105
Çovğun lap bərkimişdi və hərdən külək elə vıyıldayırdı, elə bil Kərim kişigilin
ev-eşiyini də yerindən qamarlayıb aparacaqdı. Qəribəydi ki, hər dəfə külək qıy
çəkəndə Kərim kişi bu fikirdən səksənirdi və özü də özünü məzəmmət edirdi, amma
orasını da lap dəqiq bilirdi ki, həştaddandı bu. Lap qəribəsi isə bu idi ki, qarın,
çovğunun bu qiyamətində birdən-birə Kərim kişinin yadına yaz düşdü. Yazın o
vaxtları ki, Abşeron bağlarında gilənarlar çiçəklərini tökürdü, nar ağacları isə hələ
təkcə yarpaq açırdı, xına rənginə boyanırdı. O vaxtlar ki, əncirlər qabla bağlayırdı və
peyvənd alçalar da çeçələ barmağın dırnağı boyda olurdu, meyvələrin yarpağı
təzətər idi, bülbüllərin də ki, səsi aləmi götürürdü. Yazın o vaxtları ki, külək şam
ağaclarının limonu tozunu eyvanın taxta döşəməsinə səpirdi və səhər eyvana çıxıb
evə qayıdanda otağın taxta döşəməsinə ləpir düşürdü.
Kərim kişi elə bil bu ləpirləri gördü, bu ləpirlərin arasında Ayazın da balaca
yalın ayaqlarının izini, dınqılı barmaqlarının yerini gördü və gülümsədi. Sonra yazın
rəngi gözlərinin qabağına gəldi, yazın iyini duydu və birdən-birə necə oldusa bu yaz
ətrinə neft qoxusu qatışdı...
Elə bil yenə də uzaqda it hürdü və it hürüşü bayırdakı çovğunun vıyıltısında
güclə eşidilirdi – elə bil gecənin zülmətində bir çöllü-biyabandasan və uzaqlarda, lap
uzaqlarda tənha bir çırağın işığı yanır, sonra sönür.
Kərim kişi bir balaca tutuldu və bu dəfə lap açıq-aşkar hirsi özünə tutdu ki, daha
qulağına səs gəlməyə başlayıb, burnuna iy gəlir, ürəyi xiffət çəkir; hirsi tutdu ki, kişi
belə yumşalmaz. Əlini üzünə aparıb tüklü sifətini qaşıdı və elə bil ki, Marqarita
Abramovna da bunu gözləyirmiş kimi, bayır qapısını döyəclədi, sonra da cır səsilə
qışqırdı:
– Kerim Bilaloviç! Kerim Bilaloviç!
Marqarita Abramovna bütün yer üzündə yeganə adam idi ki, Kərim kişiyə
Kerim Bilaloviç deyirdi və bu qadını iyirmi beş ildən artıq tanımasına baxmayaraq,
hər dəfə də belə bir müraciət Kərim kişiyə qeyri-adi gəlirdi; o, başqa məsələ ki, usta
Kərim! Yaxud, elə təkcə «Usta». Ya da ki, indiki kimi, qocafəndi: Kərim kişi.
Kərim kişi əvvəlcə elə bildi ki, yenə qulaqlarına səs gəlir, çovğunun vıyıltısı
təzədən arakəsməyə hücum çəkəndən və bu dəfə Marqarita Abramovnanın cır səsini
arakəsmədə eşidəndən sonra başa düşdü ki, bu qoca arvad havanın belə
vurhavurunda yenə gəlib onun üzünü qırxmağa.
Marqarita Abramovna arakəsmədə soyuqdan Faziləyə şikayət eləyib, sonra
otağa girdi:
– Kerim Bilaloviç, bu qar necə olacaq? Dünyanın axırı çatıb bəlkə? – Sonra
dünyanın axırının çatıb-çatmaması barədə cavab gözləməyib hələ də üşüyən əllərini
bir-birinə sürtdü və ora-burasına qar dolmuş çantasını açıb ülgücü, fırçanı, sabun
tozunu-filanı mizin üstünə yığmağa başladı.
Hər dəfə Marqarita Abramovnanın qurumuş əlləri Kərim kişinin sifətinə
dəydikcə o, qabağındakı güzgüdə bu qarının gözlərinə baxırdı, zəndlə baxırdı, elə
baxırdı ki, Marqarita Abramovna bunu görməsin; zəndlə baxırdı və hər dəfə bu
kiçilmiş, rəngini itirmiş gözlərdə bir az işıq axtarıb tapmaq istəyirdi; istəyirdi özünü
arxayın eləsin ki, qocalıb əldən düşmüş, amma əlləri titrəməyən və gözləri iti görən
bu arvad hələ çox yaşayacaq, patefonu hələ çox çalacaq.
Bu dəfə Marqarita Abramovnanın quru əlləri həm də soyuq idi və bu soyuq
barmaqlar Kərim kişinin sifətinə toxunanda necə oldusa, kişi ürək eləyib bu qarının
gözlərinə baxa bilmədi; özü öz cürətsizliyini gördü və yenə də özünə bərk acığı
tutdu.
106
Marqarita Abramovna həmişəki cidd-cəhdlə Kərim kişinin üzünü sabunlayıb
qırxmağa başladı. Pensiyaya çıxandan bəri – iyirmi ilə yaxın idi – hər həftə gəlib
evdə Kərim kişinin üzünü qırxırdı. Bütün həftəni hazırlaşırdı, ülgücünü itiləyirdi, ağ
dəsmallarını kraxmallayıb ütüləyirdi, ətrini, sabununu, pudrasını yoxlayırdı.
Marqarita Abramovna Bakıya müharibənin axırıncı ili gəlib çıxmışdı. Tək-tənha
gəlmişdi. Kərim kişigilin həyətində yaşayan Bakıdakı bircə qohumu Izabella
Salamonovnanın yanına gəlmişdi və müharibə vaxtı günlərin bir günündə, gecənin
yarısı balaca otaqlarında oturub dərdləşəndə dünyanın işlərindən söhbət düşmüşdü,
həyatın mənasından, adamların yaxşı-yamanlığından söz düşmüşdü və o vaxt mizin
üstündə fağır-fağır, yana-yana bu iki yaşlı arvadı güc-bəla ilə işıqlandıran neft
lampasının həmin zəif işığında Izabella Salamonovna Kərim kişinin insanlığı barədə
bir-iki yaxşı söz demişdi. Elə o vaxtdan bəri də bu sözlər Marqarita Abramovnanın
beynində qalmışdı.
Aydın məsələydi ki, Kərim kişinin həmin gecə söhbətindən xəbəri yox idi,
amma iş elə gətirdi ki, Marqarita Abramovnanı qulluğa düzəldən, yəni Bayıl
tərəfdəki dəlləkxanalardan birində ona yer tapan elə Kərim kişi oldu. Marqarita
Abramovna ömründə dəlləklik etməmişdi, amma işə çıxdığı birinci gündən hamı
onu əməlli-başlı dəllək bilmişdi; bir də ki, o vaxt camaat yaxşı dəllək hayında
deyildi. Bir az keçəndən sonra Izabella Salamonovna öldü. Marqarita Abramovna
tək qaldı.
Marqarita Abramovna sabunu ikinci dəfə Kərim kişinin cod sifətində
köpükləndirib dedi:
– Kerim Bilaloviç, siz başqa tipdə adamsınız, mənim Şnayderim başqa tipdə
adam idi. Amma Şnayder də çox simpatiçni adam idi.
Şnayder familli kişi Marqarita Abramovnanın əri idi və müharibə vaxtı almanlar
onu təkcə oğulları Davidlə birlikdə Kiyevdə güllələmişdilər. Kərim kişi bunu bilirdi,
bir də bunu bilirdi ki, Şnayder Kiyevdə məşhur dərzi imiş.
Bir müddət də hərə öz işi ilə məşğul oldu, yəni Marqarita Abramovna cidd-
cəhdlə Kərim kişinin üzünü qırxırdı, Kərim kişi isə qartmış tüklərinin ülgücün
altından gələn xışıltısına səbrlə qulaq asa-asa heç vaxt üzünü görmədiyi David
barədə fikirləşirdi, sonra Heybət barədə fikirləşdi, sonra da fikirləşdi ki, nə Heybət
Davidi tanıyırdı, nə də David Heybəti, amma budu, bir belə illər gəlib keçib və indi
qoca bir kişi qoca bir arvadın sabun köpükləndirən qırışlı, gömgöy damarları
görünən əllərinə baxa-baxa həm Heybəti fikirləşir, həm də Davidi.
Yenə külək Kərim kişigilin evinə hücum çəkdi və bu dəfə Kərim kişi dörd-beş il
bundan əvvəl Nabrana getdikləri yay gününü yadına saldı, həm də elə bildi ki, o
balaca ovçarka küçüyü yenə ardınca gəlir.
Əlbəttə, Marqarita Abramovnanın bu saat Bilgəhdəki bağda ac-susuz qalmış
itdən xəbəri yox idi və buna görə də birdən-birə gülümsədi, siqaret çəkən adamların
barmağı kimi sapsarı saralmış sifətinin qırışları daha da artdı, yenə də yaxşıca
öyrəndiyi Azərbaycan dilində dedi:
– Izabella Salamonovna məni ərə vermək istəyirdi. Axı, mən də çox
yaraşıqlıydım. Amma ona dedim: hardan tapacaqsan mənimçün Şnayderi? Mənim
Şnayderimi kim verəcək mənə?