115
Kitab vərəqləri havada yellənə-yellənə Əbilidən beş-altı metr aralıya düşdü və
qatar gözdən itib gedəndən sonra, Əbili ayağa qalxıb vərəqləri yerdən qaldırdı.
Üstündə stəkan yerləri olan, aralarına pomidor suyu tökülmüş bu vərəqlərdən birinin
üstündə yazılmışdı: «S. Yesenin».
Əbili əzik-üzük vərəqləri düzəldib əvvəlindən açdı. Ağ səhifəsində göy
mürəkkəblə yazılmışdı:
Ya ne Puşkin, ne Krılov,
Ne moqu pisat stixov,
No pişu tebe tri slova,
Jivi, uçis, i bud zdorova!
Veçno tvoy Rufat.
Əbili məktəbdə rus dili dərsi keçirdi və o biri dərslər kimi rus dilindən də beş
alırdı. Əbili başa düşdü ki, bu kitabı Rüfət adında bir oğlan bir qıza bağışlayıb və
həmin Rüfət həmin qıza aşiq olub. Əbili başını qaldırıb bayaqkı qatarın ardınca
baxdı və fikirləşdi ki, Rüfət heç ağlına gətirməzdi ki, üstünü şerlə yazıb qıza
bağışladığı bu kitabın vərəqləri bir vaxt Əbili adında bir oğlanda olacaq. Əbili bunu
fikirləşdi və əti ürpəşdi. Əti ürpəşdi ki, niyə bir adamın üstünə şer yazıb başqa bir
adama bağışladığı bir kitabın vərəqləri cırılıb günlərin bir günündə yumurta qabığı
və pomidor artığı ilə bir yerdə vaqonun pəncərəsindən atılmalıdır? Əbili bir neçə il
bundan əvvəlki Çəhrayı qızı yadına saldı və burasını da başa düşdü ki, bu kitabın
vərəqlərini Çəhrayı qız cırıb vaqonun pəncərəsindən beləcə atdı. Vacib deyildi ki, bu
qız elə həmin Çəhrayı qızın elə özü olsun. Bu qız həmin Çəhrayı qızın özü deyildi,
başqa Çəhrayı qız idi. Əbili böyümüşdü və daha bilirdi ki, bu dünyada Çəhrayı
qızlar çoxdu. Çəhrayı oğlanlar da vardı bu dünyada.
Ikinci səhifədə sarışın bir kəndli balasının şəkli var idi. Bu kəndli balası
Əbiligilin düzənlikləri kimi bir düzənlikdə dayanıb ağzında da sünbül çöpü
çeynəyirdi. Şəklin altında yazılmışdı: «S.Yesenin».
Əbili keçdiyi dərslərdən bilirdi ki, Yesenin böyük şairdir, yaxşı şerlər yazıb,
amma Əbili bilmirdi ki, Yesenin həm də bir kəndli balası olub. Bir kəndli balası,
Əbili kimi.
Illər keçdi. Əbili məktəbi qurtardı və yenə də bir yay günü kolxozun «QAZ-
51»nə minib Bakıya gəldi, universitetə qəbul imtahanları verdi, hamısından beş aldı
və məlum oldu ki, onu iki nəfər başqa əlaçı ilə bərabər təhsil almaq üçün Moskva
universitetinə göndərirlər.
Əbili bütün ömründə birinci dəfə qatara mindi, «Bakı – Moskva» qatarına. Qatar
çox getdi, az getdi, dərə, təpə düz getdi, axırda gəlib Əbiligilin kəndinin yanından
ötüb keçdi. Əbili vaqonun pəncərəsi önündə dayanıb hər addımına bələd olduğu, hər
kolunu-kosunu tanıdığı bu yerlərə, qarşı dağın ətəyindəki ağaclıqlar arasından
kirəmidli taxtapuşları qızaran kəndlərinə baxa-baxa heç özü də bilmədi birdən-birə
necə kəşf elədi ki, bir neçə il bundan əvvəlki qatar onun ürəyini heç hara
aparmayıbmış; kəşf elədi ki, əslində o, indi ürəyini bu balaca kənddə qoyub gedir,
bu dağların arasında, bu dəmir yolunun kənarında, bu yerlərin çiskinində, çənində və
bütün ömrü boyu bu yerlər onun yuxusuna girəcək, onunla olacaq.
116
Əbili bu dəfə lap doğrusunu başa düşdü ki, bundan sonra bütün ömrü boyu nə
edəcəksə bu yerlərin, bu balaca kəndin sayəsində edəcək; başa düşdü ki, bütün ömrü
boyu bu yerlərə, bu balaca kəndə borclu olacaq və heç vaxt həmin borcundan çıxa
bilməyəcək, ən xoş vaxtlarında da, ən ləzzətli çağlarında da hərdən bu borcluluq onu
sıxacaq, sıxacaq çünki dünyada çox şey qatarlar kimidir, gedir, gedir...
Dekabr, 1973.
117
TALVAR*
Akademik Məmməd Arif Dadaşzadənin
xatirəsinə
I
Əvvəlcə ağac şaqqıltısı eşidildi və bu ağac şaqqıltısı günortanın cırhacır istisində
tamam kimsəsizləşmiş həyətdə çox gözlənilməz səsləndi, sonra aşağı başdakı
ayaqyolundan çıxan Gülağanın gözləri birdən-birə bərəldi və uşaq bilmədi ki,
qışqırsın, ya nə etsin.
Həyətin ortasındakı xartut ağacının yoğun gövdəsi öz-özünə şaqqıltı ilə iki yerə
bölündü və bir müddət tut yağışıymış kimi, qara tut həyətin asfaltına töküldü.
Həyətə birinci boylanan Ağamuxtarın arvadı Anaxanım oldu. Anaxanım
mətbəxdə oturub nahar üçün küftə yumrulayırdı, şaqqıltını eşidib ikinci mərtəbədən
ağaca baxdı, sonra çaşbaş qalmış Gülağanı görüb ətli-yağlı əllərini əsgi ilə tələm-
tələsik silə-silə:
– Adə, Gülağa, – qışqırdı, – qaç kişiyə xəbər elə, tut parçalandı!..
Və Gülağa da işin nə yerdə olduğunu başa düşüb babasının otağına tərəf qaçdı
ki, kişini çağırsın, amma Əliabbas kişini çağırmaq lazım deyilmiş, çünki Gülağa
hələ onun həyət qapısına çatmamış, kişi özü ağ tumanının üstündən şalvarını belinə
çəkə-çəkə elə ağ köynəkdəcə çoxdan bəri gəzmədiyi iti addımlarla qapıdan çıxıb
xartuta tərəf gəldi.
– Tez eləyin! – dedi. – Tez eləyin! Biri də gərək qalmasın yerdə! Hamısını
yığın bir-bir! Bircəsi də qalsa, günah olar! Hamısını yığın! Yeyilsin gərək hamısı! –
dedi. – Tez eləyin! – Sonra özü əyilib ağacın dibindən bir dənə tut götürdü qoydu
ağzına və doğrudan-doğruya kişiyə elə gəldi ki, ömründə bu ləzzətində tut yeməyib.
– Yüz ilin tutudu bu, yüz ilin! – Sonra da əllərini ağacın ikiləşmiş gövdəsinə
söykəyib yarığa baxdı – yarığın hər iki üzü qupquru idi, elə bil neçə vaxtdı günün
altında qalıb qurumuşdu; qocalıqdan idi bu, canından şirə çəkilib getmişdi.
Axır ki, yüzü haqladı bu xartut.
Əliabbas kişi başını ikinci mərtəbəyə tərəf qaldırıb böyük gəlini Anaxanıma
dedi:
– Aş bişir bu gün.
Anaxanım ömründə qayınatasının üzünə ağ olmamışdı və kişinin bir sözünü heç
vaxt iki eləməmişdi; bu dəfə də demədi ki, küftəbozbaş asıram; kişinin ürəyi aş
istəyir, nə olar, axşama da aş bişirər və burası da gündən-günə Anaxanıma ovcunun
içi kimi aydın olurdu ki, qocalmaq, əslində təzədən uşaqlaşmaqdı.
Əlbəttə, bu saat Əliabbas kişi böyük gəlinin bu fikirlərindən xəbərsiz idi və o,
bu dəfə Gülağaya dedi:
– Gördün! Gördün ki!? Elə soruşurdun, düz deyirsən, yoxsa yox? Gördün ki?!
Doğrudan da, yaman oldu bu xartutun parçalanması, daha buna bir söz ola
bilməzdi, düz deyirmiş kişi, xartut yüz yaşına çatanda parçalanırmış və burasını da
lap doğru deyirmiş ki, bu tutun yüz yaşı var.
– Əcəb oldu! – Bunu, bu tutdan birinci dəfə yeyirmiş kimi, Fətullanın arvadı
Məsmə dedi:
– Yığıb qonşulara da pay göndərmək lazımdır... – Bunu da Anaxanımın həmişə
səxavət göstərən giçik gəlini Fəridə dedi.