Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə45/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   41   42   43   44   45   46   47   48   ...   184

 

103


Uşaqlar, yəni Kərim kişinin nəvələri. Beş  nəvəsi vardı: böyük qızı 

köçürmüşdülər – özü də,  əri də neftçi idi, ondan kiçiyi Odessada gəmiçilik 

institutunda oxuyurdu, qalan üç nəfər isə hələ məktəbə gedib-gəlirdi. Bunlar hamısı 

Cavanşirin balaları idi. Heybət isə müharibədən qayıtmamışdı, tək gəlmişdi, tək 

getmişdi, həmişə də otaqda divardan asılmış şəklindəki kimi cavan qalmışdı. 

Mahnının səsi kəsildi və indi yalnız çovğunun vıyıltısı eşidilirdi, bir də haradasa 

lap uzaqlarda elə bil ki, bir it hürürdü. Bu it hürüşü Kərim kişinin əhvalını lap pozdu 

və o, ürəyində öz-özünə yağlı bir söz dedi. 

Cavanşirin arvadı Fazilə mətbəxə girib suçlu adamlar kimi: 

– Sabahınız xeyir, – dedi. – Sonra qazı yandırdı, çayniki odun üstünə qoydu və 

Kərim kişinin gözünə görünməsin deyə tələsik də mətbəxdən çıxdı. 

Kərim kişi gəlinin salamını almadı, amma özü də özünü məzəmmət elədi ki, 

nahaq iş gördü, çünki məlum məsələydi ki, qarın, çovğunun bu cür həyasızlıq 

eləməsində gəlinin heç bir təqsiri yox idi. 

Bir azdan otaqda oturub səhər çayı içəndə Cavanşir arvadına dedi ki, heç 

bilmirəm işə necə gedib çıxacağam, nə maşın işləyir, nə avtobus. Bu sözləri açıq-

aşkar surətdə  Kərim kişiyə  eşitdirirdi, yəni ki, bu havada evdən bayıra çıxmaq 

mümkün olan iş deyil. Sonra bununla da kifayətlənməyib dedi ki, elektrik qatarları 

da Sabunçu vağzalında yatıb qalıb, çünki dəmir yolunu qar basıb. 

Kərim kişi bu sözləri eşidəndə armudu stəkandakı çayını yarımçıq qoydu mizin 

üstünə, ayağa qalxdı  və  mətbəxə keçib yenə  də  pəncərədən həyətə baxdı: çovğun 

qiyamət qoparmışdı. 

Məsələ burasında idi ki, Kərim kişi pensiyaya çıxdığı vaxtdan ta indiyə kimi, 

yəni on beş ildən bəri yaydan başqa, qalan aylarda da hər gün, uzaq başı iki gündən 

bir Bilgəhdəki bağına gedirdi, meynələrə,  əncirlərə, narlara qulluq edirdi, bostan 

salırdı, gül-çiçək  əkirdi, uzun sözün qısası, Bilgəhdəki dədə-baba bağları ilə sidq-

ürəkdən dostluq edirdi; bağ kişini başa düşürdü, kişi də bağın işinə yarayırdı. 

Srağagün də bağda idi və srağagün adamın heç ağlına gəlməzdi ki, hava belə 

dəyişəcək, beləcə qar-çovğun başlayacaq.  Şəhərə qayıdanda Nabranın boynuna 

zəncir salıb damda bağladı ki, açıq qalıb yalaqlanmasın, qabağına da evdə hazırlayıb 

gətirdiyi yaldan nə qalmışdısa onu qoydu. Sabah tezdən, yəni ki, dünən yenə 

gələcəkdi, amma srağagün gecədən qar başladı, dünən də dayanmaq bilməyib yağdı 

və Cavanşirlə Fazilə  də onu yoldan elədilər ki, sabah, yəni bu gün hava düzələr, 

gedərsən. 

Bu gün çovğun dünənkindən bərk başlamışdı  və Nabran da zəncirə bağlı 

qalmışdı bağda. 

Bir dəfə – dörd-beş il bundan əvvəl, yay vaxtı  uşaqlarla birlikdə Nabrana 

getmişdilər və Kərim kişi oradan bir ovçarka küçüyü alıb gətirmişdi, uşaqlar da bu 

küçüyün adını qoymuşdular Nabran. Kərim kişi onu bağda saxlayırdı, Nabran da 

böyüyüb bir it olmuşdu ki, gəl görəsən və indi həmin bu it qarın, çovğunun bu 

vurhavurunda ac-susuz qalmışdı Bilgəh bağındakı damın içində. 



 

104


Kərim kişigilin evi birinci mərtəbədə idi, ata-babadan burada yaşayırdılar və 

indi külək qarı evin bayır qapısının ağzına elə  yığmışdı ki, Cavanşir qapını aça 

bilmirdi. Axır ki, qapını bir balaca aralayıb zorla bayıra çıxdı  və birdən-birə 

arakəsməyə elə güclü külək əsdi, bir göz qırpımında içəri o qədər qar doldu ki, elə 

bil Bakıda yox, Şimal Buzlu okeandasan. Kərim kişi mətbəxdəki köhnə sandığın 

arxasından neçə ildən bəri işsiz-gücsüz qalmış beli götürdü və bayır qapısına 

yaxınlaşıb bütün bədəni ilə sərt soyuq hiss eləyə-eləyə onu qapının arasından oğluna 

uzatdı: 


– Təmizlə! 

Cavanşir qapını örtüb çöldə bir xeyli əlləşdi, vuruşdu və yalnız bundan sonra 

qapını tamam aça bilib təzədən içəri girdi, göyərmiş  əlləri ilə  qıpqırmızı sifətini 

ovuşdurdu, kürkünün yaxasını  çırpdı  və elə bil bu şücaətindən bir az ürəklənib 

dinməz-söyləməz qarşısında dayanmış Kərim kişiyə: 

– Əşşi, çıxıb-eləməyəsən ha, yaman pis havadı, – dedi. 

Fazilə də böyürdən: 

– Zəhrimara qalsın belə havanı! – dedi, özü də elə dedi ki, yəni ay Kərim əmi, 

bizə niyə acığın tutur, biz neyləyək, sən yaşda adam bu havada, bu vurhavurda 

Bilgəhə necə gedib çıxacaq, necə qayıdacaq? 

Əlbəttə, Fazilə də, Cavanşir də bilmirdi ki, əslində – lap doğrusu bu idi ki, var – 

Kərim kişinin acığı özünə tutub, öz səksən yaşına. 

– Mən özüm gedərdim, amma indi işin elə vaxtıdı ki, qoyub getmək olmur... 

Bu sözləri Cavanşir dedi və  Kərim kişi də onun başqa söz deməsinə imkan 

verməyib: 

– Yaxşı, yaxşı, yeri get işinə, – dedi. 

Kişi dilləndi deyə Fazilənin eyni açıldı. Cavanşir də gülümsəyib: 

– Yaxşı, mən getdim, – dedi və hələ də nigarançılıqdan qurtarmayıb əlavə elədi: 

– Amma çıxmayasan ha!.. 

– Çıxmaz, çıxmaz. – Bu sözləri də Fazilə dedi, yəni ki, arxayın ol, qoymaram 

getsin. 

Kərim kişi bu dəfə  də özünü saxlaya bilməyib gəlininə  tərs bir nəzər saldı  və 

otağa keçdi. 

Cavanşir gəmi təmiri zavodunda işləyirdi, mühəndis idi və məlum məsələydi ki

işi başlı-başına buraxıb Nabranın dalınca Bilgəhə gedə bilməzdi. Cavanşir neftçi 

deyildi (Heybət neftçi idi), amma necə olsa da, işi dənizlə bağlı idi, neft iyi ilə, 

mazutla bağlı idi və elə buna görə də oğlunun işinə Kərim kişinin hörməti vardı. 

Məsələ burasındaydı ki, Kərim kişinin oğlundan, gəlinindən, nəvələrindən, dost-

tanışlarından, qohum-əqrəbadan, uzun sözün qısası, bütün yaxın adamlarından başqa 

dünyada üç istəklisi var idi: birinci – neft, yəni ki, neft iyi, neft rəngi, neft həsrəti, 

neft sevinci; ikinci – dəniz, yəni ki, dənizin uğultusu, mülayimliyi, xəzrisi, göylüyü, 

böyüklüyü, dalğası, ləpəsi; üçüncüsü də – yaşıllıq, yəni ki, kol-kos, çəmənlik-

çiçəklik, bir sözlə, alaqdan tutmuş çinara kimi nə vardısa da hamısı. 

– Sabahın xeyir, ay baba. Mamaya deyəcəksən məni həyətə buraxsın? – Bunu 

indicə yerindən qalxıb gözlərini ovuşdura-ovuşdura arakəsmədəki tualetə gedən 

Ayaz dedi. 

Get əl-üzünü yu, dinməz-söyləməz gəl otur, çörəyini ye. – Bunu da Kərim kişi 

dedi və Ayaza məlum oldu ki, babasının qanı qaradı  və bu gün onunla zarafat 

eləmək olmaz. 



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə