109
Sabunçu vağzalında adam az idi və bu adam azlığından vağzalın içi
boş kilsəyə
dönmüşdü. Elektrik qatarının səsi elə bil özü ilə bu boş vağzala bir istilik gətirdi.
Qatar yerindən tərpənəndə isə Kərim kişi hiss elədi ki, sağ əli açılmır; sağ əlini aça
bilmir ki, bağlamanı yanına qoya; sol əli ilə sağ əlini tutdu və bağlamanı dizinin
üstünə qoydu.
Qatar getdikcə Kərim kişi pəncərənin buz bağlamış şüşəsinə baxa-baxa yadına
saldı ki, dünən Cavanşir deyirdi elektrik qatarları işləmir. Bunu yadına saldı və
gülümsədi, amma orasını da yaxşı bilirdi ki, bu saat evdəkiləri nigaran qoyub. Yenə
özünə yaman hirsi tutdu – ona görə yox ki, evdə heç kimə heç nə deməyib Bilgəhə
gedir, ona görə ki, belə qocalıb, belə zəifləyib və ən başlıcası ona görə ki, özü də
bunu görür, bu barədə fikirləşir və ürəyində bir «Heyhat! Heyhat! Heyhat!» elə yuva
salıb, elə bil xərçəng yarasıdı.
Sonra Kərim kişi hiss elədi ki, mürgüləyir, hiss elədi ki, yatmaq istəyir, bu dəm
qarı, boranı yarıb gedən bu elektrik qatarının içində onun bütün bədəni yuxuya can
atır. Kərim kişi onu da hiss elədi ki, bu saat burada yatsa, bir də heç vaxt
ayılmayacaq. Sol əli ilə sağ əlini ovuşdurmağa başladı, sonra yarıdan qırılmış
ağaclar gəldi gözlərinin qabağına, sonra yenə haçansa vurduğu həmin ördəyi
xatırladı, sonra da Marqarita Abramovnanın buz barmaqlarını üzündə hiss elədi və
birdən-birə başa düşdü ki, bu qış axırıncı qışıdı.
O, qatardan düşəndə külək elə qıy vurdu ki, az qaldı ayaqları perronun üstünə
yox, perronla qatarın arasına getsin. Sonra külək bir də qıy vurdu, bir də, bir də. Elə
bil bu saat bütün aləm dağılırdı.
Aydın məsələydi ki, bu şaxta-mərəkədə stansiyadan xeyli aralıdakı bağa tərəf nə
bir maşın işləyirdi, nə avtobus və Kərim kişi yenə də sol qolunu büküb başının
üstünə qaldırdı, üzü xəzriyə addımlamağa başladı; ayaqları güclə sözünə baxırdı.
Bu yol torpaq yol idi, sol tərəfdə bağlar idi, sağ tərəfdə zeytun ağacları və bu
zeytun ağaclarının arasında şamdan salınmış meşə zolağı. Amma indi nə torpaq yol
var idi, nə zeytun, şam ağacları, nə də ki bağlar; ancaq qar idi, qiyamət qoparan
külək idi və bu külək Kərim kişinin gözünü açmağa qoymurdu. Birdən o, hiss elədi
ki, qardan başqa ayaqlarına nəsə dolaşır və başa düşdü ki, bu damının qapısını qar
basıb çöldə qalmış itdir və bu it evdə nə varsa hamısını – dünənki xörəyin
boyatından tutmuş kolbasaya, sosiskayacan yığıb bağladığı bağlamasını əlindən
qapa bilər. Kərim kişi gözünü açıb baxa bilmirdi, bir səs də çıxara bilmirdi, təkcə
bunu bilirdi ki, dayanıb, bağlamanı açıb, bu itə də bir şey verməyə gücü çatmayacaq;
olan-qalan gücünü yığıb bir az bərk yeriməyə çalışdı. Bu it onsuz da əl çəkən
deyildi, bağlamanın iyinə, adam nəfəsinin istisinə lap dünyanın axırınacan
gedəcəkdi.
Kərim kişinin bir ərik ağacı vardı ki, altında yüz adama yer salmaq olardı və
həmişə bağa gələndə ilk növbədə uzaqdan bu ağac görünərdi. Kərim kişi bayaqkı it
ayağına dolaşa-dolaşa üzü xəzriyə tərəf addımlaya-addımlaya hiss elədi ki, bax, bu
yerdən ərik ağacı görünür və daha bağa çatmağa az qalıb. Sonra bunu da hiss elədi
ki, indi ayağına bir it yox, iki it dolaşır.
Itlər də görünür, Kərim kişinin əlindəki bağlamaya hücum eləməkdən çəkinirdi
və yəqin hiss edirdilər ki, həmin bağlamadakından onların da payına düşəcək,
bilirdilər ki, bu uzun ayaqların sahibi ilə harasa elə bir yerə çatacaqlar ki, orada isti
olacaq, oranı külək tutmayacaq və orada yemək olacaq.
110
Bu qədim dəmir darvaza bütün ətrafda məşhur idi,
köhnə məscid kimi, köhnə
dəyirman kimi bu yerlərin abidələrindəndi. Indi həmin darvazanın balaca qapısının
ağzına adam boyu qar yığılmışdı və Kərim kişi axırıncı dəfə bütün gücünü toplayıb
sol əli ilə qarı təmizləməyə başladı. Daha qar-boranı hiss eləməsə də bunu başa
düşdü ki, itlər də ona kömək edir, qabaq ayaqları ilə qapının ağzındakı qarı o yan-bu
yana dağıdırlar. Kərim kişi yadına saldı ki, bu axırıncı əzab-əziyyətdi, Nabranın
damının ağzı xəzriyə tərəf deyil və yəqin qar ora bu cür yığılmayıb.
O, qapını itələyib darvazadan içəri girəndə heç özü də bilmədi necə oldu ki,
qışqırmağa gücü çatdı:
– Nabran!
O dəqiqə də qulağına it zingiltisi gəldi və Kərim kişi bütün bədənini, əllərini,
ayaqlarını hiss eləməsə də, heç nə görməsə də, başa düşdü ki, onu qara basmır, bu,
Nabranın zingiltisidi və burasını da başa düşdü ki, bütün bu müddət ərzində Nabran
onun yolunu gözləyib.
Daha bundan sonrakıları Kərim kişi elə bildi ki, yuxuda görür, yəni elə bildi ki,
yuxudadı, onun ayağına dolaşan bayaqkı itlərin də boranın əlindən Nabranın damına
soxulmaları yuxudadı və axır ki, güc-bəla ilə aça bildiyi bağlamadakıları onların
qabağına qoyub yedizdirməsi də yuxudadı.
Sonra elə bil nə isə eşidib bircə an yuxudan ayıldı və bu dəfə Cavanşirin səsini
lap açıq-aşkar eşitdi:
– Ata! Ata! – və başa düşdü ki, indi də onu qara basmır: bunu da başa düşəndən
sonra daha heç nə bilmədi.
... Həkim çarpayının yanından qalxıb bir Ayaza, Ayazın yanındakı bacı-
qardaşına baxdı, bir Cavanşirə, Faziləyə baxdı, bir qapının ağzında dayanmış
Marqarita Abramovnaya baxdı və bir də təzədən Kərim kişinin qalın balıncın içinə
batmış sifətinə baxıb:
– Sətəlcəmdi, – dedi və sonra bunu da dedi ki, keçib gedər.
Cavanşir atasının gözləri yumulu zəif sifətinə baxdı və ürəyini bir qorxu bürüdü:
birdən keçib getmədi?..
Əlbəttə, indi Kərim kişi güzgüdə Marqarita Abramovnanın gözlərinə baxa
bilsəydi, o saat başa düşərdi ki, bu qoca arvad da bu dəm bir ürək ağrısı ilə öz təkcə
və axırıncı müştərisini itirməkdən qorxur.
... O ki, qaldı havaya, cəmi ikicə gün keçmədi, Bakıda qar kəsdi, külək dayandı,
bir gün çıxdı ki, gəl görəsən və indi adamın heç ağlına gəlməzdi ki, vur-tut ikicə gün
bundan əvvəl Nabran boyda it damda qalıb çovğunun əlindən zingildəsin.
Iyun, 1973.