Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə47/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   43   44   45   46   47   48   49   50   ...   184

 

107


Başqa vaxt olsaydı, Kərim kişi bir-iki şux söz atardı, çünki Marqarita 

Abramovna Izabella Salamonovnanın yanına gələndə yaşı  əllini çoxdan keçmişdi, 

amma bu dəfə kişi zarafat eləmədi və başından belə bir fikir gəlib keçdi ki, 

Zibeydənin də yerini heç kim verə bilməz. Bunu fikirləşdi və bu fikirdən sonra bu 

dərəcədə yumşalmasına elə hirsi tutdu ki, yerində qurcalandı. 

Marqarita Abramovna bu dəm bütün fikri-zikri ilə Şneyderinin yanında olsa da, 

qızışmaq bilməyən soyuq barmaqları ilə Kərim kişinin çənəsinin altını sürtüb: 

– Tük qalıb, – dedi. – Durmayın hələ. 

Bir azdan Marqarita Abramovna işini görüb qurtardı və təzədən özünü həyətdəki 

qar-borana vurub evinə qalxdı, amma bir xeyli müddət dediyi bu söz: « – Durmayın 

hələ» – Kərim kişinin qulaqlarından getmədi və kişi fikirləşdi ki, Marqarita 

Abramovna yəqin dünyada təkcə  dəlləkdir ki, təkcə  də müştərisi var. Burasını da 

fikrindən keçirtdi ki, vay o dəlləyin halına ki, təkcə müştərisi də gedə... 

Bir azdan yenə  də elə bil ki, lap uzaqlardan qədim mahnının zəif səsi hərdən 

eşidildi, hərdən eşidilməz oldu. 

Qarın, boranın qiyamət qopardığı həmin qış günü Kərim kişi heç kimlə kəlmə 

kəsmədi, dinib-danışmadı, yalnız bircə  dəfə küçə  pəncərəsindən bayıra baxıb öz-

özünə bərkdən dedi: 

– Günaha batdım. 

Uşaqlar da, Fazilə  də, işdən çıxıb qarın  əlindən güclə evə  gələn Cavanşir də 

bütün gün ərzində  Kərim kişiyə bir söz deməyə cürət etmədi və gecə yerlərinə 

girəndə hamının ürəyində bir nigarançılıq vardı; hamı bilirdi ki, axıracan belə 

getməyəcək və hamı da sidq-ürəkdən arzulayırdı ki, sabah hava düzəlsin. Bunu hamı 

arzulayırdı, amma təkcə  Kərim kişi bilirdi ki, əvvəla, bu hava düzələn hava deyil

ikincisi də istəyir düzəlsin, istəyir düzəlməsin, sabahdan da keçsəydi, iş  də  işdən 

keçəcəkdi. 

Həmin qış gecəsi nə qar kəsdi, nə  şaxta-boran azaldı  və çox qəribə oldu ki, 

yerində uzanıb bayırda qıy vuran küləyin səsinə qulaq asa-asa yenə  də yaz, bağ, 

dəniz Kərim kişinin yadına düşdü və ən çox qəribəsi də bu oldu ki, qırx-qırx beş il 

bundan  əvvəl vurduğu bir ördək birdən-birə gözlərinin qabağına gəldi, o vaxtdan 

bəri ömründə xatırlamadığı bu vecsiz əhvalat lap qəflətən gəlib yadına düşdü. 

Bu tək ördək Bilgəhdə, dənizin lap qırağında qumluğa qonurdu, sahil boyu o 

baş-bu baş gəzişən usta Kərim hər dəfə ona tərəf yaxınlaşanda havaya qalxıb iyirmi-

otuz addımlıqda təzədən qumluğa enirdi. Bir dəfə, iki dəfə, üç dəfə... Və elə bil özü 

öz dili ilə deyirdi ki, usta Kərim, get evdən beşatılanı gətir, məni vur. Usta Kərim 

evdən beşatılanı götürüb lap naümid sahilə qayıtdı ki, yəqin ördək uçub gedib. 

Ördək uçub getməmişdi, əməlli-başlı bir inadla ustanın beşatılanını gözləyirdi. Usta 

da bircə gülləyə sərdi onu yerə. 

Kərim kişi həmin uzaq günü lap aydın yadına saldı: aprelin axırları idi, bazar 

günü idi və orasını da yadına saldı ki, Zibeydə həmin ördəkdən şorba bişirdi. 

Kərim kişi ömrü boyu ördəklər vurmuşdu, çox quşa atmışdı, amma indi heç cür 

başa düşə bilmədi ki, niyə elə  məhz ördək birdən-birə beləcə açıq-aydın yadına 

düşdü və orasını da heç cürə başa düşə bilmədi ki, niyə o zaman həmin ördək tək-

tənha idi, niyə uçub getmirdi və niyə ondan hürkmürdü? O vaxt beşatılanla atdığı 

güllənin səsi qulaqlarına gəldi və qalın yorğanının altında mürgü döyə-döyə öz-

özünə huyuxdu. 




 

108


Sübh tezdən Kərim kişi bayır qapısını güclə bir balaca itələyib zorla həyətə 

çıxanda külək elə qıy vurub arakəsməyə doldu ki, az qaldı evdəki camaatı yuxudan 

oyada və qapını bağlayandan sonra Kərim kişi bir müddət yerində dayandı, amma 

içəridən səs-səmir eşitmədi.  Əslində bu saat çovğunun uğultusundan başqa heç nə 

eşitmək mümkün deyildi və  Kərim kişi boynunu köhnə kürkünün içinə  qısıb sol 

dirsəyini irəli verdi, yanpörtü addımlayıb küçəyə çıxdı. 

Bu şaxtanın, boranın içində birdən-birə Kərim kişinin burnuna tanış qoxu dəydi 

və kişi başa düşdü ki, bu neft iyi kürkdən gəlir. Çoxdan, lap çoxdandı ki, Kərim kişi 

içi qoyun dərili bu kürkünü geymirdi. Indi birdən-birə ona elə  gəldi ki, yenə  də o 

ötən günlər kimi səhər tezdən evdən çıxıb işə gedir, bir azdan avtobusa minib 

mədənin yanında düşəcək. 

Bu  şaxtalı-boranlı  qış  səhərində kürkün yununa hopmuş  həmin neft qoxusu 

Kərim kişinin ürəyinə bir həzinlik gətirdi, kövrəklik gətirdi. Bu neft qoxusunda uzun 

illərin sükunəti vardı, elə bil bəylik paltarını naftalinləyib sandığa qoymuşdun. 

Bu saat mədənlər də qarın altında idi, amma orada hər tərəfi bürümüş qarın 

altından əsl neft qoxusu gəlirdi. Kərim kişi bunu duydu, hiss elədi və orasını da hiss 

elədi ki, bir də heç zaman mədəndə olmayacaq, bir də heç zaman əlini fontan 

vurmuş quyunun neftinə batırıb burnuna tutmayacaq. 

Həmin qış səhərinin qaranlığında qardan, çovğunun vıyıltısından başqa küçədə 

heç nə yox idi, heç kim yox idi və elə ilk dəqiqədən şaxta Kərim kişinin arıq, uzun 

bədəninə hücum elədi. Kərim kişinin başından belə bir fikir gəlib keçdi ki, canavar 

yaralını, zəif xəstəni o saat tanıyır, duyur, izləməyə başlayır, heç nədən qorxub-

çəkinmir, başının üstünü alır. Bunu fikirləşdi və dünən Marqarita Abramovnanın 

cidd-cəhdlə qulluq elədiyi eşmə bağının altından dodağı qaçdı. 

Marqarita Abramovna hələ yerindən qalxıb patefonunu işə salmamışdı. 

Kərim kişi sol qolunu dirsəkdən büküb gözünün üstündə sipər elədi, gözlərini 

yumdu, qara bata-bata yanpörtü addımlamağa başladı  və yavaş-yavaş sağ  əlində 

tutduğu bağlamanın ağırlığını hiss etdi. 

Kərim kişi Beşmərtəbənin yanındakı bağa gəlib çatanacan sol qolunu başının 

üstündən çəkmədi, ancaq tramvay dayanacağında qolunu aşağı saldı: nə tramvay var 

idi, nə də tramvaydan əsər-əlamət. O, boynunu kürkünün içinə qısıb bağa tərəf baxdı 

və küçə boyu ağacların hamısının qarın ağırlığından,  şaxtanın sərtliyindən, 

çovğunun şiddətindən yarıbayarıdan qırıldığını gördü. Elə bil ki, ağac qəbiristanlığı 

idi və bu qəbiristanlıqda bu saat qar-boran fironluq eləyirdi. 

Kərim kişi sol əlini qalın kürkünün üstündən arıq baldırlarına vurub: 

– Bay səni! – dedi və qar-boranın fironluq elədiyi bu məqamda doluxsundu, 

amma bunu nə qocalığının ayağına yaxdı, nə də yumşalmasının – ağaclar da adamlar 

kimi idi, ağaclarda da dözüm var idi və bu dözüm də hərdən beləcə qurtarırdı. 

O yenə sol qolunu gözünün üstündə sipər eləyib Sabunçu vağzalına tərəf 

addımlamağa başladı. Bayaqkı ağaclar gözlərinin qabağından getmədi və Kərim kişi 

başa düşdü ki, ömrünün, yəni ki, qalan günlərinin axırınacan da getməyəcək. Sonra 

Bilgəhdəki ağacları fikirləşdi, o ağacları ki, öz əli ilə əkmişdi və o ağaclar ki, oğul-

uşaq üçün, dost-tanış üçün yadigar qalacaqdı. 

Kərim kişinin Bilgəhdəki bağı  dərədə idi və oranı bu cür külək tutmurdu – 

burası yaxşı idi, amma burası da pis idi ki, narı,  ənciri don vuracaqdı.  Şaftalının, 

əriyin xeyrinə olacaqdı bu qar, amma belə xeyirdənsə şər yaxşıdı, yəni o şaftalının 

ki, xeyri narın qurumağına bağlıdı, yerli-dibli lazım deyil. 



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə