Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə50/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   46   47   48   49   50   51   52   53   ...   184

 

113


Çəhrayı qız bir az da dayanıb heyrətlə ona baxdı, sonra tələsik qaçdı; elə qaçdı, 

elə bil bu saat Əbili hop eləyib onu udacaqdı. 

Əbili incimədi. Elə bilirdi ki, elə belə də olmalıdı. Çəhrayı qız çəhrayıydı, Əbili 

palçıqlı-peyinli. Çəhrayı qız nə biləydi ki, Əbilinin əsl adı Əbülfətdi və atası, anası 

ona görə ona Əbili deyir ki, onu çox istəyir.  Əbili bundan incimədi,  Əbili başqa 

şeydən incidi. 

Çəhrayı qız xeyli aralıdan Əbilini Yaşıl, Sarı, Qırmızı qızlara göstərib güldü və 

Yaşıl, Sarı, Qırmızı  qızlar da Əbiliyə baxıb güldülər. Aydın məsələydi ki, qızlar 

Əbilinin təhər-töhürünə gülürdülər, amma Əbili bundan da incimədi, çünki 

böyüdükcə ona belə məlum olurdu ki, uzaq-uzaq ellərdəki böyük-böyük şəhərlər və 

bu  şəhərlərdə yaşayan Yaşıl, Sarı, Qırmızı, Çəhrayı  uşaqlar adicə uzaqlarda deyil, 

yəni bu uzaqlıq başqa uzaqlıqdı, bu uzaqlıq, bu məsafə Əbilinin gözünü açıb, bax, 

bu dağı görməsindədi, səhərlər inəyi naxıra qatmasındadı, axşamlar qoyun-quzunu 

Ildırımın sürüsündən ayırıb evə  gətirməsindədi, səhər-axşam qatarların dalınca 

baxmasındadı  və bu qatarlardakı fillərin, pələnglərin, bu qatarlardakı  uşaqların 

gecələr onun yuxusuna girməsindədi. Bundan incimədi Əbili, başqa şeylərdən incidi. 

Çəhrayı  qız tabaşir parçası ilə hamar qayanın üstündə  xətlər çəkdi, ora-bura 

baxıb elə bil nəsə axtardı, tapmadı, çəhrayı paltosunun cibindən yastı bir şey 

çıxardıb, ayağının altına atdı və bir ayağını qaldırıb o biri ayağı ilə həmin yastı şeyi 

itəliyə-itəliyə xətlərin üstündən cırcırama kimi hoppanmağa başladı. 

Bir az keçəndən sonra qatardakı atalar, analar uşaqları çağırdı. Çəhrayı  qız da 

əyilib ayağı ilə oynatdığı yastı  şeyi yerdən qaldırdı, bir az orasına-burasına baxdı, 

sonra təzədən yerə tullayıb qatara qaçdı. Bir az da keçəndən sonra qatar tərpəndi. 

Lap sonra isə bu yerlərin həmişəki sakitliyi ətrafa çökdü, kəndin camaatı sata 

bildiyini satıb, sata bilmədiyini təzədən geri apardı və Əbili də həmişəki bu sakitlik 

içində əllərini pamazı şalvarının ciblərinə soxub var-gəl edə-edə bayaq Çəhrayı qızın 

xətt çəkib oynadığı yerə  gəldi. Çəhrayı  qızın hoppana-hoppana ayağı ilə 

sürüşdürdüyü yastı şey elə-eləcə xətlərin üstündə atılıb qalmışdı. Əbili əlləri cibində 

bir müddət bu yastı şeyə baxdı, sonra birdən-birə ürəyinə bir qüssə, bir kədər gəldi, 

sonra da əyilib həmin yastı  şeyi yerdən götürdü, bu yastı  şeyin büküldüyü toza-

torpağa batmış kağızı yavaş-yavaş çırpdı. 

Yay günləri rayon mərkəzindən  Əbiligilin kəndinin yuxarısına lafet-mağaza 

gələrdi, üç-dörd gün arxın qırağındakı böyük söyüd ağacının altında dayanardı, 

sürücü-satıcı Imaş  kəndin camaatına çit, pamazı, dəsmal, adyal, stəkan, boşqab, 

pivə, gizlincə araq, bublik, mampası,  şokolad satardı.  Şokoladlar qızılı kağıza 

bükülərdi, üstündən də başqa bir kağıza bükülərdi və bu kağızda tülkü şəkli, ya 

qarğa şəkli, ya xoruz şəkli olardı. Əbiligil ata-anasını yola gətirib şokolad alandan 

sonra, ustufca kağızları açardı, bir xeyli kağızların ora-burasına baxardı, axşam 

hamarlayıb evdəki kitabların arasında saxlamaq üçün qoynunda, ya başındakı 

papağın içində gizlədib keflə  şokoladdan yavaş-yavaş dişdəm vurardı. Bu balaca 

bayram olardı, şokolad bayramı. 

Indi həmin  şokoladın bir irisi, elə irisi ki, Imaşın lafetində yox, uzaq-uzaq 

ellərdəki böyük-böyük şəhərlərdə satırdılar onu, Əbilinin  əlində idi və bu həmin 

yastı  şey idi ki, bayaq Çəhrayı  qız ayağı ilə sürütləyə-sürütləyə  xətlərin üstündən 

hoppanırdı. 

Bax, bu yerdə  Əbili incidi, Çəhrayı  qızdan incidi, özü də yaman incidi, çünki 

Əbili belə Əbili idi. 



 

114


Necə olurdu ki, yay vaxtı Imaşın lafeti gələndə Əbiligil ondan aldıqları balaca 

şokoladı yavaş-yavaş yeyirdilər ki, gec qurtarsın, amma Çəhrayı  qız bu irilikdə 

şokoladı ayağı altına atıb daş parçası kimi oynamağa qıyırdı? 

Əbili çox fikirləşirdi ki, bu iri şokoladı neyləsin. Istədi aparıb yetim Səftərə 

versin, amma ürəyinə pis gəldi, pis gəldi ki, niyə Çəhrayı qızın ayaq altına atdığını 

Səftər yeməlidir? 

Və bu zaman Əbili kəşf elədi ki, onların kəndindəki yetim Səftər heç də uzaq-

uzaq ellərdəki böyük-böyük şəhərlərdə yaşayan rəngbərəng uşaqlardan əskik oğlan 

deyil. 

Sonra şokoladı elə oradaca bir daşın üstünə qoydu ki, quşlara yem olsun və sidq-



ürəkdən arzuladı ki, yay tez gələydi, Imaş lafetini arxın qırağındakı söyüdün altına 

çəkəydi, o da Imaşdan şokolad alıb yeyəydi. 

Çəhrayı  qızın bu şokolad məsələsindən iki-üç il sonra, o zamanlar ki, Əbili 

imtahanlarının hamısını beşə verib səkkizinci sinfə keçmişdi, qəribə bir əhvalat baş 

verdi.  

Payızın son günləri idi və  həmin günlər  Əbiligilin kəndində çiskinli sazağın 

fironluq elədiyi günlər idi. O payız səhəri  Əbili yuxudan oyanıb kəllayı otaqdakı 

pəncərədən qarşı dağın boz ətəyinə baxdı, saralıb solmuş – böyürtkən kollarına, 

çılpaq  ərik ağaclarına, alçalara baxdı  və birdən-birə bu çiskin, sazaq, bu bozluq, 

solğunluq ürəyinə bir qəriblik gətirdi, elə bil ki, illər boyu qürbət ellərdə yaşayırdı. 

Ürəyindəki bu qəribliklə  həyətə düşdü, tövləyə girib həvəssiz-həvəssiz atı 

qaşovladı, sonra kəhərin çılpaq belinə atılıb kəndin yuxarısındakı arxda sulamağa 

apardı. Arxın qırağında atın belindən həmişəki bu dağlara baxdı, daha sobaları 

tüstülənən balaca kəndlərinə baxdı, boynunu uzadıb su dümləyən altındakı atın qara 

yalına baxdı, sonra başını qaldırıb gözlərini çiskindən qırpa-qırpa bomboz göyə 

baxdı  və birdən-birə ürəyinə bir yaz həsrəti çökdü. Birinci dəfəydi ki, Əbilinin 

ürəyinə yaz həsrəti çökürdü. Elə bir yaz ki, bu dağların adamsızlığı ürəyini sıxmasın, 

bu kəndin balacalığı ürəyini qısmasın.  

Sonra Əbili qulaqlarını şəklədi və başa düşdü ki, uzaqdan qatar gəlir, ayaqları ilə 

atı  dəhmərləyib üzüaşağı çapdı.  Əbili dəmir yoluna gəlib çatanda qatarın axırıncı 

vaqonları sürətlə ötüb-getdi və bir azdan tamam görünməz oldu. Əbili atın çılpaq 

belində oturub bir müddət keçib getmiş qatarın ardınca baxdı  və birdən-birə ona 

məlum oldu ki, bu çiskinli-sazaqlı payız səhəri həmin qatar Əbilinin ürəyini də özü 

ilə apardı, böyük şəhərə apardı. Əbili bunu başa düşdü və atın belindən yerə atılıb 

suçlu adamlar kimi, dağın döşündə sobaları tüstülənən kəndlərinə baxdı. 

Dağın döşündəki balaca kənd  Əbilinin qatarla çıxıb gedən ürəyindən xəbərsiz 

idi və bu boz payız səhəri heç nə olmayıbmış kimi, sobalarını tüstülədirdi. 

Əbili əlini kəhər atın yançağına sürtüb: 

– Belə-belə işlər... – dedi. 

Bu  əhvalatdan bir-iki il də  gəlib-keçdi və bir yay günü Əbili dəmir yolunun 

kənarındakı otluqda uzanıb dünyanın işləri barədə fikirləşirdi. Fikirləşirdi ki, bu 

dünyada gedən təkcə qatarlar deyil. Illər də qatarlar kimidir, gəlir gedir, gəlir gedir, 

görünməz olur.  

Əbili dünyanın bu işləri barədə fikirləşirdi ki, uzaqdan bir qatar göründü və 

Əbilinin yanından ötüb keçəndə vaqonlardan birindəki bir qız pəncərədən xeyli zir-

zibil atdı: boş butulka, yumurta qabığı, pomidor artığı  və bunlara bükülmüş kitab 

vərəqləri. 



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə