Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   34   35   36   37   38   39   40   41   ...   145

 
87
uzundraz, arıq, üzünə hələ əməlli-başlı tük çıxmamış, seyrək bığlı bu axmaqda nə 
görüb? Oğlan gərək yaraşıqlı olsun, oğlan gərək güclü olsun, oğlan gərək kişi olsun 
və kişinin də gərək cibi dolu olsun və həmin kişi də gərək qızı elə öpsün ki, bunü 
heç kim görməsin; amma birdən-birə Zübeydə burasını da fikirləşdi ki, əvvəla, pul əl 
çirkidi, ikincisi də heç kim heç nə görməz, amma Zübeydə görər. 
Kəndin arvadları deyirdi ki, Zübeydə bilməyən şeyə qurd düşər. Yəqin belədi 
ki, belə deyirlər də... Amma niyə belədi? Bax, bax, bax, bu da birinci dəfəydi ki, 
Zübeydə  kəndin arvadlarının onun haqqında dediyi sözləri top-tüfəngə tutmurdu
təsdiq eləyirdi, lap quzu kimi təsdiq eləyirdi və yanıb-yaxılırdı da ki, axı, niyə 
belədi? 
Qocalıqdandı hamısı, vallah-billah qocalıqdandı. Cavanlığında heç vecinə  də 
almırdı belə söz-söhbətləri, axı, o kimiydi cavanlığında, kəndin bu qarğa-qurğa 
arvadları kimiydi? 
Hanı indi o gözəllik, o mərmər sinə, o incə bel ki, iynə deşiyindən keçərdi, o 
büllur budlar ki, hər biri bir mitəkkəyə oxşayırdı? 
Onda, o zamanlar Zübeydə nə idi, camaatın işinə qarışdı nə idi? Plov yemirdi 
ki, qönçə dodaqları yağa batar... 
Yavaş-yavaş getdi o günlər.. 
Yavaş-yavaş xırda bazar alverçisinə döndü. 
Hərə bir tərəfə dağıldı, təkcə Şirinxanım fərli çıxdı, qırx yaşında instituta girdi, 
oxuyub həkim oldu. 
– Qurtardı? 
– Nə deyirsən? 
– Deyirəm ki, qurtardı, yoxsa hələm genə lazımam? – Ağagül  əlində  şlanq 
axırıncı küknarın dibini sulayıb qurtarmışdı. 
Zübeydə: 
– Ay çox sağ ol, Ağagül, qadası! – dedi və quyunun motorunu söndürdü. 
Ağagül  şlanqı  yığa-yığa gətirib quyunun yanında yerə atdı  və  əliylə üz-
gözünün, alnının tərini silib birbaşa çıxıb getməyə ürək eləmədi, soruşdu: 
– Gedim mən? 
– Hə? – Zübeydə o tərəf-bu tərəfə baxdı, həyətin ortasındakı meynə talvarının 
üstündən sallanmış  və ay işığında hamısı eyni rəngdə qaralan üzüm salxımlarını 
görüb: – Ancaq bu salxımlar qalıb, Ağagül, qadası, sovxa o qədər hündürdü ki, 
qorxuram yıxılım dərəndə... – Və bu vaxt dünyanın  ən qəribə  işlərindən biri baş 
verdi – Zübeydənin qabağında dayanıb üz-gözündən damcı-damcı  tər süzülən bu 
cavan oğlana birdən-birə yazığı gəldi. – Yaxşı, lazım döyül, – dedi, – bala, get, get 
evinizə, xoş gəldin, yeri get... 
Ən qəribəsi isə bu oldu ki, Ağagül hündür talvardan sallanan üzüm 
salxımlarına baxdı, qabağında dayanıb lırtlaşmış qolunda, qırışmış sinəsində 
şappıltıyla ağcaqanad öldürən və bütün bu həyətdə, bu ağacların arasında, bu 
ulduzların altında tamam tək-tənha olan bu arvada onun da birdən-birə yazığı gəldi 
və  Ağagül özü də buna təəccüb elədi, təəccüb elədi ki, Zübeydə kimi bir zalıma, 
dinsizin-imansızın birinə yazığı gəlir. 
– Əybi yox, nərdivanı ver, yığım səninçün...  


 
88
– A-a-a... – Bu dəfə də Zübeydə təəccübləndi və nədənsə, Ağagülün bu həvəsi 
onun xoşuna gəlmədi. – Yeri get, atam balası, qorxma, heç kimə heç nə demərəm, 
xoş gəldün, lazım döyül. 
Həmin bürkülü yay gecəsi dayanıb ay işığında bu uzun, arıq oğlana baxan 
Zübeydə birdən-birə, az qala, mehriban bir məxluqa döndü; Ağagülə elə  gəldi ki, 
əslində dünyada iki Zübeydə var, biri küpəgirən qarıdı, o birisi yazığın biridi; bu 
yazıqlıq birdən-birə görünür, sonra yox olub gedir, elə bil ki, bir xeyli gözləyirsən, 
su durulur, dibindəki qumu görürsən, sonra yenə kimsə daş atır, su bulanır, dibi 
görünmür. 
Əlbəttə, Zübeydənin bu dəm belə bir fəlsəfədən xəbəri yox idi və oğlanın da 
yenə döyüküb qalmasını nigarançılığa, qorxaqlığa yozdu. 
– Demərəm də, – dedi. – Heç kimə demərəm. Yeri get. Xoş gəldün. 
Ağagül evin yan divarına söykənmiş  nərdivanın dalınca getdiyi üçün bu 
axırıncı sözləri əməlli-başlı eşitmədi, nərdivanı gətirib talvara söykədi və Zübeydə 
də daha bir söz deməyib artırmadakı böyük emallı ləyəni əlinə aldı və gəlib durdu 
talvarın altında, nərdivanın yanında. 
Ağagül salxımları bir-bir dərib Zübeydənin yuxarı qaldırıb tutduğu ləyənə 
düzə-düzə: 
– Sərçə dimdikləyib salxımları, – dedi. 
– Nolar?.. – dedi Zübeydə. – Sərçə də Allahın heyvanıdı də... 
Ağagül bu arvaddan sərçələrə qarşı belə bir səxavət və xeyirxahlıq gözləmirdi 
və talvardan sallanmış salxımlardan toz-torpaq düşmüş gözlərini  əli ilə ovuşdura-
ovuşdura yuxarıdan-aşağı Zübeydəyə baxdı, Zübeydə  ləyəni qaldırıb başının 
üstündə tutmuşdu və bu dəm onun duruşu, görkəmi Bakının köhnə bağlarındakı 
çarhovuzların ortalarında dayanan, köhnəlib və əldən düşmüş, pasmandaya dönmüş 
əcaib heykəllərin duruşuna, görkəminə oxşayırdı. Ağagül fikirləşdi ki, onların 
kəndindəki bu Zübeydədən bir dənədi. 
– Nə vaxt gedirsən əsgərliyə, Ağagül? 
– Sentyabrda gedirəm. 
– Baladadaş məktub yazır? 
– Hə... Salam-duası var... 
– Salam göndərən sağ olsun... Allah canını sağ eləsin, sağ-salamat qayıdıb 
gəlsin. Uzaqdadı yazıq. Sən Bakının özünə düşsən yaxşı olar, gedib-gələrsən kəndə. 
– Pribaltikaya gedirəm. 
– Yox a-a-a? Əntiqə yerdi oralar! Riqaya düşsən lap əntiqə olar. Oraları 
gəzəndə, Ağagül, yad eləyərsən məni... Abşeron kimi bir yerdi ora, dəniz qırağında, 
kurortdu özü də başdan-ayağa... 
Ağagül fikirləşdi ki, pah atonnan, bu arvadın tanımadığı, gəzmədiyi yer yoxdu 
dünyada. 
Iki il bundan əvvəl qışda, o tərəflərin qışının lap oğlan çağında pansionata 
getmişdi Zübeydə, Yurmalanın Mayori deyilən bir yerinə. Şirinxanım düzəltmişdi 
putyovkanı onunçun. Əvvəlcə başına girmişdi ki, sanatoriyaya getsin, amma heç 
harda işləmirdi və Şirinxanım da ha əlləşdi, bir şey çıxarda bilmədi, sanatoriya 
düzəlmədi, Şirinxanım «yanan» putyovkalardan birini əldə edib Zübeydəni 
pansionata göndərdi. Yurmalanın Mayori deyilən yerinə və kəndin arvadları mat-
məəttəl qalmışdı ki, gör hara gedir Zübeydə, paxıllıqdan yanıb-yaxılanlar da var idi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə