Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə133/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   129   130   131   132   133   134   135   136   ...   184

 

295


O adamın addımlarında bir zindan ağırlığı var idi və o ay işığındaca o adamın 

üzülmüş, yorğun sifətinə nəzər salmaq kifayət idi ki, həmin zindan ağırlığının onun 

bütün içinə yığıldığını başa düşəsən: o adamın cod və qıvrım saçına, qalın saqqalına 

düşmüş  dən keçən yaydan bu yaya qədər bütün sifətinə, başına yayılmış, qaranı 

tamam üstələmişdi və o adamın iri, kobud və döyənəkli əlləri nə qədər qətiyyətdən, 

gücdən, bacarıqdan xəbər verirdisə, saçının, saqqalının bu ağlığı, gözlərinin 

yorğunluğu bir əlacsızlıqdan, hətta yazıqlıqdan deyirdi. 

Şeyx həzrətləri ilk görüşlərində olduğu kimi, bu dəfə də hüzurunda dayanmış o 

adamın gözlərinin içinə baxdı və yenə də o adama elə gəldi ki, Şərəfbəxşin nəzərləri 

onun beynini dəlib arxa tərəfi də görür, amma o adam daha şaşırmadı, əksinə, elə bil 

ki, bütün bu müddət  ərzində var gücünü toplayıb içində cilovladığı kin-küdurət, 

dünyanın  ədalətsiz işlərinə qarşı  qəzəb, Allahsız  əməllərə etiraz qocanın hər  şeyi 

dəlib keçən o nəzərlərindən sonra, birdən-birə  təlatümə  gəldi, dəli bir ehtirasla 

püskürdü və o adam günün altında yanıb-qaralmış cod dərili boğazının  şişmiş 

damarları ilə axıb gələn çılğınlığı boğmağa çalışa-çalışa və nəfəsi darala-darala: 

 – Mən bıkdım daha, ya Şərəfbəxş! – dedi. – Mən bıkdım! Mən yoruldum! Mən 

daha dözə bilmirəm! Mən daha özümü saxlaya bilmirəm! Mən o qonşuya yaxşılıq 

elədim! Yaxşılıq dalınca yaxşılıq elədim! Amma o yenə də pislik edir! Pislik dalınca 

pislik edir! Mən daha yoruldum! Bitdi artıq hər şey! 

Və o adamın sözlərindən sonra o həyətə elə bir sükut çökdü ki, o qoca armud 

ağacı, elə bil, aydınlıq gecədə yox, o sükutun içində, o sükuta bürünüb donub 

qalmışdı və bircə yarpağını belə tərpətməyə ehtiyat edirdi. O adam üçün isə, həmin 

sükutun arxasında bütün içində qaynayan, əlbəyaxa olan, buraxılmaq, azad olmaq 

istəyən hisslər aləmi dayanmışdı  və o hisslər aləminin o qədər cilovsuz olması, 

baxımsızlığı o adamın özünün də ürəyini döyündürürdü. Həmin ürək döyüntüsü o 

sükut içində aydınca eşidilməyə başladı və elə bil ki, fəlakətdən xəbər verdi. 

Şeyx Mustafa Şərəfbəxş göy gözlərini o adamın gözlərindən çəkdi, əvvəlcə, elə 

bil, hara baxacağını bilmədi, cürbəcür ölçülü hamar çay daşlarından səliqə ilə 

hörülmüş hasar boyunca ağacları bir-bir nəzərdən keçirdi, sonra yenə o adamın 

gözlərinin içinə baxdı  və keçən yaydan bu tərəfə o bir ilin də  təsir edə bilmədiyi 

şövqlü və mülayim səsi ilə: 

 –  Necə olur ki, – soruşdu, – qonşun pislik eləməkdən yorulmur, amma sən 

yaxşılıq eləməkdən yorulursan? 

O qoca armud ağacı indicə büründüyü o sükutu özündən kənara atdı, əsib gələn 

yüngül meh o bağçadan ötdükcə ağacın yarpaqları da yüngülcə xışıldadı. 

Və ömrü boyu (bütün ömrü boyu! Axıra qədər!) yaxşılıq eləməyə  məhkum 

olmuş o adam ağır addımlarla həyətdən çıxdı. 

Göyün üzü isə bir il əvvəlki kimi, get-gedə, elə bil, daha da təmizlənirdi, 

şəffaflaşırdı, ulduzlar daha da artırdı, sayrışırdı  və  Şeyx Mustafa Şərəfbəxş bu 

dünyada doxsan bir il keçib gəldiyi ömür yolundan o uzaq ulduzlara baxa-baxa yenə 

ləçəyə qonan, sünbüldən sünbülə uçan və ömrü cəmi bircə gün olan kəpənəyi yadına 

saldı... 

 

 20 fevral 1992. 



  

 

 




 

296


QIRMIZI QƏRƏNFIL GÜLLƏRI 

«PERA PALAS» OTELINDƏ QALDI 

  

«Çiçək pasaj»da Tamara akkardeonu sinəsinə  sıxdı, elə bil yüzillik həsrətdən 



sonra siqaret tüstüsünü ciyərlərinə  çəkirdi, adamın atasını yandıran, yurduna od 

vuran bir majorla not götürüb: 

   

 

Yusif, beni al!.. 



Kollarına sal!.. 

Gel yanımda yat... 

Sonra beni at!.. 

 

– oxudu və şübhəsiz ki, bu gözəl sözləri də, bu gözəl havanı da «Çiçək pasaj»ın bu 



gecəki əhli birinci dəfə eşidirdi, çünki yenə Tamaranın yaradıcılığı ilə bağlı növbəti 

gözəl və gözlənilməz bir prezentasiya günü idi, amma bu prezentasiyanın başqa 

prezentasiyalardan fərqi ondan ibarət idi ki, müəllifin, yəni vəfasız dünyamızın hər 

üzünü görmüş Tamaranın özü də yüz illik sənət həyatının spirtindən (gözəl 

spirtindən!) və siqaret tüstüsündən cinsini tamam itirib naməlumlaşmış  səsiylə 

oxuduğu bu sözləri, indicə  mənimlə birlikdə «Çiçək pasaj»a gəlmiş Yusif Borşun 

şərəfinə tələm-tələsik quraşdırdığı bu havanı birinci dəfə eşidirdi və Tamara elə yüz 

il də bundan əvvəlki  şövqlə  də alışıb yanan göy gözləriylə Yusif Borşa baxdı, 

«Çiçək pasaj»a car çəkdiyi o bir bənddən sonra gözgörəti büzüşüb arıq və ürkək, 

qulaqları  səksəkəli dovşana dönmüş bu yazığa göz vurdu, yenə o naməlum cinsli 

səsiylə uzada-uzada: 

   


 

 Sonra-a-a-a 

beni 

a-a-a-t!.. 



 

– dedi və mən də Yusif bəyin bu iztirabları azıymış kimi: 

– Yusif bəy, borş ruslarda kələm-çuğundur şorbasına deyirlər,– dedim. 

Yusif bəy: 

– Təbii,  əfəndim, təbii!.. Təbii!.. – dedi və  əlbəttə, hörmətli Yusif bəy rus 

kulinariyasının bilicisi deyildi və belə  məlum olurdu ki, Tamaranın (amansız 

madamın!) o bədahəti bu biçarəni tamam məhv edib.  

Bir saat bundan əvvəl (sən mənim nömrəmdən çıxandan cəmi yarım saat sonra! 

hələ sənin ətrin o qırmızı qərənfil güllərinin ətri ilə birlikdə o otaqda olanda...) Türk 

Yazarlar Birliyi adından Yusif bəy «Pera Palas»a gələrək tüstüdən sapsarı saralmış 

arıq və uzun barmaqları arasında tutduğu filtrsiz siqareti siqaret dalınca çəkə-çəkə 

məni axşam gəzintisinə dəvət etdi.  




Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə