126
Yatıram yanım ağrır,
Dururam canım ağrır.
Sən yadıma düşəndə,
Tamam əndamım ağrır.
Əlbəttə, ona görə yox ki, Tubuxanım daha gec-gec yadına düşürdü; ona görə ki,
əli-ayağı ağrıyanda yenə də əvvəllərdəki kimi işin çoxluğundan ağrıyırdı, qocalıqdan
yox.
Hamı bu fikirdə idi ki, Əliabbas kişi də, həyətlərindəki xartut kimi, yüzü ötəcək.
Balacaxanım hərdən gəlib Əliabbas kişigilin küçələrinin ağzındakı skamyada
otururdu. Məhəllənin qızları iş-gücdən on dəqiqə də olsa vaxt tapıb onun başına
yığışırdı və Balacaxanım ləzzətli söhbətlər edə-edə, bərkdən şaqqanaq çəkib gülə-
gülə o qədər tum çırtlayırdı ki, bütün səki tum qabığı ilə dolurdu. Bir dəfə də tərs-
tərs bir ona, bir də səkinin üstündəki tum qabıqlarına baxan Əliabbas kişiyə dedi:
– Süpürəcəyəm, ay Əliabbas dayı, süpürəcəyəm hamısını. Neyniyim, bizim
qapının ağzında bir skamya düzəltmirsən də mənimçün...
Balacaxanım beləcə gileyləndi, gülümsədi və qızıl dişləri gün işığında parıldadı.
Balacaxanım ağzındakı sapsağ dişlərinin hamısını qızıl karonkaya saldırmışdı və tın-
tın Firuzə də bu qızıl dişlərin paxıllığından yanıb-yaxılırdı.
Əlbəttə, Balacaxanım söz idi deyirdi və heç vəchlə gözləmirdi ki, Əliabbas kişi
deyəcək:
– Neynək, sizin də qapının ağzında səninçün bir skamya düzəldərəm...
Balacaxanım elə bil ömründə bu cür sidq-ürəkdən sevinməmişdi:
– Doğrudan? Çox sağ ol, ay Əliabbas dayı! Amma eləsini düzəlt ki, heç bir
məhəllədə belə skamya olmasın! Balaca bir talvarı da olsun, Əliabbas dayı, yayda
gün düşməsin üstümüzə...
Yay vaxtları səhərdən qəssab Ağanəcəf axşam işdən qayıdanacan Balacaxanım
küçə qapısı ağzında dayanıb o qızla, bu gəlinlə söhbət edirdi, laqqırtı vururdu və
hamı təəccüb edirdi ki, hərəsi bir-birindən bir yaş böyük beş uşağın xörəyini kim və
necə bişirir. Tın-tın Firuzə belə deyirdi ki, guya qəssab Ağanəcəf yazıq, gündüzlər
kolxoz bazarında ət satır, axşamlar da qonşular görməsin deyə gizli-gizli sabahın
xörəyini bişirir; bu barədə bir söz deyə bilmərik, amma bir həqiqət vardı ki, hamı
qəssab Ağanəcəfdən çəkinirdi, qəssab Ağanəcəf isə Balacaxanımdan qorxurdu.
Əliabbas kişi:
– Neynək, – dedi, – talvar da düzəldərəm. – Əlbəttə, məsələ onda deyildi ki,
Balacaxanım həmin talvarlı skamyada oturub laqqırtı vuracaqdı, məsələ onda idi ki,
Əliabbas kişinin əllərinin bir bəhrəsi də artacaqdı. – Taxta lazımdı bir az...
Balacaxanım:
– A-a-a... – dedi. – Nə var ona?.. Ağanəcəfə deyərəm, lap bir vaqon taxta
tökdürər bura...
Əliabbas kişi səhəri gündən işə başladı, qəssab Ağanəcəfgilin küçə qapısı
ağzında skamya düzəltdi, balaca bir talvar üçün taxta dirəklər hazırladı və onun cəmi
bircə günlük işi talvarı düzəltmək qalmışdı ki, Balacaxanım tın-tın Firuzə kimilərin
acığına, elə bil toya gedirdi, geyinib-kecinib otursun bu talvarlı qiyamət skamyada.
Bütün məhəllə bu fikirdə idi ki, bu skamya Əliabbas kişinin sonradan-sonrakı
ustalığının şah əsəridi.
127
Həmin oktyabr səhəri Bakıya elə bil təzədən yay qayıtmışdı və yüz yaşlı
xartutun həyətə səpələnmiş xəzəli ilə belə bir isti heç uyuşmurdu. Çayniki qazın
üstünə qoyub səhər-səhər tabaqçada qənd doğrayan Anaxanım şüşəbənddən həyətə
baxırdı. Arvadın gözü qayınatasının alətxanasına sataşdı, sonra kişinin yatdığı evin
qapısına tərəf boylandı və necə oldusa, birdən-birə Anaxanımın ürəyini bir
nigarançılıq bürüdü.
Əliabbas kişi həmişə bu vaxtlar həyət-bacada dolaşardı.
Bir müddət keçdi, kişilər oyandı, uşaqlar tələm-tələsik çay-çörəklərini yeməyə
başladılar ki, məktəbə gecikməsinlər.
Əliabbas kişi həyətə çıxmadı.
Anaxanım çəkinə-çəkinə qayınatasını işə getməyə hazırlaşan Ağamuxtardan
xəbər aldı. Ağamuxtar arvadının gözlərinin içinə baxdı, bir söz demədi və həyətə
düşüb atasının yatdığı otağa girdi.
Əliabbas kişi gecə yuxuda ikən keçinmişdi.
Həmin gün bütün məhəllə gecə yarısına kimi Əliabbas kişigilin həyətinə gəlib-
getdi, yüz yaşlı xartutun altında düzülmüş stullarda, kətillərdə oturub bir stəkan çay
içdi, Ağamuxtarla Fətullaya başsağlığı verdi.
Çoxadamlı o həyət elə bil, kişinin getməyilə yetimləşmişdi.
O isti payız günü yüz yaşlı tut ağacı da tək-tənha idi.
Səhər isə məhəllə görünməmiş bir hadisənin şahidi oldu: Balacaxanımın küçə
qapısı ağzındakı skamyanın üstündə çox yaraşıqlı bir talvar var idi.
Bütün məhəllə, qəssab Ağanəcəf də, ağlamaqdan gözləri qızarmış Balacaxanım
da, Əliabbas kişinin oğul-uşağı da bu işə heyrət etdilər.
Məhəllənin lap balaca uşaqları arasında belə bir inam vardı və ümumiyyətlə,
məhəllədə belə bir şayiə gəzirdi ki, Əliabbas kişinin çəkic-mişarı, rəndə-kəlbətini
gecə öz-özünə gəlib ustanın yarımçıq qalmış işini qurtarıbdır.
Sentyabr, 1976.
128
ŞUŞAYA DUMAN GƏLIB
Şuşaya duman gəlib,
Ürəyimə güman gəlib.
Hər dərdimi-sərimi
Sinəmdən qovan gəlib.
(Yerli şair Hüsaməddin Alovlunun
«Can dəftəri»ndən dörd misra)
I
Doppa Dadaş əlindəki kamanı sağa-sola apara-apara kamançanın tellərini
dindirdikcə kamançanın bu ab-havanın təmizliyindən, paklığından, bulaqların
saflığından, gülün gülü, çiçəyin çiçəyi çağırmasından, dostluqdan, vəfadan, ilqardan
dəm vuran səsi Şuşa sanatoriyasının bütün həyət-bacasına yayılırdı və Doppa
Dadaşın zürafə boynu kimi uzun boynunun üstündəki yekə başı da əlindəki kamanın
hərəkətinə həmahəng gah sağa gedirdi, gah sola gedirdi və bu dəm heç kamançanın
səsini eşitməyən də olsaydı, Doppa Dadaşın uzun kirpikli iri, qara gözlərindən
bilərdi ki, duyardı ki, söhbət nədən gedir.
Həmin avqust axşamı Şuşa sanatoriyasının həyətinə yayılmış kamança səsi
Hüsaməddin Alovlunun da ürəyinin incə tellərini dindirirdi və çiyninə güllü ağ yun
şal salıb əlləri qoynunda dayanmış, göy gözləri yol çəkən Marusya Nikiforovaya
baxa-baxa Hüsaməddin Alovlunun ürəyindən bütün ömründə birinci dəfə rus dilində
şer misraları axıb keçdi və həmin bir bənd şer belə yarandı.
Doppa Dadaşın kamançası sözünü deyib qurtarandan sonra, Hüsaməddin Alovlu
sanatoriyada istirahət edənlərlə mədəni-mədəni iş aparan «massovik» Sadıq
müəllimdən söz alıb meydanın ortasına çıxdı və gözlərini Marusya Nikiforovadan
çəkməyərək yeni yaranmış həmin şerini oxudu:
Ya tebya lyublyu,
Oçen xoroşo!
Za tebya ya umru,
Oçen xoroşo!
Amma Marusyanın fikri bu saat burada yox, Tambovdakı kolxoz bazarında idi:
bu il həyətyanı sahələrinin məhsulunu kiçik bacısı Vasilisa Tambov kolxoz bazarına
aparmışdı. Marusya isə Tambov vilayətindən Şuşa sanatoriyasına istirahətə
gəlmişdi: Vasilisa ömründə birinci dəfə idi bazara gedirdi və buna görə də Marusya
hərdən nigarançılıq keçirirdi ki, birdən Vasilisanı aldadıb-edərlər, evə əliboş
qayıdar. Marusya özü də ömründə birinci dəfə idi belə uzaq səfərə çıxırdı,
sanatoriyada istirahət edirdi.
Əlbəttə, Ağdamda maliyyə məktəbini bitirib, indi Şuşanın Xəlfəli kolxozunda
hesabdar işləyən və bu avqust ayında sanatoriyada dincələ-dincələ Marusyanın
eşqindən yerə-göyə sığmayan Hüsaməddin Alovlunun Tambov vilayətindən gəlmiş
bu təmiz-tariq, sağlam, səliqəli, pambıq kimi ağappaq qızın ürəyindəki
nigarançılıqdan xəbəri yox idi və yaradıcılığa başladığı vaxtdan indiyə kimi ilk dəfə
rus dilində yazdığı şeri özü öz sənətindən həzz ala-ala oxuyurdu:
Ya tebya lyublyu,