Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə44/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   40   41   42   43   44   45   46   47   ...   184

 

100


Səmayə sevindi ki, Fatma qardan beləcə sevinir, sonra biletləri qızına uzatdı: 

– Al, səninlə Gülüşün biletidi. 

Fatma biletləri alıb elə bil bütün ömründə birinci dəfəydi bilet görürmüş kimi o 

tərəf-bu tərəfinə baxdı və dedi: 

– Bilirsən, mama, Gülüş... Gülüş bu gün kinoya getmək istəyir e... 

Səmayə başa düşdü ki, bu saat, yəni bu qarlı qış axşamı qızı ilə, gözəl-göyçək 

Fatması ilə üzbəüz dayandığı bu dəqiqə  ən birinci məsələ özünü ələ almaqdır. Bir 

dəfə hansı tamaşadasa ayı balasını oynayırdı  və bu ayı balası  iş çətinə düşən kimi 

öz-özünə deyirdi: « – Özünü ələ al, ayı balası! Özünü ələ al, ayı balası!». 

– Nə olar, qoy getsin kinoya... Sən də istəyirsən onunla birlikdə get... 

– Doğrudan? – Fatma bilmədi sevindiyindən nə eləsin. – Doğrudan? – Sonra 

atılıb – uşaq ki, uşaq – anasının o üzündən, bu üzündən öpdü, tez-tələsik 

arakəsmədən paltosunu götürüb bədənnüma güzgünün qabağında geyinə-geyinə 

dedi: – Sabah mən özüm təkcə gəlib baxacağam. Bilirəm də, əntiqə oynayacaqsan 

yenə. Qəzetdə yazıb səni tərifləyəcəklər... 

Fatma bu sözləri dedi və birdən-birə yenə  nə isə xatırlayıb nigarançılıqla 

Səmayəyə tərəf döndü: 

– Qəzetdə şəkil verəcəklər, mama? 

Səmayə gülümsədi: 

– Nə bilim? 

Fatma deyindi: 

– Bilmirəm qəzetlərdə niyə sənin öz şəklini vermirlər, elə bu cür, öz paltarında. 

Elə bu cür şəklini versinlər də... 

– Yaxşı, qoymaram Tülkü paltarında şəklimi çəksinlər. – Səmayə qızını axırıncı 

nigarançılıqdan da qurtardı – heç kim bilməyəcəkdi ki, Fatmanın anası Tülkünü 

oynayır; bundan sonra Dovşan da beləcə olacaqdı, Keçi də, Ceyran da. 

– Doğrudan qoymayacaqsan? – Fatma yenə də atılıb anasının o üz, bu üzündən 

öpdü – lap sevincək olmuşdu, sonra da şəstlə dedi: – Kimin belə maması var e?!. – 

Özü də özünə cavab verdi: – Heç kimin! 

Həmin qarlı qış gününün gecəsi tamaşa lap yaxşı keçdi. 

Meşəyə qoca və xeyirxah bir Qarğa uçub gəlmişdi və artıq o, yaramaz Tülkünün 

kələkbazlığını Hacıleyləyə başa salmışdı, başa salmışdı ki, Tülkü bu boyda palıdın 

gövdəsini kəsə bilməz. Tülkü Hacıleyləyin üçüncü balasını istəməyə gələndə Qarğa 

ilə Hacıleylək onu elə qovdular ki və Tülkü şələ quyruğunu yellədə-yellədə meşədən 

elə qaçdı ki, tamaşaçılar – uşaqlar və  uşaqlarla gələn  əmilər, xalalar – əl çalmağa 

başladılar, zalda hay-küy qopdu, hamı gülüşdü, rejissorla müəllif də xeyli feyziyab 

oldu. 

Sonra pərdə təzədən açıldı və Tülkü də, Hacıleylək də, balaları da, qoca Qarğa 



da səhnənin qarşısına çıxdı. 

Səmayə Tülkünün şələ quyruğunu yellədə-yellədə tamaşaçılara baş əyirdi. 

Səmayə bilirdi ki, bu saat bayırda yenə  də quşbaşı qar yağır, bu qarın iyini 

duydu, rəngini gördü və birdən-birə ona elə  gəldi ki, Fatma da Gülüşlə birlikdə, 

Gülüşün anası, atası ilə birlikdə bu zalda əyləşib və o da, Tülkünü yox, Hertrudanı 

oynayıb. 

Səmayə zala baxdı və bu dəfə Fatmagilə baş əydi. 

Tamaşaçıların kefi kök idi – Tülkünün kələyi açılmışdı. 

Amma Səmayənin ürəyinə haradansa bir Tülkü ağrısı qonmuşdu, elə bil indicə 

Tülkünü yox, Hacıleyləyi oynamışdı. 




 

101


 

* * *

 

 

Səmayənin ürəyinə bir Tülkü ağrısı qonmuşdu, amma nahaq, lap nahaq, çünki 



səfalı meşə yenə  həmin səfalı meşə idi – dağın döşündə  və yenə  də Hacıleyləklər 

burada yuva salırdı, bala çıxarırdı. 

Hacıleyləklər içərisində yenə bir Hacıleylək var idi və bu dəfə Tülkü mişarı 

çiyninə alıb onun yuva qurduğu, bala çıxardığı ağacın dibini kəsdirmişdi – ürəyinə 

bala əti düşmüşdü. 

Ay yedin ha, Tülkü lələ!.. 

Hacıleylək qoca Qarğa ilə az qaldılar Tülkünün gözün çıxarsınlar. 

Qorxaq Tülkü elə qaçıb meşədən itdi ki, bir də heç vaxt kələk gələ bilməyəcəkdi 

Hacıleyləklərə. 

Hacıleyləklər daha tanımışdı Tülkünü – həm kələkbazlığını, həm də 

qorxaqlığını, tülkülüyünü. 

Yenə  həmin səfalı meşə idi və Hacıleylək balaları böyüyürdü, qanad çalırdı, 

uçurdu, dənizlər keçirdi, ölkələr gəzirdi, meşələr görürdü, yuva qururdu, özləri bala 

çıxarırdı, bala böyüdürdü... 

 

 Aprel, 1973. 

 

 



 

 



 

102


QIŞ NAĞILI 

 

Novruz Cuvarlinskinin xatirəsinə 

 

Bakıda qarlı-çovğunlu bir qış  səhəri təzəcə açılırdı  və  həmin qış  səhəri sübh 



tezdən yerindən qalxan Kərim kişi birinci növbədə uşaqlar yatan otağa girib qardan 

şüşələri tutulmuş  pəncərədə bir balaca görümlü yer tapdı  və gözünü ora zilləyib 

küçəyə baxdı: hər tərəfi basmış qardan başqa heç nə görünmürdü və bu gün qar 

dünənkindən də betər meydan oxuyurdu; qar idi, çovğunun vıyıltısı idi, bir də ki, 

külək bərkiyəndə heç eşidilməyən, sonra yenə də elə bil lap uzaqlardan gələn mahnı 

səsi – Marqarita Abramovna həmişəki kimi valı qoymuşdu patefonun üstünə. 

Kərim kişi çovğunun qarasına: – «Bu kəsən  şey deyil!» – fikirləşib bir-iki 

dəqiqə də küçə pəncərəsindən bu qış səhərinin alatoranlığına qəribə bir kədər ağlığı 

gətirmiş qara baxdı, çovğunun vıyıltısına qulaq asdı və heç kəs yuxudan oyanmasın 

deyə  gəldiyi kimi də ustufca otaqdan çıxıb mətbəxə keçdi, bu dəfə  də  mətbəxin 

pəncərəsindən həyətə tamaşa elədi: həyət də başdan-başa qarın içində idi və 

Marqarita Abramovnanın güclə seçilən pəncərə işığından başqa qarın əlindən heç nə 

görünmürdü. 

Axır vaxtlar Kərim kişinin ürəyinə bir nigarançılıq hopmuşdu və hər gün səhər 

tezdən eşitdiyi bu mahnı onu nigarançılıqdan qurtarırdı – Marqarita Abramovna 

yaman qocalmışdı. 

Kərim kişigilin həyəti Bakının o həyətlərindəndi ki, bir-birinə bitişik, qədim 

birmərtəbəli, ikimərtəbəli binaların dövrəsində balaca, girdə adaya oxşayırdı və bu 

adaların hamısına asfalt basılmışdı, hərəsində  də bir, ya iki tut ağacı  əkilmişdi – 

qışda üstü sərçə ilə dolu olardı, yayda kölgə salardı.  

Indi isə bu tut ağacları da başdan-başa qar içində idi. Burada Marqarita 

Abramovnanın fırlatdığı mahnı da daha yaxşı eşidilirdi və indi elə bil bu mahnı da 

hər tərəfi basmış qarın içində üşüyürdü. Kərim kişi dodaqaltı: 

 – Mahnı da üşüyərmiş! – dedi və əli ilə pəncərə şüşəsinin içəri üzünü sildi, guya 

ki, qardan başqa təzə bir şey görəcəkmiş. 

Onun iri, kobud əlləri elə bil taxta idi və kişi pəncərəni sildikcə elə səs çıxırdı, 

elə bil şüşəni əllə yox, quru taxta parçası ilə sürtürsən. 

Kərim kişi yenə zənlə bayıra baxdı və yenə də dodaqaltı dedi: 

 – Kəsən şey deyil bu! 

Cavanşir üşüyə-üşüyə mətbəxə boylandı və tez-tələsik: 

 –  Sabahın xeyir! – deyib daha tamam-kamal ağarmış başını qaşıya-qaşıya 

arakəsmədəki əlüzyuyana tərəf getdi. 

 Kərim kişi oğlunun ardınca tərs bir nəzər saldı, heç nə cavab vermədi və 

bundan sonra özünə də məlum oldu ki, səhər-səhər yataqdan yaman hirsli qalxıb. 

 Məsələ burasında idi ki, Cavanşir dünən and-aman eləyib Kərim kişini 

yolundan saxladı ki, sabah qar kəsər, hava düzələr, istədiyin yerə  də gedərsən. 

Əlbəttə, Cavanşir hardan biləydi ki, sabah, yəni bu gün, qar aləmi basacaq, çovğun 

qiyamət qopacaq, trolleybuslar, avtobuslar dayanacaq, iş o yerə çatacaq ki, 

məktəblərdə dərsləri də saxlayacaqlar. 

Uşaqların səhər tezdən durmaq müsibətindən xilas olmaları  Kərim kişinin 

yadına düşdü və hirsli də olsa, ağappaq eşmə bığının altından dodağı qaçdı. 



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə