Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə46/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   42   43   44   45   46   47   48   49   ...   184

 

105


Çovğun lap bərkimişdi və hərdən külək elə vıyıldayırdı, elə bil Kərim kişigilin 

ev-eşiyini də yerindən qamarlayıb aparacaqdı. Qəribəydi ki, hər dəfə külək qıy 

çəkəndə Kərim kişi bu fikirdən səksənirdi və özü də özünü məzəmmət edirdi, amma 

orasını da lap dəqiq bilirdi ki, həştaddandı bu. Lap qəribəsi isə bu idi ki, qarın, 

çovğunun bu qiyamətində birdən-birə  Kərim kişinin yadına yaz düşdü. Yazın o 

vaxtları ki, Abşeron bağlarında gilənarlar çiçəklərini tökürdü, nar ağacları isə  hələ 

təkcə yarpaq açırdı, xına rənginə boyanırdı. O vaxtlar ki, əncirlər qabla bağlayırdı və 

peyvənd alçalar da çeçələ barmağın dırnağı boyda olurdu, meyvələrin yarpağı 

təzətər idi, bülbüllərin də ki, səsi aləmi götürürdü. Yazın o vaxtları ki, külək  şam 

ağaclarının limonu tozunu eyvanın taxta döşəməsinə səpirdi və səhər eyvana çıxıb 

evə qayıdanda otağın taxta döşəməsinə ləpir düşürdü. 

Kərim kişi elə bil bu ləpirləri gördü, bu ləpirlərin arasında Ayazın da balaca 

yalın ayaqlarının izini, dınqılı barmaqlarının yerini gördü və gülümsədi. Sonra yazın 

rəngi gözlərinin qabağına gəldi, yazın iyini duydu və birdən-birə necə oldusa bu yaz 

ətrinə neft qoxusu qatışdı... 

Elə bil yenə  də uzaqda it hürdü və it hürüşü bayırdakı çovğunun vıyıltısında 

güclə eşidilirdi – elə bil gecənin zülmətində bir çöllü-biyabandasan və uzaqlarda, lap 

uzaqlarda tənha bir çırağın işığı yanır, sonra sönür. 

Kərim kişi bir balaca tutuldu və bu dəfə lap açıq-aşkar hirsi özünə tutdu ki, daha 

qulağına səs gəlməyə başlayıb, burnuna iy gəlir, ürəyi xiffət çəkir; hirsi tutdu ki, kişi 

belə yumşalmaz.  Əlini üzünə aparıb tüklü sifətini qaşıdı  və elə bil ki, Marqarita 

Abramovna da bunu gözləyirmiş kimi, bayır qapısını döyəclədi, sonra da cır səsilə 

qışqırdı: 

– Kerim Bilaloviç! Kerim Bilaloviç! 

Marqarita Abramovna bütün yer üzündə yeganə adam idi ki, Kərim kişiyə 

Kerim Bilaloviç deyirdi və bu qadını iyirmi beş ildən artıq tanımasına baxmayaraq, 

hər dəfə də belə bir müraciət Kərim kişiyə qeyri-adi gəlirdi; o, başqa məsələ ki, usta 

Kərim! Yaxud, elə təkcə «Usta». Ya da ki, indiki kimi, qocafəndi: Kərim kişi. 

Kərim kişi  əvvəlcə elə bildi ki, yenə qulaqlarına səs gəlir, çovğunun vıyıltısı 

təzədən arakəsməyə hücum çəkəndən və bu dəfə Marqarita Abramovnanın cır səsini 

arakəsmədə  eşidəndən sonra başa düşdü ki, bu qoca arvad havanın belə 

vurhavurunda yenə gəlib onun üzünü qırxmağa. 

Marqarita Abramovna arakəsmədə soyuqdan Faziləyə  şikayət eləyib, sonra 

otağa girdi: 

– Kerim Bilaloviç, bu qar necə olacaq? Dünyanın axırı çatıb bəlkə? – Sonra 

dünyanın axırının çatıb-çatmaması barədə cavab gözləməyib hələ də üşüyən əllərini 

bir-birinə sürtdü və ora-burasına qar dolmuş çantasını açıb ülgücü, fırçanı, sabun 

tozunu-filanı mizin üstünə yığmağa başladı. 

Hər dəfə Marqarita Abramovnanın qurumuş  əlləri Kərim kişinin sifətinə 

dəydikcə o, qabağındakı güzgüdə bu qarının gözlərinə baxırdı, zəndlə baxırdı, elə 

baxırdı ki, Marqarita Abramovna bunu görməsin; zəndlə baxırdı  və  hər dəfə bu 

kiçilmiş, rəngini itirmiş gözlərdə bir az işıq axtarıb tapmaq istəyirdi; istəyirdi özünü 

arxayın eləsin ki, qocalıb əldən düşmüş, amma əlləri titrəməyən və gözləri iti görən 

bu arvad hələ çox yaşayacaq, patefonu hələ çox çalacaq. 

Bu dəfə Marqarita Abramovnanın quru əlləri həm də soyuq idi və bu soyuq 

barmaqlar Kərim kişinin sifətinə toxunanda necə oldusa, kişi ürək eləyib bu qarının 

gözlərinə baxa bilmədi; özü öz cürətsizliyini gördü və yenə  də özünə  bərk acığı 

tutdu. 



 

106


Marqarita Abramovna həmişəki cidd-cəhdlə  Kərim kişinin üzünü sabunlayıb 

qırxmağa başladı. Pensiyaya çıxandan bəri – iyirmi ilə yaxın idi – hər həftə  gəlib 

evdə Kərim kişinin üzünü qırxırdı. Bütün həftəni hazırlaşırdı, ülgücünü itiləyirdi, ağ 

dəsmallarını kraxmallayıb ütüləyirdi, ətrini, sabununu, pudrasını yoxlayırdı. 

Marqarita Abramovna Bakıya müharibənin axırıncı ili gəlib çıxmışdı. Tək-tənha 

gəlmişdi. Kərim kişigilin həyətində yaşayan Bakıdakı bircə qohumu Izabella 

Salamonovnanın yanına gəlmişdi və müharibə vaxtı günlərin bir günündə, gecənin 

yarısı balaca otaqlarında oturub dərdləşəndə dünyanın işlərindən söhbət düşmüşdü, 

həyatın mənasından, adamların yaxşı-yamanlığından söz düşmüşdü və o vaxt mizin 

üstündə fağır-fağır, yana-yana bu iki yaşlı arvadı güc-bəla ilə  işıqlandıran neft 

lampasının həmin zəif işığında Izabella Salamonovna Kərim kişinin insanlığı barədə 

bir-iki yaxşı söz demişdi. Elə o vaxtdan bəri də bu sözlər Marqarita Abramovnanın 

beynində qalmışdı. 

Aydın məsələydi ki, Kərim kişinin həmin gecə söhbətindən xəbəri yox idi, 

amma iş elə  gətirdi ki, Marqarita Abramovnanı qulluğa düzəldən, yəni Bayıl 

tərəfdəki dəlləkxanalardan birində ona yer tapan elə  Kərim kişi oldu. Marqarita 

Abramovna ömründə  dəlləklik etməmişdi, amma işə  çıxdığı birinci gündən hamı 

onu  əməlli-başlı  dəllək bilmişdi; bir də ki, o vaxt camaat yaxşı  dəllək hayında 

deyildi. Bir az keçəndən sonra Izabella Salamonovna öldü. Marqarita Abramovna 

tək qaldı. 

Marqarita Abramovna sabunu ikinci dəfə  Kərim kişinin cod sifətində 

köpükləndirib dedi: 

– Kerim Bilaloviç, siz başqa tipdə adamsınız, mənim  Şnayderim başqa tipdə 

adam idi. Amma Şnayder də çox simpatiçni adam idi. 

Şnayder familli kişi Marqarita Abramovnanın əri idi və müharibə vaxtı almanlar 

onu təkcə oğulları Davidlə birlikdə Kiyevdə güllələmişdilər. Kərim kişi bunu bilirdi, 

bir də bunu bilirdi ki, Şnayder Kiyevdə məşhur dərzi imiş. 

Bir müddət də  hərə öz işi ilə  məşğul oldu, yəni Marqarita Abramovna cidd-

cəhdlə  Kərim kişinin üzünü qırxırdı, Kərim kişi isə qartmış tüklərinin ülgücün 

altından gələn xışıltısına səbrlə qulaq asa-asa heç vaxt üzünü görmədiyi David 

barədə fikirləşirdi, sonra Heybət barədə fikirləşdi, sonra da fikirləşdi ki, nə Heybət 

Davidi tanıyırdı, nə də David Heybəti, amma budu, bir belə illər gəlib keçib və indi 

qoca bir kişi qoca bir arvadın sabun köpükləndirən qırışlı, gömgöy damarları 

görünən əllərinə baxa-baxa həm Heybəti fikirləşir, həm də Davidi.  

Yenə külək Kərim kişigilin evinə hücum çəkdi və bu dəfə Kərim kişi dörd-beş il 

bundan  əvvəl Nabrana getdikləri yay gününü yadına saldı, həm də elə bildi ki, o 

balaca ovçarka küçüyü yenə ardınca gəlir. 

Əlbəttə, Marqarita Abramovnanın bu saat Bilgəhdəki bağda ac-susuz qalmış 

itdən xəbəri yox idi və buna görə də birdən-birə gülümsədi, siqaret çəkən adamların 

barmağı kimi sapsarı saralmış sifətinin qırışları daha da artdı, yenə  də yaxşıca 

öyrəndiyi Azərbaycan dilində dedi: 

– Izabella Salamonovna məni  ərə vermək istəyirdi. Axı, mən də çox 

yaraşıqlıydım. Amma ona dedim: hardan tapacaqsan mənimçün  Şnayderi? Mənim 

Şnayderimi kim verəcək mənə? 




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə