Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə137/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   133   134   135   136   137   138   139   140   ...   184

 

304


Məni gülmək tutdu – hərdən belə gic gülməyim var və bu gic gülüş  bəzən 

adamları (elə mənim özümü də!) çaşbaş salır. 

– Bir türk balet rəqqası. O da «Pera Palas»da yaşamış. 

– Nə interasan!.. 

– Sonra SPID-dən öldü. 

– Nə acı! 

Əlbəttə, bu dəm Rudolf Nuriyevin kim olduğu, harada yaşadığı və nədən öldüyü 

əziz və mehriban Yusif bəyin vecinə deyildi və  əslində, heç mənim də vecimə 

deyildi ki, bədbəxt Rudolf Nuriyev haçan ölüb, nədən ölüb? – milyard-milyard 

insanlar kimi, o da gəlib bu dünyaya, bizə məlum olmayan missiyasını yerinə yetirib 

(rəqqas kimi yox, məxluq kimi) və köçüb gedib haqq dünyasına. 

  

* * * 

 

Hamı, yəni məni tanıyanlar, oxuyanlar və oxumayıb özünü oxuyan kimi 



göstərənlər elə bilir ki, mən nasirəm, amma heç kim bilmir ki... 

...onda, bəs, sən niyə bunu bilməlisən? qəribədi... ümumiyyətlə, bu yazını 

yazdıqca hərdən özümə mat qalıram... 

...əslində  mən vecsiz və  uğursuz bir şairəm, tez-tez taxta kimi taq-taq 

taqqıldayan səfeh şerlər yazıram və nəinki yazıram, hətta bu farmazon quraşdırmalar 

yaddaşıma da hopur və tamam gözlənilmədən, mətləbə  dəxli olmadan, birdən-birə 

yadıma düşür, beynim, elə bil ki, printerdir, sətirlər dümdüz xətlə və dəqiq hərflərlə 

beynimdən keçir. Bax, indi də bu «Çiçək pasaj»da sayın dostum Yusif bəyə baxa-

baxa o misilsiz sənət nümunələrindən biri fikrimdən keçdi: 

 

dünyanın ən böyük dərdi tək 



bir avtomobil səsi 

gecə sakitliyini pozub 

evimin içində zarıdı (?) 

tavandan 

gecənin zülməti tək 

qapqara qan damcıları damdı 

 bütün yer 

 qapqara qanla doldu  

 mazut kimi qatı qan 

 qalxdı 


 çarpayımı da aldı 

 məni də aldı 

 laxtalandı 

 jeleyə döndü 

 sonra dondu 

 mən də içində cansız. 

 

* * * 

 

Sən vəzifəli bir xanım (vəzifəli gözəl bir xanım! yaşasın gənc və müstəqil və 



sevimli Azərbaycan dövlətimiz!). 

Mən isə vəzifəsiz bir yazıçı. 

Amma bir vəzifə var ki, bu gənc və müstəqil və sevimli dövlətimizdə mən onu 

çox arzulayıram. 




 

305


Mən çox arzulayıram ki, məni «SEVGI MƏHKUMU (yaxud «SEVMƏYI 

BACARAN», ya «SEVMƏLISƏN») vəzifəsinə  təyin etsinlər və bu, elə ciddi bir 

təyinat olsun ki, mənim qaçıb aradan çıxmağa, canımı qurtarmağa heç bir imkanım 

olmasın. 

Amma kimdi məni o vəzifəyə təyin edən?! 

 

* * *



 

  

Və «Pera Palas»ın o birotaqlı (ikinəfərlik çarpayılı!) nömrəsində isə  məni 



qırmızı qərənfil gülləri gözləyirdi və mən qəribə bir hiss keçirirdim: o təzə, o zərif, 

incə qırmızı qərənfil gülləri elə bil ki, bu əbləh dünyaya gəldiyim gündən bəri balaca 

və vəfalı bir it kimi, mənə alışmış, məni istəyən bir məxluq kimi yolumu gözləyir, 

geri qayıtmağıma tələsir, o otel otağının sükutu və müvəqqətiliyi içində elə bilir ki, 

mən gələndən sonra bütün işləri yaxşı olacaq (daha bilmir ki, fərqi yoxdu, onsuz da, 

saralıb solacaq, büzüşüb quruyacaq və otel xidmətçisi aparıb onu zibil qutusuna 

atacaq...) 

...Tamara, o qırmızı qərənfillərdən oxu...  

Düzdü, o incə, təmiz qırmızı  qərənfil gülləri ilə  sənin o eybəcər, bədheybət 

(amma, vallah, çox gözəl!...) səsin arasında elə bir uzaqlıq var ki, bu uzaqlıq mənim 

əlçatmaz, ünyetməz bir keçmişdə – hamının məni sevdiyi, əzizlədiyi bir keçmişdə 

qalmış uşaqlıq çağlarımla, indi bu alkoqolik (görmürsən rakını qaldıranda əlləri necə 

əsir?!) Yusif Borşla «Çiçək pasaj»da oturub, tənbəl-tənbəl ora-bura gəzişən iri, tox 

və piylənmiş pişiklərə baxa-baxa sənin, Tamara, o dəhşətli dərəcədə eybəcər (və 

gözəl! billah, gözəl!...) səsinə qulaq asdığım bu dəqiqələr arasındakı  məsafəyə 

bərabərdi.  

Bəli, belədi, amma sən, Tamara, buna fikir vermə, o qırmızı qərənfil güllərindən 

oxu, o zaman bəlkə sənin, Tamara, səsin də öz cinsinə qayıtdı, insan səsi, qadın səsi 

oldu,.. amma yox... yəqin sən, Tamara, daha bunu istəmirsən (deyəsən heç mən də 

bunu istəmirəm...). 

Və  şübhəsiz ki, bu dəm «Çiçək pasaj»da məsgən salmış bu əhli-qələm,  əhli-

fırça, nə bilim, əhli-«sinema» da və boş qalmış yerləri zəbt etmiş turistlər də (Aya 

Sofiyadan sonra bu piyli pişiklər qalereyası!) bunu istəmirdi.  

Tamaranın, aydın məsələdir ki, mənim bu fəlsəfi düşüncələrimdən xəbəri yox 

idi və yorulmaq bilməyən bu şişman sənətkar boğazını  yırta-yırta, köhnə 

akkardeonunun da olan-qalan canını ala-ala Yusif bəyi məhv etməklə məşğul idi:  

  

 Yusif, beni al!.. 



 Vefalı ollam sana... 

 Onsuz da, he-e-e-ey... 

 Bakan yok bana!.. 

 



 

306


O qırmızı  qərənfil gülləri indi o boş otaqda, televizorun üstündəki o güldanda 

qaranlıq içində və tənha idi, onların yetmiş il bundan qabaq Londondan qaçıb gəlib o 

411-ci nömrədə «Cənub qatarında qətl»i yazan (dünyada yazı-pozudan da axmaq və 

mənasız bir şey varmı? – özün özünü aldadırsan, bu azmış kimi, camaatı da 

aldadırsan... bu da mənim sənin yaşın qədər yazı-pozu  əzab-əziyyətlərindən sonra 

gəldiyim nəticə! nəhayət ki, lap son zamanlarda daha birdəfəlik başa düşdüyüm 

həqiqət!) Aqata Kristidən də  xəbəri yox idi, təbii ki, qırmızı  qərənfil güllərinin 

səndən, Yusif bəy  əfəndi, səndən, gözəl Tamara, sizlərdən, ey yer üzünün kök, 

tənbəl pişikləri, sizdən xəbəri yox idi... 

... və sonra...  

... bu fikirlərin (fikirləşmələrin!) özü mənə o dərəcədə əbləh və mənasız göründü 

ki, öz-özümə dedim: əfəndim, canım-gözüm, sevimli sultanım, sən özünü ələ 

salmısan, yoxsa, bu səfalı dünyanın gül-çiçəklərini? 

 

 * * * 

 

Qəribədi, mən heç cürə səni ağlayan təsəvvür edə bilmirəm...  



 

 * * *

 

 

Doğurdan da, hərgah bizdən sonra kainatda trilyon illərlə vaxt, zaman 



keçəcəksə, o qədər illərin müqabilində indi bizim oturub roman yazmaqla məşğul 

olmağımızdan da mənasız bir iş varmı? 

Romanları yaşamaq lazımdı, yazmaq yox – bu sözləri mən özümə deyirəm, 

yoxsa sən mənə deyirsən? 

Doğurdan da, Istanbul romanlar şəhəridi (Bakı da!)... 

 

 * * *



 

 

Gözümün qabağına bir görüm gəlir... 



Şərəfsiz bir süquta varmış SSRI zamanı 7 Noyabrda, yaxud 1 Mayda Bakının 

keçmiş Lenin meydanında, Leninin nəhəng heykəlinin altındakı daş tribunada 

dayanmış Azərbaycan Kommunist Partiyasının və hökumətin rəhbərləri izdihamlı 

nümayiş qəbul etdikləri kimi, indi də məşhur məhəbbət fədailəri Leyli və Məcnun, 

Romeo və Cülyetta, Fərhad və  Şirin,  Əsli və  Kərəm, Ruslan və Lyudmila, Anna 

Karenina və Emma Bovari, hətta Karmen ilə Xose izdihamlı sevgi nümayişi qəbul 

edirdilər və Leninin o nəhəng heykəlinin əvəzində, əlində oxu gərilib şikar axtaran 

yay tutmuş Amurun heykəli idi.  

Sadə aşiq və məşuq kütlələri, gələcəkdə aşiq və məşuq olmaq istəyənlər çılğın 

bir ehtiras və şövq ilə, gur bir izdihamla tribunanın qabağından keçirdilər və həmin 

tribunadan onlara əl eləyən görkəmli məhəbbət xadimlərini hərarətlə salamlayırdılar.  

Mənim tanışım keçmiş kommunist (indi o görkəmli demokrat idi) və Lenin 

mükafatı laureatı dramaturq da onların arasında idi. Əllərində gül-çiçək tutmuş 

böyük və  rəngarəng bir fahişə  dəstəsi də tribunanın qabağından keçmək istəyirdi, 

amma məhəbbət mühafizəçiləri onları meydana buraxmırdı, çünki demokratiya, 

əlbəttə, anarxiya demək deyil.  




Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə