Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə62/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   58   59   60   61   62   63   64   65   ...   184

 

139


Qadın bu dəfə bir anlıq yox, diqqətlə Cavanşirə baxdı, elə bil ay işığında bu 

cavan oğlanın, bu uzun oğlanın sifətinin cizgilərini bir-bir saf-çürük edirdi və 

Cavanşirə elə gəldi ki, bu qadın bu saat bu gözəlliyinə və incəliyinə yaraşmayan bir 

ədəbsizliklə iki əliylə də onun başına yağlı bir qapaz salacaq; amma çox qəribə oldu, 

qadın uzun və yaraşıqlı barmağı ilə teatr binasını göstərib: 

– Odur, ordadır... – dedi və Cavanşir bu səsdə bir ilıqlıq, mülayimlik, bir 

mehribanlıq hiss etdi və bu mehribanlıq Cavanşirin bütün bədəninə sirayət etdi, içinə 

yayıldı. 

Onlar bir müddət yanaşı addımladılar. Cavanşirin ürəyi daha o cür bərkdən 

döyünmürdü, amma deməyə də bir söz də tapmırdı və bu dəm öz acizliyindən yerə 

girməyə hazır idi. 

Qadın ilıqlıq gətirən eyni mülayim və mehriban səslə: 

– Yoldaşınız sizi gözləyir, – dedi. 

Cavanşir təəccüb etdi ki, bir dəfə  də olsun geri çönüb baxmayan bu qadın 

Isgəndər Abışovu necə gördü və: 

– Eybi yox... – dedi. – Cavanşir bunu dedi və bu sözlərin mənasızlığından və 

köməksizliyindən yenə hiss elədi ki, qulaqlarının dibinə kimi qıpqırmızı qızarıb. 

Onlar beləcə dinməz-söyləməz yanaşı addımlaya-addımlaya teatr binasının 

yanınacan gəldilər və bütün bu müddət ərzində Cavanşir bir siçan deşiyi axtarırdı ki, 

söz tapıb danışa bilməmək xəcalətindən bu deşiyə girsin və bütün bu müddət ərzində 

Isgəndər Abışov da arxadan onları müşayiət etdi. 

Teatr binasının qabağındakı lövhələrə  əllə yazılmış afişalar yapışdırılmışdı  və 

qadın bu afişalara baxıb: 

– O-o-o... – dedi. – «Kleopatra»nı da göstərəcəklər... – Sonra bir balaca 

gülümsədi və bu gülümsəmə, əlbəttə, başqa gülümsəmə idi, amma bir az Cavanşirin 

Isgəndər Abışovun yanında gülümsəməsinə oxşayırdı. – Gəlib baxmaq lazımdı. – 

Sonra birdən-birə Cavanşirdən soruşdu: 

– Siz bu teatrın tamaşalarına baxmısınız? 

Cavanşir afişaların üstündə yanan elektrik lampalarının işığında köynəyinin 

yuxarı düymələrini tələm-tələsik düymələyə-düymələyə: 

– Yox, baxmamışam, – dedi və Cavanşirə elə  gəldi ki, yenə iki-üç il geri 

qayıdıb, orta məktəbdə oxuyur, bu sualı ona müəlliməsi verdi və Cavanşir də bu 

suala elə cavab verdi, elə bil müəlliməsinin sualına cavab verir. 

Afişaların yanından ötdülər və bir az da gedəndən sonra, qəribədir, bu qadın elə 

bil öz-özüylə danışmağa başladı  və bu qadının çox zövqlə yüngülcə boyalanmış 

gözəl dodaqlarından çıxan hər bir söz Cavanşir üçün elə bil ki, yuxular aləmindən 

gəlirdi, elə bil ki, tək-tənha çarpayıda uzanıb gözlərini tavana zilləyib getdiyi 

xəyallar aləmindən gəlirdi; bu qadının dodaqlarından çıxan hər bir söz get-gedə 

Cavanşir üçün Şuşadakı  həmin avqust gecəsinin çox məlhəm, çox uyğun bir 

hissəsinə çevrilirdi. 

– Qəribədi... Az qala iki min il keçib, ancaq bu gün də Kleopatra haqqında 

əsərlər yazırıq... Onu tamaşaya qoyuruq... Gedib baxırıq... Hər şey qocalır dünyada, 

hər  şey yox olub gedir, ancaq hisslər qocalmır... Insan hiss-həyəcanları, insan 

ehtirasları, insan ürəyinin çırpıntıları, görünür, daimidir... 

Cavanşir sözün əsl mənasında  əzablı bir sıxıntı ilə bu qadınla yanaşı 

addımlayırdı; Cavanşir bu qadının söhbətini davam etdirə bilmirdi, amma bilirdi ki, 

lap açıq-aşkar idi ki, nəsə deməlidi, mülahizələr, fikirlər söyləməlidi, amma söz tapa 

bilmirdi. 




 

140


Məlum oldu ki, bu qadın memardı, Bakıdan gəlib, Şuşa istirahət evində istirahət 

edir və  Şuşanı çox sevir, Şuşanın təbiəti üçün həmişə darıxır,  Şuşanın Xan sarayı, 

Qala hasarı, məscidi bu qadın üçün misilsiz abidələrdi; hərgah insan təbiətin bir 

parçasıdısa, onun evi də, yaşadığı bina da təbiətin bir parçası olmalıdı, tikintilər, 

qurğular, hər  şey təbiətə doğru olmalıdı, təbiəti tamamlamalıdı, insanla təbiət 

arasında bir sərhəd, bir qoruncaq yox, bir vasitə olmalıdı, bax, bu Şuşa dağlarının, 

bu Şuşa düzlərinin, dərələrinin, sıldırımlarının simmetriyası və assimetriyası müasir 

memarlıqda öz əksini tapmalıdı... 

Cavanşir bütün bu fikirlərlə yalnız razılaşırdı, başını  tərpədib bu qadının 

söylədiyi fikirlərin hamısını  təsdiq edirdi, uzaq başı bircə  kəlmə: « – Elədir...» – 

deyirdi, başqa bir əlavə edə bilmirdi və onlar Şuşa parkının qaranlıq cığırları ilə 

addımladıqca, Isgəndər Abışov da arxadan gələ-gələ onları müşayiət edirdi və  ən 

qəribəsi də bu idi ki, Isgəndər Abışov, nədənsə, Cavanşirdən başqa özünü də həmin 

avqust gecəsinin qəhrəmanı hiss edirdi...  

Cavanşir çox çətinliklə  və gözlənilməz bu düşünülməz, ağlasığmaz gecə 

gəzintisinə yaraşmayan bir müstəqilliklə qadının adını soruşdu və məlum oldu ki, bu 

qadının adı  Mədinə xanımdı, sonra Cavanşir öz adını dedi və sonra da Mədinə 

xanım Cavanşirdən soruşdu: 

– Bəs, siz harda işləyirsiniz? 

Əlbəttə, Cavanşir ağlına gətirməzdi ki, doğrudan-doğruya belə yaşlı görünür; 

başqa vaxt olsaydı, bu, Cavanşirin ürəyinə yayılardı, amma bu dəfə yenə 

qulaqlarının dibinə kimi qıpqırmızı qızarıb: 

– Mən filoloqam, – dedi. – Universitetdəyəm... 

– Dərs deyirsiniz? 

Cavanşirin bütün sifəti alışıb-yanırdı  və ona elə  gəldi ki, Mədinə xanım onu 

dolayır və  bərkdən qaqqanaq çəkib güləcək və Isgəndər Abışov da gülməkdən 

qarnını tutacaq. 

– Yox... Aspirantam... 

– A-a... Sizinçün hələ hər şey irəlidədi... 

Cavanşir buna da bir söz deyə bilmədi. 

Isgəndər Abışov isə qarşıda addımlayan bu qadınla Cavanşirin nə danışdıqlarını 

eşitmirdi, amma bir həqiqət vardı ki, bu dəm Isgəndər Abışov Cavanşirlə Əbülfətin 

kababxanasında oturub birgə çaxır içməyi ilə fəxr edirdi; bu dəm o, Cavanşirlə bu 

gözəl qadının ardınca beləcə addımlamağıyla qürurlanırdı  və elə bil ki, Isgəndər 

Abışova bir qol-qanad vermişdi və daha o özünü həyatda artıq adam hesab etmirdi.  

Mədinə xanım dedi: 

– Mən daha istirahət evinə getməliyəm...  

Və Mədinə xanım bu sözləri elə dedi ki, Cavanşirin ağzı öz-özünə açıldı:  

– Mən sizi ötürərəm... 

Mədinə xanım dedi: 

– Sizi yoldaşınız gözləyir... 

Cavanşir dedi: 

– O mənim yoldaşım deyil... 

Mədinə xanım dedi: 

– Onda deyin arxamızca gəlməsin... 



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə