Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə52/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   48   49   50   51   52   53   54   55   ...   184

 

118


Məsmə ürəyində fikirləşdi ki, sənə nə  var,  ay  bəxtəvər, pay da göndərərsən, o 

tərəfə də keçərsən, öz malın deyil axı; bunu fikirləşdi, amma yeznəsinin gəlininə bir 

söz demədi. 

Əliabbas kişinin dördüncü nəvəsi Ağasəlim üzünü arvadı Zibeydəyə tutub: 

 – Boşqab gətir! Qazan gətir! – dedi. – Tut günüdü bu gün. 

Əliabbas kişi dedi: 

 – Hə, Hə!.. Biri də qalmasın yerdə gərək. Günahdı... 

Bütün məhəllədə bu məşhur tut ağacının yüz yaşı tamam olan həmin isti iyul 

günü  Əliabbas kişinin evdəki bütün oğul-uşağı, nəvə-nəticəsi, gəlinləri həyətə 

çıxmışdı  və hamı bu dəm cidd-cəhdlə  həyətə  səpələnmiş xartutu yığmaqla məşğul 

idi. 

Əlbəttə, günah məsələsini  Əliabbas kişi elə-belə, özündən dedi, heç kim heç 



vaxt deməmişdi ki, tut ağacının yüz yaşı tamam olanda və gövdəsi ikiyə bölünəndə 

yerə tökülmüş tutların hamısını yığmaq lazımdı, yoxsa ki, günaha batarsan; belə bir 

qayda yox idi, necə ki, tutun yüz yaşı tamam olanda plov bişirmək də adət deyildi, 

amma bir halda ki, bu tut ağacı bu dünyada yüz il ömür sürmüşdü və onun yüz 

yaşının tamam olmasını Əliabbas kişi beləcə gözləmişdi, deməli, bayram idi bu gün 

və bu yüz yaşlı ağacın bəhrəsini ayaq altında qoymaq günah işdi.  

Əliabbas kişi tut ağacının altında dayanmışdı  və bu vaxt budaqdan onun 

sinəsinə, düz ürəyinin başına bir tut düşdü, kişinin ağ köynəyində o saat qıpqırmızı 

bir ləkə əmələ gəldi və bunu görən Ağamuxtarın bütün bədəni birdən-birə ürpəşdi. 

Əliabbas kişinin böyük oğlu Ağamuxtar dörd il cəbhədə vuruşmuşdu, 

Mazdokdan Berlinə  qədər vuruşa-vuruşa getmişdi və bütün məhəllə  uşaqları yaxşı 

bilirdi ki, Ağamuxtar  əminin bir ordeni, on üç də medalı var. Ağamuxtara birdən-

birə elə  gəldi ki, atasının ürəyinin başına güllə  dəydi və bu qırmızı  ləkə  də qan 

yeridir. Sonra Ağamuxtar daha tamam-kamal ağarmış gur saçlarını  əli ilə geri 

sığallayıb axır vaxtlar neçənci dəfə fikirləşdi ki, kişi yaman qocalıb. 

Əslində Ağamuxtarın belə fikirləşməyə bir o qədər də haqqı yox idi, çünki heç 

özü də atasından çox seçilmirdi; hətta bir dəfə qonşuları qəssab Ağanəcəfin arvadı 

Balacaxanım dar dalanın qabağında dayanıb tum çırtlaya-çırtlaya başına toplaşmış 

cavan məhəllə qızlarına demişdi: 

– Görürsüz, ağəz, adam heç bilmir ki, Əliabbas kişi Ağamuxtar kişinin atasıdı, 

yoxsa Ağamuxtar kişi Əliabbas kişinin atasıdır... 

Əlbəttə, bu söz gəlib Anaxanıma çatanda, Balacaxanım cavabını almışdı, amma 

bir vardı ki, Ağamuxtar da yaman qocalmışdı. 

Və ən qəribəsi bu oldu ki, həmin dəm Əliabbas kişinin də gözləri böyük oğlunun 

ağappaq ağarmış saçlarına sataşdı və bu ağappaq saçları birinci dəfə görürmüş kimi, 

kişi həmin yay gününün xartut bayramına baxmayaraq, birdən-birə  əməlli-başlı 

pəjmürdəhal oldu; Ağamuxtarın uşaq vaxtları onun yadına düşdü, lap o vaxtlar ki, 

hələ divardan tuta-tuta gəzirdi, sonra o vaxtlar ki, bu ağaca dırmaşıb tut yeyirdi, 

ağzı-burnu, üst-başı qapqara qaralırdı.  Əliabbas kişi özünü saxlaya bilməyib 

ürəyində dünyanın belə əbləh işləri barədə, yəni dünyanın etibarsızlığı barədə bir-iki 

söz dedi; buna yandı-yaxıldı ki, illər adamı nə günə qoyur – o balaca uşaq indi gör 

qocalıb nə günə qalıb; sonra şairin sözü Əliabbas kişinin yadına düşdü: «Biz gəldi-

gedərik, sən yaşa dünya!» və o, ağappaq bığlarının altından gülümsəyib başını 

buladı, dünyanın işlərinə acığı tutmağı da indi ona gülməli göründü, yenə  də 

ürəyində dedi ki, Isgəndərə qalmayan dünya kimə qalacaq və burasını da fikirləşdi 

ki, Ağamuxtarın qocalığını görür, amma özündən heç bir söz demir...  




 

119


Əliabbas kişinin kiçik oğlu Fətulla nəvəsi Gülağaya dedi: 

 – Qaç get evdən qab gətir. 

Boşqablar, qazanlar baş barmaq boyda xartutla doldu, məhəllənin uşaqları tutun 

yüz yaşa çatıb parçalanması  xəbərini eşidib  Əliabbas kişigilin həyətinə daraşdılar, 

hərə beş-on tut qoydu ağzına və böyük də, kiçik də, hamı belə bir yekdil fikrə gəldi 

ki, bu tutun ləzzəti başqa  şeydi və heç kim ömründə bu ləzzətdə tut yeməyib. 

Qonşuların hərəsinə bir nimçə tut pay getdi, elə bil Əliabbas kişigilə nişan gəlmişdi, 

şirni paylayırdılar. 

Qəssab Ağanəcəfin arvadı Balacaxanım başına təzə  xına qoyduğu üçün tünd 

qəhvəyi barmaqları ilə xartutu bir-bir saplağından tutub ağzına qoyurdu və  ağzını 

marçıldada-marçıldada deyirdi: 

– Bəxti var də, camaatın!.. bu cür tutdan yeyib kef eləyirlər özləriyçün...  

– Sonra hərdən onlara gəlib işinə-gücünə gömək eləyən qonşuları, yaşı otuzu 

keçmiş, amma hələ  də  ərə gedə bilməyən Lumiyəyə göz vururdu: – Vitamindir e, 

ağəz, bu... Adam qızışdıran şeydi... 

Lumiyə  də  həmişəki kimi, qızarıb pörtürdü, amma əslində belə söhbətlər 

ürəyindən idi və Balacaxanım da bunu yaxşı bildiyi üçün şaqqanaq çəkib bərkdən 

gülürdü. 

Bir sözlə, həmin  şənbə günü məhəllənin uşağından tutmuş böyüyünəcən hamı 

Əliabbas kişinin həyətindəki xartutun parçalanmasından xəbər tutdu və 

tamahkarlıqda tayı-bərabəri olmayan Molla Fərzəli də, təbii ki, əsasını döyəcliyə-

döyəcliyə gəldi durdu Əliabbas kişigilin küçə qapısı ağzında, ustanı bayıra çağırdı, 

başladı o yandan, bu yandan, Irandan-Turandan, axırda gəldi çıxdı  mətləb üstə ki, 

həkim mənə deyib qara tutu sıx, suyunu iç, pulum da yoxdur ki, gedim bazardan 

alım, elə bir balaca qazan versən, bəsimdi. 

Üzbəüz səkidə, kölgəlikdə oturub rus dili müəllimi Alxas bəylə  nərd oynayan 

zərgər Ələşrəf molla Fərzəliyə baxıb dedi: 

– Həmişə belə yazıqlanır, amma axtarsan, görərsən ki, bir donuzu çatışmır... 

– Zərgər Ələşrəf bunu dedi və Alxas bəyin tamam-kamal qanını qaraldan yağlı 

bir qoşa şeş atdı. 

Əlbəttə, Molla Fərzəli də həmişəki kimi, bir qazan tutunu alıb getdi. 

Həmin axşam Anaxanım yaxşıca bir plov bişirdi və arvad neçə stəkan düyü 

dəmləmişdisə, bütün həyətə çatdı,  Əliabbas kişinin bir böyük həyət oğul-uşağına, 

nəvə-nəticəsinə. Məhəllədə ən çox toy bu həyətdə olmuşdu. 

Aydın məsələ idi ki, bu həyət həmişə beləcə çox adamlı, beləcə gur olmamışdı. 

Əliabbas kişinin atası usta Həzrətqulu buranı alanda bu həyətdə ikiotaqlı, 

birmərtəbəli kiçik bina vardı. Bu həmin uzaq vaxtlardı ki, onda həyətdəki xartut hələ 

cavan bir ağac idi. Əliabbas kişi də balaca uşaq, bu tutun gövdəsi indiki 

budaqlarından nazik idi. 

Əliabbas kişi Tubuxanımla evlənəndən sonra özünə iki otaq da tikdi – bu, 

inqilabdan qabağın söhbətidi və indi həmin iki otaqda Əliabbas kişinin nəvəsi 

Ağasəlim ailəsilə yaşayırdı, sonra uşaqlar böyüdü; uşaqlar böyüdü, həyət kiçildi, 

dörd otaq oldu altı otaq, sonra səkkiz otaq, sonra birmərtəbə bina ikimərtəbə oldu... 

Oğullar evləndi, nəvələr evləndi və həmin tut ağacı parçalanan həyətdə hamıya bir 

parça yer tapıldı. 



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə