107
Başqa vaxt olsaydı, Kərim kişi bir-iki şux söz atardı,
çünki Marqarita
Abramovna Izabella Salamonovnanın yanına gələndə yaşı əllini çoxdan keçmişdi,
amma bu dəfə kişi zarafat eləmədi və başından belə bir fikir gəlib keçdi ki,
Zibeydənin də yerini heç kim verə bilməz. Bunu fikirləşdi və bu fikirdən sonra bu
dərəcədə yumşalmasına elə hirsi tutdu ki, yerində qurcalandı.
Marqarita Abramovna bu dəm bütün fikri-zikri ilə Şneyderinin yanında olsa da,
qızışmaq bilməyən soyuq barmaqları ilə Kərim kişinin çənəsinin altını sürtüb:
– Tük qalıb, – dedi. – Durmayın hələ.
Bir azdan Marqarita Abramovna işini görüb qurtardı və təzədən özünü həyətdəki
qar-borana vurub evinə qalxdı, amma bir xeyli müddət dediyi bu söz: « – Durmayın
hələ» – Kərim kişinin qulaqlarından getmədi və kişi fikirləşdi ki, Marqarita
Abramovna yəqin dünyada təkcə dəlləkdir ki, təkcə də müştərisi var. Burasını da
fikrindən keçirtdi ki, vay o dəlləyin halına ki, təkcə müştərisi də gedə...
Bir azdan yenə də elə bil ki, lap uzaqlardan qədim mahnının zəif səsi hərdən
eşidildi, hərdən eşidilməz oldu.
Qarın, boranın qiyamət qopardığı həmin qış günü Kərim kişi heç kimlə kəlmə
kəsmədi, dinib-danışmadı, yalnız bircə dəfə küçə pəncərəsindən bayıra baxıb öz-
özünə bərkdən dedi:
– Günaha batdım.
Uşaqlar da, Fazilə də, işdən çıxıb qarın əlindən güclə evə gələn Cavanşir də
bütün gün ərzində Kərim kişiyə bir söz deməyə cürət etmədi və gecə yerlərinə
girəndə hamının ürəyində bir nigarançılıq vardı; hamı bilirdi ki, axıracan belə
getməyəcək və hamı da sidq-ürəkdən arzulayırdı ki, sabah hava düzəlsin. Bunu hamı
arzulayırdı, amma təkcə Kərim kişi bilirdi ki, əvvəla, bu hava düzələn hava deyil,
ikincisi də istəyir düzəlsin, istəyir düzəlməsin, sabahdan da keçsəydi, iş də işdən
keçəcəkdi.
Həmin qış gecəsi nə qar kəsdi, nə şaxta-boran azaldı və çox qəribə oldu ki,
yerində uzanıb bayırda qıy vuran küləyin səsinə qulaq asa-asa yenə də yaz, bağ,
dəniz Kərim kişinin yadına düşdü və ən çox qəribəsi də bu oldu ki, qırx-qırx beş il
bundan əvvəl vurduğu bir ördək birdən-birə gözlərinin qabağına gəldi, o vaxtdan
bəri ömründə xatırlamadığı bu vecsiz əhvalat lap qəflətən gəlib yadına düşdü.
Bu tək ördək Bilgəhdə, dənizin lap qırağında qumluğa qonurdu, sahil boyu o
baş-bu baş gəzişən usta Kərim hər dəfə ona tərəf yaxınlaşanda havaya qalxıb iyirmi-
otuz addımlıqda təzədən qumluğa enirdi. Bir dəfə, iki dəfə, üç dəfə... Və elə bil özü
öz dili ilə deyirdi ki, usta Kərim, get evdən beşatılanı gətir, məni vur. Usta Kərim
evdən beşatılanı götürüb lap naümid sahilə qayıtdı ki, yəqin ördək uçub gedib.
Ördək uçub getməmişdi, əməlli-başlı bir inadla ustanın beşatılanını gözləyirdi. Usta
da bircə gülləyə sərdi onu yerə.
Kərim kişi həmin uzaq günü lap aydın yadına saldı: aprelin axırları idi, bazar
günü idi və orasını da yadına saldı ki, Zibeydə həmin ördəkdən şorba bişirdi.
Kərim kişi ömrü boyu ördəklər vurmuşdu, çox quşa atmışdı, amma indi heç cür
başa düşə bilmədi ki, niyə elə məhz ördək birdən-birə beləcə açıq-aydın yadına
düşdü və orasını da heç cürə başa düşə bilmədi ki, niyə o zaman həmin ördək tək-
tənha idi, niyə uçub getmirdi və niyə ondan hürkmürdü? O vaxt beşatılanla atdığı
güllənin səsi qulaqlarına gəldi və qalın yorğanının altında mürgü döyə-döyə öz-
özünə huyuxdu.
108
Sübh tezdən Kərim kişi bayır qapısını güclə bir balaca itələyib zorla həyətə
çıxanda külək elə qıy vurub arakəsməyə doldu ki, az qaldı evdəki camaatı yuxudan
oyada və qapını bağlayandan sonra Kərim kişi bir müddət yerində dayandı, amma
içəridən səs-səmir eşitmədi. Əslində bu saat çovğunun uğultusundan başqa heç nə
eşitmək mümkün deyildi və Kərim kişi boynunu köhnə kürkünün içinə qısıb sol
dirsəyini irəli verdi, yanpörtü addımlayıb küçəyə çıxdı.
Bu şaxtanın, boranın içində birdən-birə Kərim kişinin burnuna tanış qoxu dəydi
və kişi başa düşdü ki, bu neft iyi kürkdən gəlir. Çoxdan, lap çoxdandı ki, Kərim kişi
içi qoyun dərili bu kürkünü geymirdi. Indi birdən-birə ona elə gəldi ki, yenə də o
ötən günlər kimi səhər tezdən evdən çıxıb işə gedir, bir azdan avtobusa minib
mədənin yanında düşəcək.
Bu şaxtalı-boranlı qış səhərində kürkün yununa hopmuş həmin neft qoxusu
Kərim kişinin ürəyinə bir həzinlik gətirdi, kövrəklik gətirdi. Bu neft qoxusunda uzun
illərin sükunəti vardı, elə bil bəylik paltarını naftalinləyib sandığa qoymuşdun.
Bu saat mədənlər də qarın altında idi, amma orada hər tərəfi bürümüş qarın
altından əsl neft qoxusu gəlirdi. Kərim kişi bunu duydu, hiss elədi və orasını da hiss
elədi ki, bir də heç zaman mədəndə olmayacaq, bir də heç zaman əlini fontan
vurmuş quyunun neftinə batırıb burnuna tutmayacaq.
Həmin qış səhərinin qaranlığında qardan, çovğunun vıyıltısından başqa küçədə
heç nə yox idi, heç kim yox idi və elə ilk dəqiqədən şaxta Kərim kişinin arıq, uzun
bədəninə hücum elədi. Kərim kişinin başından belə bir fikir gəlib keçdi ki, canavar
yaralını, zəif xəstəni o saat tanıyır, duyur, izləməyə başlayır, heç nədən qorxub-
çəkinmir, başının üstünü alır. Bunu fikirləşdi və dünən Marqarita Abramovnanın
cidd-cəhdlə qulluq elədiyi eşmə bağının altından dodağı qaçdı.
Marqarita Abramovna hələ yerindən qalxıb patefonunu işə salmamışdı.
Kərim kişi sol qolunu dirsəkdən büküb gözünün üstündə sipər elədi, gözlərini
yumdu, qara bata-bata yanpörtü addımlamağa başladı və yavaş-yavaş sağ əlində
tutduğu bağlamanın ağırlığını hiss etdi.
Kərim kişi Beşmərtəbənin yanındakı bağa gəlib çatanacan sol qolunu başının
üstündən çəkmədi, ancaq tramvay dayanacağında qolunu aşağı saldı: nə tramvay var
idi, nə də tramvaydan əsər-əlamət. O, boynunu kürkünün içinə qısıb bağa tərəf baxdı
və küçə boyu ağacların hamısının qarın ağırlığından, şaxtanın sərtliyindən,
çovğunun şiddətindən yarıbayarıdan qırıldığını gördü. Elə bil ki, ağac qəbiristanlığı
idi və bu qəbiristanlıqda bu saat qar-boran fironluq eləyirdi.
Kərim kişi sol əlini qalın kürkünün üstündən arıq baldırlarına vurub:
– Bay səni! – dedi və qar-boranın fironluq elədiyi bu məqamda doluxsundu,
amma bunu nə qocalığının ayağına yaxdı, nə də yumşalmasının – ağaclar da adamlar
kimi idi, ağaclarda da dözüm var idi və bu dözüm də hərdən beləcə qurtarırdı.
O yenə sol qolunu gözünün üstündə sipər eləyib Sabunçu vağzalına tərəf
addımlamağa başladı. Bayaqkı ağaclar gözlərinin qabağından getmədi və Kərim kişi
başa düşdü ki, ömrünün, yəni ki, qalan günlərinin axırınacan da getməyəcək. Sonra
Bilgəhdəki ağacları fikirləşdi, o ağacları ki, öz əli ilə əkmişdi və o ağaclar ki, oğul-
uşaq üçün, dost-tanış üçün yadigar qalacaqdı.
Kərim kişinin Bilgəhdəki bağı dərədə idi və oranı bu cür külək tutmurdu –
burası yaxşı idi, amma burası da pis idi ki, narı, ənciri don vuracaqdı. Şaftalının,
əriyin xeyrinə olacaqdı bu qar, amma belə xeyirdənsə şər yaxşıdı, yəni o şaftalının
ki, xeyri narın qurumağına bağlıdı, yerli-dibli lazım deyil.