Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə54/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   50   51   52   53   54   55   56   57   ...   184

 

122


Usta bütün bunları yaxşı bilirdi, amma bu vəssalam-şüttamam məsələsi çox 

müşkül məsələ idi və adamın atasını yandırırdı. Iki gün bundan əvvəl Əliabbas kişi 

baltasını, mişarını, rəndəsini, çəkicini götürüb həyətlərinin küçə qapısı  ağzında 

balaca bir skamya düzəltməyə başladı. Mismarlar əyri getdi, çəkiclə barmağını 

vurdu, axırda da balta ilə  əlini zədələdi və  pəncərələrindən boylanıb bekar-bekar 

küçəyə baxan Balacaxanım, qəssab Ağanəcəfin arvadı, bir haray-həşir qopardı ki, 

bütün məhəllə kişinin başına yığıldı: 

– Vaxsey!.. Balta əlini apardı kişinin!.. 

Əlbəttə, balta kişinin  əlini aparmamışdı, zədələmişdi bir balaca və 

Balacaxanımın bu haray-həşiri də əslində bekarçılıqdan idi. 

Ağamuxtar dedi: 

– Əşşi, əl çək bu işdən də, nəyinə lazımdı?! Gərək elə skamya düzəldəsən?! 

Küçə qapıları üzbəüz bir-birinə baxan Alxas bəy dedi: 

– Kişi, get otur, uzan, yat, istirahətini elə də!.. 

Benzin kalonkasında satıcı işləyən Meyranqulunun oğlu Əliqulu – şer yazan və 

məhəllənin tarixində qəzetdə, jurnalda imzası olan ilk adam – heyran-heyran dedi: 

– Necə  də  əməksevər qocadır!  Əsl  şer qəhrəmanı, sənət qəhrəmanıdır! Bu 

rəşadət poetik təfəkkürün yox, həyatın bəhrəsidir! 

Əliqulunun danışıqlarını məhəllədə çox adam əməlli-başlı başa düşmürdü və bu 

dəfə də bu sözlərə fikir verən olmadı. 

Əliabbas kişi sağ əlində tutduğu tiyəsi qanlı baltaya baxdı və Balacaxanımın bir 

göz qırpımında küçəyə  yığdığı adamların arasından həyətə girdi; ağzını açıb bircə 

kəlmə də söz demədi. Məsələ onda deyildi ki, kişini qeyrət boğurdu – bu öz yerində, 

məsələ bunda idi ki, belə bir naxələflik adamı yandırıb-yaxırdı. Usta onsuz da bilirdi 

ki, bu skamya onun dülgərlik aləmində axırıncı sözüdü (Əliabbas kişi hələlik belə 

fikirləşirdi və biz görəcəyik ki, belə fikirləşmək tez imiş...) və indi usta burasını da 

özü üçün lap yəqin etdi ki, bu balta ki, altmış-yetmiş ildən sonra onun əlini kəsir, 

çəkic də barmağını əzir, daha lap doğrudan-doğruya qurtardı mismar vurmaq, taxta 

rəndələmək. 

Xartutun yüz yaşı tamam olan həmin günün səhəri Əliabbas kişi yerindən qalxıb 

adəti üzrə əvvəlcə həyətin aşağı başına dəydi, sonra həyət kranında səliqə-sahmanla 

yuyundu, böyük gəlini Anaxanımın sübh tezdən dəmlədiyi çaydan içib çörəyini yedi 

və qıfılın açarını götürüb vaxtilə həyətdə taxtadan düzəltdiyi, divarlarını suvaqlayıb, 

ağardıb, üstünə qırmızı kirəmit düzdüyü alətxanasının qapısını açdı. 

Əliabbas kişi bir o qədər də ürəyi yuxa olanlardan deyildi və bu alətlərə nə özü 

bir xatirə kimi baxmaq istəyirdi, nə  də istəyirdi ki, başqaları bunlara xatirə kimi 

baxsın. 

Zərgər  Ələşrəf deyirdi və çox da düz deyirdi ki, zər qədrini zərgər bilər; bu 

mişar da, bu rəndə, çəkic, qələm də o ustanın olmalı idi ki, iş görür – pəncərə salır, 

qapı düzəldir, ağac yonur, mismar vurur, həm də mismarı düz vurur, əlini də 

zədələmir və qəssab Ağanəcəfin arvadı Balacaxanım kimisi də bekarçılıqdan haray-

həşir salmır. 




 

123


Xartutun yüz yaşı tamam olduğu həmin yay gecəsi Əliabbas kişi bu qərara gəldi 

ki, alətlərin  ən yaxşısını seçib aparıb satsın. Burada, əlbəttə,  əsas məsələ pul 

məsələsi deyildi; əvvəla,  Əliabbas kişigilin dolanacağı yaxşı idi, ikincisi, bütün 

alətlərin qiyməti bir o qədər də pul eləmirdi; əsas məsələ burasındaydı ki, bu alətlər 

yaxşı bir ustaya qismət olmalı idi, bu alətlər iş görməliydi, qalıb paslanmamalıydı. 

Əliabbas kişi alətləri bir-bir məhəllənin adamlarına bağışlaya da bilərdi, amma belə 

bir səxavətin mənası yox idi, çünki belə bir səxavət bu alətlərə rəva deyildi; çünki bu 

alətlər həmişə  bəhrə vermişdi, gözəl-gözəl qapılar, pəncərələr, taxtlar, sandıqlar 

düzəltmişdi... 

Kişinin yenə alətxananı açıb çəkic, mişar götürməyini pəncərədən birinci 

Məsmə gördü və elə başa düşdü ki, qayınatası küçə qapısı  ağzındakı yarımçıq 

qalmış skamyanı təzədən düzəltmək istəyir, tez Fətullanı səslədi. Fətulla şüşəbənddə 

oturub çay içə-içə televizorun gündüz verilişlərinə baxırdı: axşamlar bütün həyətin 

qız-gəlini, arvadları  yığışırdı  Fətullagilin  şüşəbəndində televizora baxmağa (təkcə 

futbola baxmırdılar) və kişilərin də küçəyə  çıxıb səkidə  nərd oynamaqdan və  nərd 

oynayanlara tamaşa etməkdən başqa çarələri qalmırdı. 

Fətulla həyətə  çıxdı, sonra Ağamuxtar həyətə  çıxdı,  Əliabbas kişinin gəlinləri 

pəncərələrdən boylandı və hamı bu təzə xəbərdən tamam dilxor oldu. 

Ağamuxtar dedi: 

– A kişi, axı, dost var, düşmən var, başlayacaqsan çəkic satmağa? 

Ağamuxtar bu sözləri dedi, amma atasını da yaxşı tanıyırdı və bilirdi ki, kişinin 

beyninə bir şey girdisə, onu ordan dartıb çıxarmaq çətin işdi. 

– Yəni başlayacaqsan əməlli-başlı çəkic-mişar satmağa? – Bunu da Fətulla dedi. 

– Nədi, bəyəm havayı bağışlayıblar bu çəkici, mişarı? – Bu söz-söhbət Əliabbas 

kişinin xoşuna gəlmədi və o, oğul-uşağın üstünə  çımxırdı: – Gedin, gedin öz 

işinizlə-gücünüzlə  məşğul olun, mənim başıma ağıl qoymayın! – Amma Əliabbas 

kişi burasını demədi ki, nə satmaqbazlıqdır, şair demişkən, «məqsədimiz nə mey, nə 

meyxanədir, didari-yarı görmək üçün bir bəhanədir»; bir yaxşı usta çıxsa qarşısına 

ki, bu alətlərə sərraf gözü ilə baxa bilir, qolunda gücü var, ayağında da taqət, pulsuz-

zadsız halal edər ona bu çəkici də, mişarı da, rəndəni də  və başqa nəyi varsa da 

hamısını. 

Məsmə fikirləşdi ki, kişi qocalıb, başı xarab olub, aləmi güldürəcək bizə, sonra 

qayınatası haqqında belə hörmətsiz fikirləşdiyinə görə öz-özündən utandı  və 

pəncərənin qabağından çəkildi. 

Əliabbas kişi alətlərinin içindən bir yaxşı çəkic, bir yaxşı mişar, bir yaxşı rəndə 

və bir də bir qələm seçib torbaya yığdı, sonra heç kimin bir mətləb anlamadığı bir 

söz dedi: 

 – Baxın, baxın bu tuta, yüzündə necə parçalanıb... – əli ilə həyətin ortasındakı 

xartutu göstərdi və asta addımlarla küçəyə çıxdı. 

Həyətdəkilərin hamısı dönüb xartuta baxdı  və yenə  də heç kim heç nə başa 

düşmədi. 

Əslində heç Əliabbas kişinin özü də bilmədi ki, niyə bu xartutu göstərdi və bu 

xartutun onun çəkic-mişar satmağına nə dəxli var. 

 

  




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə