286
Qoca pendir-çörəyini yeyib, çayını içmişdi və indi də yerində oturub diqqətlə bu
arvada baxırdı və bu arvadın dediyi bu çoxlu sözləri bu qulağından alıb, o biri
qulağından buraxırdı, təkcə o «kanalizasiya» sözü bir an ilişib beynində qaldı və
qoca yenə soruşdu:
– Ayaqyoluna getmişəm mən?
Gəlin nəm əsgi ilə o girdə mizin üsündəki qəhvəyi klyonkanı silə-silə:
– Getmisən e, getmisən... Rahat olginən!.. – dedi. – Bayaq özüm yola saldım
səni ora da, day oğlunun yanında demədim, əyibdi... Ancaq gecə mənim yadımdan
çıxmasın, yaduva salım sənin, gedəsən ayaqyoluna. Getmirsən, sonra gecə yaş
əliyirsən yerivi. Oğlun da hirsdənir. Bilirsən nöş hirsdənir? Sən onnan
inciməginən!.. Mənə görə hirsdənir e! Utanır mənnən... Deginə ki, mənim neyimdən
utanırsan, ay bədbəxt oğlu, bədbəxt? Hə?..
O köhnə dolabın üstündəki sarı bülbül isə yenə də hərdən ötürdü və sarı bülbül
ötdükcə də xırda qəfəsciklərə salınmış səsi güclə sezilən şəffaf sabun qovuqcuqları
kimi otaq boyu uçuşurdu.
II
287
Qoca hər gün olduğu kimi, həmin cümə günü də səhər yeməyindən sonra, köhnə
qara paltosunu geyib, köhnə boz şlyapasını başına qoyub, həyətə çıxıb qapılarının
ağzındakı taxta skamyada oturmuşdu və neçə illərdən bəri idi ki, beləcə günorta
vaxtları o qədim tut ağacı, daşdan hörülmüş küncdəki o ayaqyolu, o böyük krant
kimi, küçə qapısı tərəfdə yan-yana düzülmüş dəmir zibil yeşikləri kimi, qoca da bu
balaca həyətin daimi hissəsiydi. Taxta skamyanı qoca üçün xüsusi olaraq milisioner
Əliabbas öz əliylə düzəltmişdi və düzdü, milisioner Əliabbasın qocanın oğlunu
görməyə gözü yox idi (və məhəllədə bunu hamı yaxşı bilirdi), çünki ətiacının biri
idi, heç nəyin üstündə adamla dava eləyirdi, amma bu skamyanı qoca üçün həvəslə
düzəltmişdi və bunu bu dilsiz-ağızsız və tamam köməksiz Allah bəndəsi üçün savab
bir iş hesab edirdi. Qoca hər gün günorta burada oturub həyətə açılan pəncərələrə,
qapılara, həyətin ortasındakı tut ağacına, o zibil yeşiklərinə maraqla tamaşa edirdi,
elə bil ki, bu pəncərələri, qapıları, asfalt döşənmiş bu həyəti birinci dəfə görürdü və
qocanın, əlbəttə, heç ağlına da gəlmirdi ki, əslində bu həyət onun özünün dədə-baba
həyətidi, atası da bu həyətdə anadan olub, özü də bu həyətdə anadan olub və oğlu,
nəvələri də ömürləri boyu Bakının dağlıq məhəlləsindəki bu həyətdə boya-başa
gəlib, qızları da bu həyətdə böyüyüb və hərəsi bir tərəfə ərə gedib, indi öz ailələri ilə
məşğuldular, qocanın isə, bütün əzab-əziyyətini gəlinin üstünə atıblar. Evdəki o sarı
bülbül çoxdan susmuşdu, amma hələ də qocaya elə gəlirdi ki, güclə gözə görünən
qəfəsciklərə salınmış o bülbül səsi ətrafında uçuşur və qoca, düzdü, daha o səsləri
eşitmirdi, amma o səslər o kiçik qəfəsciklərin içində, az qala, gəlib qocanın sifətinə
toxunurdu, burnunun ucuna, dodaqlarına, barmaqlarının üstünə qonurdu və qoca o
yüngül, o xəfif toxunmaları, təmasları hiss edirdi. Tutun sapsarı saralıb asfaltın
üstünə tökülmüş yarpaqlarında da bu dəm eləcə bir yüngüllük var idi və qapılarının
ağzındakı skamyada oturub indi də gözlərini o xəzələ dikmiş qoca birdən-birə istədi
ki, ayağa qalxsın, gedib əli ilə o sarı yarpaqları qarışdırsın, o sarı yarpaqları qaldırıb
atsın, o sarı yarpaqlar da ətrafda uçuşsun, amma elə ayağa qalxmağa hazırlaşırdı ki,
nə istədiyi yadından çıxdı və skamyanın üstündə yerini rahatlayıb milisioner
Əliabbasgilin şüşəbəndinə tərəf baxdı. Həyətdə bir-birinə bitişik birmərtəbəli
binalarda dörd-beş ailə yaşayırdı və o ailələr dədə-babalıqca həmişə bu həyətdə
yaşamışdılar, uşaqlardan kimlərsə böyüyüb ailə qurub başqa evlərə köçmüşdülər, ya
da Bakıdan və ümumiyyətlə, Azərbaycandan çıxıb iş dalınca Rusiyanın uzaq
şəhərlərinə gedib oralarda da ilişib qalmışdılar, amma ərə gedən o qızlar, evlənən o
oğlanlar ki, Bakının mikrorayonlarında, başqa kənar-bucağında yaşayırdılar,
bayramlarda, bəzən də adi bazar günlərində bu həyətə gəlirdilər, uşaqlarını bura
gətirirdilər, təkcə bu həyətin yox, ümumiyyətlə, məhəllənin xeyrində, şərində
imkanları daxilində iştirak edirdilər və qoca da bu skamyada oturanda salamlaşıb,
hal-əhval tutub qabağından keçirdilər və o zamanlar ki, bu yeni nəsil hay-küylə küçə
qapısını açıb həyətə girirdi, qoca onların salamını alırdı, amma heç birini tanımırdı,
fikirləşirdi ki, görəsən, bura haradır və bu adamlar bura niyə gəlib-gedirlər, amma
lap soyuq qış günlərində də bu adamların gülərüz salam vermələri, hal-əhval
tutmaları qocanın xoşuna gəlirdi və canına bir hərarət gətirirdi. Milisioner
Əliabbasgilin şüşəbəndlərinin pəncərəsindən görünürdü ki, orda kök bir arvad
ikigözlü qaz plitəsinin üstündəki iri mis tavada nəsə qızardırdı və əlbəttə, qoca daha
bilmirdi ki, o kök arvadın adı Firuzədi, milisioner Əliabbasın arvadıdı, bilmirdi ki,
Firuzənin çoxdan rəhmətə getmiş atası ilə, bax, bu həyətdə, bu tut ağacının altında
çox nərd oynayıb, çox söhbət eləyib və düz otuz il bundan əvvəl Firuzənin toyunda
o kişiylə birlikdə yaxşıca araq içib, bilmirdi ki, milisioner Əliabbas da cavan
288
yaşlarından gəlib arvadıgildə, şüşəbəndi görünən o evdə yaşayıb, indi də yeddi uşaq
atasıdı və yeddi uşağın qarnını doyuzdurmaqdan ötrü dəridən-qabıqdan çıxır, hərdən
xəlvətə salıb üç manat, beş manat rüşvət alır; qoca bütün bunları bilmirdi, bütün
bunlar da dünyanın başqa işləri kimi yaddan çıxıb getmişdi, amma şüşəbəndin
pəncərəsindən görünən o arvadın açıq və kök qolları o payız günü qocanı yenə də
harasa uzaq bir aləmə çəkib aparmaq istəyirdi, qoca o çılpaq qollara baxa-baxa
özündə bir həvəs hiss edirdi, o uzaq aləmə getmək istəyirdi, çünki hiss edirdi ki, o
uzaqlıqda nəsə elə bir hərarət asfaltın üstünə tökülmüş bu sarı yarpaqlarda, həyətə
baxan pəncərə çərçivələrinin, qapıların solmuş göy, yaşıl, qəhvəyi rənglərində,
divarların qabığı soyulan əhəngində yoxdu. Qoca beyninə güc eləyirdi, sümüklərini
qızdırmaq üçün fikrində o uzaqlara getmək istəyirdi, amma yorulurdu və gözlərini
milisioner Əliabbasgilin şüşəbəndindən çəkirdi, yenə tamam yeni bir maraqla qollu-
budaqlı tut ağacına baxırdı. Hərdən sərçələr cikkildəyə-cikkildəyə gəlib həyətdəki
bu tut ağacının çılpaq budaqlarına qonurdu və qoca o sərçələrə baxırdı, sərçələrin
cikkiltisinə qulaq asırdı və o sərçə cikkiltiləri tamam azad idi, kiçik qəfəsciklərə
salınmamışdı, kiçik qəfəscikdəki dustaq səs sarı bülbülün səsi idi, amma daha
eşidilmirdi, düzdü, o qəfəsciklər hələ də həyətdə uçuşurdu, amma eşidilən sərçə
cikkiltisi idi və o cikkilti tamam azad idi. Qoca özü bütün bu hisslərini axıracan dərk
edə bilmirdi, beynində söz tapıb bu hissləri özünə aydın edə bilmirdi və yorulub
təzədən milisioner Əliabbasgilin şüşəbəndinə baxırdı və o qadının şüşəbənddəki
qazın üstündə nə qızartdığını görmürdü, təkcə şüşəbənddən gələn xörək iyi hərdən
burnuna dəyirdi, amma o xörək iyi qocanın iştahını çəkmirdi; düzdü, bu, pendir-
çörək qoxusu deyildi – pendir-çörək də, qoxusu da pis bir şey kimi qocanın
beynində həkk olub qalmışdı, amma hər nə idisə də, şüşəbənddən gələn o yemək
qoxusunu da qocanın meyli çəkmədi. Həmin cümə günü qoca o kiçik asfalt
həyətdəki skamyada nə qədər oturdu, bir saat? iki saat? üç saat? – bilmirdi, çünki
zamanı, vaxtı çoxdan bir-birinə qarışdırmışdı, evlərinin qapısı açıldı, gəlin onu
çağırdı və qoca sulu gözlərini tut ağacının üstündəki o bir dəstə sərçədən çəkib,
dinməz-söyləməz ayağa qalxıb evə girdi, gəlin köhnə qara paltosunu qayınatasının
əynindən çıxara-çıxara:
– Keç içəri, – dedi. – Keçən həftədən bir az ət saxlamışam səninçün
xaladelnikdə... Keç otur, küftə eləmişəm sənə. Tez ye qurtar ki, uşaqlar gəlib
görməsin. Onlarçun kartoşka qızardiciyəm semiçka yağında. Sirkə-badımcan da
qoyciyəm yanında, yaxçı olacek. Əttən ələ bir dənə küftə çıxdı də... Day uşaqların
yanında ağzundan qaçırmaginən ya, küftə yemisən!.. Yadunda qalar? Deməginə,
yaxçı?
Qoca bu tanımadığı arvadın uzun danışıqlarına fikir vermirdi, fikir vermək
istəyəndə də, əməlli-başlı bir şey başa düşmürdü, amma indi o küftə sözü o saat
ilişib beynində qaldı, küftənin, ətin nə olduğu da o saat yadına düşdü və indicə baş
verəcək gözəl bir əhvalatın ləzzətini əvvəlcədən hiss edə-edə otağa girib o köhnə
girdə mizin arxasında oturdu və səbrsizlik dolu sulu gözlərini mətbəxə tərəf zillədi.
Gəlin küftə çəkdiyi kasanı gətirib qaynatasının qabağına qoydu və özü də kişi ilə
üzbəüz oturub danışmağa başladı:
– Təki uşağın işi düzələydi!.. Vallah, heç nə istəmirəm day dünyada, Allahın
altında uşağın işi düzəleydi sekaya işləməyə!.. Ya Ətağanın cəddi, nəzirimi niyaz
eyləginən! Mən nə deyirəm, hə? Diyirəm ki...