Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə128/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   124   125   126   127   128   129   130   131   ...   184

 

284


dünyanı da, hökuməti də, partiyanı da söyəcəkdi və  oğlunun orada işə düzəlmək 

məsələsi birdəfəlik batacaqdı. Odur ki, səhərdən-axşamacan tək başına  şorqoğalı 

bişirdi (axırıncı yağ da elə o şorqoğalına getdi!), qapını, pəncərələri də bağladı ki, iyi 

qonşulara getməsin, fikirləşməsinlər ki, görəsən, bu şorqoğalını niyə bişirir belə, 

çünki bu həyətdə şorqoğalı ildə bir dəfə, o da Novruz bayramında bişirilirdi. Dünən 

əriylə  oğlu işə, qızlar məktəbə gedəndən sonra, ildə-ayda bir dəfə dolabdan 

çıxartdığı qırmızı donu əyninə geydi (həmin qırmızı donu ya yayda çox yox, bircə 

dəfə əriylə, uşaqlarıyla bərabər məhəllədən üç tin aşağıdakı «Qırmızı Oktyabr» yay 

kinoteatrında filmə baxmağa gedəndə geyərdi və axşam yığışıb beləcə kinoya 

getməkləri bu adamlar üçün, elə bil ki, Novruz bayramına bənzər bir şey idi və illah 

da, hind filmləri olanda ki, gəlin qızlara qoşulub ağlayırdı, əri ürəyində kövrəlirdi, o 

zaman o göz yaşlarında da, o kövrəlmədə də əslində bir bayram ovqatı olurdu; ya da 

həmin qırmızı donu məhəllədə kiminsə böyük, kiminsə kiçik toyu olanda əyninə 

geyib arvad məclisinə gedirdi), qocanı evdə  tək qoydu və birbaşa Firuzəgilə 

yollandı. Bu Firuzə milisioner Əliabbasın arvadı Firuzə deyildi, uşaqlıqda bir yerdə 

oxuduqları, it əyyamında məktəbi bir yerdə qurtardıqları Firuzə idi. Həmin Firuzə 

məktəbi bitirəndən sonra, öz məhəllələrində kirayənişin yaşayan kasıb bir tələbəyə 

ərə getmişdi və  həmin Firuzənin bəxti elə  gətirmişdi ki, bütün tanış-bilişlərin 

arasında o cürə  bəxti gətirən ikinci arvad yox idi: əri, yəni o kasıb tələbə böyük 

adam olmuşdu, nazir müavini idi (arvadlar məhəllədəki Sarı hamamda çiməndə və o 

Firuzədən söz düşəndə, o Firuzəni tanıyan arvadlar deyirdi: « – O bəxtəvərin qızı 

yağlı yerdədi!..), idarədə qara «Volqa»sı var idi və o qara «Volqa» da, o sürücü də 

səhərdən axşamacan Firuzənin ixtiyarında idi, milisioner Əliabbasın arvadı 

Firuzənin yox, bu Firuzənin, yazığın belə  şeylər heç yatsaydı yuxusuna da 

girməzdi... Firuzə qapını açıb onu görəndə sidq-ürəkdən sevindi və Firuzənin eləcə 

sidq-ürəkdən sevinməyi, elə bil ki, gəlinin ürəyindəki o nigarançılığı azaltdı, fikrini 

bir az dağıtdı  və ürək-göbəyini də yeyib qurtarmadı ki, görəsən, indi qoca evdə 

neyləyir, yıxılıb, ya nəyi salıb sındırıb, ya təkbaşına baş alıb harasa gedib – bütün 

bunların hamısı olmuşdu və Allaha şükür ki, hamısının da axırı yaxşı qurtarmışdı. 

Dünən Firuzənin məktəb rəfiqəsini qapıda görüb o cürə cani-dildən sevinməyi, payız 

vaxtı Firuzənin səkkizinci mərtəbədəki o üçotaqlı evinin içinə dolmuş o gün işığı, 

otaqların o genişliyi, təmizliyi, səliqə-sahmanı, elə bil ki, bu həyəti də, bu həyətdəki 

ümumi böyük kranı da, ümumi ayaqyolunu da gəlinin içindən qovub çox uzaqlara 

qaçırtdı, hətta, evdə tək qalmış qocanı da uzaqlara aparıb bir müddət görünməz etdi 

və Firuzənin eləcə sevinməyi gəlinin də ürəyinə bir sevinc gətirdi, bir azadlıq gətirdi 

və çoxdan idi ki, gəlin ürəyində belə bir sevinc, belə bir azadlıq hiss etməmişdi. Azı 

on il olardı ki, Firuzəni görmürdü, amma Firuzə heç dəyişməmişdi, yəni ki, heç 

qocalmamışdı, əksinə, daha da cavanlaşmışdı, daha da gözəlləşmişdi, sinəsi, qolları 

pulu təmizlənmiş balıq kimi hamar və sürüşkən idi, tük boyda qırışı da yox idi. 

Firuzənin uşağı olmurdu, bir əriydi, bir də özü və o hərdənbir, o vaxtlar ki, gəlin öz 

evində oturub düyü arıtdayırdı, ya kartof soyurdu, Firuzə birdən-birə  gəlib yadına 

düşürdü, fikirləşirdi ki, görəsən, əri, o nazir müavini nə əcəb Firuzəni boşayıb, başqa 

bir arvadla evlənmir ki, uşağı olsun, amma dünən səkkizinci mərtəbədəki o işıqlı 

otaqda oturub o gülərüz Firuzə ilə söhbət etdikcə, dolu sinəsinə, qollarına, armud 

kimi yaraşıqlı qıçlarına baxdıqca fikirləşirdi ki, o keçmiş kasıb və kimsəsiz tələbə bu 

cür canı qoyub hara gedir, nazir müavini olmur, kim olur-olsun, bu cürə  işığı, bu 

cürə gözəl istirahəti, Allahın hər verən günü evindəki bu cürə bayramı hardan 

tapacaq?  Ədbəttə, Firuzə başa düşürdü ki, məktəb rəfiqəsi  əgər on ildən sonra 




 

285


qapısını döyübsə, nə isə bir iş üçün gəlib, amma macal vermirdi, çay dəmləyə-

dəmləyə, sonra çayla o gözəl  şorqoğalından yeyə-yeyə elə hey ordan-burdan 

danışırdı, məktəb illərindən, ölüb getmiş müəllimlərindən, yaddan çıxmış sinif 

yoldaşlarından, gəlin üçün elə bil ki, uzun illərin keçilməz beton hasarından o tayda 

qalmış  və izləri-soraqları  kəsilmiş xatirələrdən danışırdı, məktəbdə bir yerdə 

oxuduqları  və  gəlinin uzun-uzun illərdən bəri xatırlamadığı (xatırlamağa imkanı 

olmadığı) cavan, yaraşıqlı, sağlam oğlanların baxışları, təbəssümləri həmin illərin 

buzunu qırıb səkkizinci mərtəbədəki o mənzilə hərarət gətirirdi və bütün bunlar çox 

gözəl idi, amma vaxt gedirdi, qoca evdə  tək idi, bir azdan qızlar məktəbdən 

qayıdacaqdı, sonra əri işdən gələcəkdi, gəlin isə, yeməyə bir şey hazırlamamışdı. 

Firuzə elə hey danışırdı, görünür, əri işdə olanda həmişə evdə  tək qaldığı üçün 

qurtarmaq bilmirdi və gəlin, nəhayət ki, yağış kimi, amma gözəl, mülayim, xoş bir 

yağış kimi (əlçatmaz, ünyetməz bir uzaqlıqda qalmış gənclik illərinin həzin – amma 

işıqlı! – hisslərini adamın bütün varlığına yayan gözəl, mülayim, xoş bir yağış kimi) 

Firuzənin yaraşıqlı dodaqlarından yağan sözlərin arasından imkan tapıb gəlişinin 

səbəbini dedi və Firuzə də o saat telefonla əri ilə danışdı, özü də elə danışdı ki, heç 

bir  şəkk yeri qalmadı: o hörmətli kişinin (o keçmiş kasıb və kimsəsiz tələbənin) 

imkanında nə varıydısa eləyəcəkdi ki, Firuzənin məktəb rəfiqəsinin işi düzəlsin; 

sonra belə danışdılar ki, axşam əri işdən gələndən sonra (yəni nazir müavini işdən 

gələndən sonra), gəlin Firuzəgilə telefon eləsin və cavabını öyrənsin. Axşam 

evlərindən üç tin aşağıda, «Qırmızı Oktyabr» yay kinoteatrının yanındakı telefon-

avtomatdan Firuzəgilə  zəng elədi və Firuzə xüsusi həvəslə dedi ki, sabah, yəni bu 

səhər saat onda uşaq getsin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 

binasına, kişinin adını verib girsin rəisin yanına, sonra sabah axşam, yəni bu gün 

axşam yenə zəng eləyib cavabını onlara desin. 

Gəlin oğlunu təkrar yamsıladı:  

 – «Neyniyim?..» Necə neyniyim? Diribaş ol də, göstər dokumentlərini! O 

boyda kişi ağız açıb!.. Zamministr!.. Düzəldəceylər! Onnarın da ona işi düşür də!.. 

Kanalizasiya da ona baxır, deyirlər, tramvaylar da, hər şey! Utanıb boynunu bükmə 

e, diribaş ol!.. 

Qızlar pendir-çörəklərini yeyib qurtarıb, çaylarını içib məktəbə getdilər. Oğlan 

da durub Tarix Institutuna getdi ki, tapşırıqlarını alsın, məktublarını götürsün, sonra 

da özünü saat on üçün çatdırsın Azərbaycan Kommunist Partiyası  Mərkəzi 

Komitəsinin binasına. Anası o payız səhəri oğlunu evdən yola salanda gecə yorğan-

döşəkdə öz-özünə pıçıldayıb əhd elədiyi nəziri bir daha ürəyində söylədi: əgər bu iş 

baş tutsa, yaxşı un tapacaq, yağ tapacaq, halva çalacaq, özü elektrik qatarına minib, 

Mərdəkana gedib o halvanı Ətağanın qəbrinin üstündə kasıb-kusuba paylayacaq və 

əlavə də üç manat pul verəcək. 

Gəlin mizin üstündəki stəkan-nəlbəkiləri yığışdıra-yığışdıra həmişəki kimi 

üzünü qocaya tutub (günün çox vaxtını ikisi evdə tək qaldıqları üçün, adət eləmişdi, 

bütün sözlərini qocaya deyirdi, əslində isə, özü özüylə danışırdı) dedi: 

 –  Düzələcək e, Allah qoysa, düzələcək!.. Nöş düzəlmir? Gül kimi oğlandı! 

Əsgərlikdən xarakteristi də əntiqədi, özü də azərbaycannı qol çekməyib ki, desinlər 

ki, bu heç, özümüzünküdü, rus qol çəkib, Ivanov mayor! O boyda kişi də ağız açıb, 

o boyda ministerliydi, bir nəfər özünnən böyüyüdü, vəssalam! Kanalizasiya da ona 

baxır!.. 




Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə