Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə106/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   102   103   104   105   106   107   108   109   ...   145

 
248
Nicat: 
– Bahadır özüylə götürüb yəqin. Mirzə  bəy döşünə döyürdü ki, Bahadırın 
axırına çatacağam Topxana meşəsində. 
Eşşək eləcə  ağır-ağır gəlib onların yanından ötdü. Solaxay Həsənalı  eşşəyə 
tərəf işarə eləyib: 
– Bunların belə günləri də olur... – dedi. 
Eşşək ötəndən sonra üz-gözündən qatıq süzülən Mirzə  bəy atlıları gördü və 
görməyiylə də o boyda kişinin zır-zır ağlamağı bir oldu: 
– Qırdı tökdü hamımızı... – dedi. – Qaçaq Bahadır qırdı tökdü bizi... Nikolay 
padşahın ölən günləridi... Gəl, a ovçu, a Solaxay Həsənalı, gəl aç düşür məni, belə 
girməyim Şuşaya, mən də bir kişinin oğluyam, a Solaxay... 
Solaxay Həsənalı daha eşşəyə tərəf baxmadı, yanında dayanmış Nicata dedi: 
– Yeri get aç onu. Biz gördük, bəsdi... – Sonra kəhər atın səmtini çöndərdi və 
at çapa-çapa Topxana meşəsində gözdən itdi. 
Karvan-karvan buludlar isə elə hey şərqə tərəf axıb gedirdi. 
Cıdır düzündə gül gülü çağırırdı, bülbül bülbülü. 
Qızlar Məlikşahnəzər kahasının üstündəki çəmənlikdə xalça sərmişdilər. 
Şahnaz arxası üstə xalçanın üstündə uzanıb, başını mütəkkəyə qoymuşdu, 
əllərini başının altında çarpazlamışdı, göyə baxırdı. 
Göy tərtəmiz, buludsuz idi. 
Gülgəz döşəkcənin üstündə oturub dizlərini qucaqlamışdı  və bu saat bütün 
hiss-həyəcanıyla, bütün varlığıyla Cıdır düzünün gül-çiçəyi ilə, dörd bir yanın 
təmizliyi, paklığı, saflığı ilə nəfəs alan Şahnazdan fərqli olaraq bu qız deyinməkdən 
yorulub-usanmırdı: 
– Yaman pis arvaddı Fəxrəndə xanımın gətirdiyi o çörəkçi arvad. Gözəldi adı, 
yalançının başına dəyirman daşı! Mən ölüm, bir gözələ bax da, iti bağlasan qalmaz 
onnan bir yerdə. – Gülgəz özü öz söylədiklərindən cuşa gəldi, Gözəl arvadı 
yamsılamağa başladı: «Nədi, balam, Böyük bəyin bu boyda bağ-bağçası azlıq eləyir 
sizə, gedib Cıdır düzündə xalça açırsız?..». 
Bir halda ki, Cıdır düzündə bu qədər gül-çiçək vardı, bir halda ki, o beləcə 
tərtəmiz idi, göz işlədikcə geniş idi, qurtarmaz idi, dünyanın işləri  Şahnaz xanmın 
vecinə deyildi; qayğısız-qayğısız və gözlərini də gömgöy göydən çəkməyib soruşdu: 
– Yoxsa bir şey duyub, ay qız? 
– Nə bilim? – dedi Gülgəz. – Nə bilim, xanım? Pişik kimi şeydi, yerin 
yeddinci qatından iy çəkir... – Sonra Gülgəz də başını qaldırıb göyə baxdı. Gülgəz 
də gördü ki, göy necə  tərtəmizdi, göz işlədikcə necə qurtarmazdı, Gülgəzin də 
ürəyinin sarı simi dilə  gəldi. – Vallah, xanım, mənim də  bəxtim bir gün açılacaq. 
Uşaqlıqda o qədər eşşəyə minmişəm ki... 
Şahnaz xanım  şaqqanaq çəkib güldü və bu saat onun bu gülüşü də bu Cıdır 
düzünün, bu tərtəmiz göyün bir hissəsiydi. 
Gülgəz dedi: 
– Axı, deyirlər qız uşağı  eşşəyə minəndə  bəxti açılır. Mütləq açılacaq! 
Görərsən, xanım! Ölmüşdü Xankişi, mənə  nə olub bəyəm? – Gülgəz qoynundan 
kiçik bir güzgü çıxarıb üz-gözünə  sığal verdi. – Göz məndə, qaş  məndə... Boy 
məndə – Gülgəz ayağa qalxdı – Intəhası  rəngim bir az qaradı... O da keçər. Qoca 
nənəm deyirdi ki, qara kişmişi cibə tökərlər, ağ ayranı itə... 


 
249
Və Gülgəz kiçik aynanı qoynunda gizlədə-gizlədə,  Şahnaz uzanmış xalçanın 
başına fırlana-fırlana, oxuya-oxuya sındırmağa başladı: 
 
Adım Qara qız, 
Özüm qara qız. 
Eşitmərəm söz... 
 
Gülgəz oxuyub süzdükcə Şahnaz xanım şaqqanaq çəkdi. 
Və bu zaman səmənd ürgə Məlikşahnəzər kahasının ağzından burulub yuxarı 
çapdı. 
Gülgəz qaya başına qaçdı, yoxuşu çapan atlını gördü, qışqıra-qışqıra: 
– Gəldi, xanım! – dedi. – Gəldi çıxdı ovçu!.. 
Şahnaz xanım o saat göylərdən yerə endi, cəld ayağa qalxıb üst-başını düzəltdi 
və qaça-qaça qaya başına gəldi. 
Nicat qızların yanında cilovu çəkəndə  səmənd ürgə qabaq ayaqlarını qoşa 
qaldırdı, fınxırıb boynunu dartdı  və bu dəm elə bil ki, Nicat Böyük bəyin ovçusu 
deyildi, birdən-birə nağıllardan peyda olub Cıdır düzünə gəlmişdi. 
Şahnaz xanım: 
– Nə olmuşdu, ovçu Pirim, niyə gecikdin? – dedi. 
Gülgəz: 
– Mən yazıq səhərdən otuz dəfə bura yüyürüb, kahaya boylanmışam, – dedi. 
Nicat atdan sıçrayıb: 
– Quş tapa bilmirdim, – dedi. – Səhər Topxana meşəsində elə duman idı ki, bir 
addım qabağı görmək olmurdu. 
Şahnaz oğlanın qolundan tutdu: 
– Çıxıb gələydin... 
Nicat Gülgəzə baxdı  və elə bil ki, başqa adamın yanında,  Şahnazın onun 
qolundan tutması oğlanı bir balaca karıxdırdı. 
Gülgəz dedi: 
– Necə  gələydi?.. Ay xanım,  özün bilirsən ki, Böyük bəy qırqovulsuz plov 
yemir. 
Nicat Şahnaz xanıma baxıb gülümsədi: 
– Deyəsən, axı, bəyin bacısı da qırqovulu az xoşlamır...  
Şahnaz xanım da bu hündürboylu, enlikürəkli, şumal oğlana baxdı, belindəki 
patrondaşa baxdı və cavan xanımın gözlərində bir qürur duydu. Şahnaz xanım dedi: 
– Mən qırqovulu ona görə xoşlayıram ki, gözəldir... Gün işığında hər tükü bir 
rəngə çalır. Gözləri yaqut kimi alışıb-yanır. 
Nicat zarafat elədi: 
– Plovda qırqovul tüksüz, başı da kəsilmiş olur. 
Hər zarafatda bir həqiqət var, deyiblər.  Şahnaz xanımın gözlərindən ani bir 
pərtlik, bir kin gəlib keçdi: 
– Sancırsan yenə, ovçu, – dedi və əlini oğlanın qolundan çəkdi. 
Bu sözləri,  əllərini başının altında çarpazlayıb uzun-uzadı göyə baxan o qız 
demədi, bu sözləri Böyük bəyin bacısı Şahnaz xanım dedi. 
Gülgəz birdən-birə bilmədi ki, nə eləsin, gah saçına sığal vurdu, kah əynini-
ətəyini hamarladı. 


 
250
Nicat ucundan tutub ucuzluğuna getmədi, səmənd ürgənin o biri tərəfinə 
keçib, atın yalına bağladığı böyürtkənli uzun sünbülü götürdü – böyürtkənlər bir-bir 
muncuq kimi səliqə ilə sünbülün samanına keçirilmişdi – və  oğlan böyürtkən 
düzülmüş sünbülü Şahnaza uzatdı: 
– Bu sizin, – dedi. – Sənlə Gülgəzin.  
Şahnaz xanım bircə anın içində yenə dəyişdi: 
– Sənin kimi ceyranı gözündən vuran bir oğlanın, bax, beləcə  səliqəsini 
görəndə az qalır ürəyim dağa dönsün, istəyirəm səni... – Şahnaz xanım sözünü 
demədi, qulluqçu qıza baxdı. –  Gülgəz, aşpaz sənə basdırma üçün kəklikotu 
tapşırmadı? 
Gülgəz: 
– Hə, yadıma düşdü, xanım, – dedi. – Mən qaçdım kəklikotu yığmağa... 
 
Adım Qaraqız, 
Özüm qara qız, 
Eşitmərəm söz... 
 
Gülgəz oxuya-oxuya kəklikotu yığmağa qaçdı. 
II 
Nicat səmənd ürgənin cilovunu buraxdı və at elə bil ki, çoxdan belə bir əmin-
amanlığın həsrətindəymiş kimi, başını aşağı salıb yavaş-yavaş otlamağa başladı. 
Şahnaz xanımla Nicat çəmənlikdə salınmış xalçaya tərəf gəldilər və qız gələ-
gələ də soruşdu: 
– Bir de görüm beş gün idi hara yox olmuşdun?  
Nicat: 
– Bakıya getmişdim... – dedi. 
– Xeyir ola? 
– Bir dostum var orda, onun yanına getmişdim. 
– Nəçidi? 
– Mədəndə işləyir. 
– Axır vaxtlar yaman tez-tez gedirsən Bakıya, – dedi Şahnaz xanım və sövq-
təbii bir narahatlıqla oğlana baxdı. 
Nicat söhbəti dəyişdi: 
– Sənin üçün darıxmışdım yaman. 
– Doğrudan? – Şahnaz xanım sidq-ürəkdən sevindi. – Darıxmışdın mənimçün? 
Heç bilirsən mən nə fikirləşmişəm? Dünən bir roman oxuyurdum, firəng dilindədi, 
Böyük Parisdən gətirtdirib. Oğlan gecə  xəlvətcə  qızgilin bağına girir. Bağbanın 
nərdivanını pəncərənin qabağına qoyub qalxır sevgilisinin otağına... 
Nicat maraqla: 
– Sonra? – soruşdu. 
– Nə sonra? Sonra da balqabaq! 
Nicat güldü: 
– Bunu niyə danışırsan ki? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə