Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə57/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   53   54   55   56   57   58   59   60   ...   184

 

129


Oçen xoroşo! 

Za tebya ya umru, 

Oçen xoroşo! 

 

 – Başı batmışın başqa bir sözü yoxdu elə bil... Oçen xoroşo, oçen xoroşo!... – 

Bu sözləri sanatoriya binasının eyvanında oturub həyətdəki meydana toplaşmış 

camaata tamaşa eləyən Güləndam nənə dedi və sonra çeşməyinin altından 

gülümsəyib yanında dayanmış Cavanşirdən soruşdu:  

 – Sən niyə gedib dans eləmirsən, balası?  

Hüsaməddin Alovlu, nəhayət ki, meydanın ortasından çəkiləndən sonra, 

Gülməmmədin akkordeonu öz məşhur tanqosunu çaldı  və meydanı dövrəyə almış 

adamlar yavaş-yavaş  rəqsə başlayıb meydanın ortasına çıxdılar; sanatoriyada 

istirahət edən qızlar bir-biri ilə, hər axşam sanatoriyanın həyətinə  gəzməyə  gələn 

yerli oğlanlar da öz növbəsində bir-biri ilə  rəqs edirdi və belə bir məqamda 

Hüsaməddin Alovlu bir çox həsəd dolu nəzərlər altında Marusyaya yaxınlaşıb baş 

əydi, qızı  rəqsə  dəvət etdi və Marusya da boyca ondan bir balaca kiçik bu 

qarabuğdayı, qara bığlı oğlanın dəvətini sidq-ürəkdən qəbul etdi.  

– Qəmediyədi! – dedi Güləndam nənə. – Qəmediyədi! – Sonra gülə-gülə başını 

buladı, sonra da yenə Cavanşirdən soruşdu: – Niyə gedib dans eləmirsən, balası, a 

kişi qırığı?.. Hı?.. 

Cavanşir başa düşdü ki, nənəsinin yenə kefi qalxıb, sataşır ona; ayrı vaxt 

nənəsinin belə atmacalarına atmacayla cavab verirdi, amma bu dəfə,  Şuşa 

sanatoriyasındakı həmin avqust axşamı birdən-birə gədənin arvada acığı tutdu: 

– Ləğviyyat olma! – dedi. – Bəsdi... – Sonra Cavanşir otağa girib elə çəkməli, 

şalvarlı da çarpayıda uzandı və əllərini başının altında çarpazladı. 

Həmişəki kimi, həmişə qurduğu cürbəcür planlar kimi, Cavanşirin bu yay üçün 

də tutduğu plan pozulub getdi işinin dalınca, Cavanşirə qalsaydı, gərək indi 

Moskvada olaydı, Aqşinlə, Orxanla birlikdə indi gəzəydilər gərək Moskvanı: düzdü, 

Aqşini də evlərində buraxmadılar tək getməyə, amma Orxan getdi və Orxan indi 

Fazil adlı bir yoldaşıyla Moskvadadı, gəzir özüyçün, daha nənə-bala  Şuşa 

sanatoriyasında oturub qatıq içmir. 

Keçən yay, universitetin birinci kursundan ikinci kursa keçəndə, tətil vaxtı, 

evdən onu qoymadılar bir yerə  tək getməyə, dedilər hələ tezdi, dedilər gələn il 

gedərsən, nə isə, gəldi çıxdı bu yay, üçüncü kursa keçdi universitetdə, amma elə yay 

qabağı, hələ yay sessiya imtahanlarını verdiyi vaxt Moskvaya tək getməyindən söz 

düşəndə atası da, anası da həsdəməyə başladı, sonra anası  ağladı, atası acıqlandı, 

əlqərəz, onu yenə  tək getməyə qoymadılar və indi burada, Şuşa sanatoriyasında, 

çarpayıda uzanıb bütün bunları yadına salan Cavanşirin sifəti birdən-birə od tutub 

yandı, ağlamağı yadına düşdü; həmin iyul günü, axşam, bu tək gedib-getməmək 

söhbəti zamanı anası da, atası da ayaqlarını bir başmağa dirəyib «yox» deyəndə 

Cavanşiri ağlamaq tutdu və bu boyda oğlan özünü saxlaya bilməyib içini çəkdi, 

gözlərindən yaş axıtdı, ağlaya-ağlaya da: « – Nə vaxtacan uşaq olacağam sizinçün? 

Bilin bunu, – ağlaya-ağlaya qışqırdı. – Bilin bunu, uşaq deyiləm day mən!..» 

Əlbəttə, çox pis əhvalat idi bu. Adam yadına salanda indinin özündə  də 

xəcalətindən bilmir neyləsin. 




 

130


Bu  əhvalatdan sonra bir müddət nə Cavanşir utandığından atasının, anasının 

üzünə baxa bildi, nə  də onlar utandıqlarından Cavanşirin üzünə baxdı, sonra atası 

belə bir təklif irəli sürdü ki, Cavanşir tək  Şuşaya getsin, Şuşa sanatoriyasına 

işlərində putyovka var idi və Cavanşir də əvvəlcə dedi ki, heç hara getməyəcək və 

bütün yayı qalacaq Buzovnadakı bağlarında, amma bir-iki gün də keçəndən sonra 

razı oldu, yır-yığış elədi və bundan sonra atasıyla anası xahiş eləməyə başladılar ki, 

nənəni də özünlə apar, qoy gedib Şuşada istirahət eləsin, qoca arvaddı, sən daha 

maşallah yekə kişisən, apar onu özünlə Şuşaya: «Apar məni özünlə, Cavanşir, qadan 

alım, apar məni Şuşaya, görüm oraları, on ildi olmuram oralarda, kim bilir, bir də 

görəcəyəm  Şuşanı, qismət olacaq, yoxsa yox...» – deyirdi Güləndam nənə, amma 

Cavanşir də çox yaxşı başa düşürdü ki, əslində o, nənəsini aparmır, nənəsi onu 

aparır; nənəsini xüsusi qoşurlar ki, əmin-amanlıq olsun, qorxurlar, ehtiyat eləyirlər 

onu tək buraxmağa, «dünyadan xəbəri yoxdu, hələ» deyirlər, daha bilmirlər ki, 

dünyanın cikinə  də  bələddi, bikinə  də  və dünyanın cikinə-bikinə  bələd olmaqdan 

ötrü mütləq yüz əlli il yaşamaq lazım deyil... Gedib həyasızın birini, şeytana papış 

tikənlərdən birini alıb gətirib qoyasan evə, deyəsən ki, mən uşağam, neynək, amma 

mənim bu arvadcığazımı yola verin. 

Üç gündən sonra Cavanşirin on doqquz yaşı tamam olurdu. 

Bu vaxt, Cavanşirin evdəkilərdən belə bir xəyali intiqam aldığı zaman otağın 

qapısı döyüldü, sonra Dürdanə içəri girdi və Dürdanə  əllərini başının altında 

çarpazlayıb çarpayıda uzanan Cavanşiri görəndə əvvəlcə elə bil özünü itirdi, sonra 

dili bir balaca topuq vura-vura dedi: 

 – Nənəm xahiş elədi mənnən ki, iynə-sap götürüm sizdən... 

Dürdanə  də  Şuşa sanatoriyasına nənəsi ilə birlikdə  gəlmişdi və indi, əlbəttə, 

Dürdanə, burasını demədi ki, özü hansı koftasının düyməsinisə bəhanə eləyib, bilə-

bilə ki, nənəsində yoxdu, iynə-sap istədi və sonra da nənəsinə dedi ki, yəqin 

Güləndam nənədə var, qoy gedim ondan alım gətirim. 

Dürdanənin on səkkiz yaşı təzə tamam olmuşdu. 

Cavanşir qalxıb çarpayıda oturdu və eyvandan nənəsini səslədi: 

 – Nənə! 

Hüsaməddin Alovlu yenə  də özünü saxlaya bilməyib meydanın ortasına 

çıxmışdı  və yenə  də yaradıcılığa başladığı vaxtdan indiyə kimi birinci dəfə rus 

dilində yazdığı şeri oxuyurdu: 

 

Ya tebya lyublyu,  



Oçen xoroşo!  

Za tebya ya umru, 

Oçen xoroşo! 

 

Güləndam nənə: 



 – Vallah, bu gədənin başı xarab olub, – dedi. – Oçen xoroşo, oçen xoroşo... – 

Sonra eyvandan otağa boylandı və tez qalxıb içəri girdi. – Ay, xoş gəlmisən, qızım, 

axşamın xeyir, keç əyləş. 

Dürdanə: 

 – Yox, çox sağ olun, – dedi. – Nənəm iynə-sap istəyirdi... 

 –  Hə? Bu saat... – Sonra Güləndam nənə birdən-birə soruşdu: – Cavanşir, 

balası, iynə-sap götürməmisən sən? 

O saat da Cavanşirin qulaqları qıpqırmızı qızardı: 

 – Iynə-sap götürənəm mən?  



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə