262
O, əvvəlcə ağlamaq istədi, uda bilmədiyi bir qəhər pərçim olub boğazında
dayandı, Gülzarı qucaqlayıb öpmək istədi, təxminən bir il görmədiyi qızına əməlli-
başlı baxmaq istədi, amma Gülzarın gözlərindəki o qorxunu görəndə, rəfiqəsinin
baxışlarındakı o marağı görəndə boğazına pərçim olub qalmış o qəhər əriyib yox
oldu, bədənindəki içki yanğısına dəli bir kin-küdurət qatışdı, həmin yanğıdan və
hirsdən titrəyən xırıltılı səsi ilə başqa bir söz tapa bilməyib:
– Hara gedirsən? – soruşdu.
Gülzar cavab vermədi.
– Hara gedirsən?
Gülzar:
– Çəkil, – dedi.
– Yox, çəkilməyəcəyəm!
– Çəkil.
Onun bütün bədəni araq, şirin çaxır, pivə istəyi ilə alışıb yanırdı və birdən o:
– Pul ver, çəkilim, – dedi.
Gülzarın gözlərindəki dəhşət o zaman yarandı və rəfiqəsinin də sifətindəki
maraq dondu.
– Bir manat ver, çəkilim... Əlli qəpik ver!..
Gülzar bərkdən hönkürə-hönkürə onu itələyib qaçdı, rəfiqəsi də Gülzarın
ardınca qaçdı.
O, əlini atıb arxadan Gülzarın paltarından tutmaq istədi, amma tuta bilmədi və
müvazinətini itirib səkinin üstünə yıxıldı, alnı asfalta dəyib partladı və o, alnından
axıb gələn isti qanı burnunda, dodaqlarında hiss etdi və sövq-təbii təəccüb etdi ki,
bədənində ki, bu qədər yanğı var, bütün bədəni ki, dözülməz bir içki istəyi ilə üşüm-
üşüm üşüyür, necə olur ki, qanı beləcə istidi? Bir müddət eləcə üzüüstə səkidə
sərilib qaldı, alnından axan qan laxtalandı, kimsə əlindən tutub qaldırmaq istədi,
kimsə onu ayaq altından kənara çəkmək istədi, amma o bütün bunların fərqinə
varmırdı və heç nə barədə fikirləşmirdi, Gülzarı da yadından çıxartmışdı, hətta, elə
bil ki, arağı, çaxırı, pivəni də yadından çıxartmışdı, amma yoldan ötənlərdən kimsə
dedi ki, təcili yardıma zəng eləmək lazımdı və o, beynini bürümüş duman içində bu
sözləri eşitdi, tərpəndi, qalxdı və ayaqları dolaşa-dolaşa getdi...
Bufetçi Abdulla özünü saxlaya bilməyib hərdənbir «Qırmızı qərənfil»in içindən
təəccüblə ona tərəf boylanırdı, zəndlə baxırdı və yenə də öz işi ilə məşğul olurdu:
pivə parçlarını yuyub səliqə ilə qabağına düzürdü, divar boyu iri soyuducudan
pamidor, xiyar çıxarırdı, uzun və iti bıçağı ilə doğrayıb boşqablara yığırdı, dünəndən
qalmış soyutma toyuğu, yumurtanı, kolbasanı piştaxtaya qoyurdu və yenə də, istər-
istəməz, qarşıdakı səki tərəfə baxırdı. Bufetçi Abdulla təəccüb edirdi ki, sübh tezdən
«Qırmızı qərənfil»in qabağını kəsdirmiş bu içki düşkünü niyə durub gəlib pivə
istəmir? Bufetçi Abdulla təcrübəli adam idi və bilirdi ki, məsələ pulda deyil –
bunların, onsuz da, çox zaman pulları olmur, dilənçi kimi gəlib pivə dilənirlər, səbəb
nə isə başqa bir şey idi və bufetçi Abdulla axırda bu qərara gəldi ki, yəqin bu
bədbəxt sancılanıb-eləyib, yerindən tərpənə bilmir; bunların arasında beləcə qəflətən
sancılanıb ölənləri Abdulla üç-dörd dəfə görmüşdü.
263
O yenə də qorxdu ki, birdən Gülzar təsadüfən gəlib bura çıxar, ya Səfurə gəlib
bura çıxar və yerindən tərpənib qalxmaq istədi, amma bədənində heç bir taqət
qalmamışdı, qalxa bilmədi; başındakı uğultu içində başa düşdü ki, bir azdan hər şey
yenə də yaddan çıxacaq, yenə də gedib «Qırmızı qərənfil»ə girəcək, altmış qəpiyi
verib pivə içəcək, sonra hər şey öz həmişəki qaydasına düşəcək – bunu fikirləşdi və
Gülzarın gözlərindəki dəhşəti yenə də bütün aydınlığı ilə gördü.
Bufetçi Abdulla «Qırmızı qərənfil»in qapısı ağzına çıxıb onu çağırdı:
– Ey! Ey!
Bufetçi Abdulla bunlardan heç birinin adını bilmirdi, çağıranda da «ey» deyirdi.
– Ey, səninnəyəm, bura gəl!..
O, güclə başını çevirib «Qırmızı qərənfil»ə baxdı və həmin yay səhəri bufetçi
Abdulla onun gözlərində qəribə bir ifadə gördü; bu ifadənin qəribəliyi nədə idi? –
bufetçi Abdullanın şüuru bunu dərk edə bilmək səviyyəsində inkişaf etməmişdi,
amma, hər halda, bu elə bir ifadə idi ki, bufetçi Abdulla daha onu səsləmədi və
təzədən içəri girdi.
O, bir müddət «Qırmızı qərənfil»in açıq qapısına baxdı: yəqin zirzəmidən nəsə
daşımaq lazım idi, yaxud «Qırmızı qərənfil»i silib-süpürmək lazım idi, amma
yerindən tərpənmədi və hətta, əlini cibinə salıb altmış qəpiyi götürmək və it payı
kimi «Qırmızı qərənfil»in qapısına tərəf tullamaq istədi və bədəninin yanğısı,
başının uğultusu, qulağının, ayaq barmağının sızıltısı içində, beynini bürümüş o boz
duman içində öz-özünün bu istəyinə təəccüb etdi, sonra başını yuxarı qaldırıb
günəşə baxdı; onun bədən üzvlərinin hissləri tamam korlanmışdı və bu dəfə də
günəşə baxanda gözlərini qıymadı, açıq gözlə baxdı, sonra gözlərini günəşdən
çəkəndə bir müddət heç nə görmədi, hər tərəfi basmış qaranlıq içində iri və girdə
günəş gözlərinin qabağında kölgəli bir ağartı-sarıltı ilə ağarıb-saraldı.
Həmin yay səhəri onun şüurundan keçən xatirələr adda-budda idi, müəyyən bir
fikirdən, hadisədən, görümdən doğmurdu, öz-özünə gəlirdi – o, bu xatirələrin
qəfilliyinə görə korşalmış bir heyrət hissi keçirirdi və bu dəfə də uşaq vaxtı gördüyü
Ilan dağı birdən-birə yaddaşında canlandı: gözlərini yumdu və sıldırım qayalardan
ibarət hündür, çılpaq Ilan dağı gəlib gözlərinin qabağında dayandı. Ona elə gəldi ki,
Ilan dağının lap zirvəsinə qalxıb və oradan – göz qaraldan bir hündürlükdən aşağı
baxır, aşağıda dayanmış atası ilə bərabər, özünü də görür və gözlərinin qabağındakı
bu görüm onun bütün içini qüssəli, ümidsiz bir həsrətlə doldurdu, ona elə gəldi ki,
bu həsrət bu dəqiqə onu həmin göz qaraldan hündürlükdən götürüb aşağı çırpacaq,
bədəni Ilan dağının sıldırım qayalarına dəyib tikə-tikə olacaq, amma qəribədi, belə
bir qarabasmadan qorxmadı, əksinə, yüngül bir rahatlıq hiss etdi.
Bədən isə yanırdı və o, Ilan dağını güclə gözlərinin qabağında saxlamağa,
bədənindəki yanğını üstələməyə çalışdı və hiss etdi ki, bu daxili gərginlik onun
bütün olub-qalan taqətini əlindən alır, hiss etdi ki, indicə ağlayacaq və bu dəfə də
tamamilə birdən-birə təxminən bir il bundan əvvəl günün günoprtaçağı kitab
pasajında ağlamağını xatırladı. Düzdü, çoxdan idi xəcalət hissi keçirmirdi, bu hiss
tamamilə korşalıb təsirsiz olmuşdu, unudulmuşdu, amma həmin yay səhəri «Qırmızı
qərənfil»in qabağındakı səkidə oturub təxminən bir il bundan əvvəl kitab pasajında
ağlamağını yadına salanda nəsə çox narahat bir hiss keçirdi və bəlkə heç özü də başa
düşmədi ki, bu xəcalət hissidi.