251
– Ona görə danışıram ki,
ovçu Pirim, əyər bir qızla bir oğlan bir-birilərini
istəyirlərsə, gərək heç nədən qorxmasınlar. Gərək çəkinməsinlər heç nədən! Nicat...
– Şahnaz xanım bir az tərəddüd etdi, sonra dedi: – Nicat, qoşulub qaçaq!
Nicat elə bil ki, bütün bu sözləri ciddi qəbul eləmirdi, elə bil ki, bütün bu
sözlər gəldi-gedəri bir şıltaqlıqdı.
– Hara?
Şahnaz böyürtkənləri bir-bir sünbüldən çıxardıb yeyə-yeyə:
– Hara istədik, – dedi. – Arazın o tayına. Təbrizdə mənim əmizadələrim var.
– Bəs onlar deməzlər ki, niyə qoşulub qaçmısan?
Şahnaz bu dəfə doğrudan zarafata saldı:
– Deyərəm bir ovçunun dərdindən dəli-divanəydim. Yaşaya bilmirdim onsuz.
Lap deyərəm,
bu məni yox, mən bunu götürüb qaçmışam. Deyərəm Həsənalı bəyin
oğludu.
– Bəyəm mənim atam bəydi?
– Onlara heylə deyərik. Gəlib yoxlamayacaqlar ki, görsünlər bəydi, ya
ovçudu?
Nicat xalçanın yanında ayaq saxladı və onun beləcə hirslənəcəyini heç Şahnaz
da gözləməzdi.
– Yüz sənin kimi qız olsa, mən yenə əslimi danmaram. Mənim atam Solaxay
Həsənalı bütün Qarabağda məşhur kişidi! Ovçu olsa da, sənin bəylərindən əskik
adam deyil!
Səmənd ürgə uzaqda başını qaldırdı, elə bil ki, sahibinin
səsini dəyişməyindən
başa düşdü ki, getmək vaxtıdı.
Nicat iri addımlarla səmənd ürgəyə tərəf addımladı. Şahnaz yüyürüb oğlanın
qolundan yapışdı:
– Dayan!
– Burax!
– Mən ölüm, dayan!
Nicat ayaq saxladı və qızın üzünə baxmadan:
– Mən sənə yalvarmamışam, – dedi.
Şahnaz qızğınlıqla:
– Bilirəm! – dedi. – Mən özüm səni istəmişəm! Mən özüm sənə vurulmuşam!
Sənsiz mənim bir günüm olmasın!
Və bu vaxt Gülgəz yenə qaça-qaça gəlib qaya başına çıxdı, ordan əl eləyib
qışqırdı:
– Ey-y-y-y! Ay xanım, yenə kəklikotu yığım?
Şahnaz:
– Hə, bir az da yığ! – qışqırdı, sonra dedi: – Əyər sən mənim üçün əziz
olmasaydın, günün günorta çağı bura gələrdim?
Qızın belə bir cidd-cəhdi Nicatı hələ də yumşaltmamışdı:
– Istəyirsən gəlmə.
Şahnaz:
– Kobud! – dedi. – Qabanın biri qaba! – dedi. – Gələcəyəm! Bax, səni buna
görə istəyirəm! Məğrur ovçu, zalım ovçu. – Sonra ata tərəf gedən Nicatın başına
fırlana-fırlana oxumağa başladı:
Aman ovçu, vurma məni,
252
Mən bu dağın maralıyam.
Yaralıyam, yaralıyam,
Mən bu dağın, a balam, maralıyam.
– Məni istəyirsən?
Nicat başını tərpətdi, yəni ki, hə, istəyirəm.
Şahnaz dedi:
– Bir pud başını tərpədincə, üç misqal dilini tərpədə bilmirsən?
Nicat:
– Yox, – dedi.
Şahnaz:
– Ba-a? – dedi, sonra şaqqanaq çəkib güldü və qızın gülüşü bütün Cıdır
düzünə yayıldı.
Yuxarı düzənlikdə kəklikotu yığan Gülgəz belini düzəldib aşağı baxdı, Nicatla
xanımı gördü, özünü saxlaya bilməyib çığırdı:
– Xanım, daha Cıdır düzündə kəklikotu qalmadı. Indi nə yığım?
Şahnaz da aşağıdan yuxarı qışqırdı:
– Indi də reyhan yığ!
Hava birdən-birə dəyişdi. Kirs tərəfdən topa-topa buludlar gəlib göy üzünü
aldı.
Nicat:
– Yağacaq, – dedi.
Şahnaz Nicata qısıldı:
– Mən bayaq zarafat eləmirdim, Nicat, – dedi. –
Məni Yunis bəyə vermək
istəyirlər. Fəxrəndə xanımın bacısı oğlu Yunis bəyə.
Nicat Şahnaza baxdı, bir müddət susdu, sonra soruşdu:
– Bəs sənin fikrin nədi?
– Qaçaq, Nicat, qaçaq gedək. Mən hərtərəfli fikirləşmişəm, götür-qoy
eləmişəm, başqa çarə yoxdu. Yunis bəyə getməyə bilərəm. Böyük qoymaz ki, məni
zorla ərə versinlər, amma çifayda? Yunis bəy olmasın, Həsən bəy olsun, Məmməd
bəy olsun. Ya gərək ömrümüz boyu beləcə gizlincə görüşək, Gülgəz ətəyini
kəklikotuyla
doldursun hər dəfə, ya da gərək qoşulub qaçaq.
Bir müddət heç biri heç nə demədi, Cıdır düzünün sıldırım qayaları arasında
addımladılar; aşağıda, yarğanın dibində Daşaltı çayı qıjıldaya-qıjıldaya, köpüklənə-
köpüklənə axırdı; buludlar daha günün qabağını tamam-kamal kəsmişdi; Şuşanın
məşhur yağışqabağı ilk payız yeli əsməyə başladı.
Nicat dedi:
– Qohum-qardaşdan ayrı düşəcəksən.
– Bilirəm. Qohum-əqrəba içində ən əziz adamım bircə Böyükdü. Yerimizi
əvvəlcə bildirməyəcəyəm, amma fürsət düşdükcə ona məktub yazacağam. Böyük
məni başa düşəcək, Nicat. Mən onu yaxşı tanıyıram.
– El-oba nə deyər?
– Nə deyir, desin! Mən sənin sevgilinəm, istədiyinəm, sən də mənim ürəyim,
canım, ciyərim! Bildin? – Şahnaz gizli bir narahatlıqla oğlana baxdı. – Belə deyil?
Bəlkə yanılmışam mən bu iki ildə?
Nicat bu suala özü bildiyi kimi cavab verdi:
– Bakıya gedək!
253
Şahnaz:
– Hə, qaçırıq?! – dedi. – Allaha çox şükür!
Yuxum çin oldu, Nicat. Gecə
yuxuda görmüşdüm ki, hər tərəfi su basıb, dünya su içindədi! Bildim ki, su
aydınlıqdı! Amma Bakıya niyə? Bakının istisinə, toz-torpağına mən dözə bilmərəm.
Düzdü, qonaqlarımız çoxdu Bakıda, Hacı Zeynalabdinin oğlu da Böyüyün dostudu,
amma Bakıya yox, uzaqlara gedək... Irana gedək. Mən firəngcə də bilirəm, farsca
da, hara getsək sənin dilmancın olaram. Sən də ruscanı yaxşı bilirsən. Avropaya
gedək, Firəngistana... Anamdan mənə bir mücrü ləl-cavahir qalıb, vəsiyyət eləyib ki,
bu təkcə Şahnazındı, onu da götürəcəyəm...
Nicat qızın sözünü kəsdi:
– O mücrünü götürməyəcəksən, Şahnaz. O mücrü də qalacaq sənin çıxıb
getdiyin evdə.
Sən kefə də getmirsən, Şahnaz, hər şey daşdan çıxacaq. Özü də
Bakıya gedəcəyik.
– Sən nə təhər deyirsən, elə olsun. Amma niyə o toz-torpağın, o nöyütün içinə,
hisin-pasın içinə?
– Əvvəla ona görə ki, Bakıda mənim işlərim var, vaxt gələr, bilərsən. Bu gün
xalqa canı yananların, camaatın güzəranını fikirləşənlərin çoxu Bakıdadı. Mənim də
dostlarımdı onlar, Şahnaz. Mən mütləq Bakıda olmalıyam...
Şahnaz, elə bil, öz-özü ilə danışdı:
– Deyirəm axı, bu niyə belə tez-tez Bakıya gedir...
Olmaya sən də Mir Həsən
ağa kimi əlahəzrət Nikolayın əleyhinə çıxanlardansan?
Nicat qızın sualına cavab vermədi:
– Vaxt gələr, hər şeyi bilərsən, – dedi. – Bir də ki, Şuşadan qaçırıq,
Qarabağdan qaçırıq, daha bütün Azərbaycandan qaçıb getsək bağrımız yarılar.
Şahnaz yenə də bayaqkı qürurla, şövqlə bu zalım ovçuya baxdı və:
– Yaxşı, yaxşı, – dedi, – indi ki, belə oldu, zalım ovçu, mən gözlərimi yumub
özümü tapşırıram sənə... Hara istəyirsən apar, amma mənimlə ol,
mənimlə ol
həmişə, zalım ovçu... Apar məni hara istəyirsən...
Nicat daha hər şeyi qət etmişdi özü üçün, qızın gözlərinin içinə baxdı:
– Qəti sözündü? – soruşdu.
– Qəti... Qəti!.. Qəti!..
Şahnazın ürəkdən qopub gələn bu pıçıltısı elə bil bütün Cıdır düzünə yayıldı,
elə bil bu güllər, çiçəklər də o pıçıltını eşitdi; sonra göy guruldadı, Daşaltı çayı daha
artıq bir qıjıltıyla axdı.
Gülgəz ətəyi kəklikotu ilə, reyhanla dolu yuxarıdan aşağı qaça-qaça Şahnazla
ovçunun yanına gəldi, tövşüyə-tövşüyə:
– Vallah, xanım, – dedi. – Daha reyhan da qurtardı o tərəflərdə. – Sonra
Şahnazın əlində böyürtkəni qurtarmış kolu gördü. – Boy, ay xanım, bəs mənə
böyürtkən saxlamadın? Nicat qağa ikimizə gətirmişdi axı...
Şahnaz birinci dəfə görürmüş kimi əlindəki kola baxdı:
– Bağışla, ay qız, – dedi. – Heç bilmədim necə yedim hamısını. – Sonra
bərkdən güldü və bu gülüşdə zarafatdan, məzəli bir peşmançılıqdan başqa da nəsə
vardı.
Nicat:
– Axşam sənə bir sap böyürtkən yığıb gətirrəm, – dedi.