236
– Bəs, Ziba hanı? – deyib gülümsədi. – Cəbi yoxdu maşında, heç olmasa, Ziba
oturaydı də...
Əlbəttə, bu saat hiss olunurdu ki, mühüm işlər müstəntiqi Imaşın beləcə rişxənd
edə-edə həyətdə işdə-gücdə olacağına bir o qədər də əmin deyildi.
Və elə bil birdən-birə hər şey onun üçün aydın oldu. O, heç nə deməyib geri
döndü və yenidən kabinkaya sıçrayıb maşını yerindən tərpətdi.
Imaş bu məsələdən bir mətləb qanmayıb işinə davam etdi.
Maşın sürətlə gedib vağzalın qabağında dayananda daha aşağı düşməyə bir
ehtiyac yox idi. – Zibanın peraşki köşkü kimsəsiz idi və sobadan da isti peraşkinin
buxarı qalxmırdı.
Maşın yenə də yerindən götürüldü və bu dəfə rayonun küçələrindən ötüb
Zibanın evinin qabağında dayandı. Gündüz Kərimbəyli aşağı atıldı, darvazanı
itələyib açmaq istədi, amma darvaza bağlı idi. Gündüz Kərimbəyli yuxarı boylanıb
evin pəncərəsinə tərəf baxdı, sonra qapını bir neçə dəfə döyəclədi.
Yoldan ötənlər ayaq saxlayıb gah Cəbinin maşınına, gah da tanımadıqları bu
adama baxırdılar və onun tələsik hərəkətlərindən yəqin başa düşürdülər ki, nə isə bir
iş var bu işin içində.
Mühüm işlər müstəntiqi qapını bu dəfə daha artıq bir təkidlə döyəclədi.
Əlində içi dolu zənbil tutub, güman ki, bazardan qayıdan yaşlı bir arvad:
– Yoxdu Ziba evdə! – dedi. – Indicə aşağı düşürdü, çay qırağına tərəf.
Gündüz Kərimbəyli bu sözləri deyən arvada baxdı və əvvəlcə elə bil ki, arvadın
dediklərinin mənasını yaxşı başa düşmədi, sonra daha da tələsik kabinkaya sıçradı;
maşın yerindən götürüldü.
Maşın rayondan çıxıb torpaq yolla çaya tərəf getdi və meşənin kənarında
dayandı.
Bu o yerlər idi ki, mühüm işlər müstəntiqi, Fazil müəllimlə və Səadətlə burada
rastlaşmışdı.
O, maşından atılıb çılpaq ağacların arası ilə çay boyu irəlilədi və bu saat
Gündüz Kərimbəyliyə baxan bir kəs heç şübhə etməzdi ki, dörd bir tərəfdə quş da
uçsa onun gözündən yayınmayacaqdı.
Və nəhayət, o, böyük bir palıd ağacının yanında dayanmış Zibanı gördü. Ziba
qəribə bir kədərlə başı qarlı dağlara tərəf baxırdı və bu saat günün şüaları altında o
başı qarlı dağlar elə bil ki, bu arvadın gözlərindəki kədərə biganə deyildi.
Mühüm işlər müstəntiqi kolların, quru budaqların arası ilə daha sürətlə
irəliləyərək qəflətən nəsə görüb bərkdən qışqırdı:
– Ziba!
Zibanın gözlərini dağlardan çəkib bu gözlənilməz qışqırığa tərəf dönməsi ilə iri
bir bıçağın bir göz qırpımında palıdın yoğun gövdəsinə sancılması bir oldu; Ziba
qışqırığa tərəf bircə an gec dönsəydi, iş işdən keçəcəkdi.
Arvad bu dəfə dəhşət dolu nəzərlərlə palıdın gövdəsində hələ də dəstəyi titrəyən
bıçağa baxdı.
Gündüz Kərimbəyli isə artıq özünü kolların, ağacların arasına atıb bıçaqatanın
ardınca qaçırdı.
Bıçaqatan adamın ağaclar arasında hərdən kürəyi, hərdən başı görünürdü və bu
saat onu beləcə qovan, təbii ki, mühüm işlər müstəntiqinin səsi idi.
Gündüz Kərimbəyli qışqırdı:
237
– Dayan! Dayan deyirəm sənə!
O, sağ əlində tapança tutmuşdu, sol əli ilə quru budaqlar gözünə girməsin deyə
özünə yol açırdı.
– Dayan!
Sonra o, qaçan adamın başı üstən dalbadal iki güllə atdı və daha artıq bir inadla
caniyə yaxınlaşmağa başladı.
Bıçaqatan adamın sürəti yavaş-yavaş azalırdı və onun tez-tez nəfəs almasından,
tövşüməsindən hiss olunurdu ki, bir atımlıq barıtı qalıb. Birdən o, qəflətən ayaq
saxladı və bir anın içində əyilib haçansa qalanmış köhnə ocaq yerindən tutarlı bir
kösöv götürdü, geri çevrildi və geri çevrilməyi ilə kösövü Gündüz Kərimbəyliyə
tərəf vıyıldatmağı bir oldu.
Və biz də, ancaq indi onu görüb tanıdıq.
Bu adam Fəttah dayı idi.
Kösöv zərblə Gündüz Kərimbəylinin sağ əlinə dəyib tapançanı ağacların dibinə
saldı və elə bil ki, Fəttaha təzədən güc gəldi. O, ağ saqqalına yaraşmayan bir
sıçrayışla Gündüz Kərimbəylinin üzərinə atılıb:
– Boğacağam səni, köpəkoğlu! – dedi. – It kimi gəbərdəcəyəm səni!
Və o, doğrudan da, iki əli ilə mühüm işlər müstəntiqinin boğazından yapışıb
bütün ağırlığını onun üstünə saldı; Gündüz Kərimbəyli arxası üstdə yerə yıxıldı və
onun sifətinin damarları şişdi, gözləri qızarıb qanla doldu.
Fəttahın gözlərindən od, alov tökülürdü, kin-küdurət, qəzəb tökülürdü, elə bil
ki, neçə illərdən bəri ürəyində gizlincə saxladığı, gizlincə onu yandırıb-yaxan adam
boğmaq ehtirası birdən-birə üzə çıxmışdı və bu alışıb-yanan ehtiras dolu gözlərdə
indi bir təntənə şovqü oynayırdı.
Lakin, Gündüz Kərimbəyli bütün gücünü toplayıb ayağı ilə Fəttahı öz
üzərindən ata bildi; bu dəfə Fəttah arxası üstə yerə sərildi, amma Gündüz
Kərimbəyli onun üzərinə atıla bilmədi. Fəttah tez üzü üstə çevrilib ayağa qalxdı və
iki əlini birləşdirib, balta ilə odun yarırmış kimi, var gücü ilə Gündüz Kərimbəylinin
boynuna vurdu. Bu zərbə Gündüz Kərimbəylini sarsıtdı, o, arxasını vələs ağacının
gövdəsinə söykəyib qaldı və Fəttah başını bədəninə qısıb bir az yanpörtü irəli
sıçradı, bu dəfə də var gücü ilə Gündüz Kərimbəylinin qabırğalarının arasına kəllə
vurdu. Gündüz Kərimbəylinin sinəsindən bir inilti qopdu və o, əlləri ilə mədəsini
tutub aşağı əyildi. Fəttah:
– It balası! – deyib onun boynunun ardına güclü bir zərbə ilişdirdi; Gündüz
Kərimbəyli dizləri üstə yerə çökdü; Fəttah üçüncü dəfə zərbə vurmağa hazırlaşırdı,
amma gözü beş-on metr aralıdakı palıdın dibinə düşmüş tapançaya sataşanda bir an
əl saxlayıb tapançaya tərəf atıldı və bu zaman mühüm işlər müstəntiqi cəld bir
sıçrayışla onun ayaqlarından yapışdı, Fəttah üzü üstə yerə sərildi. Gündüz
Kərimbəyli eyni cəldliklə onun üstünə atılıb sağ qolunun dirsəyi ilə ilan boğurmuş
kimi onun boynundan basdı: sol əli ilə Fəttahın çəkməsindən yapışıb yana gərdi və
Fəttah üstünü xəzəl basmış palçığın içində çapalamağa başladı.
Dalbadal atılan üç güllə səsi eşidildi və elə bil ki, bu güllə səsləri ilə Fəttaha
təzədən güc gəldi; o, bir həmlə ilə Gündüz Kərimbəylinin əlindən buraxılıb özünü
irəli atdı və əvvəlcə palçığın içi ilə bir-iki addım iməkləyib sonra ayağa qalxdı və
qaçmağa başladı.
Dostları ilə paylaş: |