Seçilmiş əsərləri


BU DÜNYADA QATARLAR GEDƏR



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə49/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   45   46   47   48   49   50   51   52   ...   184

 

111


BU DÜNYADA QATARLAR GEDƏR 

 

Dünyada cürbəcür qatarlar var idi: «Bakı – Moskva», «Bakı – Novosibirsk», 

«Xarkov – Bakı», «Bakı – Odessa», «Mahaçqala – Bakı»... Yay başlayan kimi təzə 

qatarlar gəlib gedirdi: «Bakı – Kislovodsk», «Bakı – Soçi»...  

Qatarlar adamlarla dolu olardı. Adamlar cürbəcür olardı, cürbəcür geyinərdi. 

Dünyada qapqara adamlar var idi, sapsarı adamlar var idi və bu adamlar da 

hərdən qatarlarda Əbiligilin kəndinin aşağısından ötüb keçərdi. 

Qatarlar neft daşıyan vaqonlar olardı, taxta-şalban daşıyan, traktorlar, yük 

maşınları, avtomobillər daşıyan vaqonlar olardı və Əbili gözlərini yumub bu təptəzə, 

yağlı avtomobilləri ömründə bircə dəfə də görmədiyi Bakının küçələrində ora-bura 

gedən görərdi.  

Bütün bunlar uzaq-uzaq ölkələrdən, böyük-böyük şəhərlərdən gəlib gedirdi və 

həmin uzaq-uzaq ölkələrdə, uzaq-uzaq şəhərlərdə heç kim bilmirdi ki, dünyada 

Əbiligilin balaca kəndi var və bu balaca kənddə Əbili adında bir oğlan var ki, hər 

gün qatarların ardınca baxır. 

Qatarlarda daşınan bütün bu yükləri bir-birini tanımayan cürbəcür adamlar 

hazırlayırdı, düzəldirdi, yükləyirdi, bir-birinə göndərirdi.  Əbili bunu fikirləşirdi və 

hərdən ona elə  gəlirdi ki, gözlərinin qabağından ötüb keçən bu yük qatarları adi 

qatarlar deyil, bu yük qatarları taxta-şalbanla, traktorla, kombaynla bərabər 

adamların sirrini bir-birinə aparır, adamların ürəyindəkiləri bir-birinə yetirir. 

Adamların o sirrini ki, gecə yerində uzanırsan və uzaq-uzaq ölkələrdə, böyük-böyük 

şəhərlərdə yaşayanlar barədə fikirləşirsən.  

Qatarlarda təkcə adamlar getmirdi, təkcə yük daşımırdı qatarlar. Bəzən qatarlar 

nağıl aləmindən gəlirdi, fillə, zürafəylə gəlirdi. 

Bir dəfə yayın cırhacırı idi və  Əbili həmin gün doğruçu fillər gördü, doğruçu 

zürafələr, açıq vaqonlardakı qəfəslərdə gedən doğruçu şirlər, pələnglər gördü. Əbili 

başa düşdü ki, «Kiyev – Bakı» qatarında Kiyevdən Bakıya sirk gedir və özü də 

bilmədi necə gözlərini yumdu, ötüb keçməkdə olan qatar təkərlərinin taqqatuqu 

altında bu zürafələri, bu filləri,  şirləri, pələngləri Bakı sirkində gördü, yekə 

başmaqlı, yekə saatlı, yekə burunlu təlxəklər gördü, həmişə qatarlarda gedib-gələn 

rəngbərəng paltarlı uşaqların səs-küyünü eşitdi. 

Əbili az görmüşdü, çox oxumuşdu.  Əbili bilirdi ki, fillər Hindistanda olur, 

Afrikada olur, sirkdə  təlxəklər olur, təlxəklərin paltarları  əyinlərinə böyük olur və 

onlara baxanda adamı gülmək tutur – bütün bunları bilirdi, əlinə keçən qəzetlərdə, 

jurnallarda, kitablarda oxumuşdu, dərsliklərdən öyrənmişdi, amma özü heç nə 

görməmişdi. 

Burası doğru idi ki, Əbili gözlərini yumub istədiyini görürdü, amma burası da 

var idi ki və Əbili də bunu çox gözəl başa düşürdü ki, bütün bunlar doğruçu görmək 

deyil. 

Əbiligilin kəndi dəmir yolundan yarım kilometr aralıdakı dağın ətəyində idi. Bu 



kənd il on iki ay dumanlı-çiskinli olardı  və bu dumanın-çiskinin içindən gecə-

gündüz qatarlar keçərdi. Gecələr bu qatarların səsi kəndin bütün evlərinə dolardı və 

bu qatarlardakı adamlar, bu qatarların daşıdığı avtomobillər, gedib-gəldiyi böyük-

böyük  şəhərlər kəllayı otaqda palazın üstündə salınmış yorğan-döşəyin içində 

Əbilinin gözlərinin qabağına gəlirdi. 



 

112


Səhərlər, günortalar və axşamlar isə  Əbili inəklərini naxıra qatıb, qoyun-

quzularını  kəndin çobanı Ildırımın sürüsünə ötürüb, kəhər atı evlərinin dalındakı 

otlaqda çidarlayıb, tövləni kürüyüb-təmizləyib, məktəbə gedib və qayıdıb dərslərini 

hazırlayandan sonra, kənddən aşağı düşürdü, dəmir yolu boyunca gedirdi, o qədər 

gedirdi ki, kəndləri dağın ətəyində gözdən itirdi və bu yerlərdə hər addımbaşı bitən 

bir alça ağacının altındakı yoncalıqda oturub gəlib keçən qatarlara baxırdı.  

Əbilinin gözləri elə öyrənmişdi ki, bircə  dəqiqənin içində  gəlib keçən qatarın 

üstündəki yazını oxuyurdu, vaqondakı adamları görürdü, bu adamların görünüşü, 

geyimi yadından çıxmırdı. 

Uşaqlıq vaxtları, o vaxtlar ki, ayağı yalın, başı açıq atılıb düşürdü və dünyanın 

işləri vecinə deyildi, birinci növbədə yaşıdları, yaşıdlarının  əcaib-qəraib  şalvarları, 

köynəkləri yadında qalırdı.  Əbili bu uşaqları  qırmızı  rəngin, yaşıl rəngin, çəhrayı 

rəngin içində görürdü və bu uşaqlar başqa bir aləmin, nağıllı-sehrli bir aləmin 

uşaqları kimi ondan çox-çox uzaqlarda idi.  

Günlərin bir günündə  Əbili başa düşdü ki, həmin nağıllı-sehrli uzaq aləmin 

uşaqları da kəndlərinin uşaqları kimidi – cığalı var, düzü var, kolxoz sədri Cəbrayıl 

kişinin oğlu Rəhim kimi ərköyünü var, Salatın arvadın nəvəsi yetim Səftər kimi 

işbacaranı var. 

O gün qatarlardan biri – «Bakı – Rostov» qatarı birdən-birə  Əbiligilin 

kəndlərinin qabağında dayandı. Düz dörd saat dayandı. Dedilər irəlidə yol xarab 

olub. Həmin dörd saatda Əbiligilin kəndində yumurta-toyuq qalmadı, yağ-pendir 

qalmadı, ağaclarda alça, ərik qalmadı, kimin əlinə nə keçirdisə, gətirib qatardakılara 

satmaq istəyirdi.  

Kəndin adamları alverlə  məşğul idi, təkcə  Əbilidən başqa.  Əbili bir küncdə 

dayanıb gendən-genə dağın aşağısında düzənlikdə oynayan uşaqlara baxırdı. 

Qatardan düşən uşaqlar hərdən lap onun burnunun qabağından ötüb qaçırdı və Əbili 

bu tərləmiş, sir-sifəti qızarmış uşaqlardan gələn qoxunu hiss edirdi. Bu qoxu bir az 

kəndlərindəki dəllək Qafarın dəlləkxanasından gələn iyə oxşayırdı, bir az atası ildə-

ayda bir dəfə Bakıya gedib qayıdanda gətirdiyi peçenye, pryanik, kağıza bükülü 

konfet iyinə oxşayırdı, amma Əbili belə fikirləşirdi ki, bu qoxu tamam-kamal 

dəlləkxana iyi, yaxud peçenye, pryanik iyi deyil, bu qoxu böyük-böyük şəhərlərdəki 

uşaqların qoxusudu. Əbili burasını da lap yəqin etdi ki, bu saat burnunun qabağından 

ötsələr də bu uşaqlar ondan çox-çox uzaqdadı, elə uzaqdadı ki, həmin uzaqlığa gecə-

gündüz, yay-qış, dumanda-çiskində, qarda-boranda, yayın cırhacırında qatarlarla 

gedəsən gərək. 

Birdən-birə çəhrayı ayaqqabılı, çəhrayı corablı, çəhrayı paltolu, çəhrayı yanaqlı, 

çəhrayı papaqlı bir qız  Əbilinin qabağında dayandı, təəccüblə  Əbilinin ayağındakı 

qaloşa baxdı, pencəyinin cibinə yığdığı göy almalara baxdı, başına qoyduğu atasının 

köhnə papağına baxdı və soruşdu: 

– Sənin adın nədi? 

Ömründə heç vaxt Əbilinin beləcə ürəyi düşməmişdi. Ömründə heç vaxt Əbili 

beləcə özünü itirməmişdi. Əbili heç özü də bilmədi ki, necə dedi: 

– Əbili. 

Çəhrayı qız lap heyrətlə soruşdu: 

– Nə? 

Əbili dedi: 



– Əbili. 


Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə