımız çoxdan keçib! Sizi 
mütləq prokurorluğa çağırıb rəsmi sorğu-suala tutmalıyam?! 
Fazil müəllim başını əllərinin arasından qaldırıb təəccüblə qonağa baxdı, elə bil 
ki, ondan belə sərt danışıq gözləmirdi; sonra dedi: 
– Bunların bir-birinə dəxli yoxdur. 
– Nəyin? 


 
206
– Mənim məsələmlə, babamın öldürülməsinin. 
– Sizin hansı məsələnizin? 
Fazil müəllim  əllərini üzündən çəkib barmaqlarını  sındırdı  və başını divanın 
arxasına söykəyib qızarmış gözlərini tavana zillədi; yəqin başa düşdü ki, bu 
çağırılmamış qonaq havayı yerə adamdan əl çəkən deyil, açmalıdı sandığı, tökməlidi 
pambığı. 
– Babam mənim işim üçün gəlmişdi... 
Mühüm işlər müstəntiqi eyni sərtliklə soruşdu: 
– Sizin hansı işiniz üçün? 
Fazil müəllim ayağa qalxıb pəncərəyə yaxınlaşdı  və  şüşənin arxasındakı 
qaranlığa baxa-baxa: 
– Onsuz da bu rayonda heç nə gizlətmək mümkün deyil, – dedi. – Sonra 
gözlərini pəncərədən çəkməyərək sıxıla-sıxıla əlavə etdi. – Mənim Bakıda nişanlım 
var. Babalarımız uşaqlıq dostu olublar... Hələ universitetdə oxuyanda 
nişanlanmışdıq... Mən gəldim bura, o qaldı Bakıda... Bura gələndən sonra... – Fazil 
müəllim sözünə davam edə bilmədi: yəqin bu saat özünü dünyanın  ən naqolay 
vəziyyətində olan bir adam hesab edirdi. 
Gündüz Kərimbəyli ona kömək etmək istədi: 
– Qız başqasını... 
Fazil müəllim gözlərini pəncərənin şüşəsindən çəkməyərək onun sözünü kəsdi: 
– Yox, qız başqasını yox, mən başqasını... 
Araya sükut çökdü. Gündüz Kərimbəyli dəsmalını kürkün cibinə qoyub 
pəncərəyə yaxınlaşdı: 
– Gecələr qaranlıq olur rayonunuz, – dedi. – Küçələrdə işıq azdır. 
Fazil müəllim, görünür, başladığı söhbəti tez də qurtarmaq istəyirdi: 
– Rus dili müəlliməsidir. Səadətdir adı... Babam razılıq vermirdi, deyirdi ki, 
yaxşı iş görmürsən, kişi belə iş tutmaz... Mən də bilirəm, yaxşı iş deyil bu, amma 
adamın özündən asılıdı  bəyəm? Adam özü bilir ki, nə olacaq? Cavan uşaqlardıq, 
nişanlamışdılar bizi, elə bilirdik ki, istəyirik bir-birimizi, amma sonra məlum oldu 
ki, uşaq işləridi bu, istəmirik bir-birimizi... – Fazil müəllim özü öz sözlərindən 
əsəbiləşərək yavaş-yavaş  səsini qaldırdı. – Sonra məlum oldu ki, mən başqasını 
istəyirəm!.. Getdim kişini başa salım. Yox, dedi, gərək özüm gəlib görüm ki, nə 
məsələdi bu! Tərs idi yaman!.. Bir şey ki, beyninə batdı, çıxarmaq olmazdı... 
Xasiyyəti belə idi, evdə  də, işdə  də... – Fazil müəllim gözlərini  şüşədən çəkib 
yanında dayanmış Gündüz Kərimbəyliyə baxdı. – Vaxtilə o da sizin, bir növ, 
kolleqanız idi... Qabaqlar rayonlarda milisdə işləyirdi, milis rəisi... Hələ biz yox idik 
o vaxtlar... Sonralar təqaüdə  çıxanacan, başqa işlərdə  işləyirdi... Quldurlara, 
qaçaqlara can verməyib, amma bir saat oğrusunun bıçağının qurbanı oldu... 
Öskürək yenə də Gündüz Kərimbəylini boğdu. 
Fazil müəllim pəncərədən ayrılıb soruşdu: 
– Bəlkə Ayna xalaya deyim çay gətirsin? 
– Yox, çox sağ olun, getmək istəyirəm. – Bu sözləri deyən adam artıq yenə də 
əvvəlki xoşrəftar qonaq idi. – Bağışlayın, bir-iki sual da vermək istəyirəm... Qız 
bilirdi ki, babanız bu işə razı deyil? 
– Hansı qız? 
– Buradakı müəllimə, Səadət. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə